Məhkəmə qərarları › İş №2(009)-2450/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2450/2025

02.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2450/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh Bakı şəhər 160 nömrəli Klassik Gimnaziyanın qanuni təmsilçisi (direktoru) G.H.Mustafayevanın iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhər 160 nömrəli Klassik Gimnaziyasına və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər 160 nömrəli Klassik Gimnaziyasına və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 39 il pedaqoji təcrübəsi olan peşəkar müəllim, 1997-ci ilin “Ən yaxşı müəllimi”, 2024-cü ilin iyun ayında Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Rus dili və ədəbiyyat” fənni üzrə sertifikasiyasının 1-ci test mərhələsində könüllü olaraq iştirak etmişdir, halbuki həmin zaman onun artıq 60 yaşı tamam olmuşdur və o, iştirak etməyə bilərdi. Lakin öz peşəkarlıq səviyyəsini bir daha yoxlamaq istəmiş və uğurla 41 bal toplamışdır. Sertifikasiyanın 2-ci müsahibə mərhələsinə gəldikdə, səhhəti ilə bağlı iştirak edə bilməmişdir. Həmin gün ona MÜTDA-dan bir nəfər zəng vuraraq müsahibədə iştirak etmədiyinin səbəbi ilə səbəbini maraqlanmış və cavabla qane olmuşdur. Qeyd etməlidir ki, sertifikasiyada könüllü iştirak etdiyinə görə müsahibə mərhələsində təkrar iştirak etdiyinin vacibliyini dərindən dərk etməmişdir və bu məsələnin onun üçün belə vacib olduğunu bilməmişdir. Əks halda müsahibədə təkrar iştirak etmədiyi təqdirdə belə acınacaqlı nəticəni gözləmirdi. Əlavə olaraq qeyd etməlidir ki, heç bir başqa mənbələrdən bu haqda məlumatlandırılmamışdır. 2025-ci tədris ilinin əvvəlində o, xx.xx.2025-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra yalnız xx.xx.2025-ci il tarixdə məktəb direktoru tərəfindən elan edilmişdir ki, sertifikasiyanın müsahibə mərhələsində təkrar iştirak etmədiyinə görə onun əmək müqaviləsinə xitam verilmişdir. Müsahibənin nə vaxt keçirildiyi haqda məlumat “Şəxsi kabinetə” göndərilib, lakin o, həmin “Şəxsi kabinetə” daxil olmamışdır və məlumatı əldə etməmişdir. Beləliklə, o, 40 ilin peşəkar müəllimi Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə məktəbdə frontal yoxlama zamanı onun dərsləri müşahidə edilərək yüksək qiymətləndirib. İllər ərzində dərs dediyi fənlərdən ali məktəblərə ən yüksək ballarla buraxılış imtahanların nəticələri ilə daxil olan məzunlar hazırlamışdır, ömrünün çox hissəsini gənclər və yeniyetmələrin tərbiyəsinə, savadına, mədəni inkişafına, onlarda vətənpərvərliyin daha yüksək səviyyədə aşılanmasına həsr etmiş bir müəllim bu gün işsiz qalmalıdır?! O, tənha yaşayır, təqaüdə çıxmağa hələ üç il var. Bu yaşda təbii ki, onun yenidən işə qəbul olması sual altındadır. Əmək Məcəlləsinin 70-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi üüçün qanunla müəyyən edilmiş əsas olmalıdır. Lakin bu halda sertifikasiyada iştirak etməmək onun günahı ilə deyil, dövlət orqanının prosedur pozuntusu nəticəsində baş verib. Buna görə də, xitam əsassızdır və əmr ləğv edilməlidir, işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir. Sertifikatlaşdırma barədə məlumatlandırmanın qanunsuz həyata keçirilməsi nəticəsində vətəndaşın iştirak edə bilməməsi üzrlü səbəb sayılır. Bu şəraitdə qəbul edilmiş xitam əmri qanunsuz inzibati akt kimi ləğv edilməli, vətəndaşın işə bərpası və əvvəlki əmək haqqısının ödənilməsi təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı və müsahibənin yenidən keçirilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xaricdə olma səbəbi ilə məhkəmə iclasında iştirak edə bilməyəcəyi və məhkəmə iclasının təxirə salınması barədə məlumatı məhkəmə elektorn sisteminə yerləşdirmiş, məhkəmə bu kateqoriya işlərə baxılmasının qısaldılmış müddətinin qanunvericilikdə nəzərdə tutulmasını, Nümayəndə Azərbaycana hansı tarixdə qayıdacağı barədə məlumatın verilməməsini nəzərə alaraq məhkəmə iclasının təxirə salınması barədə vəsatətin təmin edilməməsi qərara alınmış və işə iddiaçının vəkilinin iştirakı olmadan keçirilməsi mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə mahiyyəti üzrə baxılmasına dair cavabdehin tələbini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Bakı şəhər 160 saylı Klassik Gimnaziyanın direktoru X1 iddianı qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, iddiaçı birinci test mərhələsini keçib, ikinci mərhələdən keçməyib, çünki gəlməyib, onun şəxsi kabinetinə məlumat verilib. İddiaçının yaşı 60-ı keçsə də, sertifikatlaşdırmada könüllü iştirak etdiyi üçün hər iki mərhələdən keçməli idi. Cavabdehin nümayəndəsi iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X1 tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz göndərilmiş və etirazında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma proseinin test imtahanı mərhələsi keçirilmişdir. Belə ki, Bakı şəhəri 160 nömrəli Klassiv gimnaziyanın rus dili və ədəbiyyat müəllimi İddiaçı sertifikatlaşdırma imtahanından 41 bal toplamış və imtahandan uğur əldə edərək, müsahibə mərhələsinə buraxılmışdır. 2024-cü ildə keçirilən müsahibədə üzrlü məbəbdən iştirak edə bilməmişdir və 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmaya 2025-ci ildə cəlb edilmişdir. Lakin iddiaçı təkrar imtahanda iştirak etməmiş, bununla da imtahandan keçməmiş hesab edilmiş və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2-ci maddəsinə əsasən hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); ilk dəfə işə qəbul olunanlar, 3 il müddətində, azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçmirlər. 60 və daha yuxarı yaşda olan şəxslərin isə sertifikatlaşdırmada iştirakı könüllüdür. İddiaçı 60 yaşına çatmasına baxmayaraq, imtihanda özü könüllü iştirak etmək istəmişdir, o, məcbur imtahana göndərilməmişdir. Yəni qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsidir. Həmin maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Bununla yanaşı qeyd edilməlidir ki, sertifikatlaşdırma təhsilin keyfiyyətinə birbaşa təsir verən dövlət nəzarət tədbiri olduğundan, burada əsas meyar tədris fəaliyyətinin nəticəsi və bilik səviyyəsidir. Əgər bilik səviyyəsi aşağı olan və sertifikatlaşdırmadan keçməmiş şəxs uzunmüddətli olaraq pedaqoji fəaliyyəti davam etdirərsə, bu hal bir tərəfdən təhsilalanların konstitusion hüquqlarını – keyfiyyətli təhsil almaq hüququnu pozur, digər tərəfdən dövlətin təhsil siyasətinin məqsədlərinə zidd olur. Burada artıq iki münasibət arasında müqayisə aparmaq zərurəti meydana gəlir. Nəzərə alsalar ki, bu müəllim tədris ilində ən azı 50-60 şahirgə təhsil verir, belə olan halda çoxsaylı təhsilalanların marağı və hüquqları, bir şəxsin əmək münasibətləri ilə müqayisədə üstün tutulmalıdır, çünki təhsil sahəsində başlıca məqsəd təhsilalanların inkişafıdır. Beləliklə, qanunvericinin iradəsi aydındır: təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxs də bilavasitə “sertifikatdaşdırmadan keçməmiş” hesab edilir. Təhsilalanların bilik səviyyəsinin və təhsilin ümumi keyfiyyətinin qorunması məqsədilə belə şəxslərin pedaqoji fəaliyyətini davam etdirməsi qanunvericilikdə yolverilməz sayılır. Bu mövqe dövlətin təhsil siyasətinin keyfiyyət yönümlü məqsədlərinə tam uyğundur. Digər tərəfdən, sertifikatlaşmadan keçmədiyinə görə əmək münasibətlərinə xitam verilmiş şəxslər öz bilik və peşə səviyyələrini artırmaqla, gələcəkdə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edib yenidən pedaqoji fəaliyyətə başlaya bilərlər. Bu onların konstitusion əmək hüququnu məhdudlaşdırmır, əksinə, qanunvericinin müəyyən etdiyi bərabər imkanlar çərçivəsində öz bilik səviyyəsini artırmaq və yenidən təhsil sisteminə qayıtmaq üçün qanuni imkan yaradır. Əks halda, yəni təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslərin bülletendə olması və s.səbəblərlə məhkəmə qaydasında yenidən işə bərpa edilməsi presedent çəvrilsə, bu qanunun məqsədinə və məntiqinə zidd olaraq həmin şəxslərə qanunla nəzərdə tutulmamış “üçüncü”, “dördüncü” və s.dəfə sertifikatlaşdırma imkanı yaradar. Bu isə sertifikatlaşdırma institutunun mahiyyətini pozar, onun tətbiqində qeyri-bərabərlik və düzgün olmayan təcrübə formalaşdırar. Buna görə də hesab edirlər ki, xx.xx.2025-ci il tarixli əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinn göstərişləri nəzərə alınmaqla verilmişdir və bu səbəbdən İddiaçı barədə verilmiş əmrin ləğv edilməsi, onun yenidən vəzifəyə bərpa olunması və ona məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi tamamilə əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə rədd edilməlidir. İş üzrə Bakı şəhəri Səbail rayonu 160 No-li orta məktəb üzrə xx.xx.1998-ci il tarixli, 44 No-li əmrdən çıxarışından görünür ki, İddiaçı vakansiya olduğuna görə xx.xx.1998-ci il tarixdən rus dili və ədəbiyyat müəllimi həftədə 19 saat dərs yükü ilə təyin edilmişdir. İş üzrə xxxxxxx000100 saylı, xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə Rus dili və ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul olunmuş, onunla müddətsiz növü əmək müqaviləsi bağlanılmış, aylıq əmək haqqı 431,34 manat təşkil etmişdir. İş üzrə Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri 160 nömrəli X4 dili və ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul olunmuşdur (bənd 1.2). Əmək müqaviləsi müddətsiz bağlanmışdır (bənd 2.1). Əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır (bənd 2.3). İşçi xx.xx.1998-ci il tarixdən, həmin tarixədək müqavilə imzalanmadıqda isə imzalandığı gündən işə başlayır (bənd 2.4). İşçiyə hər ay 892,6 manat əmək haqqı ödənilir (bənd 4.1). İş üzrə Bakı şəhəri Səbail rayonu 160 nömrəli Klassik gimnaziya üzrə xx.xx.2025-ci il tarixli, 77 nömrəli əmrindən görünür ki, AR ƏM 67-2-ci maddəsinin 4-cü hissəsini və AR Nazirlər Kabinetinin 2020-ci il tarixli 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci və 5.4-cü bəndlərini rəhbər tutaraq təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 2024-cü ildə keçirilmiş sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etmədiyi üçün 2025-ci ildə sertifikatlaşdırmanın müsahibə mərhələsinə təkrar cəlb edilməsinə baxmayaraq müsahibədə təkrar iştirak etmədiyinə görə sertifikatlaşdırmadan keçməmiş hesab edilən Bakı şəhəri 160 nömrəli X3 dili və ədəbiyyatı müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləğv edilmişdir. Əmrin əsası kimi AR Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, 3- 29-69/3-2-35F/2025 nömrəli əmri, direktorun sərəncamı göstərilmişdir. İş üzrə Bakı 13 saylı mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-01100 saylı arayışından görünür ki, İddiaçı işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və müsabiqənin yenidən keçirilməsi tələbinə dair mübahisə üzrə xx.xx.2025-ci il tarixdə 15.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Bakı şəhər 160 saylı Klassik Gimnaziyasının və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak etməmişlər. İş üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı Xidmət və əməliyyat mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən Bakı şəhəri üzrə Təhsil İdarəsi Səbail rayonu 160 nömrəli X4 dili və ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul olunmuşdur və xx.xx.2025-ci il tarixdə işdən azad olunmuşdur. Son haqq-hesab 1 günə düşən məbləğ 40,76 manatdır, həmin məbləğ xx.xx.2025-ci il tarixdə hesablanmış ödənişə göndərilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1998-ci il tarixdən Bakı şəhəri 160 nömrəli X3 dili və ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı təhsilverənlərin peşəkarlıq və peşə yararlığının yoxlanılması məqsədilə 2024-cü ildə keçirilmiş sertifikatlaşdırmanın 1-ci test mərhələsində iştirak etdikdən və müvəffəqiyyətlə keçdikdən sonra müsahibə mərhələsində iştirak etmədiyi üçün 2025-ci ildə sertifikatlaşdırmanın müsahibə mərhələsinə təkrar cəlb edilməsinə baxmayaraq müsahibədə təkrar iştirak etmədiyinə görə sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir. Bakı şəhəri Səbail rayon 160 nömrəli Klassik Gimnaziyanın xx.xx.2025-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 39 il pedaqoji təcrübəsi olan peşəkar müəllimdir. O, 2024-cü ilin iyun ayında Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Rus dili və ədəbiyyat” fənni üzrə sertifikasiyasının 1-ci test mərhələsində könüllü olaraq iştirak etmişdir, halbuki həmin zaman onun artıq 60 yaşı tamam olmuşdur və o, iştirak etməyə bilərdi. Lakin öz peşəkarlıq səviyyəsini bir daha yoxlamaq istəmiş və uğurla 41 bal toplamışdır. Sertifikasiyanın 2-ci müsahibə mərhələsinə gəldikdə, səhhəti ilə bağlı iştirak edə bilməmişdir. Həmin gün ona MÜTDA-dan bir nəfər zəng vuraraq müsahibədə iştirak etmədiyinin səbəbi ilə səbəbini maraqlanmış və cavabla qane olmuşdur. Sertifikasiyada könüllü iştirak etdiyinə görə müsahibə mərhələsində təkrar iştirak etdiyinin vacibliyini dərindən dərk etməmişdir və bu məsələnin onun üçün belə vacib olduğunu bilməmişdir. Əks halda müsahibədə təkrar iştirak etmədiyi təqdirdə belə acınacaqlı nəticəni gözləmirdi. Heç bir başqa mənbələrdən bu haqda məlumatlandırılmamışdır. 2025-ci tədris ilinin əvvəlində o, xx.xx.2025-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra yalnız xx.xx.2025-ci il tarixdə məktəb direktoru tərəfindən elan edilmişdir ki, sertifikasiyanın müsahibə mərhələsində təkrar iştirak etmədiyinə görə onun əmək müqaviləsinə xitam verilmişdir. Müsahibənin nə vaxt keçirildiyi haqda məlumat “Şəxsi kabinetə” göndərilib, lakin o, həmin “Şəxsi kabinetə” daxil olmamışdır və məlumatı əldə etməmişdir. Beləliklə, o, 40 ilin peşəkar müəllimi Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə məktəbdə frontal yoxlama zamanı onun dərsləri müşahidə edilərək yüksək qiymətləndirib. İllər ərzində dərs dediyi fənlərdən ali məktəblərə ən yüksək ballarla buraxılış imtahanların nəticələri ilə daxil olan məzunlar hazırlamışdır, ömrünün çox hissəsini gənclər və yeniyetmələrin tərbiyəsinə, savadına, mədəni inkişafına, onlarda vətənpərvərliyin daha yüksək səviyyədə aşılanmasına həsr etmiş bir müəllim bu gün işsiz qalmalıdır?! O, tənha yaşayır, təqaüdə çıxmağa hələ üç il var. Bu yaşda təbii ki, onun yenidən işə qəbul olması sual altındadır.Bu səbəbdən iddiaçı işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı və müsahibənin yenidən keçirilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “c” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüquqları vardır. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “a” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əsas vəzifələrindən biridir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı tələb üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi subyektiv cavabdehlik daşıyan şəxs deyil. Belə ki, əmək müqaviləsinin tərəfi (işəgötürən) Bakı şəhər 160 saylı Klassik Gimnaziyanın direktorudur. Əmək müqaviləsinin ləğvi barədə əmr də həmin məktəbin direktoru tərəfindən verilib. Ona görə də həmin tələb üzrə cavabdehliyi də məhz o, daşımalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, ona qarşı qaldırılmış iddia tələbi əsassızdır. Мəhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün ona qarşı qaldırılan tələb bu əsasla təmin edilməməlidir. Məhkəmə digər cavabdehə münasibətdə də tələbi əsassız hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən:

1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.

2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.

3. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın: 1.1.Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublkası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra - təhsil müəssisələri) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. 1.2.Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 3.1.Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. 3.4.Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. İ dərəcə gözdən əlilliyi olan təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır. 4.1.Sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə məlumat əsasında Nazirlik sertifikatlaşdırmadan keçən və keçməyən təhsilverənlərin siyahısını hazırlayaraq, Nazirliyin müvafiq yerli bölmələrinə və təhsil müəssisələrinə göndərir. 5.2.Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3.Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4.Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.2-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin Qanunun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Eyni Qanunun 36-2.6-ci maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən sertifikatlaşdırma təhsilverənin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə keçirilir. Məhkəmə həmçinin qeyd edir ki, 60 yaşı tamam olmuş şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olsa da və iddiaçı könüllü olaraq sertifikatlaşdırmadan keçmək üçün müraciət edərək birinci mərhələni uğurla keçdikdən sonra pedaqoji fəaliyyətini davam etdirməsi üçün mütləq mənada ikinci mərhələ olan müsabiqə mərhələsindən də keçməli idi. Başqa sözlə, 60 yaşı tamam olmuş şəxsin sertifikatlaşdırmada iştirakı könüllü olduğu kimi həmin yaşı keçmiş şəxsin bu prosesdə iştirakı üçün iradə ifadəsi bildirildiyinə görə hər iki mərhələdən keçməsi zəruridir. İddiaçı ilkin müsabiqə mərhələsində üzrlü səbəbdən iştirak edə bilməməsini, təkrar müsabiqə mərhələsinin keçirilməsi barədə məlumatın “Şəxsi kabinetə” göndərilsə də, “Şəxsi kabinetə” daxil olmaması və məlumatı əldə edə bilməməsi ilə bağlı müsabiqədə iştirak edə bilməməsini göstərmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müsabiqənin keçirilməsi barədə məlumat, yəni onun keçirilmə vaxtı və yeri barədə məlumat hər bir iştirakçının “Şəxsi kabineti”nə göndərilir. Məhkəmə iddiaçının “Şəxsi kabineti”nə göndərilmiş ilkin müsabiqə barədə məlumatın iddiaçı tərəfindən vaxtında əldə edilərək, lakin xəstəliyi və üzrlü səbəbdən iştirak edə bilməyəcəyi barədə komissiyaya məlumat verməsini nəzərə alaraq hesab edir ki, təkrar müsabiqənin keçirilməsi barədə məlumatın “Şəxsi kabinet”ə daxil olmamaqla əldə edə bilməməsini məntiqli hesab etmir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhz məlumatın yalnız iştirakçının “Şəxsi kabineti”nə göndərilməsini nəzərə almaqla mütəmadi olaraq bu barədə məlumat əldə etməsi üçün tədbir görməli idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 70-ci maddəsinini «c» bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə xx.xx.2025-ci il tarixli əmri tam qanuni olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin müsahibənin yenidən keçirilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Belə ki, yuxarıda göstərilən qanunvericilik aktlarının tələbləri iştirakçının ilkin müsabiqədə iştirak edə bilməməsi halında sertifikatlaşdırmadan təkrar keçmənin mümkünlüyünü nəzərdə tutur. İddiaçı isə ilkin müsabiqədə özünün bildirdiyi kimi üzrlü səbəbdən iştirak etmədiyi üçün təkrar müsabiqədə onun iştirakı mütləq təmin olunmalı idi. İddiaçının şərh etdiyi hallar isə üzrlü hal kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Bakı şəhər 160 nömrəli Klassik Gimnaziyasına və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı və müsahibənin yenidən keçirilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar