Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2553/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, iddiaçı Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin – Cavabdeh qarşı «mənzil-kommunal xidmətlərinə görə yaranmış borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə 27 dekabr 2024-cü il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi - Cavabdeh qarşı «mənzil-kommunal xidmətlərinə görə yaranmış borcun tutulması» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənzil haqqı üzrə 220,44 manat, məişət tullantılarına görə 237,60 manat borcun tutulması, çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh mülkiyyət hüquqlarının qeydiyyat vəsiqəsinə əsasən Səbail rayonu, S.Rüstəmov küçəsi 8, 9/10/11/13 saylı mənzilin mülkiyyətçisidir və 9 saylı MKİS-in sakinləridir. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixə mənzil haqqı üzrə 220,44,68 manat, məişət tullantılarına görə 237,60 manat borcu yaranmışdır. Lakin cavabdeh istifadə etdiyi yaşayış sahəsinə görə qanunla müəyyən edilmiş haqların ödənilməsindən əsassız olaraq imtina edir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 9 saylı MKİS tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, onlara mənzil-xidmət haqqına görə yaranmış borcunun olması və həmin borcun ödənilməsi tələb olunmuşdur. 9 saylı MKİS-in işçiləri tərəfindən tərtib edilmiş və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən S.Rüstəmov küçəsi 8 saylı evin 9/10/11/13 saylı mənzilin sahibi Cavabdeh bildiriş və xəbərdarlıqları qəbul etməyərək qapını açmırlar və zənglərə cavab vermirlər. 9 saylı MKİS-in işçiləri tərəfindən tərtib edilmiş və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən S.Rüstəmov küçəsi 8 saylı evin 9/10/11/13 saylı mənzilin sahibi Cavabdeh mənzil haqqı üzrə 220,44 manat, məişət tullantılarına görə 237,60 manat borcu vardır. ÖM seriyalı 003141 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri S.Rüstəmov küçəsi 8 saylı evin 9/10/11/13 saylı mənzili xx.xx.1999-cu il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Bakı şəhəri S.Rüstəmov küçəsi 8 saylı evin 9/10/11/13 saylı mənzilinin mülkiyyətçisidir və həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh mənzil xidmət haqqını və məişət tullantıları haqqını ödəməmiş və bu xidmətlərə görə borc yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə xəbdarlıq olunsa da, həmin haqq hal-hazırki vaxtadək ödənilməmişdir. Bu səbəbdən iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. AR Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranır(maddə 135.2.4). 136.2-ci madəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.10-ci maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mülkiyyətində olan mənzilə görə haqq ödənilmədiyindən, iddiaçı həmin borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaşayış sahəsinə görə haqqın ödənilməsi ilə bağlı müqavilə yoxdur. Lakin iddiaçı tərəfindən hal-hazıradək cavabdehə xidmət göstərilmişdir. Digər tərəfdən iddiaçı tərəfindən yaşayış sahəsinin saxlanması üçün müqavilənin bağlanılması iddiaçıya təklif olunsa da, iddiaçı müqavilə bağlamaqdan imtina etmişdir. Mənzil Məcəlləsinin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Göstərilən Məcəllənin 140.3-cü madəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. AR Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarına əsasən özəlləşdirilmiş mənzillərin yerləşdiyi evlərin saxlanması üçün xidmət haqqı hər bir kv.m yaşayış sahəsi üçün ayda 2 qəpik, AR Tarif Şurasının 5 saylı, xx.xx.2011-ci il tarixli Qərarına əsasən bərk məişət tullantılarının daşınmasına görə adambaşına ayda 30 qəpik miqdarında, AR Tarif Şurasının 8 saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən 01 iyul 2024-cü il tarixdən bərk məişət tullantılarının daşınmasına görə adambaşına ayda 1 manat miqdarında tariflər müəyyənlşdirilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mənzil xidmət haqqı və məişət tullantılarının daşınması ilə bağlı yaranmış borc ödənilmədiyindən, iddia borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilə bilməz. AR Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Yəni müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir və insanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Məhkəmə qeyd edir ki, müqavilənin bağlanması tərəflərin iradə ifadəsinə bağlı olduğundan, müqavilənin bağlanması üçün iki tərəfin qarşılıqlı razılığı tələb olunur. Məhkəmə hesab edir ki, Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin çoxmənzilli binanın idarə edilməsi ilə bağlı xidmət müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması müqavilə azadlığı prinsipini pozur və digər tərəfin iradəsinə zidd ola bilər ki, bu da yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin «Dövlət rüsumu haqqında» Qanununun 9.1.14 və 9.1.15-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan və dövlət rüsumu ödəməkdən azad olunduğundan, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 15 manat pul tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ödənilməmiş mənzil xidmət haqqına və məişət tullantılarına görə 458,04 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub Bakı şəhər Səbail rayon MKTB-yə ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 15 manat məbləğində pul cavabdehdən tutulub dövlət nəfinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2553/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2553/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver