Məhkəmə qərarları › İş №2(009)-2477/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2477/2021

25.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2477/2021 25.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Səbail rayon Qeydiyyat Şöbəsinin maraqlı şəxs kimi göstərildiyi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1961-ci ildə Ermənistan Respublikası Krasnoselski rayonunun Gölkənd kəndində doğulması və bu barədə doğumun qeyd edilmə faktı müəyyən edilərək doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında “X1, milliyyəti azərbaycanlı” ana qrafasında “X12, milliyyəti azərbaycanlı”, qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1961-ci ildə Ermənistan Respublikası Krasnoselski rayonunun Gölkənd kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməni valideynləri Ermənistan Respublikasında almışdılar. 1983-cü ildə Sumqayıt Politexnik Texnikomunu bitirmişdir. (diplomun surəti əlavə edilib) X2 ilə rəsmi nikaha daxil olmadan ailə qurub. Bu münasibətdən 2 övladları olmuşdur-26 oktyabr 1990cı il təvəllüdlü X3 və 12 may 1989-cu il təvəllüdlü X13. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdi. 23.08.2021-ci il tarixli məktubla ona doğum haqqında şəhadətnaməsinin surətinin sorğuya əlavə olunmadığı üçün imtina edilmişdir. Bu məsələ ilə əlaqədar lazım olduğu üçün ona məxsus olan doğum haqqında şəhadətnamənin əslini axtarsa da tapa bilmədi. Daha sonra doğum haqqında akt qeydinin bərpa olunması üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin oradan ona bu barədə imtina edərək bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənləri müdafiə edərək, doğum haqqında şəhadətnamədə ata qrafasında “X1, milliyyəti azərbaycanlı” ana qrafasında “X12, milliyyəti azərbaycanlı”, qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun 12.10.2021ci il tarixli məktubunda səlahiyyətli nümayəndənin iştirakı olmadan işə baxılması xahiş olunmuşdur. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən şahid X7 izahat verərək bildirmişdir ki, Ərizəçi ilə doğma bacı-qardaşdırlar. Nikaha daxil olma tarixləri yadında olmasa da, Ermənistanda olan zaman təxmini o 4-cü, 5-ci sinifdə oxuyanda valideynləri boşanmışlar. Doğma 4 bacıqardaşdırlar, ögey bacı-qardaşı isə çoxdur. Qardaşı təxmini 30 il öncə doğum haqqında şəhadətnamə, xarici pasport və digər sənədlərini itirmiş, diplom və hərbi bileti anasında qalmışdır. Məhkəmə iclasında iştirak edən şahid Əli izahat verərək bildirmişdir ki, Ərizəçi ilə doğma qardaşdırlar, bir yerdə böyümüşlər. Valideynlərinin nə zaman ailə qurduqları yadında olmasa da, təxmini 9, 10 yaşı olarkən boşanmışlar. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, işdə olan ДТ İ 774693 nömrəli diplomun surətindən aydın olur ki, Ərizəçi Kamandir oğlu 1983-cü ildə Sumqayıt Politexnik Texnikomunu bitirmişdir. İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletdən görünür ki, Ərizəçi Kamandir oğlu xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası Krasnoselski rayonunun Gölkənd kəndində doğulmuşdur. (milliyyəti azərbaycanlıdır) İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07.06.1990-cı ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 28 aprel 2012-ci ildə vəfat etmişdir. İş materiallarında olan Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 27.08.2021-ci il tarixli məktubdan görünür ki, bu barədə ona imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Resbublıkası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1, 21.2, 2.3 maddələrinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə VVAQ orqanı, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. doğum haqqında yazılı və şifahi məlumatlar valideynlər və onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda , öldükdə və başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular,uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəslər tərəfindən verilir. Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. Həmin qaydaların 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1.valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi;2.5.3 doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd ;2.5.4 uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd ; 2.5.6. uşaq , ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7 valideynlərdən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydaların 2.6-ci maddəsinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına 4cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx xxxxxx 1961-ci ildə Ermənistan Respublikası Krasnoselski rayonunun Gölkənd kəndində doğulduğunu, atasının “X1 olduğunu bildirsə də, iş materiallarında olan sübutlarla müəyyən edilir ki, Ərizəçi atası “X1 olduğu öz təsdiqini tapmır. Qanunvericiliyin tələblərinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. İş materiallarında olan Ərizəçi bacısı X5 və qardaşı X6 doğum haqqında şəhadətnamələrindən görünür ki, onların soyadları Həsənov, ata qrafasında isə qeyd aparılmamışdır. Məhkəmə hesab edir ki, ərizəçinin doğum tarixi və yeri ərizəçiyə məxsus diplom və hərbi biletin surəti ilə tam təsdiq olunsa da onun atasının X1 olduğu öz təsdiqini tapmadığından ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar