Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2472/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və cavabdeh "Azneft" İstehsalat Birliyinin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti üçüncü şəxs kimi cəlb edilən) qarşı “əmək haqqı fərqinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin "xxxx" NQÇİ-yə qarşı “əmək haqqı fərqinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azneft İB-dən 28 may NQÇİ-dən 2018-ci ilin mart ayından etibarən 40 ay üçün aylıq 300 (üç yüz) manat fərq olmaqla, cəmi 12000 (on iki min) manat pul vəsaitinin onun xeyrinə ödənilməsi və bundan sonra ona 5-ci dərəcəli təmirçiçilingər vəzifəsi üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Pirallahı Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin "xxxx" NQÇİ əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi ilə əvəz edilmişdir. Pirallahı Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin "xxxx" NQÇİ-yə qarşı “əmək haqqı fərqinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 12.03.2018-ci il tarixə kimi 28 May NQÇİ-nin qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sexinin sıxıcı kompressor stansiyasında 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsində işləmişdir. 19 noyabr 2016-cı il tarixdə yanacaq qaz klapanlarının yüklənməsi zamanı yük üstünə aşmış, daha sonra ayağında qəfil ağrı hiss etmişdir. Bu bədbəxt hadisə səbəbilə əməliyyat, olunmuşdur. Onda sol baldırın “axil vətəri”nin tam qopması müəyyən edilmişdir. Bu səbəbdən ƏƏSMN yanında TSEK-nın müayinə əsasən ona üçüncü dərəcəli müddətsiz əlillik verilmişdir. Göstərilən hadisədən və əlillik verilməsindən sonra vəzifəsi dəyişdirilmişdir. Hal-hazırda da həmin müəssisədə daha yüngül vəzifədə və daha aşağı məvaciblə fəaliyyətini davam etdirir. Belə ki, cavabdeh 28 May NQÇİ-də mövcud olan vakansiyaya əsasən elmi tədqiqat və istehsalat işləri sahəsində vakant olan 4-cü dərəcəli kimyəvi təhlil üzrə laborant peşəsi yüngül iş kimi ona təklif edilmişdir. Həmin təklif edilən vaxt cavabdeh qurum onu aldadaraq ona əvvəlki vəzifə üzrə əmək haqqının saxlanılacağını bildirmişdir. Lakin, göründüyü kimi onun hazırda işlədiyi vəzifə üzrə həm dərəcəsi aşağı salınmış, həm də əmək haqqı aşağıdır. Belə ki, əvvəlki vəzifəsində 2018-ci ildən etibarən əmək haqqı aylıq 1300 manat təşkil edir, lakin yeni vəzifədə 1000 manat təşkil edir. Halbuki qanunvericiliklə əlillik təyin olunan şəxsin əmək haqqının aşağı salınması qadağandır. Onun əlilliyi nəzərə alınmaqla vəzifəsi dəyişdirilsə belə əmək haqqı olduğu kimi saxlanılmalı idi. O, əmək haqqı aşağı olan işə keçirilməklə bərabər ixtisas dərəcəsi də səbəb olmadan 5-ci dərəcədən 4-cü dərəcəyə salınmışdır. Həmçinin qeyd etmək zəruridir ki, onun əvvəl işlədiyi vəzifənin əmək haqqında artım olmuş, nəticədə o, həmin artımdan da yararlana bilməmişdir. 2018-ci ildən etibarən iddiaçı xəstəliyi ilə bərabər maddi sıxıntılarla üzləşmişdir. Ruhi xəstə olan azyaşlı övladının saxlanılması xərclərini lazımınca qarşılaya bilməmişdir, iztirab keçirmişdir. O, yaranmış problemlə əlaqədar cavabdeh quruma ərizə ilə müraciət etmiş, lakin müsbət cavab ala bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci, «Əlilliyi olan şəxslər haqqında» Azərbaycan Respublikasının Qanununun 21.1, 21.2, Əmək Məcəlləsinin 290.2-ci maddəsinə əsasən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbinə etiraz edərək göstərmişdir ki, 12.03.2018-ci il tarixdə "xxxx" NQÇİ-nin Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasına 4-cü dərəcəli kimyəvi təhlil üzrə laborant vəzifəsinə keçməsi ilə bağlı İddiaçıla bağlanmış 01.09.2008-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilmiş, 124-k saylı əmr ilə İddiaçı "xxxx" NQÇİ-nin Qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sahəsinin sıxıcı kompressor stansiyalarına 5-ci dərəcəli təmirçi çilingər vəzifəsindən "xxxx" NQÇİ-nin Elmitədqiqat və istehsalat işləri sahəsinin Neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasına 4-cü dərəcəli kimyəvi təhlil üzrə laborant vəzifəsində keçirilmişdir. Bundan əlavə, iddiaçı 2017-ci ildə məhkəməyə müraciət edərək, ona istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən olunmuş formada tərtib olunmuş (İZ formalı) akt verilməsi öhdəliyinin “Azneft” İB-ninin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7640/18 saylı, 05.12.2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “iddiaçı iş vaxtı xəsarət alması ilə bağlı “İZ” formalı aktın verilməsi üçün “Azneft” İB-yə və X4 Xidmətinə müraciət etmişdir. Həmin qurumlar tərəfindən araşdırma aparılaraq, hadisənin istehsalatla əlaqəsinin müəyyən edilmədiyi qənaətinə gəlinmişdir. İddiaçı bədən xəsarət alması faktı ilə bağlı istintaq orqanına müraciət etmiş və Pirallahı rayon prokurorluğunun sonuncu dəfə 02.06.2017-ci il tarixdə çıxardığı qərarla cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı 19.11.2016-cı il tarixdə klapanları və arabanı qazel tipli avtomobilə yükləyərkən xəsarət aldığını, yəni həmin vaxt sol ayağında küt ağrı ilə müşayiət olunan xəsarət aldığını hiss etdiyini, bu xəsarətin iş yoldaşları tərəfindən yaxud yük qaldırarkən alması barədə dəqiq fikir söyləyə bilmədiyini, çünki, onu vuran hər hansı şəxsi birbaşa görmədiyi halda, konkret kiminsə onu vurduğunu, həmçinin yük qaldırma nəticəsində yarandığını dəqiq deyə bilmədiyini bildirsə də, bu ziddiyyətli məlumatları onun iddiasının əsaslı olduğuna dəlalət etmir. İddiaçı bu ana qədər özü üçün dəqiqləşdirə bilməmişdir ki, onun aldığı xəsarət bilavasitə yük qaldırarkən yaxud iş yoldaşlarının onu vurması nəticəsində yaranmışdır. İddiaçı üçün iddia qaldırarkən yaxud məhkəmə baxışı zamanı bu faktı dəqiqləşdirilməsi çox vacib idi. Əgər iddiaçının aldığı xəsarət həqiqətən iş yoldaşları tərəfindən cinayət əməli nəticəsində yetirilmişdirsə, Nazirlər Kabinetinin “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının təsdiq edilməsi haqqında 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarının 1.4-cü bəndinə görə, bu hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Buna görə də, əgər iddiaçı aldığı xəsarəti cinayət törədilməsi nəticəsində almışdırsa iddia həmin əsasa görə də təmin edilə bilməzdi. İddiaçının baş vermiş hadisə ilə əlaqədar Pirallahı rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından narazı qalaraq bir neçə dəfə yuxarı prokurora, həmçinin Pirallahı rayon məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə müraciət etməsi də onu göstərir ki, o, aldığı xəsarətin daha çox iş yoldaşları tərəfindən ona yetirildiyi qənaətindədir. Əks halda istintaq orqanının qərarı ilə razılaşaraq məhkəmələrə də müraciət etmək hüququndan istifadə etməzdi. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının hazırki vəzifəsi ilə 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsi üzrə əmək haqqının 2018-ci ilin mart ayından etibarən fərq istəməsi üçün heç bir əsas yoxdur və bununla bağlı iddiaçı heç bir sübut təqdim etməmiş, iddiaçı qanuna müvafiq qaydada 06.02.2018-ci il tarixli müayinə aktına əsasən 3-cü dərəcəli əlillik qrupuna görə öz razılığı ilə yüngül işlə təmin olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X3 həmçinin iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək göstərmişdir ki, iddiaçının yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi üzrə əmək haqqının alınmasına dair iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini zəruri hesab edir. Belə ki, iddiaçı öz razılığı ilə 12.03.2018-ci il tarixli 124-k saylı əmr ilə İddiaçı "xxxx" NQÇİ-nin Qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sahəsinin sıxıcı kompressor stansiyalarına 5ci dərəcəli təmirçi çilingər vəzifəsindən "xxxx" NQÇİ-nin Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasına 4-cü dərəcəli kimyəvi təhlil üzrə laborant vəzifəsində keçirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 1 illik məhkəməyə müraciət müddətini ötürmüşdür. İddiaçı cavabdeh SOCAR “Azneft” İB-nə qarşı “əmək haqqı fərqinin ödənilməsi” tələbi barədə iddia ərizəsinin iddia müddətini ötürməsinə görə qanunla müəyyən edilmiş iddia müddətinin qeyd edilən hissədə tətbiq edilməsi ilə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ilə Azneft” İstehsalat Birliyinin "xxxx" Neft və Qazçıxarma İdarəsi arasında bağlanmış 01.09.2008-ci il tarixli 916 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sahəsinin sıxıcı kompressor stansiyalarına 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində işə qəbul olunmuşdur. - Tibbi-Sosial Ekspertiza Müayinəsindən 23.01.2018-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı aşıq-baldır oynağı və ayaq səviyyəsində digər əzələ və vətərin travması, sol topuq oynağı nahiyyəsinə ağrı, şişkinlik, hərəkət məhdudluğu, deformasiyası, oynaqların kontrakturası, sol topuq oynağının kontrakturası, digər ikincili, artroz, sol topuq oynağının ostreoartrozu, digər ostreoparozlar, sümüklərdə ostreoparoz, ataktik yeriş, yerişin pozulması diaqnozu qoyulmuş və İİİ dərəcəli əlillik təyin edilmişdir. - "xxxx" Neft və Qazçıxarma İdarəsinin rəisi Zaur Bağırov, Həmkarlar İttifaqı Komitəsinin sədri Emin Məmmədov, Qaz və qazlift təsərrüfatı üzrə rəis müavini Faiq Süleymanov, Baş mühəndisin əməyin mühafizəsi və təhlükəsizlik texnikası (ƏM və TT) üzrə müavini Zaur Bəşirov, Personalın uçot şöbəsinin rəisi Ehtiram Əkbərli, Böyük hüquq məsləhətçisi Asif İmaməliyev və QİHN və KTS-nin NÖC və A üzrə təmirçi çilingəri İddiaçı tərəfindən tərtib edilmiş 01.03.2018-ci il tarixli aktdan görünür ki, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən "xxxx" Neft və Qazçıxarma İdarəsinin Qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sahəsinin (QİHN və KTS) sıxıcı kompressor stansiyalarının təmirçi çilingəri İddiaçı verilmiş 06.02.2018-ci il tarixli müayinə aktına əsasən ona verilmiş 3cü dərəcəli əlillik qrupuna görə yüngül işlə təmin olunması İddiaçı iştirakı ilə baxılmışdır. "xxxx" Neft və Qazçıxarma İdarəsinin vakant ştatları araşdırılmış, yalnız Elmi tədqiqat istehsalat işləri sahəsində vakant olan laborant peşəsi yüngül iş kimi İddiaçı təklif olunmuşdur. İddiaçı həmin peşəyə keçirilməsinə razılıq vermiş və ərizəsini yazmışdır. - “Azneft” İstehsalat Birliyinin "xxxx" Neft və Qazçıxarma İdarəsinin rəisi tərəfindən “Azneft” İstehsalat Birliyinə ünvanlanmış 01.03.2018-ci il tarixli məktubdan görünür ki, "xxxx" NQÇİ-nin rəhbərliyi Qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sahəsinin sıxıcı kompressor stansiyalarının 5-ci dərəcəli təmirçi çilingəri İddiaçı TSEK-in təyin etdiyi müayinəyə əsasən üçüncü dərəcəli əlillik təyin olunması ilə əlaqədar Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasına 4-cü dərəcəli kimyəvi təhlil üzrə laborant peşəsinə keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. - QİHN və KTS-nin NÖC üzrə təmirçi çilingəri İddiaçı tərəfindən yazılmış 12.03.2018-ci il tarixli ərizədən görünür ki, onun "xxxx" Neft və Qazçıxarma İdarəsinin Elmi tədqiqat istehsalat işləri sahəsində vakant olan laborant peşəsinə keçirilməsini xahiş etmişdir. - “Azneft” İstehsalat Birliyi tərəfindən “Azneft” İstehsalat Birliyinin "xxxx" Neft və Qazçıxarma İdarəsinə ünvanlanmış 12.03.2018-ci il tarixli məktubdan görünür ki, təqdim olunan işçinin başqa işə keçirilməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, Azərbaycan Respublikasının Neft sahəsinə aid X8 Sorğu Kitabçasının, SOCAR-ın standartlarının, KİEK-nin “Başqa işə keçirilmə haqqında” Qaydalarının, 03.11.2015-ci il tarixli SOCAR/15-1000/21-31-000183 saylı “KİEK-nin kadrların idarə edilməsi üzrə qərarları ilə tənzimlənən münasibətlərin təkmilləşdirilməsi haqqında” qərarının və yeni vəzifə standartlarının tələblərinə əsasən aparılmasına etiraz etmir. - Azneft” İstehsalat Birliyinin "xxxx" Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 12.03.2018-ci il tarixli, 124-K nömrəli əmrdən görünür ki, İddiaçı "xxxx" Neft və Qazçıxarma idarəsinin Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasına 4-cü dərəcəli kimyəvi təhlil üzrə laborant vəzifəsinə keçirilmişdir. - Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 12.03.2018-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" Neft və Qazçıxarma idarəsinin Elmitədqiqat və istehsalat işləri sahəsinin Neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasına 4-cü dərəcəli kimyəvi təhlil üzrə laborant vəzifəsinə keçirilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti) qarşı iz formalı aktın verilməsi tələbinə dair iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(009)-2732/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Pirallahı rayon prokurorunun böyük köməkçisi, İ dərəcəli hüquqşunas X5 tərəfindən qəbul edilmiş 26 yanvar 2017-ci il tarixli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış C-54/16 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhəri, Pirallahı rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X2 tərəfindən qəbul edilmiş 13 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış C-54/16 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Azneft” İstehsalat Birliyinin "xxxx" Neft və Qazçıxarma İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 08.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, 21.08.1997-ci il tarixdə "xxxx" NQÇİ-nin 2 saylı sıxıcı kompressor stansiyasına 5-ci dərəcəli texnik vəzifəsinə işə qəbul edilmiş, 03.12.2001-ci il tarixdə ərizəsinə əsasən Qazın yığılması, hazırlanması və kompressor təsərrüfatı sexinin Sıxıcı kompressor stansiyasına 4-cü dərəcəli təmirçi çilingər peşəsinə keçirilmiş və 11.03.2018-ci il tarixə kimi Qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sahəsinin Sıxıcı kompressor stansiyalarında 4-cü dərəcəli təmirçiçilingər peşəsində çalışmış, ona verilmiş 06.02.2018-ci il tarixli müayinə aktına əsasən təyin olunmuş 3-cü dərəcəli əlillik qrupuna görə yüngül işlə təmin olunmuş, 01.03.2018-ci il tarixdə onun iştirakı ilə baxılmış, "xxxx" NQÇİ-də mövcud olan vakant yerlər araşdırılmış, Elmi tədqiqat və istehsalat işləri sahəsində vakant olan 4-cü dərəcəli kimyəvi təhlil üzrə laborant peşəsi yüngül iş kimi ona təklif olunmuş və o, bu təklifi qəbul etdikdən sonra ərizə və mövcud qanunvericiliyə uyğun olaraq həmin peşəyə keçirilmişdir. - “Azneft” İstehsalat Birliyinin "xxxx" Neft və Qazçıxarma İdarəsi tərəfindən Məhkəmənin sorğusuna verilmiş 02.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" NQÇİ-nin Elmi tədqiqat və istehsalat işləri sahəsinin 4-cü dərəcəli kimyəvi analiz üzrə laboranatı İddiaçı əvvəlki peşə üzrə (Qazın ilkin hazırlanması, nəqli və kompressor təssərüfatının sıxıcı kompressor stansiyasının 5-ci dərəcəli təmirçi çilingəri peşəsi) orta aylıq əmək haqqı 939.83 (doqquz yüz otuz doqquz manat səksən üç qəpik) manat, hal-hazırda işlədiyi peşə üzrə orta əmək haqqı isə 745.23 (yeddi yüz qırx beş manat iyirmi üç qəpik) manat təşkil etmişdir. Əlavə olaraq bildirirlər ki, İddiaçı ərizəsinə əsasən 4-cü dərəcəli kimyəvi analiz üzrə laborant peşəsinə keçdikdə ona əvvəlki peşəsi üzrə orta aylıq əmək haqqı hesablanmamışdır. Belə ki, İddiaçı öz ərizəsinə əsasən, öz razılığı ilə başqa peşəyə keçirilmişdir. Beləliklə də işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı 21.08.1997-ci il tarixdə "xxxx" NQÇİ-nin 2 saylı sıxıcı kompressor stansiyasına 5-ci dərəcəli texnik vəzifəsinə işə qəbul edilmiş, 03.12.2001-ci il tarixdə ərizəsinə əsasən Qazın yığılması, hazırlanması və kompressor təsərrüfatı sexinin Sıxıcı kompressor stansiyasına 4-cü dərəcəli təmirçi çilingər peşəsinə keçirilmiş, 28.09.2004-cü il tarixdə həmin peşə üzrə 5-ci dərəcə almış, 01.09.2008ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Tibbi- Sosial Ekspert Komissiyasının 06.02.2018-ci il tarixli qiymətləndirilməsi nəticəsində İddiaçı müddətsiz 3-cü qrup əlilliyi və yüngül işlərdə işləyə bilməsi müəyyən edilmişdir. 01.03.2018ci il tarixdə "xxxx" NQÇİ-nin rəisinin, Həmkarlar İttifaqı Komitəsinin sədrinin, iddiaçının və digər şəxslərin iştirakı ilə İddiaçı 06.02.2018-ci il tarixli müayinə aktına əsasən ona verilmiş 3-cü qrup əlillik dərəcəsinə görə görə yüngül işlə təmin olunması məsələsinə baxılmış, iddiaçıya yüngül peşə kimi Elmi tədqiqat istehsalat işləri sahəsində vakant olan laborant vəzifəsi təklif olunmuş, o, həmin peşəyə keçməsinə razılıq verərək ərizə yazmışdır. Bu barədə 01.03.2018-ci il tarixdə akt tərtib edilmiş və aktı iştirakçılarla birlikdə İddiaçı da imza etmişdir. İddiaçı Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasına 4-cü dərəcəli kimyəvi təhlil üzrə laborant peşəsinə keçirilməsi üçün "xxxx" NQÇİ tərəfindən “Azneft” İB-nə müraciət edilmiş və sonuncu tərəfindən etiraz etmədiyi bildirilmişdir. İddiaçı 12.03.2018-ci il tarixdə ərizə ilə "xxxx" NQÇİ-yə müraciət edərək, Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasına kimyəvi təhlil üzrə laborant peşəsinə keçirilməsini xahiş etmiş, həmin tarixdə "xxxx" NQÇİ-nin Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasına 4-cü dərəcəli kimyəvi təhlil üzrə laborant vəzifəsinə keçməsi ilə bağlı onunla bağlanmış 01.09.2008-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilmiş, 12.03.2018-ci il tarixli 124-k saylı əmr ilə iddiaçı "xxxx" NQÇİ-nin Qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sahəsinin sıxıcı kompressor stansiyalarına 5-ci dərəcəli təmirçi çilingər vəzifəsindən "xxxx" NQÇİ-nin Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasına 4-cü dərəcəli kimyəvi təhlil üzrə laborant vəzifəsinə keçirilmişdir. İddia tələblərinə əsasən iddiaçı hesab edir ki, əlilliyi nəzərə alınmaqla vəzifəsi dəyişdirilsə belə əmək haqqı olduğu kimi saxlanılmalı idi. Belə ki, əvvəlki vəzifəsində 2018-ci ildən etibarən əmək haqqı aylıq 1300 manat təşkil edir, lakin yeni vəzifədə 1000 manat təşkil edir. Halbuki qanunvericiliklə əlillik təyin olunan şəxsin əmək haqqının aşağı salınması qadağandır. Buna görə də 2018-ci ilin mart ayından etibarən 40 ay üçün aylıq 300 (üç yüz) manat fərq olmaqla, cəmi 12000 (on iki min) manat pul vəsaiti onun xeyrinə ödənilməli və bundan sonra ona 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsi üzrə əmək haqqı ödənilməlidir. İddiaçı tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.2-ci, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1 və 21.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.2-ci maddəsinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun qeyd edilən normalarına əsasən isə əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklyuziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılması qadağandır. Cavabdehin isə iddiaya etirazın əsası kimi istinad etdiyi hallara əsasən iddiaçının hazırki vəzifəsi ilə əvvəl işlədiyi 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsi üzrə əmək haqqının 2018-ci ilin mart ayından etibarən fərqi istəməsi üçün heç bir əsas yoxdur və bununla bağlı iddiaçı heç bir sübut təqdim etməmiş, iddiaçı qanuna müvafiq qaydada 06.02.2018-ci il tarixli müayinə aktına əsasən 3-cü dərəcəli əllilik dərəcəsi müəyyən edildiyinə görə öz razılığı ilə yüngül işlə təmin olunmuşdur. Həmçinin iddiaçı iddia müddətini buraxmışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2-ci maddəsinin 3-cü hisəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsipinə əsaslanır. - 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. - 12-ci maddəsinin 1-ci hissəsinin «a» və «b» bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına daxil edilmişdir. - 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. - 46-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. İstinad edilən normaların tələblərindən göründüyü kimi, daimi xarakterə malik işlə bağlı tərəflərin qarşılıqlı razılığı olduqda işəgötürənlə işçi arasında əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən fərdi qaydada bağlanan yazılı müqaviləəmək müqaviləsi bağlanır və tərəflərin buna qarşılıqlı razılığının olması isə hər iki tərəfin əmək müqaviləsini imzalaması ilə təsdiq edilir. Məhkəmə iddiaçının cavabdeh qurumunun ona aldadaraq əvvəlki vəzifə üzrə əmək haqqının saxlanılacağına vəd verməklə, əlilliyi nəzərə alınmaqla vəzifəsi dəyişdirilsə belə əmək haqqının olduğu kimi saxlanılmamaqla ona münasibətdə «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1 və 21.2-ci tələblərinin pozulması kimi dəlillərinə qiymət verərək əsassız sayır. Belə ki, məhkəmə hesab edir ki, İddiaçı 12.03.2018-ci il tarixdə ərizə ilə "xxxx" NQÇİyə müraciət edərək, Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasına kimyəvi təhlil üzrə laborant peşəsinə keçirilməsini xahiş etməsi ilə əlaqədar həmin tarixli 124-k saylı əmr ilə o, "xxxx" NQÇİ-nin Qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sahəsinin sıxıcı kompressor stansiyalarına 5ci dərəcəli təmirçi çilingər vəzifəsindən "xxxx" NQÇİ-nin Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasına 4-cü dərəcəli kimyəvi təhlil üzrə laborant vəzifəsinə keçirilmiş, bununla əlaqədar aralarında bağlanmış 01.09.2008-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilmiş və iddiaçı yeni iş yeri üzrə əmək şəraitinin şərtləri, əmək funksiyası və tərəflərin öhdəlikləri, xüsusən də dəyişdirilmiş vəzifəsi üzrə əmək haqqı barədə tam məlumatlı olmuş, hazırda da bu şərtlərlə razılaşaraq hazırki vaxta kimi əmək fəaliyyətini davam etdirir. Məhkəmə baxışı zamanı iddiaçı tərəf cavabdeh tərəfin əlilliyi nəzərə alınmaqla vəzifəsi dəyişdirilsə belə əmək haqqının olduğu kimi saxlanılması ilə bağlı vədlər verməsi ilə əlaqədar hər hansı sübut təqdim etməmiş, cavabdeh tərəf belə bir şifahi razılaşmanın olmasını inkar etmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın cavabdeh Azneft İB-dən 28 may NQÇİ-dən 2018-ci ilin mart ayının 12-dən sonrakı bir aylıq əmək haqqı ilə bağlı hissəsi istisna olmaqla digər müddətlər üçün əmək haqqı fərqinin iddiaçının xeyrinə tutulması hissəsi əsassızdır. Bununla belə məhkəmə qeyd edir ki, iddia bütövlükdə əsassız olmamaqla iddiaçının əlilliyi ilə əlaqədar səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirildiyi üçün onun həmin işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqının ona ödənilməli olmasına dair hissəsi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, işçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır. Məhkəmə iddianın bu hissəsi ilə bağlı cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini də nəzərə alaraq, hesab edir ki, qeyd edildiyi kimi iddiaçının bu tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud olduğu halda, əlilliyi ilə əlaqədar səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı əmək haqqı olan işə keçirildiyi üçün onun yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqının ona ödənilməli olmasına dair hüququnun pozulduğunun ona məlum olduğu gündən (12.03.2018-ci il tarixdə hazırki vəzifəsinə keçirilmişdir) 1 il müddətində məhkəməyə müraciət etməli idi. Lakin işin materiallarından görünür ki, iddiaçı 15.09.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyə edilmiş 1 illik məhkəməyə müraciət etmə müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəllənin 368-ci maddəsinə əsasən, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və va müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Belə olan halda məhkəmə hesab edir ki, iddianın iddiaçının səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilərkən yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqının ona ödənilməsi hissəsinə iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti üçüncü şəxs kimi cəlb edilən) qarşı “əmək haqqı fərqinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti üçüncü şəxs kimi cəlb edilən) qarşı “əmək haqqı fərqinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2472/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2472/2021
02.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver