Məhkəmə qərarları › İş №2(009)-2539/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2539/2021

03.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2539/2021 03.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X7 və cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-nin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Baş Direktoru Əfqan Cəlilovun 04 may 2021-ci il tarixli, 834 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin Baş Direktoru Əfqan Cəlilovun 04 may 2021-ci il tarixli 834 nömrəli əmri ilə o, X12 Hacıhətəmli poçt şöbəsinin həm poçtalyon, həm də şöbə rəisi vəzifəsindən azad edilmişdir. İşdən azad edilməsinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, 18 iyul 2019-cu il tarixdən X12 Hacıhətəmli poçt şöbəsində yarım ştat poçtalyon, 03 fevral 2020-ci il tarixdən isə tam ştat şöbə rəisi vəzifəsini icra etməyə başlamış və iki işi paralel olaraq aparmış, lakin bir əmək haqqı almışdır. Bütün yoxlamalarda kassa və əməliyyatları düzgün olmuşdur. İşini düzgün aparmağı sayəsində poçt əməliyyatları sayında artım olmuş və Hacıhətəmli poçt şöbəsinə qazanc gətirmişdir. Karantin dövrü ərzində fasiləsiz iş rejimində işləmişdir. Karantin dövrü ərzində 130 vətəndaşa 190 manat sosial yardım, 165 vətəndaşa subsidiya kartı və 27 vətəndaşa X28 tərəfindən göndərilən yardım qutularını paylamışdır. İsmayıllı poçt filialı tərəfindən şənbə-bazar, bayram günləri tam gün işə çıxmağı ilə bağlı tapşırıq almış və şənbə-bazar, bayram işlədiyi günlərin əmək haqqını almamışdır. Uzun illərdir şər və böhtanla məşğul olan X6 tərəfindən iş başında dəfələrlə təhqir olunmuş və bu haqda X12 rəisi Qüdrət Kazımova yazılı şəkildə müraciət etmiş və əlində dəlillər olmasına baxmayaraq müraciətinə əhəmiyyət verilməmiş, əksinə olaraq 16 sentyabr 2020-ci il tarixdə ona töhmət verilmişdir. Ona verilən əsassız töhmətdən 05 noyabr 2020-ci il tarixdə məlumatı olmuş və bu haqda Cavabdeh MMC-yə teleqram vurmuşdur. Halbuki 16 sentyabr 2020-ci il tarixdə adına əməliyyatçı statusu üçün kod-parol gəlmişdir. Necə olur kod-paroldan məlumatı olur, töhmət haqda ona məlumat verilmir? Əmək Məcəlləsinə əsasən əvəzedici bir işdə ən az 3 ay müddətinə işləyə bilər. Necə olur ki, o, iki işdə bir il dörd ay çalışmış və əmək müqaviləsilə onu tanış etməmişlər? Cavabdeh MMC-nin Baş direktoru Əfqan Cəlilovun 04 may 2021-ci il tarixli 834 nömrəli əmri ilə o, X12 yanlış məlumatı əsasında işdən azad olunmuşdur. Belə ki, uzun illərdir şər və böhtanla məşğul olan X2 məktublarının çatdırılmaması barədə şikayət ərizələri əsassızdır. X4 gələn məktubları evinə apardığı zaman məktubları qərəzli olaraq almamış və onu insanlığa yaraşmayan formada təhqir etmişdir. Qeyd olunan şəxsin ona çatacaq məktubları bilə-bilə almaması haqqında o, İsmayıllı rayon İHB-nın Hacıhətəmli İƏD üzrə nümayəndəsinə və X17 məlumat verməyinə baxmayaraq məlumatlarına əhəmiyyət verilməmiş, bu haqda Cavabdeh MMC-nin baş direktoru Əfqan Cəlilova məlumat verilməmişdir. X6 onun, bacısının və atasının ünvanına dəfələrlə qərəzli olaraq şikayət məktubları yazmışdır. Onun məqsədi atası ilə aralarında olan əvvəlki illərdən qalan intiriqanı davam etdirmək, əsassız böhtan və şər şikayət ərizələri yazaraq onu işdən azad etdirməyə çalışmaq olmuşdur. Çox təssüf ki, işlədiyi təşkilat onu bu əsassız şikayətlərdən müdafiə etməli olduğu halda müdafiə etməmiş əksinə belə şəxslərin əsassız şikayəti ilə onu heç bir əsaslı səbəb olmadan işdən azad etmişdir. Onun məktubları X2 ünvanına apardığını və tərəfindən necə ən ağır səviyyədə təhqir olunduğunu desə də, X12 rəisi Qüdrət Kazımov və işçiləri ona inanmamış, o, da sübut etmək üçün video çəkib göndərmişdir. Əksinə olaraq həmin video ilə İsmayıllı poçt filialında gülüş obyektinə çevrilmişdir. Bütün bunlara baxmayaraq X12 rəisi Qüdrət Kazımov qəsdən onun hüquqlarını müdafiə etməmişdir. X12 işçisi X13 26 avqust 2020-ci il tarixdə göndərdiyi SS663194600 nömrəli Hacıhətəmli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin məktubunu filial daxilində itirmişdir. O, həmin SS663194600 nömrəli məktubun aqibətini soruşduqdan sonra onunla tərs düşməyə başlamış, X12 Həmkarlar İttifaqının sədri olmasından istifadə edərək əmək hüquqlarını müdafiə etmək əvəzinə onun hüquqlarını bilərəkdən müdafiə etməmiş və işdən çıxarılmağı üçün əlindən gələni etmişdir. Onu qanunsuz və əsassız olaraq işdən azad edən cavabdeh təşkilat həm də elə bir maddə ilə işdən azad etmişdir ki, bununla gələcək iş fəaliyyətinin qarşısı alınıb və əmək fəailiyyətinin ləkələnməsinə səbəb olmuşdur. O, iddia ərizəsini ilk olaraq İsmayıllı Rayon Məhkəməsinə verərkən ona ərizəni Şəki İnzibati Məhkəməsinə göndərməli olduğunu bildirmişlər. O, iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə göndərmiş, Şəki İnzibati Məhkəməsi İsmayıllı Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. İsmayıllı Rayon Məhkəməsinə iddia ərizəsini yenidən göndərmiş, Lakin İsmayıllı Rayon Məhkəməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X14 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi X22 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İsmayıllı rayonu, Hacıhətəmli kəndin sakini X6 tərəfindən X17 16.02.2021-ci il tarixli ərizə ilə müraciət edilərək qeyd edilmişdir ki, cavabdeh İddiaçı tərəfindən ona poçt vasitəsilə ünvanlanmış məktubların kənd ərazisində yerləşən dükanın sahibinə sonradan ünvançıya (İ.Kərimova) çatdırılması üçün verilmişdir. Sonradan İddiaçı tərəfindən həmin məktublar dükandan geri götürmüşdür. Nəticə etibarı ilə həmin məktublar İ.Kərimova çatdırılmamışdır. Bu məsələnin araşdırılmasını və cavabdeh İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən İ.Kərimovun ərizəsində göstərilənlər ərizəçinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma nəticəsində ərizədə göstərilən xüsusatlar öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh öz izahatında yuxarıda qeyd edilənləri etiraf edərək təsdiq etmişdir. Eyni zamanda cəmiyyətin əməkdaşları tərəfindən ərizədə qeyd edilənlərin həqiqət olmasına dair kifayət qədər təsdiqedici material toplanılmışdır. X18 rəisi Q.Kazımov tərəfindən bu barədə Cavabdeh MMC-yə rəsmi məlumat verilmişdir. Bu səbəbdən cəmiyyətin 834 saylı 04.05.2021-ci il tarixli əmri ilə cavabdehlə bağlanmış 18 iyul 2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam veilməmişdən əvvəl Cəmiyyət tərəfindən X12 Həmkarlar İttifaqı Komitəsinin 09.04.2021-ci il tarixli, 16.04.2021-ci il tarixli və 26.04.2021-ci il tarixli iclas protokolları ilə qərara alınmışdır ki, cavabdeh İddiaçı iclasda heç bir üzürlü səbəb olmadan iştirak etməsə də, onun işdən azad olunmasına etiraz edilmir. Cavabdehin qeyd edilən tarixlərdə (09, 16, 26) iclaslarda iştirak edilməsi üçün X12 Həmkarlar İttifaqı Komitəsi tərəfindən ona 01 saylı 07.04.2021-ci il tarixli, 02 saylı 13.04.2021-ci il tarixli və 03 saylı 23.04.2021-ci il tarixli məktublarla müraciətlər edilmişdir. Lakin cavabdeh qeyd edilən iclaslarda heç bir üzrlü səbəblər olmadan iştirak etməmişdir. Bu barədə X12 Həmkarlar İttifaqı Komitəsi sədrinin və əməkdaşlarının iştirakı ilə həmin tarixli aktlar tərtib edilmişdir. Bunlarla yanaşı qeyd etməyi zəruri hesab edir ki, bundan əvvəl İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə (analoji xüsusatlar) ona Cəmiyyətin 1522 saylı, 16.09.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən «Töhmət», 343 saylı 19.02.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən «Sonuncu xəbərdarlıqla şiddətli töhmət» verilmişdir. Göründüyü kimi, Cəmiyyətin əmrləri ilə İddiaçı verilən intizam tənbehlərindən nəticə çıxarılmamış, əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi qəsdən davam etdirilmişdir. Nəticədə qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin normal ahəngi pozulmuş və işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Cavabdeh MMC-nin 01 iyul 2019-cu il tarixdə təsdiq edilmiş «Poçt şöbəsinin poçtalyonu»nun vəzifə təlimatının «vəzifə öhdəlikləri və onların təsnifatı» hissəsinin 9-cu bəndinə əsasən poçtalyon çatdırma zamanı qeydiyyatlı poçt göndərişlərini F.8 cədvəlində (dəftərində), xəbərnaməli göndərişləri isə onların xəbərnamələrində və F.8 cədvəlində (dəftərində), kiçik paketləri onların bildirişində, teleqramları isə onların iltizamnamələrində alıcının adını, soyadını qeyd etməklə ünvan sahibinə imzalatmaqla verməlidir. Həmin təlimatın 10-cu bəndinə əsasən 1-ci çatdırma zamanı verilməsi mümkün olmayan məktub korrespondensiyası və teleqramlar üçün səbəbi göstərilməklə F.20 arayışı tərtib etməlidir. Onların və verilmiş poçt göndərişlərin və ŞATD bildirişlərinin xəbərnamələrini, poçt qutularından çıxarılmış məktubları və çatdırılmış teleqramların iltizamnamələrini PŞ-nin bu sahəyə məsul olan işçisinə təhvil verməlidir. Qeyd etməyi zəruri hesab edir ki, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə Cəmiyyətin 834 saylı 04.05.2021-ci il tarixli əmri ilə xitam verilməsi barədə 05.05.2021-ci il tarixdə məlumatlı olmuş və bu barədə İddiaçı tərəfindən 06.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinə müraciət edilmişdir. Həmin müraciətdə İddiaçı tərəfindən etiraf edilir ki, «mənə məlumat 05.05.2021-ci il tarixdə verilmişdir». Göründüyü kimi Cəmiyyət tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Əksinə iddiaçı olaraq İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti (1 ay) üzürsüz səbəbdən buraxılmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X22 həmçinin iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, hazırki iş üzrə iddiaçı qeyd edilən tələblə iddia ərizəsini verərkən iddia müddəti barədə qanunvericiliyin tələblərinə riayət etməmiş və hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin əmək kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İş materiallarından müəyyən olunur ki, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə Cəmiyyətin 834 saylı 04.05.2021-ci il tarixli əmri ilə xitam verilməsi barədə 05.05.2021-ci il tarixdə məlumatlı olmuşdur və bu barədə İddiaçı tərəfindən 06.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinə müraciət edilmişdir. Həmin müraciətdə İddiaçı tərəfindən etiraf edilir ki, «mənə məlumat 05.05.2021-ci il tarixdə verilmişdir». Beləliklə iddiaçı iddia ərizəsi ilə məhkəməyə 3 aydan çox vaxt keçəndən sonra müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, mülki iş üzrə iddia müddətini tətbiq edərək İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 18.07.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin X12 Hacıhətəmli Poçt şöbəsində poçtalyon vəzifəsinə işə qəbul edilmişdir. - Cavabdeh MMC-nin Baş direktorunun müavini Sübhan Kazımov tərəfindən Emin Əfəndiyevə ünvanlanmış 04.09.2020-ci il tarixli təqdimatdan görünür ki, ərizəçinin müraciəti onun, PF və PŞ rəisinin və PF-nin mühəndisi G.Osmanovanın iştirakı ilə yerində araşdırılmış və qismən təsdiqini tapmışdır. Belə ki, ərizəçinin ünvanına daxil olan qeydiyyatlı göndərişlərin ona kənar şəxslər vasitəsilə (kənddə yerləşən mağaza sahibinə təhvil verilir) vaxtında verilməməsi, F-8 çatdırma vərəqində (kitabında) məktubun verilmə və ya geri qaytarılma tarixinin qeyd olunmaması və müraciət sahibinə lazımi izahatın verilməməsi səbəbindən haqlı şikayətin yaradılmasına şərait yaradıldığı qeyd olunmuşdur. Həmçinin bildirilir ki, mağaza sahibi ilə aparılan danışıq zamanı, o məktubların onun dükanına təhvil verildiyini, alıcı müraciət etmədikdə isə bir müddət sonra PŞ rəisi tərəfindən geri götürüldüyünü təsdiq etmişdir. Lakin buna baxmayaraq PF və PŞ rəisinin, həmçinin PF-nin mühəndisinin yazılı izahatlarında səmimi olmadıqları, vətəndaşı borclu çıxardıqları qeyd olunmuşdur. Şamaxı RPF isə rəyində vətəndaşın haqlı olduğunu, PŞ tərəfindən mövcud qaydaların tələblərinin kobud şəkildə pozulduğunu təsdiq etmişdir. Digər məsələlər isə subyektiv xarakter daşıdığından araşdırılmasının mümkün olmadığı bildirilmişdir. Odur ki, İsmayıllı PF və Hacıhətəmli kənd PŞ-nin rəisi, eyni zamanda PF-nin mühəndisi barədə intizam tənbehi tədbirinin görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. - Cavabdeh MMC-nin Baş direktoru Emin Əfəndiyev tərəfindən imzalanmış 16.09.2020-ci il tarixli, 1522 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-nin X12 poçt əməliyyatları üzrə mühəndisi X8 “xəbərdarlıq” edilmiş, həmin filialın Hacıhətəmli Poçt şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İddiaçı “töhmət” verilmiş, xidməti fəaliyyətlərində təkrar nöqsana yol verəcəkləri halda barələrində ciddi intizam tənbehi görüləcəyi onların nəzərinə çatdırılmışdır. - Cavabdeh MMC-nin X12 rəisi Qüdrət Kazımov tərəfindən Cavabdeh MMC-nin Baş direktorunun müavini Sübhan Kazımova ünvanlanmış 16.02.2021-ci il tarixli təqdimatdan görünür ki, Hacıhətəmli poçt şöbəsinin çaldırma vərəqələrinə baxış keçirilmiş və İdris Kərimovun son aylarda adına ünvanlanan SS6723W345AZ nömrəli poçt göndərişi qonşusu Əzizə Ağayeva və SS686679822AZ nömrəli poçt göndərişi qaynı Tehran Vahidov tərəfindən alındığı məlum olmuş, lakin Colvir sistemində həmin göndərişlərin qarşısında İdris Kərimovun alması kimi işlənmişdir. İdris Kərimovla söhbət zamanı o, da həmin poçt göndərişlərinin qonşusu və qaynı tərəfindən alındığını demişdir. İdris Kərimov izahatında yazdığı kimi şifahi olaraq da demişdir ki, filialın rəisi və POM-dən heç bir şikayəti yoxdur. Onun adına olan poçt göndərişlərinin yalnız özünə verilməsini və həmin işçinin başqa poçt şöbəsinin işçisi ilə əvəz olunmasını bildirmişdir. - İddiaçı tərəfindən X12 rəisi Qüdrət Kazımova yazılmış 17.02.2021-ci il tarixli izahatdan görünür ki, X4 yanvar-fevral aylarında 2 ədəd məktub daxil olmuş, bir məktub qaynı X9 16 yanvar 2021-ci il tarixdə, digər məktub isə qonşusu və qohumu Əzizə Ağayevaya 25 yanvar 2021-ci il tarixdə çatdırılmışdır. X4 məktubları şəxsən çatdıran zaman təhqirlərə məruz qalmış, bu barədə videoçəkilişləri də vardır. - Cavabdeh MMC-nin Baş direktorunun müavini Sübhan Kazımov tərəfindən Emin Əfəndiyevə ünvanlanmış 17.02.2021-ci il tarixli təqdimatdan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, ərizəçinin əvvəlki, eyni məzmunlu müraciətləri də araşdırılarkən faktlar təsdiqini tapdığından Cavabdeh MMC-nin 16.09.2020-ci il tarixli 1522 saylı əmri ilə PF-nin mühəndisi Günay Osmanova və Hacıhətəmli kənd PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Nazikə Qubadovaya intizam tənbehi tədbiri görülüb, PF rəisinə müvafiq tapşırıq verilsə də, eyni xarakterli nöqsanlar davam etdiyindən ərizəçinin haqlı narazılğı yaranmış və lüzumsuz yazışmalara səbəb olmuşdur. Belə ki, İ.Kərimovun sonuncu müraciətinin araşdırılması zamanı mövcud qaydaların tələblərinə zidd olaraq sənədləşmə düzgün aparılmamaqla ona ünvanlanmış SS672309345AZ ştrix kodlu məktubun qonşusuna və SS686679822AZ ştrix kodlu məktubun isə qohumuna verdiyi müəyyən olunmuşdur. Göstərilənlər, İ.Kərimovun yazılı məlumatı (N.Qubadovanın işdən çıxarılması və ya yerinin dəyişdirilməsi) və PF rəisinin təqdimatı nəzərə alınaraq, PF-nin rəisi Q.Kazımovun, mühəndisi Günay Osmanovanın və Hacıhətəmli kənd PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən İddiaçı daha da ciddi cəzalandırılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. - Cavabdeh MMC-nin Baş direktoru Emin Əfəndiyev tərəfindən imzalanmış 19.02.2021-ci il tarixli, 343 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-nin X12 (PF) Hacıhətəmli Poçt şöbəsinin (PŞ) poçtalyonu, şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. - Cavabdeh MMC-nin X12 poçt əməliyyatları üzrə mühəndisi Günay Osmanova tərəfindən X12 rəisi Qüdrət Kazımova ünvanlanmış 24.02.2021-ci il tarixli təqdimatdan görünür ki, Hacıhətəmli PŞ-nin poçalyonu İddiaçı məktubun alınması üçün İdris Kərimovun qonşusuna və qohumuna müraciət etmiş, lakin həmin şəxslər məktubu almaqdan imtina ediblər. İddiaçı məktuba F-20 arayışı vuraraq imtina səbəbi ilə geri qaytarmış, İdris Kərimov bundan əvvəl də dəfələrlə poçt göndərişlərinin ona çatmaması barədə aidiyyəti yerlərə müraciət etmiş, 24.02.2021-ci il tarixdə İddiaçı zəng vuraraq vətəndaş orda yaşadığı halda nə səbəbdən vətəndaşın məktubunu geri qaytardığını soruşmuşdur. O, isə “mən onun məktublarını çatdırmayacağam, məndən nə istəyirsiz dedi”, ondan izahat verməsini istədikdə “mən izahatımı vermişəm heç bir izahat verməyəcəm” deyərək ona qarşı təhqiredici ifadələr işlətmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı barəsində tədbir görülməsi xahiş olunmuşdur. - Cavabdeh MMC-nin X12 poçt əməliyyatları üzrə mühəndisi Günay Osmanova, əməliyyatçılar Mahizər Ağayeva və Alı Şirəliyev tərəfindən tərtib olunmuş 24.02.2021-ci il tarixli aktdan görünür ki, X12 PƏ üzrə mühəndisi Gunay Osmanova MXŞ-dən Hacıhətəmli Poçt şöbəsinin poçtalyonu İddiaçı ilə telefonla məktub barəsində danışarkən İddiaçı çox təhqiredici sözlər işlədərək telefonu söndürmüşdür. - Cavabdeh MMC-nin X12 poçt əməliyyatları üzrə mühəndisi Günay Osmanova, əməliyyatçı Mahizər Ağayeva və mühasib Hökümə Bəşirova tərəfindən tərtib olunmuş 09.04.2021-ci il tarixli, 16.04.2021-ci il tarixli və 26.04.2021-ci il tarixli aktlardan görünür ki, X12 09.04.2021-ci il tarixli HİK-nin iclasına Hacıhətəmli PŞ-nin poçtalyonu İddiaçı dəvət olunsa da iştirak etməmişdir. - Cavabdeh MMC-nin Baş direktoru Əfqan Cəlilov tərəfindən imzalanmış 04.05.2021ci il tarixli, 834 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-nin X12 (PF) Hacıhətəmli Poçt şöbəsinin (PŞ) poçtalyonu (şöbə rəisi vəzifəsini müvəqqəti icra edən) İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 04.05.2021-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - İsmayıllı RİHB-nın Hacıhətəmli Kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 25.05.2021-ci il tarixli arayışdan görünür ki, Hacıhətəmli kənd Poçt Şöbəsinin sabiq müdiri İddiaçı təxminən bir ay öncə Hacıhətəmli kənd sakini X5 çatacaq məktubun olması ilə əlaqədar ona və ailə üzvlərindən birinə məlumatın çatdırılması ilə bağlı xahiş etmiş, bu məsələ ilə əlaqədar olaraq adı çəkilən şəxsin oğlu X21 ilə əlaqə saxlanılmış, məsələ ilə tanış olduqdan sonra isə atasının adına gələn məktubu götürməyəcəyini bildirmişdir. - Hacıhətəmli Kənd sakinləri (96 nəfər) tərəfindən imzalanmış 25.05.2021-ci il tarixli aktdan görünür ki, X12 Hacıhətəmli poçt şöbəsində çalışmış İddiaçı işindən çox razıdırlar. Uzun illərdir şər və böhtanla məşğul olan X6 tərəfindən İddiaçı iş başında təhqir olunmuş və böhtan dolu, qərəzli şikayət məktubları əsasında işdən çıxarılmışdır. İddiaçı işinə qaytarılmasını istəyirlər. Odur ki, aktın doğruluğunu imzaları ilə təstiq etmişlər. - X10 İddiaçı ünvanlanmış 2-1(116)-981/2021 saylı, 01.06.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, onun Cavabdeh MMC-yə qarşı “Azərpoçt MMC-nin baş direktoru Əfqan Cəlilovun 04 may 2021-ci il tarixli 834 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq verilməsi haqqında qərar qəbul edilməsi" tələbi barədə iddia ərizəsi Şəki İnzibati Məhkəməsinin icraatındadır və o, qeyd etdiyi tələblə bağlı aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməlidir. - Şəki inzibati Məhkəməsinin 18.06.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin baş direktoru Əfqan Cəlilovun 04 may 2021-ci il tarixli 834 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. - İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərardadı ilə İddiaçı – Cavabdeh MMC-yə qarşı “işdən azad edilməsi barədə əmr ləğv edilməklə işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı – Cavabdeh MMC-yə qarşı “işdən azad edilməsi barədə əmr ləğv edilməklə işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi mediasiya sessiyasında iştirak edilib-edilməməsi ilə bağlı arayış və ya protokol əlavə etmədiyindən geri qaytarılmışıdır. - İsmayıllı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək iddiaçılar X23, X14 və İddiaçı şərəf, ləyaqət və işgüzar nüfuzunu alçaldan və ləkələyən cavabdeh X3 “Azərbaycan Respublikası Prezidentin Administrasiyasına”, “Ədliyyə Nazirliyinə”, “Göyçay Regional Ədliyyə idarəsinə”, “Ombudsmana”, “Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinə” və “ismayıllı rayon icra Hakimiyyətinə” ünvanlanmış müraciətin məzmunundakı məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi və bu cür məlumatlar eyni orqanlara müraciət ünvanlanmaqla təkzib verilməsi, tərəflər arasında baxılan mülki iş üzrə qəbul olunmuş yekun məhkəmə aktının qanuni qüvvəsini aldıqdan sonra 1 ay ərzində təkzib etmək vəzifəsinin cavabdeh X5 həvalə edilməsi, cavabdeh X1 mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat məbləğində pul X23, X14 və İddiaçı xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1858/2021 saylı, 05.10.2021-ci il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 18.07.2019-cu il tarixli əmək müqaviləsi bağlanmış və o, X12 Hacıhətəmli Poçt şöbəsində poçtalyon vəzifəsinə qəbul edilmiş, 03 fevral 2020-ci il tarixdən isə həmçinin şöbə rəisi vəzifəsini icra etməyə başlamışdır. İşin materiallarından görünür ki, İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ona Cəmiyyətin 1522 saylı, 16.09.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən «Töhmət», 343 saylı 19.02.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən «Sonuncu xəbərdarlıqla şiddətli töhmət» verilmişdir. Həmçinin işin materiallarından görünür ki, Cavabdeh MMC-nin 04.05.2021-ci il tarixli, 834 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi rəhbər tutularaq Cavabdeh MMC-nin X12 (PF) Hacıhətəmli Poçt şöbəsinin (PŞ) poçtalyonu (şöbə rəisi vəzifəsini müvəqqəti icra edən) İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 04.05.2021-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi Cavabdeh MMC-nin 15.03.2021-ci il tarixli 103- 103/1432 №li məktubu, Həmkarlar Komitəsinin Protokolu, akt və digər müvafiq sənədlər göstərilmişdir. Hazırda iddiaçı həmin əmrin qanuniliyini mübahisələndirərək cavabdeh tərəfindən uzun illərdir şər və böhtanla məşğul olan X2 məktublarının çatdırılmaması barədə şikayət ərizələrinin əsassız olmasını, X4 gələn məktubları evinə apardığı zaman məktubları qərəzli olaraq almamasını və onu insanlığa yaraşmayan formada təhqir etməsini, qeyd olunan şəxsin ona çatacaq məktubları bilə-bilə almaması haqqında o, İsmayıllı rayon İHBnın Hacıhətəmli İƏD üzrə nümayəndəsinə və X17 məlumat verməsinə baxmayaraq məlumatlarına əhəmiyyət verilməməsini, bu haqda Cavabdeh MMC-nin baş direktoru Əfqan Cəlilova məlumat verilməməsini, belə şəxslərin əsassız şikayəti ilə onu heç bir əsaslı səbəb olmadan işdən azad etməsini göstərmişdir. Cavabdeh isə iddiaya etirazın əsası kimi bundan əvvəl İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ona Cəmiyyətin 1522 saylı, 16.09.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən «Töhmət», 343 saylı 19.02.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən «Sonuncu xəbərdarlıqla şiddətli töhmət» verilməsinə baxmayaraq ona verilən intizam tənbehlərindən nəticə çıxarılmamasına, əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinin qəsdən davam etdirilməsinə, nəticədə qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin normal ahənginin pozulmasına və işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsinə istinad etmişdir. Məhkəmə tərəflərin tələb və etirazında istinad etdiyi hallar üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. - 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuya qanunvericiliklə verilən hüquqdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. İntizam tənbehinin verilməsi qaydaları isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsi ilə tənzimlənir. Həmin normanın İ hissəsi intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Həmin normanın İİ hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 187-ci maddəsinin İİİ hissəsinə görə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən bir il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. İş materiallarında olan tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.1-ci bəndinə əsasən əmək müqaviləsi Əmək Məcəlləsinin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, eləcə də Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin normanın 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. - 70-ci maddəsinin «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin normanın 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllinin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Həmin normanın «ə» bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşin materiallarından görünür ki, iddiaçıya 343 saylı 19.02.2021-ci il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən «Sonuncu xəbərdarlıqla şiddətli töhmət» verilməsinə əsas Cavabdeh MMC-nin X12 rəisi Qüdrət Kazımov tərəfindən Cavabdeh MMC-nin Baş direktorunun müavini Sübhan Kazımova ünvanlanmış 16.02.2021-ci il tarixli təqdimat olmuşdur. İddiaçı barəsində 343 saylı 19.02.2021-ci il tarixli əmrin verilməsindən 5 gün sonra «Azərpoçt” MMC-nin X12 poçt əməliyyatları üzrə mühəndisi Günay Osmanova tərəfindən X12 rəisi Qüdrət Kazımova 24.02.2021-ci il tarixli təqdimat ünvanlanmışdır. Həmçinin, eyni tarixdə qeyd edilən təqdimat müəllifi ilə X12 əməliyyatçıları Mahizər Ağayeva və Alı Şirəliyev tərəfindən Hacıhətəmli Poçt şöbəsinin poçtalyonu İddiaçı ilə telefonla məktub barəsində danışarkən sonuncunun çox təhqiredici sözlər işlədərək telefonu söndürməsi barədə akt da tərtib edilmişdir. Göründüyü kimi, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi ilə bağlı eyni ayda iki müxtəlif hal və məzmun üzrə təqdimatlar verilmiş, 16.02.2021-ci il tarixli təqdimat üzrə 19.02.2021-ci il tarixli əmrlə bir hal üzrə intizam tənbehi tədbiri görülmüş və iddiaçı tərəfindən qeyd edilən inzibati tənbeh tədbiri mübahisələndirilməmiş, 5 gün sonra isə yeni təqdimat verilmişdir ki, buna və əmrdə göstərilən digər sənədlərə əsasən də X12 HİK-nin 09.04.2021, 16.04.2021 və 26.04.2021-ci il tarixli iclasları keçirilmiş, iddiaçının dəvət olunmasına baxmayaraq iştirak etməməsinə dair göstərilən tarixlərdə X12 poçt əməliyyatları üzrə mühəndisi Günay Osmanova, əməliyyatçı Mahizər Ağayeva və mühasib Hökumə Bəşirova tərəfindən aktlar tərtib olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçının barəsində verilən əmrdə işəgötürənin Həmkarlar İttifaqı Komitəsinin protokoluna istinad etməsi göstərilsə də, işin materiallarından görünür ki, X12 HİK-nin 09.04.2021, 16.04.2021 və 26.04.2021-ci il tarixli iclasları üzrə qəbul edilmiş, hər iclasın da nömrəsi 01 №-si göstərilən 3 protokolu vardır. Həmin protokollardan görünür ki, keçirilən iclaslarda qərara almışlar ki, Hacıhətəmli PŞ-nin poçtalyonu İddiaçı işdən azad olunmağa layiqdir. Göründüyü kimi, X12 HİK-nin 09.04.2021, 16.04.2021 və 26.04.2021-ci il tarixli iclaslarının eyni saylı iclasları hər dəfə iddiaçının iştirakı olmadan (dəvət edilməsinə baxmayaraq iştirak etməməsinə dair aktlar tərtib edilməklə) keçirilərkən onun işdən azad olunmağa layiq olması qərara alınmışdır. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçının əmək müqaviləsinə «Azərpoçt” MMCnin X12 poçt əməliyyatları üzrə mühəndisi Günay Osmanova tərəfindən X12 rəisi Qüdrət Kazımova 24.02.2021-ci il tarixli ünvanlanmış təqdimatın məzmununda göstərilən hallar üzrə 04.05.2021-ci il tarixdə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hərəkətlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndində nəzərdə tutulan hal (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) olduğu halda belə cavabdeh-işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməklə işdən azad olunması kimi intizam tənbehinin işçi tərəfindən əmək intizamının pozulduğu aşkar edildiyi gündən, yəni 24.02.2021-ci il tarixdən 1 ay keçənədək deyil, hadisədən 1 aydan çox vaxt keçdikdən, yəni 04.05.2021-ci il tarixdə verilməsi Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri baxımından qanun pozuntusudur. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya intizam tənbehinin verilməsi zamanı əmək qanunvericiliyi ilə təsbit edilmiş prosedur qaydalarına və müddətlərə riayət edilibedilməməsinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, cavabdeh Əmək Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini qanun pozuntusunun aşkar edildiyi gündən bir ay keçənədək tətbiq etmək hüququna malik olduğu halda, qanunun bu tələbini nəzərə almayaraq iddiaçıya əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi aşkar edildiyi gündən 1 aydan çox vaxt keçdikdən sonra intizam tənbehi verməklə həmin Məcəllənin 187-ci maddəsində nəzərdə tutulmuş qayda və müddətlərə riayət etməməklə qanunvericiliyin tələbləri ilə yanaşı iddiaçının hüquqlarını da pozumuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hisslərinə əsəsən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26- cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən,fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. “Mediasiya haqqında” Qanunun 35-ci maddəsinin 1-ci bəndinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Lakin hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müdafiəsi hüqundan istifadə edilməsi məqsədilə ilk olaraq Şəki İnzibati Məhkəməsinə müraciət etmiş (X10 İddiaçı ünvanlanmış 2-1(116)-981/2021 saylı, 01.06.2021-ci il tarixli məktubu) məhkəmənin 18.06.2021-ci il tarixli qərardadı ilə iddiası mümkünsüz sayılmış, daha sonra İsmayıllı Rayon Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmənin 01 iyul 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılaraq aidiyyatı üzrə müraciət edilməsi izah edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciətindən sonra isə iddia ərizəsi mediasiya sessiyasında iştirak edilibedilməməsi ilə bağlı arayış və ya protokol əlavə etmədiyindən məhkəmənin 30.07.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, qeyd edilən nöqsanlar aradan qalxdıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşin materiallarından görünür ki, mediator X15 tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15.09.2021-ci il tarixli arayış verildikdən sonra iddiaçının iddia ərizəsi 23.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, əvvəla iddia tələbləri əsaslı olması məhkəmə baxışı zamanı araşdırılmış sübutlar əsasında öz təsdiqini tapmışdır. İkincisi də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə 3 aydan çox vaxt keçəndən sonra müraciət etməsinə səbəb onun hüquqlarının müdafiəsi üçün əvvəlcə aidiyyatı üzrə məhkəmələrə düzgün müraciət etməməsi və 01.07.2021-ci il tarixdən «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakın tələb olunması olmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin buraxılması halına yol verilmədiyindən hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməli, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı barəsində olan 04.05.2021ci il tarixli, 834 nömrəli əmri əmək qanunvericiliyinin tələbləri baxımından qanuni olmadığı üçün ləğv edilməli, iddiaçı Cavabdeh MMC-nin X12 (PF) Hacıhətəmli Poçt şöbəsinin (PŞ) poçtalyonu (şöbə rəisi vəzifəsini müvəqqəti icra edən) vəzifəsinə bərpa olunmalı, 04.05.2021-ci il tarixdən işə bərpa edilən günədək ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.1-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, 30 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı İddiaçı barəsində olan cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-nin 04.05.2021-ci il tarixli, 834 nömrəli əmri ləğv edilməklə o, Cavabdeh MMC-nin X12 (PF) Hacıhətəmli Poçt şöbəsinin (PŞ) poçtalyonu (şöbə rəisi vəzifəsini müvəqqəti icra edən) vəzifəsinə bərpa olunmalı, iddiaçıya 04.05.2021-ci il tarixdən başlayaraq işə bərpa edilən günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməli, 30 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı barəsində olan cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-nin 04.05.2021-ci il tarixli, 834 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-nin X12 (PF) Hacıhətəmli Poçt şöbəsinin (PŞ) poçtalyonu (şöbə rəisi vəzifəsini müvəqqəti icra edən) vəzifəsinə bərpa olunsun. İddiaçı 04.05.2021-ci il tarixdən başlayaraq işə bərpa edilən günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. 30 manat dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar