Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2454/2022 03.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Abdullayev Şahin Zülfüqar oğlu Ərizəçi hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi barədə ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli fakt kimi mərhum əri X1 xx.xx.1949-cu il tarixdə Şuşa şəhərində doğulması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Qeyd edilən Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair içlər üzrə məhkəmə təcrübəinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 1.6-cı bəndinə əsasən Məhkəmələrə izah edilir ki, ərizədə hüquqi faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. X3 1.7-ci bəndinə əsasən Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olubolmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Hakim ilk növbədə qeyd edir ki, ərizəçi hazırki faktın müəyyən edilməsini mümkün ehtimal olunan gələcək vərəsəlik hüquq münasibətlərində övladlarına lazım ola bilməsi kimi əsaslandırmışdır. Hakim qeyd edir ki, ehtimal olunan vərəsəlik işində lazım ola bilmə səbəbi ilə hüquqi faktın müəyyən edilməsi doğum faktının müəyyən olunması məqsədi kimi qiymətləndirilə bilməz. Həmin faktın müəyyən edilmə məqsədi real münasibətə əsaslanmalı, ehtimal xarakterli olmamalıdır. Şəxsin doğum şəhadətnaməsi onun öz övladlarına münasibətdə deyil, doğum şəhadətnaməsində qeyd edilən ata və anasına münasibətdə digər şəxslərlə qohumluq münasibətini təsdiq etmək üçün lazım ola bilər. Yuxarıda göstərilən Plenum Qərarın 4-cü bəndinə əsasən Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Qeyd edilən Plenum Qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Hakim qeyd edir ki, qanunla hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsinə o halda yol verilir ki, şəxsin doğumu ilə bağlı hər hansı akt qeydi icra edilməmiş olsun. Lakin ərizəçi tərəfindən verilmiş ərizədən görünür ki, onun mərhum həyat yoldaşının doğumu Şuşa şəhərində qeyd edilmişdir. Hakim izah edir ki, ərizəçinin doğum akt qeydi Şuşa şəhəri qeyd olunduğu üçün o, doğum faktının müəyyən edilməsi ilə bağlı deyil, doğumun qeyd edilmə faktının müəyyən edilməsi (doğum akt qeydlərinin bərpa edilməsi) ilə bağlı məhkəməyə müraciət etməli idi. Beləliklə hakim yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ərizənin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi barədə ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2454/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2454/2022
03.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver