Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-251/2022 10.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmrdə dəyişiklik edilməsi və s. tələblərə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrdə dəyişiklik edilməsi və s. tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 29.11.2020-ci il tarixdə Cavabdeh MMC-də sistem administratoru vəzifəsində işə qəbul edilmişdir, 12.12.2020-ci il tarixdə isə əmək münasibətləri rəsmiləşdirilərək əmək müqaviləsi bağlanmadan menecer kimi işə qəbul edilməsinə dair X4 sistemə yüklənmişdir. Həmin bildirişə əsasən müddətsiz əmək müqaviləsi üzrə Cavabdeh MMC-də menecer vəzifəsində işə qəbul edilmişdir və 07.04.2021-ci il tarixdə işdən azad edilmişdir. İşdən azad olunma səbəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda - qeyd edilmişdir. 2021-ci ilin həm fevral, həm də aprel aylarında işdən azad olunmasına dair ərizə yazmış olmasına baxmayaraq, sonradan 03.11.2021-ci il tarixdə öyrənmişdir ki, işdən pozuntu ilə azad edilmişdir. Cavabdeh ilə aralarında bağlanmış X4nə əsasən aylıq əmək haqqı 300 manat olmuş olsa da, 600 manat əmək haqqı alırdı. İşlədiyi müddət dövrü ərzində onun funksional vəzifələrinin icrası zamanı ona həmin müddətədək hər hansı xəbərdarlıq, töhmət edilməmiş, bun baxmayaraq onun fəaliyyəti işçilər tərəfindən bir mənalı formada müsbət qarşılanmırdı. Gündəlik olaraq ona vəzifələrinin icrası zamanı işçilər tərəfindən qərəzli münasibət olunurdu. Nəticədə cavabdeh tərəfindən ona ciddi formada gündəlik olaraq işinin icrası ilə bağlı qərəzli mövqe tutulduğundan o, öz ərizəsi ilə səbəbləri göstərilməklə işdən azad olunması haqqında cavabdehə rəsmi formada müraciət etmək məcburiyyətində qalmışdır. Bu məcburiyyətin əsasını ona qarşı işçilərin həqiqətə uyğun olmayan şər və böhtanı ilə nəticələnən şikayəti olmuşdur və işçilər tərəfindən edilmiş şikayətin polis tərəfindən araşdırılması, sonda tərəfindən bütün bu haqsızlıqlara dözməyərək 2021ci ilin aprel ayının əvvəllərində işdən azad olunması haqqında təkrar ərizə ilə müraciət etməsinə səbəb olmuşdur. İşdən azad olunması haqqında ərizəsi cavabdehə təqdim etdikdən sonra 07.05.2021-ci ildə babası vəfat etmişdir. Babasının vəfatı bir tərəfdən də işdə yaranmış gündəlik problemlər onda ciddi psixoloji sarsıntı keçirtməsinə səbəb olmuşdur. Cavabdehə işdən azad olunması haqqıda ərizə 2021-ci ilin aprel ayının əvvəllərində müraciət etdikdən sonra cavabdeh ona ərizənin yekun nəticəsi barədə heç bir formada məlumat veriməmişdir. Babasının vəfatı və dəfn məsələlərinin həlli ilə bağlı müəyyən tamamlanma işlərinin yekunlaşdırdıqdan sonra dəfələrlə əmək kitabçısına yazmalarını istəsə də, əmək kitabçası 03.11.2021-ci il tarixdə yazılaraq ona təhvil verilmiş və həmin anda o, pozuntu ilə (ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə) işdən çıxarılmasını bilmişdir. Belə ki, həmin anadək işdən azad olunmaq üçün ərizə yazdığından o, öz xahişi ilə işdən azad edildiyini bilmişdir, kitabçanı ərinə aldıqda isə vəziyyətin tamam başqa cür olduğunu öyrənmişdir. O, cavabdehə “niyə mənim işdən pozuntu ilə azad olunmağı barədə vaxtında məlumat verilməyib?” deməyi cavabsız qaldığından tərəfindən cavabdehə qarşı öz kəskin iradlarını bildirməyinə səbəb olmuşdur. İşdən azad olunarkən ona mart ayının 15-dən sonrakı əmək haqqı ödənilməmiş, eyni zamanda istifadə edilməmiş məzuniyyətə görə kompensasiya borcu var. Eyni zamanda heç bir pozuntuya yol vermədiyi halda onu ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmələri nəticəsində 2021-ci ilin aprel ayından indiyədək işşizdir. Belə ki, qeyd edilən halın əmək kitabçasında öz əksini tapması, elektron sistemə daxil edilməsi onun gələcək karyerası üçün böyük zərbədir. Ona görə də hesab edir ki, o, 8 aydır ki, cavabdeh hüquqi şəxsin qanunsuz hərəkətləri nəticəsində əldə edə biləcəyi faydadan (600 manat x 8 ay = 4800 manat) məhrum edilmişdir. Ən əsası isə onun işdən olunması AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə rəsmiləşdirilməsi hesab edir ki, onun gələcək karyeraya vurulmuş ən ciddi ləkədir. Onun bu maddə ilə işdən azad olunması gələcəkdə heç bir yerdə işlə təmin olunmamasına səbəb olacaq. Nəticədə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq ilk öncə “Mediasiya Şurasına” Əmək mübahisəsi ilə bağlı müraciət etmişdir. Nəticədə 29.11.2021-ci il tarixdə “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi” barədə arayış verilmiş və məsələnin məhkəmə qaydasında həlli ona izah edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı 07.04.2021-ci il tarixli 8k saylı işdən azad olunması haqqında əmrin əsasının dəyişdirilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə (öz xahişi ilə) rəsmiləşdirilməsi, eyni zamanda həmin əsasla əmək müqaviləsinə xitam edilməsi haqqında bildirişin elektron sisteminə daxil edilməsi və əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş 440 manat əmək haqqının və 160 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın, eyni zamanda 4800 manat əldən çıxmış faydanın və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC-nin icraçı direktoru Rahid Babayev tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərmişdir ki, İddiaçı 12.12.2020-ci ildə Cavabdeh MMC-yə menecer vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 28.03.2021-ci ildə işdən çıxmaq üçün ərizə ilə müraciət etmiş, onunla bağlanmış əmək müqaviləsinə 07.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. Xitam tərəflərdən 08/k saylı, 07.04.2021-ci il tarixli əmrlə rəsmiləşdirilmişdir. Lakin əmək müqaviləsinə xitam verilmə barədə bildiriş X2 X4 üzrə X1 daxil edilərkən texniki səhv olmuş və 1.2-ci bəndində əmək müqaviləsinə xitam verilməsinin əsası kimi “70.ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsi qeyd olunmuşdur. Elektron informasiya sistemində müvafiq dəyişiklik aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət ünvanlanmış, bu barədə İddiaçı məlumat verilmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Cavabdeh MMC-nin direktoru X3 ilə İddiaçı arasında bağlanmış 12.12.2020-ci il tarixli əmək müqaviləsinin (kontraktın) təsdiq olunmuş surətindən görünür ki, İddiaçı aylıq əmək haqqı 300 manat olmaqla Cavabdeh MMC-yə menecer vəzifəsinə işə qəbul edilmişdir. İş üzrə xxxxxxx000400 saylı, 13.12.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı X4ndən görünür ki, İddiaçı "xxxx" MMC-yə menecer vəzifəsinə işə qəbul olunmuş, onunla müddətsiz növü əmək müqaviləsi 12.12.2020-ci il tarixdə bağlanılmış, aylıq əmək haqqı 300 manat təşkil etmişdir. İş üzrə sistem administratoru vəzifəsində çalışan İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoru Rahid Babayevin adına yazılmış 12.02.2021-ci il tarixli ərizənin surətindən görünür ki, onu işdə olan şər və böhtan səbəbindən 12.02.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İş üzrə xxxxxxx0004X0 saylı 07.04.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X4ndən görünür ki, "xxxx" MMC-nin 8k saylı, 07.04.2021-ci il tarixli əmri ilə İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə İddiaçı əmək kitabçasının kserosurətindən görünür ki, o 12.12.2020-ci il tarixdə "xxxx" MMC-yə menecer vəzifəsinə qəbul edilmiş, 07.04.2021-ci il tarixli 8k saylı əmri ilə İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş üzrə menecer vəzifəsində çalışan İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoru Rahid Babayevin adına yazılmış 28.03.2021-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, aralarında bağlanmış əmək müqaviləsinə 07.04.2021-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. İş üzrə "xxxx" MMC-nin 07.04.2021-ci il tarixli 08/k nömrəli əmrin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh MMC-nin meneceri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz ərizəsi ilə) xitam verilmişdir. Əsas: işçinin 28.03.2021-ci il tarixli ərizəsi. İş üzrə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29.11.2021-ci il tarixli MŞİH- 07660 saylı arayışından görünür ki, arayış Cavabdeh MMC-nin İddiaçı tərəfindən təsvir edildiyi kimi Əmək mübahisəsi tələbi üzrə 29.11.2021-ci il tarixdə, saat 16.00-17.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/ iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilmişdir. "xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı 12.12.2020-ci il tarixdə Cavabdeh MMC-yə menecer vəzifəsinə işə qəbul edilmiş və 12.02.2021-ci il tarixdə ərizə ilə müraciət edərək 12.02.2021-ci il tarixdə işdə olan şər və böhtan səbəbindən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Sonradan ona məlum olmuşdur ki, o, 07.04.2021-ci il tarixdə işdən azad edilmişdir və işdən azad olunma səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) qeyd edilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişi həmin əsasla elektron sistemə yüklənmişdir. Bu səbəbdən o, 07.04.2021-ci il tarixli 8k saylı əmrin əsasının dəyişdirilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə (öz xahişi ilə) rəsmiləşdirilməsi, həmin əsasla əmək müqaviləsinin xitam verilməsi haqqında bildirişin elektron sisteminə daxil edilməsi və əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması, ödənilməmiş əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyasının, 4800 manat əldən çıxmış faydanın və 50 manat mediasiya xərclərinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 12.12.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-yə menecer vəzifəsinə işə qəbul edilmiş və onun aylıq əmək haqqı 300 manat təşkil etmişdir. İddiaçı 28.03.2021-ci il tarixli ərizə ilə Cavabdeh MMC-nin rəhbərinə müraciət edərək aralarında bağlanmış əmək müqaviləsinə 07.04.2021-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. "xxxx" MMC-nin 07.04.2021-ci il tarixli 08/k nömrəli əmri ilə Cavabdeh MMC-nin meneceri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz ərizəsi ilə) xitam verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, işəgötürən tərəfindən cavabdehlə əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə xitam verilsə də, 07.04.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X4ndə xitam verilmə əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) qeyd olunmuşdur. Eyni zamanda iddiaçının əmək kitabçasında da onunla əmək müqaviləsinə xitam verilmə əsası kimi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh MMC-nin 08/k saylı, 07.04.2021-ci il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, lakin əmək müqaviləsinə xitam verilməsi barədə X1 daxil edilərkən texniki səhvə görə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda göstərilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən verilmiş əmrdən görünür ki, iddiaçı ilə əmək münasibətlərinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması ilə bağlı deyil, onun öz xahişi ilə əlaqədar xitam verilmişdir. Yəni iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi deyil, AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə işçinin işdən azad olunma barədə ərizəsi əsas götürülməklə xitam verildiyindən və işdən azad olunma əmrində əmək müqaviləsinin xitamın əsası kimi bu hala istinad olunduğundan, iddia tələbi əmrin əsasının dəyişdirilməsi hissəsində əsaslı hesab edilə bilməz və bu səbəbdən təmin edilməməlidir. Məhkəmə iddia tələbinin işçinin öz xahişi ilə işdən azad olunma əsasını əmək müqaviləsinə xitam edilməsi haqqında bildirişin elektron sisteminə daxil edilməsi və əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı eletkron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş X4n həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında məlumatlar əmək kitabçasında mütləq göstərilməli olan məlumatlar sırasına daxildir. Digər tərəfdən əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişini X1 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi haqqında məlumatlar işəgötürən tərəfindən X1 daxil edildiyindən, həmin məlumatların düzgünlüyü ilə bağlı işəgötürən məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında və elektron informasiya sistemində əmək müqaviləsinə xitam verilməsi haqqında məlumatlar işəgötürən tərəfindən səhv qeyd edilmişdir. Yəni əmək müqaviləsinə xitam verilmə əsası kimi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.5-ci bəndinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. Qaydaların 3.6-cı bəndinə əsasən əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “......” nömrəli qeyd etibarsızdır”. AR Əmək Məcəlləsinin 5-1-ci maddəsinə əsasən X4 - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin X1 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən X4ni X1 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir. Bu səbəbdən məhkəmə hesab edir ki, AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə əmək müqaviləsinə xitam verilməsi əsasının əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişin elektron sisteminə daxil edilməsi və əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 2021-ci iln mart ayının 15-dən sonra işdən azad olunanadək ödənilməmiş 440 manat əmək haqqının və 160 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya əmək müqaviləsinə xitam verildikdən sonra ona son-haqq hesab ödənilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının yuxarıda qeyd edilən tələbi məhz son haqqhesab verilən zaman nəzərə alınmaqla ödənilməli idi. AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunun göstərilən tələbindən göründüyü kimi son haqq-hesaba istifadə edilməmiş əmək məzuniyyətinə pul əvəzi ilə bərabər ödənilməli olan əmək haqqı və digər ödəmələr daxildir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan əmək haqqı məbləğinin əmək müqaviləsində müəyyənləşdirilmiş 300 manat deyil, məhz 600 manat təşkil etməsi müəyyən edilmədiyindən, eyni zamanda əmək haqqı məbləği ödənilərkən müvafiq tutmaların (vergi, sosial və digər) həyata keçirilməsi qanunla tələb olunduğundan, cavabdehdən iddiaçının xeyrinə konkret məbləğdə pulun tutulması deyil, yuxarıda işdən azad olunarkən ödənilməyən əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsi həvalə edilməlidir. Belə ki, AR Əmək Məcəllənin 175-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. Göründüyü kimi qanunun tələbinə əsasən işçiyə əmək haqqı ödənilərkən həmin məbləğdən müvafiq ödənişlər tutulur. Cavabdeh tərəfindən iddiaçıya ödənilməyən əmək haqqı məbləğinin konkret bir məbləğ olması qəbul edilsə də, məhkəmə qətnaməsi ilə həmin məbləğin tutulması qanunla əmək haqqıdan hər ay tutulmalı olan ödənişlərin tutulmasına mane ola bilər ki, bu da yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan əmək haqqıdan qanunun yuxarıda göstərilən tələbləri baxımından müvafiq ödənişlərin tutulması tələb olunduğu üçün, cavabdehdən iddiaçının xeyrinə müvafiq pul məbləğinin tutularaq ödənilməsi deyil, ödənilməyən müddət üçün əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsi qoyulmalıdır. Cavabdehin üzərinə belə vəzifənin qoyulması Əmək Məcəlləsinin 175-ci maddəsi ilə əmək haqqından müəyyən edilmiş ödənişlərin tutulması imkanı verəcəkdir ki, bu da qanunun tələblərinə cavab verir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əmək haqqı və məzuniyyətə görə kompensasiyanın ödənilməsi hissəsində qismən təmin edilməli, cavabdehin üzərinə ödənilməyən əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya da nəzərə alınmaqla son haqqhesabın iddiaçıya verilməsi vəzifəsi qoyulmalıdır. Məhkəmə əldən çıxmış faydaya görə 4800 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. İddiaçı həmin tələbin əsası kimi əmək kitabçasında işdən azad olunma əsasının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi kimi göstərildiyindən, 8 ay işsiz olması, hər ay 600 manat olmaqla 8 ay müddətində 4800 manat vəsaiti əldə edə bilməməsini göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən işdən çıxdığı müddət ərzində işlə təmin olunması barədə müraciət etdiyi qurumlardan əmək kitabçasında edilmiş qeydə görə işə götürməkdən imtina edilməsinə dair sübutlar məhkəməyə təqdim olunmadığından, əldən çıxmış faydaya görə cavabdehdən 4800 manat məbləğində pulun tutulması hissəsində tələb əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün cavabdehdən ödənilmiş mediasiyaya dair xərcin əvəzi kimi iddiaçının xeyrinə 50 manat məbləğində pul tutulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İşə götürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə 07.04.2021-ci il tarixli, 08/k saylı əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə əmək müqaviləsinə xitam verilməsi əsasının əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişin X1 daxil edilməsi və əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Cavabdeh MMC-nin üzərinə ödənilməyən əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya da nəzərə alınmaqla son haqq-hesabın hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi qoyulsun. Cavabdeh MMC-dən ödənilmiş mediasiyaya dair xərcin əvəzi kimi İddiaçı xeyrinə 50 (əlli) manat məbləğində pul tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-251/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-251/2022
10.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver