Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2504/2022 26.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə hüquqi əhəmiyyətli olan doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli olan doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1974-cü ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmağı və doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilərək doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X8 (milliyəti azərbaycanlı), ana qrafasında X11 göstərilməsi və Maraqlı şəxs tərəfindən ona yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1974-cü ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuşdur. Valideynləri onun doğumumu təsdiq edən şəhadətnaməni Ermənistan Respublikasında almışdılar. 07 fevral 2001-ci ildə X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki övladları doğulmuşdur. X2 1990-cı ildə vəfat etmişdir. X3 2000-ci ildə vəfat etmişdir. Onun qeydiyyatda olduğu mənzil bacısının adına qeydiyyatdan keçmişdir. Həmin mənzilə ailə üzvlərinin qeydiyyatının aparılması üçün ASAN xidmətə müraciət etdikdə ona şifahi olaraq bildirdilər ki, onun doğum haqqında şəhadətnamə tələb olunacaqdır. O da, bu məsələ ilə əlaqədar lazım olduğu üçün özünə məxsus olan doğum haqqında şəhadətnamənin əslini axtarsa da tapa bilməmişdir, bu sənəd onda deyil, itirmişdir. Doğum haqqında akt qeydinin bərpası mümkün deyil. Buna görə də, hesab edir ki, onun xx xxxxxx 1974-cü ildə Ermənistan Respublikası Amasiya rayonunda doğulmağı və bu doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Doğum haqqında akt qeydinin bərpa edilməsi ilə əlaqədar o, müvafiq qeydiyyatda olduğu yerin, yəni Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin orada ona bu barədə imtina edərək bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Göstərilənlərdən aydın olduğu kimi onun itirdiyi doğum haqqında şəhadətnaməni başqa qaydada almağı mümkün deyildir və ona görə də, mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq onun doğumumun qeyd edilmə faktı müəyyən edilməildir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, ərizəçi onun doğma qardaşıdır. Onlar ailədə dörd bacı və dörd qardaşdırlar, qardaşları İskəndərov Oktay, İskəndərov Murman, Ərizəçi, İskəndərov Kamil, bacıları İskəndərova Ofeliya, İskəndərova Validə, İskəndərova Xalidə və o özüdür. Bütün bacı və qardaşlar sağdırlar, hərəsi müxtəlif yerlərdə yaşayırlar. 1988-ci ildə Ermənistandan qaçqın düşərək Bakı şəhərinə köçərək məskunlaşmışlar. X1 1990-cı ildə, anaları X11 2011-ci ildə Bakı şəhərində vəfat etmişlər. Valideynləri rəsmi nikahda olsalar da, lakin onların nikah şəhadətnaməsi onlarda yoxdur. Qardaşı iş üzrə olan Ərizəçi xx.xx.1974-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş ərizəçinin qardaşı X6 bacısı X4 ifadəsi ilə eyniyyət təşkil edən ifadə vermişdir. Maraqlı şəxs Səbail rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2022-ci il tarixli 05/Q 1472/13 saylı ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.7-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AO seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Ermənistan Amasiya rayonunda anadan olmuşdur. İş materiallarında olan AB seriyalı, 021195 nömrəli qaçqın vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. İş materiallarında olan orta təhsil attestatının surətindən görünür ki, Ərizəçi 1974cü ildə Ermənistan SSR-nin Amasiya rayonunda doğulmuş, 1991-ci ildə Bakı şəhəri 26 Bakı komissarı adına rayonun 51 nömrəli orta ümümtəhsil məktəbini bitirmişdir. İş materiallarında olan 02 iyul 1988-ci il tarixli natamam orta təhsil haqqında şəhadətnamədən görünür ki, 1973-cü ildə doğulmuş Ərizəçi 1988-ci ildə natamam orta məktəbi bitirmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 155351 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2008-ci ildə Bakı şəhərində doğulmuş, atası Ərizəçi oğlu, anası isə X5r. İş materiallarında olan AZ-İ seriyalı, 149605 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuş, atası Ərizəçi oğlu, anası isə X5r. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Ermənistan, Amasiya rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 11 noyabr 2022-ci il tarixli, 575 nömrəli 45 saylı MKİS-nin arayışından görünür ki, Ərizəçi İbrahim Məmmədov küçəsindəki 13 №-li evin 1 №-li mənzilində qeydiyyatdadır. İş materiallarında olan Səbail rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/Q-860/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2001 il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarında olan Vİİ-JQ 322450 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 07 fevral 2001-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları Bakı şəhəri Səbail rayon VVAQ şöbəsində 34 sayla qeydə alınmışdır. İş materiallarında olan 13 mart 1974-cü il tarixli, 12941673 nömrəli partiya biletinin surətindən görünür ki, X8 1935-ci ildə anadan olmuş, noyabr ayının 1962-ci ildə partiya daxil olmuş və Amasiya RKKP Ermənistan tərəfindən ona partiya bileti verilmişdir. İş materiallarında olan İV-JQ seriyalı, 282700 nömrəli, xx.xx.1991-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 19 sentyabr 1990-cı ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olanSəbail rayonu Qeydiyyat Şöbəsinin xx.xx.2011-ci il tarixli 39 saylı ölüm haqqında arayışından görünür ki, X11 xx.xx.2011-ci ildə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13 və 14-cü bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin normativ-hüquqi aktın 15-16-cı bəndlərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Adı çəkilən “Əsas müddəlar”ın 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu ”Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 03 saylı, 12 aprel 2019-cu il tarixli Qərarında məhkəmələrə izah etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi Ermənistan SSR-nin Amasiya rayonunda xx.xx.1974-cü il tarixində doğulmuşdur və bu xüsusat sənədlər və şahid ifadələri ilə təsdiq olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçinin doğumun qeyd edilməsi faktı müəyyən olunmalı, ona doğum haqqında şəhadətnamə verilərək, həmin şəhadətnamədə ata qrafasında X8 (milliyyəti azərbaycanlı), ana qrafasında X11 (milliyyəti azərbaycanlı) qeyd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1974-cü ildə Ermənistan SSR-nin Amasiya rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X8 (milliyyəti azərbaycanlı), ana qrafasında X11 (milliyyəti azərbaycanlı) göstərilsin. Həmin qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2504/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2504/2022
26.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver