Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-245/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh X2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər X3 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X4 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASCyə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli 2(103)-1050/2018 saylı icra vərəqəsinə uyğun olaraq X3 məxsus ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 08.10.2019-cu il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq 02.03.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürülmüş sayılırlar. Qanundan da göründüyü kimi ünvan 1 ünvanda yeləşən yaşayış sahəsində qeydiyyatda olan cavabdeh X4 və Cavabdeh2 yaşayış sahəsini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun ifadə vermiş, iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2013-cü il tarixdə “xxxx” ASC-dən şəxsi ehtiyacı üçün 35000 manat pul götürmüş, həmin kreditin bir qismini ödəmiş və 16720 manat borcu qalmışdır. 2014-cü il tarixdə İddiaçı ASC-nin verdiyi təklif onu qane etdiyi üçün 2014-cü ilin əvvəllərində İddiaçı ASC-nin Azneft filialına gedərək 35.000 manat kredit verilməsini istəmiş və həmin bankın əməkdaşları ona 30.000 manat kredit və 3.000 manat məbləğində kart verilə biləcəyini bildirmişlər. Bundan sonra o, 14.11.2014-cü il tarixdə həmin bankla kredit müqaviləsi bağlamış və Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi dalan 1, ev 7, mənzil yerləşən evini 80.000 manata girov qoyaraq 3 illik olmaqla aylıq ödənişi 1122 manat cədvələ və müqaviləyə imza etmişdir. Daha sonra bank mütəxəssisi ilə notarial kontoruna gedərək yaşadığı evi girov qoymuş və qayıdan zaman bankda kassirdən başqa heç kəs olmamış, kassir pulu ona pulu ABŞ dolları ilə verdiyini görüb ona etiraz etmiş, ona 30.000 manatlıq kredit müqaviləsinə imza etdiyini bildirmiş, kassirin isə kredit müqaviləsinin ABŞ dolları ilə olduğunu iddia etmiş və bundan sonra o, kredit mütəxəssisi ilə mübahisə edib kredit müqaviləsini istəmiş və kredit müqaviləsində onun imzaladığı kredit cədvəli və müqaviləsini oradan çıxardıqlarını və 38.245 ABŞ dolları kredit yazıldığını görmüşdür. Bundan sonra o, 17.000 manat kredit tələb edərək “xxxx” ASC-də olan 16.720 manat kreditin bağlanmasını xahiş etmiş və kassirdən 17.000 pulu manat istəmiş, kassirin isə 16873 manatı rəqəmlə yazmış, o, isə rəqəmlə yazıldığı üçün puldan imtina etmişdir. Təxminən 10 gün ərzində müdriyyətlə mübahisələr aparıb müqaviləni ləğv etmək istəmiş, lakin müdiriyyətin artıq müqavilənin ABŞ dolları ilə bağlandığını və girovda olduğunu bildirmiş, bundan sonra məcbur olub 24.11.2014-cü il tarixdə 16.245 ABŞ dollar pulu götürmüş, həmin kreditdən 14.400 ABŞ dolları bankın rəhbərliyi 14.11.2014-cü il tarixdə ondan xəbərsiz kassa məxaric orderinə qanunsuz saxta imza ilə 22.000 ABŞ dolları kredit götürmüşlər. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 830/2019 saylı 24.01.2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 29.08.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06.062017-ci il tarixli 2(009)-92/2017 saylı qətnaməsi ilə “Bank Respublika” ASC ilə X4 arasında bağlanmış 14.11.2014-cü il tarixli kredit müqaviləsi və həmin müqavilənin restrukziyasına dair razılaşmanın ləğv edilməsi, X1 31043 ABŞ dooları məbləğində əsas borc, 3527 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 34621 ABŞ dollarının ödəniş gününə manata olan məzənnəsi ilə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29.08.2018ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06.062017-ci il tarixli qətnaməsi iddianın “ ipoteka predmetinin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi” tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə təmin edilmiş, X3 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58,3 kv.m olan 2 otaqlı mənzilin ilkin satış qiymətinin 80.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilən məbləğin borcun ödənilməsindən sonra qalan hissəsinin X3 qaytarılması qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 08 oktyabr 2019-cu il tarixli Y-237 nömrəli “Hərracın yekunları haqqında Protokol”dan görünür ki, “xxxx” MMC-nin təşkilatçılığı, Səbail rayon İcra Şöbəsinin sifarişi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli, 2(103)-1050/2018 nömrəli icra vərəqəsinə və Səbail rayon İcra Şöbəsinin № 64671/19-16-15/5298, 12.07.2019-cu il tarixli sifariş məktubuna əsasən, X3 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58,3 kv.m olan 2 otaqlı mənzilin hərracı təşkil olunmuş və həmin əmlak 08.10.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqaviləyə əsasən İddiaçı ASC tərəfindən alınmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58,3 kv.m olan mənzil 02.03.2020-ci il tarixdən İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədov tərəfindən qəbul edilmiş 29.09.2020-ci il tarixli qərardan görünür ki, 141-C-20 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq zəruri istintaq hərəkətlərinin görülməsi məqsədilə istintaq aidiyyəti üzrə Səbail RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Səbail RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X6 tərəfindən qəbul edilmiş 01.10.2020-ci il tarixli qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ********* saylı cinayət işi icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 08.02.2021-ci il tarixli 4/15 nömrəli ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim olunmuş X2 adından olan 14 noyabr 2014-cü il tarixli ərizədə “imza” qrafasındakı imza İddiaçı ASC-nin “Azneft” filialı və X2 adından olan 14 noyabr 2014-cü il tarixli 14010-0909/476621 saylı kredit müqaviləsinin 1, 2 və 3-cü vərəqələrinin arxa tərəflərində soldan 2-ci imzalar və “Borcalan” hissələrində “imza” qrafalarındakı imzalar, İddiaçı ASC-nin “Azneft” filialı və X2 adlarından olan 14 noyabr 2014-cü il tarixli 14010-0909/476621İ saylı, ipoteka müqaviləsinin 1-ci vərəqinin arxa tərəfində soldan 2-ci imza və “8.2. İPOTEKA QOYAN VƏ BORCLU” hissəsində “İmza” qrafasındakı imza, 14 noyabr 2014-cü il tarixli 14010- 0909/476621 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin “BORCALAN” hissəsində imza qrafasındakı imza - X7 QİZİ tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.09.2019cu il tarixli qərardadından görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Azneft” filialı arasında bağlanmış 14 noyabr 2014-cü il tarixli, 14010-0909/476621 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM- 157.4) Azərbaycan Respublikasının MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının MM-nin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58,3 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik aktı normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58,3 kv.m olan mənzil X4 və Cavabdeh2 tərəfindən boşaldılmalıdır. Odur ki, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58,3 kv.m olan mənzilin X4 və Cavabdeh2 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair tələbi qanuni və əsaslıdır. Digər tərəfdən iddia həm də ona görə təmin edilməlidir ki, mübahisəli evin iddiaçının mülkiyyətinə keçməsi əsasları Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan qətnaməsinin icrası ilə əlaqədardır. Göstərilən məhkəmə qətnaməsi qanuni qüvvədə olmaqla hazırkı işdə iştirak edən şəxslərə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nın 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58,3 kv.m olan mənzilinə cavabdehlər X4 və Cavabdeh2 yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58,3 kv.m olan mənzildən X4 və Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılaraq və yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddələrinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən dilmiş üvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış əsasında İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58,3 kv.m olan mənzilinə cavabdehlər X2 və Cavabdeh2 yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58,3 kv.m olan mənzildən X4 və Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılsınlar və yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Hazırkı qətnamə X4 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58,3 kv.m olan mənzilinə olan yaşayış yeri üzrə qeydiyyatlarının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-245/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-245/2021
14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver