Məhkəmə qərarları › İş №2(009)-243/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-243/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-243/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı oglunun, cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 İddiaçı İddiaçı cavabdeh «xxxx» Mənzil-Tikinti Kooperativinə qarşı mənzilin dəyişdirilməsi tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş hüquqlarının bərpası, ona təqdim edilmiş mənzilin dəyişdirilməsi, bu mümkün olmadıqda isə mənzilin hazırki bazar qiyməti dəyərində, yəni 180000 manat məbləğində kompensasiya məbləğinin «xxxx» MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırılmışdır ki, o, ünvan 1 mənzil 30 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır. Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, lakin 1988-ci ildə Ermənistan Respublikasından deportasiya olunaraq Bakı şəhərinə məcburi köçkün olaraq gəlmişdir. ünvan 2 mənzil 30/34 ünvanında yerləşən mənzil ona məxsus olmuşdur. Cavabdeh “xxxx” MTK tərəfindən ona məxsus olan ünvan 2 mənzil 30/34 ünvanında yerləşən mənzil sökülərək, onunla MTK arasında xx.xx.2017-ci il tarixli 26 №-li müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kooperativə təhvil verdiyi ünvan 2 mənzil 30 ünvanında yerləşən 53.6 kv.metr mənzilin əvəzində kooperativ tərəfindən tikiləcək yaşayış kompleksində ona 56.52 kv.metr olan tam təmirli mənzil verilməlidir. Lakin müqavilədən kənar olaraq ona kooperativdən vəd edilmişdi ki, ona 3 otaqlı, tam təmirli, onun mənzilinin yerləşdiyi yerdə və mərtəbədə, yəni 5-ci mərtəbədə və dəniz panoramalı mənzil veriləcək və bundan əlavə kompleksin yeraltı avtodayanacağında ona avtomobil üçün yer verilməli idi. Hətta kooperativin nümayəndələri ona verdikləri vədləri kooperativin sədri də, təsdiqləyərək, nə vəd edilirsə hamısının yerinə yetiriləcəyi bildirdi. O isə, onların sözlərinə inandığı üçün müqaviləni imzaladı və heç bir etiraz etmədi. Lakin tikinti başa çatdıqdan sonra mənzil ona təhvil verilərkən, mənzilin vəd edilənlərin tam əksi olduğunu, aşağı mərtəbədə, keyfiyyətsiz təmirli və ən önəmlisi isə mənzil sahəsinin qanunlara uyğun olmadığını gördü. Dəfələrlə kooperativin baş ofisinə problemin həlli ilə bağlı müraciət etsə də, müraciətlərinə baxan olmamışdır. Sonuncu dəfə isə, kooperativin baş ofisinə yaxınlaşdıqda onu aşağıda gözlətdilər, daha sonra isə, bir xanım yanına gəldi. O həmin xanıma problemini bildirdikdə, ona dedi ki, “siz artıq müqaviləyə də imza çəkmisiniz və çıxarış almısınız, hara istəyirsinizsə şikayət edə bilərsiniz”. Hesab edir ki, “xxxx” MTK tərəfindən onun hüquqları kobud surətdə pozulmuşdur. O dəfələrlə məsələnin həlli ilə bağlı MTK-ya şikayət etsə də, qanuni müraciətləri cavabsız qalmışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, məhkəmə tərəfindən pozulmuş hüquqlarının bərpası, ona təqdim edilmiş mənzilin dəyişilməsi, bu mümkün olmadıqda isə mənzilin hazırki bazar qiyməti dəyərində, yəni kompensasiya məbləğinin “xxxx” MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməlidir. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, pozulmuş hüquqlarının bərpası, ona təqdim edilmiş mənzilin dəyişdirilərək ona 64,32 kv.metr sahəsi olan mənzil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı oglu iddia tələblərini müdafiə edərək bildirdi ki, ünvan 2 mənzil 30/34 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Cavabdeh “xxxx” MTK tərəfindən ona məxsus olan mənzil sökülərək onunla MTK arasında xx.xx.2017-ci il tarixli 26 №-li müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kooperativ onun təhvil verdiyi və ünvan 2 mənzil 30 ünvanında yerləşən 53.6 kv.metr mənzilin əvəzində tikiləcək yaşayış kompleksində ona 56.52 kv.metr olan tam təmirli mənzil verməlidir. Halbuki ona verilməli olan mənzilin sahəsi 64,23 kv.metr olmalı idi. Lakin müqavilədən kənar olaraq ona kooperativdən vəd edilmişdi ki, ona 3 otaqlı, tam təmirli, onun mənzilinin yerləşdiyi yerdə və mərtəbədə, yəni 5-ci mərtəbədə və dəniz panoramalı mənzil veriləcək və bundan əlavə kompleksin yeraltı avtodayanacağında ona avtomobil üçün yer verilməli idi. Hətta kooperativin nümayəndələri ona verdikləri vədləri kooperativin sədri də, təsdiqləyərək nə vəd edilirsə hamısının yerinə yetiriləcəyəni bildirdi. O, isə, onların sözlərinə inandığı üçün müqaviləni imzaladı və heç bir etiraz etmədi. Lakin tikinti başa çatdıqdan sonra mənzil ona təhvil verilərkən, mənzilin vəd edilənlərin tam əksi olduğunu, aşağı mərtəbədə, keyfiyyətsiz təmirli və ən önəmlisi isə mənzil sahəsinin qanunlara uyğun olmadığını gördü. Dəfələrlə kooperativin baş ofisinə problemin həlli ilə bağlı müraciət etsə də, müraciətlərinə baxan olmamışdır. Ona görə də, iddia tələbinin təmin edilməsini, ona təqdim edilmiş mənzilin dəyişdirilərək cavabdeh tərəfindən ona 64,32 kv.metr sahəsi olan mənzil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «xxxx» Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Cavabdeh2 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarı ilə Səbail və başqa rayonların ərazisindəki qəzalı evlərin söküntüsü gündəmə gəlib. Qərarın icrası ilə bağlı evlərə, o cümlədən Səbail rayonu, Q.Abbasov küçəsindəki 5 mərtəbəli 27 saylı evə baxış keçirilmiş, bu binanın yararsız hala düşərək hazırda qəzalı olmasına Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 01/02006 saylı, xx.xx.2016-cı il tarixli rəyi olmuş, Səbail rayon İH-nin xx xxxx 2016-cı il tarixli, 42 saylı sərəncamı ilə evin sökülüb yerində abad mənzil tikilməsi “xxxx” MTK-ya həvalə edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx xxxxxx 2016-cı il tarixli, 257/1-Ə saylı ekspert rəyi ilə həmin binadakı mənzillərin hər kv.metrinin bazar dəyəri 800 manat müəyyən edilmişdir. İddiaçı X1 ilə birlikdə 103.4 kv.metr olan 30\34 saylı mənzilə xx.xx.2016-cı il tarixdə qeydə alınmış ******* çıxarışı olmuş, sonra ayrı sənəd almaqla xx.xx.2016-cı il tarixdə qeydə alınmış ******* saylı çıxarışla 53.6 kv.metr ölçüdə 30 saylı mənzilə mülkiyyət hüququ tanınmışdır. İddiaçı ilə “xxxx” Mənzil Tikinti Koperativi arasında xx xxxxxx 2017-ci il tarixdə 26 saylı müqavilə imzalanmış, müqavilənin şərtlərinə görə iddiaçı 53.6 kv.metr ölçüdəki 30 saylı mənzilini cavabdehə təhvil verməli, cavabdeh isə əvəzində həmin ünvanda yeni tikililən binada tikinti başa çatdıqdan sonra 3-cü mərtəbədə yerləşən, 1 otaqdan ibarət, ümumi sahəsi 56.52 kv.metr olan mənzili təmirli vəziyyətdə ona verməlidir. Əvəzləşdirmə müqaviləsinə iddiaçının bütün ailə üzvləri rəsmi razılıq vermişdir. Müqavilənin şərtinə görə MTK-a əvvəlcə 300 manat köçürmə pulu ödəməklə yeni mənzil təhvil verilənə kimi hər ay 350 manat iddiaçıya kirayə haqqı ödəməyə öhdəlik götürmüşdür. Ötən 3 il 10 ay müddətində tərəflər müqaviləni mübahisələndirməmişlər. “xxxx” MTK əvəzləşdirmə müqaviləsinin bütün şərtlərinə artıqlaması ilə əməl etmiş, əvəzləşdirmə müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixli, təhvil-təslim aktı ilə yeni tikilmiş çoxmərtəbəli yaşayış kompleksinin 2-ci Giriş, 3-cü mərtəbə, ümumi sahəsi 59.4 kv.metr olan 12 saylı mənzili iddiaçıya təhvil vermişdir. Aktda bir mənalı şəkildə göstərilmişdir ki, əvəzləşdirmə müqaviləsində nəzərdə tutulmuş öhdəliklər tam icra edilmiş, mənzil mülkiyyətçinin sahibliyinə təhvil verilmiş, mülkiyyətçi isə mənzilə dair heç bir iddiası-tələbi, etirazı, narazılığı olmadan mənzili təhvil almışdır. Təhvil-təslim zamanı mənzilə aid çıxarışın əsli, texniki pasportun əsli, mənzilin açarları mülkiyyətçiyə verilmişdir. Aktın doğruluğunu İddiaçı imzası ilə təstiq etmişdir. Eyni zamanda həmin tarixdə ona mənzilin xx.xx.2019-cu il tarixdə qeydə alınmış ******* saylı çıxarışı verilərkən qəbul etməsinə öz xətti ilə qeyd yazmışdır. Bu sənədlərin də heç biri iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçı mənzili təhvil alandan bir il sonra MTK-ya müraciət edərək, mənzili satması ilə bağlı arayış lazım olduğunu bildirmiş, notariat kontoruna təqdim etmək üçün xx xxxx 2020-ci il tarixdə ona müvafiq arayış da verilmişdir. Göründüyü kimi iddiaçının hazırkı tələblə çıxış etməsinin hüquqi əsası yoxdur. Avropa məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” x xxxx 2008-ci il tarixli qərarındada göstərir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçının iddia tələbini təstiq edən nəinki mötəbər sübutu, heç mübahisəli, şübhəli sübutu da yoxdur. Ona görə də, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işə baxıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, 27 saylı evin, ümumi sahəsi 53,6 kv.m. 30 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxx” Mənzil Tikin Koperativi (“Kooperativ”) ilə İddiaçı (“Mülkiyyətçi”) arasında bağlanmış 26 saylı, xx xxxxxx 2017-ci il tarixli müqavilədən görünür ki, “Kooperativ” Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 42 nömrəli, xx xxxx 2016-cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 01/02006 saylı, xx.xx.2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, 27 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni “Park Bayıl” yaşayış kompleksinin tikintisini həyata keçirir. “Mülkiyyətçi” mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, 27 ünvanında yerləşən, ümumi sahəsi 53.6 kv.metr, İddiaçı məxsus 30 saylı mənzili yaşayış kompleksinin tikintisi məqsədilə “Kooperativ”ə təhvil verir. “Kooperativ” isə həmin mənzilin əvəzində həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 56.52 kv.metr olan, 3-cü mərtəbəsində yerləşən, 1 (bir) otaqdan ibarət, təmirli 1F №-li mənzili “Mülkiyyətçi”-yə təhvil verir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 27, giriş-2, ümumi sahəsi 52,8 kv.m. olan 12 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxx” MTK (“Kooperativ”) ilə İddiaçı (“Mülkiyyətçi”) arasında tərtib olunmuş xx xxxx 2019-cu il tarixli Təhvil-Təslim Aktından görünür ki, “Kooperativ” ilə “Mülkiyyətçi” arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 26 nömrəli “Əvəzləşdirmə Müqaviləsi”nə əsasən “Kooperativ” Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, 27 ünvanında yerləşən “Park Bayıl” çoxmərtəbəli yaşayış kompleksində 2-ci Giriş, 3-cü mərtəbə, ümumi brut sahəsi 59,4 kv.m olan 1 (bir) otaqdan ibarət 12 nömrəli təmirli mənzili həmin müqavilədə nəzərdə tutulmuş öhdəliklərini icra edərək, “Mülkiyyətçi”nin sahibliyinə təhvil verdi, “Mülkiyyətçi” isə mənzilə dair heç bir iddiası (tələbi, etirazı, narazılığı) olmadan təhvil aldı. Təhvil-təslim zamanı “Mülkiyyətçi” mənzilə aid Çıxarışın əslini, Texniki pasportun əslini və mənzilin açarlarını almışdır. Aktın doğruluğunu “Kooperativ”in sədri E.T.Cəfərov və “Mülkiyyətçi” İddiaçı imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan notariat kontoruna təqdim edilməsi üçün verilmiş “xxxx” MTKnın xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı məxsus olan X3 küçəsi 27 ünvanında 30 saylı mənzilin əvəzinə xx.xx.2017-ci il tarixli 26 nömrəli Əvəzləşmə müqaviləsinə əsasən söküntü işləri ilə əlaqədar olaraq yeni qaydalara əsasən “xxxx” MTKnın tərəfindən inşa etdiyi çoxmərtəbəli binanın 2-ci girişin, 3-cü mərtəbəsində yerləşən 12 №-li mənzil ona verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx xxxxxx 2016-cı il tarixli, 257/1-Ə saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, 27, mənzil 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binada daşınmaz əmlakın 1 (bir) kv.metrinin bazar qiyməti 800 manat təşkil edir. İş materiallarında olan AR Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 086 №-li qərarından görünür ki, Bakı şəhərinin Səbail rayon və digər rayon İcra Hakimiyyətlərinə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən müçki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, 27 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsü və bu sahədə yeni “Park Bayıl” yaşayış kompleksinin tikintisi ilə əlaqədar “xxxx” Mənzil Tikin Koperativi ilə İddiaçı arasında bağlanmış 26 saylı, xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, 27 ünvanında yerləşən, ümumi sahəsi 53.6 kv.metr olan 30 saylı mənzilini yaşayış kompleksinin tikintisi məqsədilə MTK-ya təhvil verməyi, MTK isə həmin mənzilin əvəzində həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 56.52 kv.metr olan, 3-cü mərtəbəsində yerləşən, 1 (bir) otaqdan ibarət, təmirli 1F №-li mənzili İddiaçı təhvil verməy öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, cavabdeh tərəfindən müqavilənin şərtlərinə əməl olunmamış, iddiaçıya müqavilədə göstərilən 56.52 kv.metr ölçüdə mənzil təhvil verilməmişdir. Belə ki, iddiaçının mənzili üzrə tərtib edilmiş xx.xx.2019-cu il tarixli texniki pasportdan görünür ki, mənzilin ümumi sahəsi 54,9 kv.m. təşkil edir. Mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** saylı çıxarışda isə mənzilin ümumi sahəsi 52,8 kv.m. göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl olunmayaraq, iddiaçıya müqavilədə şərtləndirilmiş ölçüdə deyil, daha az ölçüdə mənzil təhvil verilmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdeh «xxxx» MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, 27 saylı evdə sahəsi 56,52 kv.m olan mənzillə təmin edilməsi cavabdeh «xxxx» Mənzil-Tikinti Kooperativinə tapşırılsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar