Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-251/2023 31.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili C.B.Cəfərovun, Cavabdehlər Cavabdeh3, A.H.Abdullayevin və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MMMC ünvan 1 ünvanında yerləşən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi və ondan istifadəni təmin etmək məqsədilə həmin binanın sahə mülkiyyətçilərinin xx.xx.2019-cu ildə keçirilən ümumi yığıncağında yaradılmış və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 119-134-cü maddələrinə uyğun olaraq xx.xx.2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı təşkilat çoxmənzilli binada mənzil qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq fəaliyyət göstərir. İddiaçı təşkilatın ümumi yığıncağı tərəfindən qəbul edilən xx.xx.2019-cu il tarixli qərara əsasən çoxmənzilli binanın mənzil mülkiyyətçilərinin (cəmiyyət üzvlərinin) mütləq ödənişlərinin və haqlarının miqdarı müəyyən edilmiş və bu barədə eyni tarixli protokol tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli Protokolda da göstərildiyi kimi, 1 otaqlı mənzilə görə 25 manat, 2 otaqlı mənzilə görə 33 manat, 3 otaqlı mənzilə görə 40 manat, 4 otaqlı mənzilə görə isə 47 manat kommunal xidmət haqqı müəyyən olunmuşdur və hər bir mənzil mülkiyyətçisi həmin məbləği iddiaçı təşkilata ödəməlidir. Bundan əlavə, qeyd olunan çoxmənzilli binanın mənzil mülkiyyətçiləri ilə, o cümlədən cavabdehlərlə “Yaşayış binasının sakinlərinin bir yaşayış binasının sakinlərinin birgə yaşayış qaydaları haqqında” müqavilələr imzalanmış və kommunal xidmət haqlarının ödənilməsi vəzifəsi həmin müqavilədə göstərilmişdir. Sakinlərin əksəriyyəti kommunal xidmətlərə görə müəyyən olunan haqqı vaxtında ödəsə də, cavabdehlər artıq uzun müddətdir ki, həmin haqqı iddiaçıya ödəmirlər. Belə ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə iddiaçıya olan borcu 1353 manat, Cavabdeh3 xx.xx.2022-ci il tarixə olan borcu 1786 manat, Cavabdeh2 xx.xx.2022-ci il tarixə olan borcu 1739 manat təşkil edir. Həmin borc məbləğlərinin ödənilməsi barədə iddiaçı təşkilat tərəfindən cavabdehlərə dəfələrlə yazılı xəbərdarlıq edilsə də, onlar xəbərdarlıqda göstərilən tələbi yerinə yetirməmiş və kommunal xidmətlərə görə haqqı ödəməkdən imtina etmişlər. Göstərilənlərəi nəzərə alaraq iddiaçı Cavabdeh1 1353 manat, Cavabdeh3 1786 manat, Cavabdeh2 1739 manat pul və cavabdehlərdən müştərək qaydada 89 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, hazırlıq iclasından sonra cavabdehlərlə Cəmiyyətin sədrinin onun iştirakı ilə görüşü keçirilmiş, cavabdehlərin iradları dinlənilmiş, həmin iradların bəziləri əsaslı olmuşdur. Cavabdehlərin dedikləri müəyyən halların nəzərə alınacağı qeyd olunmuşdur. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, 2008-ci ildə orada yaşayır, onun iki otağı var. 12 ildir o, vaxtında ayda 20 manat olmaqla kommunal borclarını ödəmişdir. Sonra onun ödədiyi pulları geri qaytarmış və ondan 33 manat tələb etmişlər. O, da bilmək istəyir ki, bu artım nə ilə bağlıdır və bu pul hara xərclənir. Onlara hesabat versinlər. Gözətçi, komendant və xadiməyə ehtiyac yoxdur. Bu işləri sakinlər özləri həll edə bilər. Onun aylıq 20 manat ödəmək imkanı var, 33 manatla razı deyil. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh3 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, binanın ilk sakinlərindədir. Ustadır, fəhləliklə pul qazanır. Cəmiyyət yaranana qədər hər ay 4 otaqlı mənzili üçün 40 manat ödəniş etmişdir. Sonradan 47 manata qaldırdılar. Onun hazırda maddi imkanı yalnız 30 manat ödəniş etməyə çatır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, borcu ödəməkdən imtina etmir. Əvvəl ödənişləri 35 manat etmş, sonra qaldıraraq 42 manat etmişlər, onda da ödənişləri həyata keçirmiş, indi isə 47 manata qaldırmışlar. Lakin o, və yoldaşı işləmir, uşaqları tələbədir, öhdəsində xəstə anası var, 47 manat ödəməyə imkanı yoxdur, 30-35 manat imkanı çatar. Həmin vaxtdan bu günə qədər 200 manat pul ödəmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 030484 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, M.Müşviq küçəsində yerləşən 4B saylı evin, 1-ci giriş, 8-ci mərtəbə, ümumi sahəsi 81,8 kv.m. olan 4 otaqlı mənzili Cavabdeh3 yaşamaq üçün verilmişdir. İş üzrə “MTK” qismində "xxxx" MTK ilə “Sakin” qismində Cavabdeh3 arasında bağlanmış xx.xx.2009-cu il tarixli yaşayış binasının sakinlərinin birgə yaşayış qaydaları haqqında müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının 19 saylı mənzilin sakini müqavilədə göstərilən norma, standartlara və qaydalara əməl edir, “MTK” isə müqavilənin icra olunmasını və müqavilənin 5.1-ci bəndində sadalanan kommunal xidmətlərin göstərilməsini təmin edir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə “MTK” tərəfindən göstərilən xidmətlərə görə bina istismara verildikdən sakinlər yaşayana qədər hər ay 1 kv.m. üçün 15 qəpik olmaqla, ümumi olaraq 22,80 manat, sakinlər yaşamağa başladıqdan sonra isə 30 qəpik olmaqla, ümumi olaraq 45,60 manat məbləğində kommunal xidməti haqqı ödəyəcəkdir. Kommunal xidmət haqqı obyektiv zərurət olduğu halda MTK üzvlərinin seçdiyi idarə heyəti tərəfindən dəyişdirilə bilər. Qeyd olunan kommunal xidmətləri haqlarına binaya xidmət edən işçilərin əmək haqları, yük və sərnişin liftlərinin elektrik enerjisi və istismar xərci, nasosxanaların təmiri və elektrik enerjisi xərci, məişət tullantılarının daşınma xərci, kanalizasiya xətlərinin istismar xərci, binanın təmiri ilə bağlı kommunal xərclər, torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyaların və qurğuların saxlanmasına cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər daxildir. İş üzrə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 034401 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, M.Müşviq küçəsində yerləşən 4B saylı evin, 1-ci giriş, 14-cü mərtəbə, ümumi sahəsi 84,5 kv.m. olan 4 otaqlı mənzili Cavabdeh2 və anasına yaşamaq üçün verilmişdir. İş üzrə “MTK” qismində "xxxx" MTK ilə “Sakin” qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli yaşayış binasının sakinlərinin birgə yaşayış qaydaları haqqında müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının ümumi sahəsi 152,0 kv.m. olan 37 saylı mənzilin sakini müqavilədə göstərilən norma, standartlara və qaydalara əməl edir, “MTK” isə müqavilənin icra olunmasını və müqavilənin 5.1-ci bəndində sadalanan kommunal xidmətlərin göstərilməsini təmin edir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə “MTK” tərəfindən göstərilən xidmətlərə görə bina istismara verildikdən sakinlər mənzillərini təmir edənə qədər hər ay 1 kv.m. üçün 20 qəpik olmaqla, ümumi olaraq 30,40 manat, sakinlər mənzillərini təmir edəndən sonra isə 40 qəpik olmaqla ümumi olaraq 60,80 manat məbləğində kommunal xidməti haqqı ödəyəcəkdir. Kommunal xidmət haqqı obyektiv zərurət olduğu halda MTK üzvlərinin seçdiyi idarə heyəti tərəfindən dəyişdirilə bilər. Qeyd olunan kommunal xidmətləri haqlarına binaya xidmət edən işçilərin əmək haqları, yük və sərnişin liftlərinin elektrik enerjisi və istismar xərci, nasosxanaların təmiri və elektrik enerjisi xərci, məişət tullantılarının daşınma xərci, kanalizasiya xətlərinin istismar xərci, binanın təmiri ilə bağlı kommunal xərclər, torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyaların və qurğuların saxlanmasına cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər daxildir. İş üzrə “MTK” qismində "xxxx" MTK ilə “Sakin” qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli yaşayış binasının sakinlərinin birgə yaşayış qaydaları haqqında müqavilənin surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının ümumi sahəsi 77,6 kv.m. olan 11 saylı mənzilin sakini müqavilədə göstərilən norma, standartlara və qaydalara əməl edir, “MTK” isə müqavilənin icra olunmasını və müqavilənin 5.1-ci bəndində sadalanan kommunal xidmətlərin göstərilməsini təmin edir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə “MTK” tərəfindən göstərilən xidmətlərə görə bina istismara verildikdən sakinlər mənzillərini təmir edənə qədər hər ay 20 manat, sakinlər mənzillərini təmir edəndən sonra isə 28 manat məbləğində kommunal xidməti haqqı ödəyəcəkdir. Kommunal xidmət haqqı obyektiv zərurət olduğu halda MTK üzvlərinin seçdiyi idarə heyəti tərəfindən dəyişdirilə bilər. Qeyd olunan kommunal xidmətləri haqlarına binaya xidmət edən işçilərin əmək haqları, yük və sərnişin liftlərinin elektrik enerjisi və istismar xərci, nasosxanaların təmiri və elektrik enerjisi xərci, məişət tullantılarının daşınma xərci, kanalizasiya xətlərinin istismar xərci, binanın təmiri ilə bağlı kommunal xərclər, torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyaların və qurğuların saxlanmasına cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər daxildir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 05/1678-14 saylı X1 Reyestrindən Çıxarışının surətinə əsasən, İddiaçı MMMC xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. MMMC-nin fəaliyyət predmeti daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunveriilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək kimi müəyyən edilmiş, qeydiyyata alınmanın əsası kimi sahə mülkiyyətçilərinin xx.xx.2019-cu il tarixli qərarı və digər sənədlər təşkil etmişdir. İş üzrə İddiaçı MMMC-nin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən İddiaçı müstəqil təsərrüfat subyekti olmaqla ünvan 4 ünvanında yerləşən yaşayış binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. Cəmiyyət bu Nizamnamədə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir (bənd 1.2). Nizamnamənin 1.7-ci bəndinə əsasən Cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait cəmiyyətin iştirakçılarına dividend kimi verilmir və yalnız cəmiyyətin üzvlərinin ümumi yığıncağının qərarı ilə binanın istifadədə olan hissələrinin və cəmiyyətin yerləşdiyi yaşayış binasının istismarına və kommunal xidmətlər təchizatı qurğu və avadanlıqlarının təmir və bərpasına yönəldilir. Nizamnamənin 2.1-ci bəndinə əsasən Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. İş üzrə İddiaçı ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, 75 nəfər sahə mülkiyyətçilərinin iştirakı ilə İddiaçı MMMC-tinin təsis edilməsi, İddiaçı MMMC-nin nizamnaməsinin təsdiq edilməsi, İddiaçı MMMC-nin idarə heyətinin tərkibinin formalaşdırılması qərara alınmışdır. İş üzrə İddiaçı MMMC-nin İdarə Heyətinin iclasının xx.xx.2019-cu il tarixli, 1 nömrəli protokolu ilə: İV. Kommunal xidmət haqları aşağıdakı qaydada müəyyən edilsin: a) mənzilin layihədə göstərilən otaq sayına görə: 1 otaqlı – 25 manat, 2 otaqlı – 33 manat, 3 otaqlı – 40 manat, 4 otaqlı 47 manat; b) təmirsiz mənzillər üçün İV “a” bəndində göstərilən miqdarın 70%-i; c) qeyri-yaşayış sahələri üçün – hər kvadrat metri üçün – 15 qəpik. V. Kommunal xidmət haqqlarını vaxtında verməyən mülkiyyət sahiblərinə Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli, 1395 VQD saylı qanunu – İnzibati Xətalar Məcəlləsinin 393- 1.4-cü maddəsi tətbiq olunsun. İş üzrə İddiaçı MMMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 27 nömrəli bildirişindən görünür ki, Azərbaycan Respublikası qanunlarına uyğun olaraq MTK-lar ləğv edilməli və binanın idarə edilməsi üçün Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradılmalıdır. İddiaçı MMMC xx.xx.2019-cu ildə qeydiyyatdan keçmişdir. Həmin cəmiyyət "xxxx" MTK (VÖEN **********) tərəfindən tikilmiş binanın ərazisində ünvan 5 ünvanında yerləşir. xx.xx.2019-cu ildən "xxxx" MTK fəaliyyətini dayandırıb və həmin tarixdən İddiaçı MMMC yuxarıda göstərilən binanın istismarı ilə məşğul olur. İş üzrə İddiaçı MMMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 28 nömrəli bildirişindən görünür ki, xx.xx.2019-xx.xx.2022-ci il dövr üçün İddiaçı MMMC-yə ünvan 6 ünvanda yaşayan Cavabdeh1 - 1353 manat, Cavabdeh3 – 1786 manat, Cavabdeh2 – 1739 manat kommunal borcları vardır. İş üzrə İddiaçı MMMC tərəfindən ünvan 7 ünvanında yaşayan Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1395-VDQ saylı Qanununa və İnzibati Xətalar Məcəlləsinin 93-1.4 bəndinə əsasən kommunal xidmət xərclərini vaxtında və ya tam məbləğdə ödənilməməsinə görə aşağıdakı inzibati xəta müəyyən olunmuşdur: ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Cavabdeh3 xəbərdarlıq olunmasına baxmayaraq, onun tərəfindən heç bir ödəniş olunmayıb. İş üzrə İddiaçı MMMC tərəfindən ünvan 8 ünvanında yaşayan Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1395-VDQ saylı Qanununa və İnzibati Xətalar Məcəlləsinin 93-1.4 bəndinə əsasən kommunal xidmət xərclərini vaxtında və ya tam məbləğdə ödənilməməsinə görə aşağıdakı inzibati xəta müəyyən olunmuşdur: ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Cavabdeh2 xəbərdarlıq olunmasına baxmayaraq, onun tərəfindən cəmi iki ayın kommunal xərci (94 manat) ödənilib. İş üzrə İddiaçı MMMC tərəfindən ünvan 9 ünvanında yaşayan X4 ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1395-VDQ saylı Qanununa və İnzibati Xətalar Məcəlləsinin 93-1.4-cü bəndinə əsasən kommunal xidmət xərclərini vaxtında və ya tam məbləğdə ödənilməməsinə görə aşağıdakı inzibati xəta müəyyən olunmuşdur: ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Cavabdeh1 xəbərdarlıq olunmasına baxmayaraq, onun tərəfindən heç bir ödəniş olunmayıb. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMMC mənzil mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmışdır və cəmiyyətin yaradılmasında əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlak istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək, nazimnamədə nəzərdə tutulmuş məqsədlərini yerinə yetirilməsi üçün fəaliyyət növlərindən həyata keçirilməkdən ibarətdir. Çoxmənzilli binanın mənzil mülkiyyətçiləri ilə, o cümlədən cavabdehlərlə «Yaşayış binasının sakinlərinin birgə yaşayış qaydaları haqqında” müqavilələr imzalanmış, kommunal xidmət haqlarının ödənilməsi vəzifəsi həmin müqavilələrdə göstərilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı MMMC-nin İdarə Heyətinin xx.xx.2019-cu il tarixli protokoluna əsasən mənzilin layihədə göstərilən otaq sayına görə 1 otaqlı – 25 manat, 2 otaqlı – 33 manat, 3 otaqlı – 40 manat, 4 otaqlı 47 manat kommunal xidmət haqları müəyyən edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehlər uzun müddətdir ki, kommunal xidmətlərə görə müəyyən olunmuş haqqı ödəmirlər. xx.xx.2019-xx.xx.2022-ci il dövr üçün Cavabdeh1 1353 manat, Cavabdeh3 1786 manat, Cavabdeh2 1739 manat borc yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehlərə xəbərdarlıq olunsa da, həmin kommunal xidmət haqqı hal-hazırki vaxtadək ödənilməmişdir. Bu səbəbdən iddiaçı yaranmış borcun cavabdehlərdən tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəllənin 124-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. Həmin Məcəllənin 125.2-ci və 125.2.4-cü maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aid olan məsələdir. Həmin Məcəllənin 126.4-cü maddəsinə əsasən bu Məcəllənin 125.2.2-ci, 125.2.6-cı, 125.2.7-ci və 125.2.12-ci maddələri ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə ümumi yığıncağın qərarları cəmiyyətin iştirakçılarının ümumi sayının üçdə iki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üzrə qərarlar ümumi yığıncaqda iştirak edən cəmiyyətin iştirakçılarının və ya onların nümayəndələrinin ümumi sayının səs çoxluğu ilə qəbul edilir. Qeyd edilən Məcəllənin 127.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Göstərilən Məcəllənin 127.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir (maddə 135.2.3). Göstərilən Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər (maddə 137.7). Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (maddə 137.10) . Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən və MMMC-nin Nizamnaməsindən göründüyü kimi İddiaçı MMMC-nin İdarə Heyəti cəmiyyətin idarəetmə orqanıdır və həmin orqan cəmiyyətin üzvlərinin (mənzil mülkiyyətçilərinin) mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyətinə malik deyil. Həmin səlahiyyət mənzil mülkiyyətçilərinin müstəsna səlahiyyətidir və bu səbəbdən mütləq ödənişlərin və haqların miqdarı yalnız onların (mənzil mülkiyyətçilərinin) ümumi yığıncağının qərarı ilə qəbul edilə və dəyişdirilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMMC-nin ümumi yığıncağının xx.xx.2019cu il tarixli qərarı ilə çoxmənzilli binanın mənzil mülkiyyətçilərinin mütləq ödənişlərinin və haqlarının miqdarı müəyyən edilmişdir. İddiaçı MMMC-nin İdarə Heyətinin xx.xx.2019-cu il tarixli protokolu ilə mənzilin layihədə göstərilən otaq sayına görə 1 otaqlı – 25 manat, 2 otaqlı – 33 manat, 3 otaqlı – 40 manat, 4 otaqlı 47 manat kommunal xidmət haqları müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyətinə malik olduqları üçün, onların qəbul etdiyi qərar qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ünvan 10 ünvanında yerləşən çoxmənzilli binanın mülkiyyətçiləri ilə, o cümlədən cavabdehlərlə “Yaşayış binasının sakinlərinin birgə yaşayış qaydaları haqqında” müqavilələr imzalanmış və kommunal xidmət haqlarının ödənilməsi vəzifəsi həmin müqavilədə göstərilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0.4-cü maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə, mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İşin faktiki hallarından görünür ki, cavabdehlər İddiaçı MMMC ilə yazılı müqavilə bağlamasalar da, faktiki olaraq MMMC-nin göstərdiyi xidmətlərdən istifadə etmişlər. Məhkəmə qeyd edir ki, cavabdehlər mənzillərin mülkiyyətçiləri olduğundan, yaşayış binasının saxlanılması üçün zəruri olan xərcləri ödəmək vəzifəsi var. Mənzil qanunvericiliyinin tələbinə əsasən çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakını istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Göründüyü kimi, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 121.1-ci maddəsinə əsasən bu Məcəllənin 120.2ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. Qanunun göstərilən tələbindən göründüyü kimi binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə məhkəmə qeyd edir ki, çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yaşayış kompeksinin saxlanılması üçün kommunal xidmətlərin ödənilməsinə dair müqavilə bağlanılmasa da, yəni cavabdeh bu müqavilənin bağlanılmasından imtina etsə də, bu hal cavabdehi ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin ödənilməsindən azad etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının binanın saxlanılması üçün tələb olunan xərclərin cavabdehlərdən tutulmasını tələb etməyə subyektiv hüququ var. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul edilmiş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, cavabdehlər çoxmənzilli binanın sahə mülkiyyətçiləri olduğu üçün onlar saxlanması və təmiri üzrə xərclərin ödənilməsi ilə bağlı vəzifə daşıyırlar və bu vəzifənin yerinə yetirilməməsi mülki məsuliyyətə səbəb olur. Lakin məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək dövr üçün çoxmənzilli binanın saxlama xərclərini cavabdehlərdən tələb etməkdə haqlı hesab edilməməlidir. Belə ki, İddiaçı MMMC yalnız son 3 il xidmət haqqını cavabdehlərdən tələb edə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Buna görə də son 3 il üçün Cavabdeh1 1188 (33 manat (2 otaqlı mənzil üçün) x 36 ay) manat, Cavabdeh3 1692 (47 manat (4 otaqlı mənzil üçün) x 36 ay) manat, Cavabdeh2 1692 (47 manat (4 otaqlı mənzil üçün) x 36 ay) manat kommunal borcları tutulub iddiaçıya ödənilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərci ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (65,72 manat) cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1188 (bir min yüz səksən səkkiz) manat, Cavabdeh3 1692 (bir min altı yüz doxsan iki) manat, Cavabdeh2 1692 (bir min altı yüz doxsan iki) manat məbləğində pul tutulub İddiaçınə ödənilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı MMMC-nin xeyrinə dövlət rüsumunun əvəzi kimi 65,72 (altmış beş manat, yetmiş iki qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-251/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-251/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver