Məhkəmə qərarları › İş №2(009)-2420/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2420/2023

30.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2420/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı Səbail Bələdiyyəsinin Cavabdeh qarşı qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Səbail Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 28 saylı qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Səbail Bələdiyyəsinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki mübahisə inzibati orqanın qəbul etdiyi qərarla bağlı münasibətlərdən törəndiyindən, məhkəmə hesab edir ki, hazırki iddiaya mülki prosessual qanunvericiliyin tələbləri qaydasında deyil, inzibati prosessual qanunvericiliyin tələbləri qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Səbail Bələdiyyəsinin Cavabdeh qarşı qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar