Məhkəmə qərarları › İş №2(009)-2556/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2556/2022

23.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2556/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mutuzəliyevnaya qarşı “cavabdehlərin mənzil və əmlak kompleksindən çıxarılması və daşınmaz əmlakların boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mutuzəliyevnaya qarşı cavabdehlərin və digər şəxslərin Səbail rayonu R.Rza küçəsində yerləşən 7/9 nömrəli evin 24 saylı mənzildən və Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi, 23 ünvanında yerləşən 179.2 kv.m ümumi sahədən ibarət əmlak kompleksindən çıxarılması, həmin mənzilin və əmlak kompleksinin boşaldılması və banka təhvil verilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. İddiaçı tərəfindən cavabdehə qarşı irəli sürmüş tələblərdən biri cavabdehlərin Səbail rayonu, R.Rza küçəsində yerləşən 7/9 nömrəli evin 24 saylı mənzilindən, digəri isə Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi, 23 ünvanında yerləşən 179.2 kv.m ümumi sahədən ibarət əmlak kompleksindən çıxarılması ilə bağlıdır. İddiaçı həmin tələblə çıxış etməsinin hüquqi əsası kimi daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqlarının mövcud olmasını qeyd etmişdir. Hakim ilk növbədə qeyd edir ki, AR MPM-nin 36-cı madəsi iddiaçının seçim aidiyyətinə görə, 39-cu maddəsi isə iddiaçının müstəsna aidiyyət qaydalarına görə məhkəməyə müraciət etməsinin hüquqi əsaslarını müəyyən edir. AR MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddiaçının qaldırdığı tələb mülkiyyət hüquqularının müdafiəsi ilə əlaqədar daşınmaz əmlakların boşaldılaraq ona təhvil verilməsi ilə bağlı olduğundan, həmin iddia tələbinə cavabdehlərin qeydiyyatda olduğu yer üzrə məhkəmədə baxıla bilməz. Həmin tələbə qanunvericilikdə müstəsna aidiyyət kimi nəzərdə tutulmuş daşınmaz əmlakların yerləşdiyi yer üzrə məhkəmədə baxılmalıdır. Qanunvericiliyin tələblərinə əsasən bir neçə cavabdehə qarşı bir neçə iddia tələbi irəli sürüldükdə seçim aidiyyəti üzrə iddia onlardan birinin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilə bilər. Lakin daşınmaz əmlaklara münasibətdə seçim aidiyyəti istisna təşkil edir. Yəni tələblərdən biri müstəsna aidiyyətə aiddirsə, bu halda həmin tələbə seçim aidiyyəti üzrə məhkəmədə baxıla bilməz. Müstəsna aidiyyətlə bağlı tələbə yalnız daşınmaz əmlakın yerləşdiyi rayonun məhkəməsində baxılmalıdır. Hakim həmçinin izah edir ki, iddiaçının daşınmaz əmlakın boşaldılması və onun təhvil verilməsi ilə bağlı irəli sürdüyü tələbin taleyi (nəticəsi) mübahisə obyekti olan daşınmaz əmlakın yerində müayinəsindən, həmin əmlaka, habelə daşımalara dair sənədlərin vaxtında toplanmasından, şahidlərin hamısının cəlb edilərək dindirilməsindən və ekspertizanın keçirilməsindən asılıdır ki, bu hərəkətlər mübahisəli daşınmaz əmlakın yerləşdiyi yerdə daha uğurla həyata keçirilə bilər. Digər tərəfdən hazırkı işə mübahisəli daşınmaz əmlakın yerləşdiyi rayonun məhkəməsində baxılması, iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasının daha asan ola biləcəyi mülahizəsindən də doğur. Hakim qeyd edir ki, mübahisəli daşınmaz əmlaklardan biri Səbail rayon ərazisində, digəri isə Binəqədi rayonu ərazisində yerləşir. Qeyd edildiyi kimi iddiaçının qaldırdığı tələbə müstəsna aidiyyat kimi daşınmaz əmlakın yerləşdiyi rayonun məhkəməsində baxılmalı olduğundan, iddiaçının ayrı-ayrı rayonda yerləşən daşınmaz əmlaklarla bağlı irəli sürdüyü tələbin bir icraatda birləşdirilməsi əsaslı hesab edilə bilməz. AR MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılır. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən qaldırılan tələblərə müstəsna aidiyyət kimi qanunvericilikdə nəzərdə tutulmuş daşınmaz əmlakların yerləşdiyi yer üzrə məhkəmədə baxılmalı olduğundan, iddiaçı tərəfindən isə ayrı-ayrı rayonların inzibati ərazisində yerləşən daşınmaz əmlaklarla bağlı tələb irəli sürüldüyündən, bununla da bir-biri ilə əlaqədar olmayan tələblər bir icraatda birləşdirildiyindən iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən geri qaytarılmalıdır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mutuzəliyevnaya qarşı “cavabdehlərin mənzil və əmlak kompleksindən çıxarılması və daşınmaz əmlakların boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyət qaydalarına riayət edilməklə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar