Məhkəmə qərarları › İş №2(009)-2556/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2556/2021

01.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2556/2021 01.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (3-cü şəxs qismində "xxxx" ASC-nin işə cəlb olunmaqla) Cavabdeh qarşı «mənzilin boşaldılması və ona təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (3-cü şəxs qismində "xxxx" ASC-nin işə cəlb olunmaqla) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16A, giriş-1, 54 nömrəli mənzilin boşaldaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16 A, giriş-1, 54 nömrəli mənzilə dair 06.05.2021-ci il tarixdə 23 saylı Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlayaraq mübahisəli mənzili almışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16A, giriş- 1, 54 nömrəli mənzil onun adına Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətində xüsusi mülkiyyət kimi 17.05.2021-ci il tarixdə, ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydə alınaraq, ona çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinin 11, 12-ci bəndinə əsasən satıcı Cavabdeh öhdəlik götürmüşdür ki, 06.05.2021-ci il tarixdə mübahisəli mənzili boşaldaraq ona təhvil verəcəkdir. Lakin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq hal-hazıradək mübahisəli mənzili boşaldaraq ona təhvil verməmişdir. Bildirir ki, Cavabdeh həmin mənzildən istifadə edərək çıxmamaqla onun bir alıcı və mülkiyyətçi kimi hüquqlarını pozur. O, mübahisəli mənzildən istifadə edə bilmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16A, giriş-1, 54 nömrəli mənzil iddiaçının adına Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətində xüsusi mülkiyyət kimi 17.05.2021-ci il tarixdə, ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydə alınaraq, çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinin 11, 12-ci bəndinə əsasən satıcı Cavabdeh öhdəlik götürmüşdür ki, 06.05.2021-ci il tarixdə mübahisəli mənzili boşaldaraq iddiaçıya təhvil verəcəkdir. Lakin cavabdeh alqı-satqı müqaviləsinin tələblərinə əməl etməyərək və mənzili boşaltmayaraq, mülkiyyətçi kimi iddiaçının mənzilə dair hüquqlarını pozur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin Bakı İstintaq Təcridxanasından 17.11.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, onun bacısı ilə iddiaçının atası Əmirli Seymur arasında biznes əməkdaşlığı olmuş, hər iki tərəf qızıl alqı-satqısı ilə məşğul olmuşdur. Sonradan bacısı Seymur Əmirliyə borclanmış, sonuncunun həyat yoldaşı onun evinə gələrək, ağlayıb yalvarmış, ata-anasının vəfatından istifadə edərək, evi müəyyən dövr üçün adlarına keçirməyini xahiş etmişdir. Bildirir ki, sözügedən şəxslər onun bibisi Pərvanə Qaraxaninin qudalarıdır. Onlar bibisinin qızlını boşayacaqlarını, uşağını da əlindən alacaqlarını bildirmişlər. Bu səbəbdən arada düşmənçilik olmasın, ailə dağılmasın dyə, öncədən Seymur və Elmira Əmirlilərlə sövdələşərək, bacısı iki il müddətində borcu qaytaranadək, o, öz evini İddiaçı adına yalançı alqı-satqı edərək (23 saylı Notariusda yalançı əqd bağlanmış, alqı-satqının 70000 AZN-ə edildiyi yazılsa da, əslində heç bir ödəniş olmamış, həm notarius saxtakarlığa yol vermiş, həm də Günay Bankın aidiyyatı şöbəsi) evini ada keçirmişdir. Hazırda sözügedən şəxslər onun yoxluğundan istifadə edərək, onun evini əlindən almaq istəyir. Bildirir ki, həmin mənzil onun istimai-siyasi fəaliyyətinə, dövlət qarşısındakı xidmətlərinə görə ona Yeni Azərbaycan Partiyası tərəfindən verilmişdir. Onun yuxarıda yazdıqlarının maddi sübutları mövcuddur və vəkili vasitəsilə məhkəməyə təqdim ediləcəkdir. Həmçinin 23 saylı Notariusun səlahiyyətlərindən istifadə edərək bağladığı yalançı əqdin etibarsız sayılması üçün tərəfindən iddia verilmişdir. Bu səbəblə İddiaçı iddia ərizəsini qəbul etmir, məhkəmənin işi baxılmamış saxlamağını xahiş edir. Cavabdeh 30.11.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasından məhkəməyə digər ərizə ünvanlayaraq, məhkəmə prosesinin təxirə salınmasını, həmçinin vəkili məhkəməyə order təqdim etdikdən sonra məhkəmənin onun iştirakı ilə xahiş etmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 3-cü şəxs qismində "xxxx" ASC-nin məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddianın dəlillərini müzakirə edərək hesab edir ki, iddia aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC (Kreditor-ipotaka saxlayan), Cavabdeh (Borc alan) və İddiaçı (Yeni borc alan) arasında bağlanmış 05.05.2021-ci il tarixli, 01 saylı Öhdəliklərin verilməsi müqaviləsindən görünür ki, tərəflər razılığa gəlirlər ki, bu müqavilənin imzalandığı tarixdən Borc alan ilə Kreditor-ipotaka saxlayan arasında bağlanmış 24.11.2015-ci il tarixli, 88-24-11-2015-ŞR-BY nömrəli Təminatlı Kredit Müqaviləsi üzrə Borc alanın hüquq və vəzifələri Yeni borc alana verilir və o, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Borc alanı əvəz edir. Tərəflərin qarşılıqlı razılığı ilə Kredit müqaviləsi üzrə öhdəliyin son icra müddəti 05.11.2025-ci il müəyyən edilir. Bununla da, Kredit müqaviləsinin 2 saylı əlavəsi olan yeni ödəniş cədvəli təsdiq edilir və mövcud olan əvvəlki ödəniş cədvəli qüvvədən düşür. İş materiallarında olan AN-İ № ******* nömrəli, 06.05.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16A saylı evin giriş 1, ümumi sahəsi 71.80 kv/m olan 54 saylı mənzilini alıcı İddiaçı mülkiyyətinə verir. Alqı-satqı müqaviləsinin 11, 12-ci bəndinə əsasən satıcı Cavabdeh öhdəlik götürmüşdü ki, 06.05.2021-ci il tarixədək mübahisəli mənzili boşaldaraq alıcıya təhvil verəcəkdir. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət Reyestrindən 17.05.2021-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16A saylı evin giriş 1, ümumi sahəsi 71.80 kv/m olan 54 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə mənziliin boşaldması və iddiaçıya təhvil verilməsi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 08.10.2018-ci il tarixli, 160 saylı İpoteka müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 09.06.2021-ci il tarixli, 01 nömrəli Əlavə Sazişdən görünür ki, müqavilənin tərəfləri olan "xxxx" ASC (İpotaka saxlayan) və İddiaçı (İpoteka qoyan-borc alan) bu Əlavə Sazişi imzalamaqla aşağıdakılar barədə qarşılıqlı razılığa gəldilər: bu Sazişin predmetini Müqavilə üzrə ipoteka predmetinin mülkiyyətçisinin dəyişməsi və ipoteka qoyan qismində İddiaçı tanınması ilə əlaqədar Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi təşkil edir. İpoteka predmeti Daşınmaz əmlakın Dövlət Reyestrindən 17.05.2021-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən İpoteka qoyanın mülkiyyətində olan aşağıdakı əmlakdır: Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16A, giriş-1, 54 nömrəli mənzil. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edilmişdir ki, Əmirli X1 Aytac Pərviz qızı ilə Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16 A, giriş-1, 54 nömrəli mənzilə dair 06.05.2021-ci il tarixdə 23 saylı Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlayaraq mübahisəli mənzili almışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16A, giriş-1, 54 nömrəli mənzil iddiaçının adına Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətində xüsusi mülkiyyət kimi 17.05.2021-ci il tarixdə, ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydə alınaraq, çıxarış verilmişdir. Alqısatqı müqaviləsinin 11,12-ci bəndinə əsasən satıcı Cavabdeh öhdəlik götürmüşdür ki, 06.05.2021-ci il tarixdə mübahisəli mənzili boşaldaraq İddiaçı təhvil verəcəkdir. Lakin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh hal-hazıradək mübahisəli mənzili boşaldaraq iddiaçıya təhvil verməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanman və qorunan hüququdur.Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya dair 20 mart 1952-ci ildə Parisdə imzalanmış 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyul 2009-cı il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh arasında həmin yaşayış sahəsinin idarəçiliyi və istifadəsinə dair hər hansı razılaşma olmasa da, iddiaçıını iradəsinə zidd olaraq cavabdeh həmin əmlakın faktiki idarəçiliyini həyata keçirməklə bərabər, həmin yaşayış sahəsindən istifadə hüququnu həyata keçirir və bununla da mülkiyyətçi olaraq iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhz bu çərçivədə məhkəmənin qənaəti bundan ibarətdir ki, iddia tələbinin hüquqi əsası sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 A saylı evin giriş-1, 54 saylı mənzili Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 A saylı evin giriş-1, 54 saylı mənzili Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar