Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2556/2025 27.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilmiş əmək haqqlarının və hesablaşma məbləğinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1% olmaqla faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilmiş əmək haqqlarının və hesablaşma məbləğinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1% olmaqla faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ilk dəfə Cavabdeh MMC-də xx.xx.1998ci ildən test və təlim qrupunun rəhbəri vəzifəsində müqaviləsiz işləmişdir. 2002-ci ildə şirkətdəki maliyyə krizis səbəbindən ayrılmışdır. BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası (Azərbaycan tərəfini Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təmsil edirdi) arasında olan “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər) layihəsində İKT üzrə milli ekspert və layihə uğurla başa çatdıqdan sonra TQDK-da “İmtahanın təşkili” sektorunun müdiri vəzifəsində çalışmışdır. 2008-ci ildə şirkətin prezidenti cənab X3 dəfələrlə zəng edib ona çox ehtiyacı olduğunu bildirmiş və ona şirin vədlər edərək işə dəvət etmişdir. 2008-ci ilin iyun ayından 2025-ci ilin fevral ayının 4-nə kimi şirkətdə müxtəlif vəzifələrdə çalışmışdır. 2022-ci ilin ortalarından şirkətdə maliyyə krizisinin əlamətləri başlamışdır. Tələbə yoldaşı, qeyri-rəsmi onun müavini X9 vasitəsi ilə ona işdən çıxmaq üçün xəbərdarlıqlar gəlməyə başlamışdır. Dəfələrlə adını ixtisara düşənlər siyahısına salmışlar. Ona qarşı mənəvi təzyiqlər edilməyə başlanmışdır. Bu stresslər nəticəsində xx.xx.2023-cü il tarixdə iş yerində insult keçirmiş və 22 sentyabr tarixində Əfəndiyev adına xəstəxananın reanimasiya şöbəsinə aparılmışdır. İnsultun fəsadları əziyyətini hələ də çəkir. 2022-2024-cü illərdə maaşlar aylarla gecikdirilmişdir. Eyni zamanda qeyri-ayrı seçkilik edilirdi. Belə ki, İAMAS layihəsi ilə bağlı şöbələrin əməkdaşlarına maaşlar zamanında verilirdi. 2024-cü ilin noyabr ayında onu məcbur edilmişdir ki, öz xahişi ilə iki aylıq məzuniyyətə çıxmışdır. 2025-ci il yanvar ayının sonunda məzuniyyətdən qayıtmış və ona işdən çıxmaq barədə təzyiqlər artmışdır. 2025-ci ilin fevral ayının 4-də vəzifəsinin ixtisara salındığını bildirmişlər və o tarixdə ixtisara salınmaqla işdən çıxarılmışdır. Onun diabet xəstəsi olmasını diqqətə almamışlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq hesablanmış 7033,50 manat ödənilmədi. Bu məbləğ üç dəfəyə aşağıdakı tarixlərdə ödəndi: xx.xx.2025 – 5000 manat, xx.xx.2025 – 1033,50 manat, xx.xx.2025 – 1000 manat. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Aparılmış şəxsi hesablamalarına görə xx.xx.2025-ci il tarixinə olan cərimə borcu 10925,43 manat təşkil edir. Ayrıca 2023-2024-cü illərdə dəfələrlə baş vermiş maaş gecikmələrinə görə təqribi cərimə məbləği 12.000 manat təşkil edir. Bu gecikmələr müntəzəm olaraq bir neçə dəfə olmuşdur. Bəzən 5 aya qədər çəkmişdir. Bunu mühasibətdən alınan məlumatlar əsasında dəqiq hesablanması mümkündür. Göstərilənləri nəzərə alaraq iddiaçı ona ödənilmiş əmək haqqlarının və hesablaşma məbləğinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1% olmaqla faizlərin qətnamənin qüvvəyə mindiyi tarixədək hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, 2023-2024-cü illərdə verilən əmək haqqılarda gecikmələr olmuş, eyni zamanda son haqq-hesabı da gecikmələrlə ona vermişlər. Ona görə də gecikdirilən günlər üçün 1% ödənc tələb edir. Əmək Müfəttişliyinə müraciət etmiş, lakin cavabdeh təşkilat tərəfindən sənəd verilmədiyi üçün araşdırma apara bilməmişlər. Onu ştat ixtisarı ilə bağlı işdən çıxarmışlar, özü şəkər xəstəsidir. Əmək müqaviləsi onunla bağlanarkən ödənclərin gecikdiriləcəyi barədə müqavilədə hər hansı bənd mövcud deyil. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ilkin olaraq iddiaçı iddia etdiyi 2023-2024-cü illər üzrə əmək haqqının ödənilməsi ilə bağlı gecikdirilmələrə görə ödənc tələb edilməsi üçün məhkəməyə vaxtında müraciət etməmişdir. İddia müddətinin tətbiq ilə bağlı onlar tərəfindən ərizə verilmişdir. Son haqqhesabın gecikdirilməsi isə obyektiv səbəbdən baş vermişdir. Şirkət Ədliyyə Nazirliyi, DTX və digər dövlət orqanlarına xidmət edir və xidmət müqabilində dövlət orqanlarından onlara pul vəsaiti köçürülür. Köçürülən pul əmək haqqı kimi işçilərə ödənilir. Pul köçürmələri gecikdiyi üçün iddiaçıya da son haqq hesab gecikdirilməklə verilmişdir. Yəni cavabdehin həmin pulun ödənilməsinin gecikdirilməsində təqsiri olmamışdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə xxxxxxx00108 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin layihələndirmə departamentində layihə rəhbəri vəzifəsində işləyir, əmək müqaviləsi xx.xx.2008-ci il tarixdə bağlanılmış, onunla müddətsiz növü əmək müqaviləsi bağlanılmış, aylıq əmək haqqı 1650 manat təşkil etmişdir. İş üzrə İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, ailə vəziyyəti ilə əlaqədar olaraq ona xx.xx.2024-cü il tarixdən 2 ay müddətinə öz hesabına (ödənişsiz) məzuniyyət verilməsinə icarə verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin 250/1-şh saylı, xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, cəmiyyətin Layihə rəhbəri İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi 2 ay müddətinə ödənişsiz məzuniyyətə (öz hesabına) buxarılması əmr edilmişdir. İşçi xx.xx.2025-ci il tarixdə işə başlamalıdır. Əmrin əsası kimi işçinin məzuniyyət ərizəsi göstərilmişdir. İş üzrə Cavabdeh MMC-nin 08-A saylı, xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin Layihələndirmə departamentinin Layihə rəbhəri 1 vahid ştatı xx.xx.2025-ci il tarixdən etibarən ləğv edilməsi, işçiyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən bu müəssisədə bağlanmış əmək müqaviləsinə uyğun əmək stajından asılı olaraq müvafiq məbləğdə işdənçıxarma müavinətinin ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən işçiyə xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa şərait yaradılması məqsədi ilə işçi azı 1 iş günü əmək funksiyasının icrasından azad edilməsi əmr edilmişdir. İş üzrə Cavabdeh MMC-nin prezidenti X3 tərəfindən Cavabdeh MMC-nin işçisi Layihə rəhbəri İddiaçı ünvanlanmış xəbərdarlıq bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən xəbərdarlıq edirlər ki, müəssisənin struktur dəyişdirilməsi və işçi sayının ixtisarı ilə əlaqədar İddiaçı işlədiyi vəzifə xx.xx.2025-ci ildən etibarən ixtisar olunacaqdır. Bu səbəbdən İddiaçılə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində 1 iş günü əmək haqqı saxlanılmaqla iş axtarılması məqsədi ilə şərait yaradılacaqdır. Həmçinin İddiaçı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən müvafiq razılığı əsasında orta əmək haqqının 2 misli bir dəfəyə ödənməklə əmək müqaviləsinə xitam verilməsi təklif edilir. Əmrin əsası kimi xx.xx.2025-ci il tarixli 08-A saylı əmr göstərilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-nin X1 ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2025-ci il tarixinədək xəbərdarlıq müdddətini gözləmədən imtina edir. xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin 26-şh saylı, xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin Layihə rəhbəri İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisar olunması) tutduğu vəzifədən azad edilməsi, İnsan Resursları şöbəsinə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək kitabçasında, elektron informasiya sistemində müvafiq qeydin aparılması, işçinin bu əmrlə tanış edilməsi, əmrin surətinin və əmək kitabçasının işçiyə işdən azad olduğu gün müvafiq qaydada verilməsi həvalə edilməsi, mühasibatlıq şöbəsi işçi ilə onun son iş günündə, yəni xx.xx.2025-ci il tarixdə son haqq-hesabın aparılması, işçiyə istifadə edilməmiş 15 gün əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi, həmçinin Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında əmək haqqının bir dəfəyə ödənilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən işçinin bu müəssisədə bağlanmış əmək müqaviləsinə uyğun əmək stajına əsasən orta aylıq əmək haqqı miqdarında müavinətin ödənilməsi əmr edilmişdir. Əmrin əsası kimi xəbərdarlıq bildirişi, xx.xx.2025-ci il tarixli 08-A saylı əmr və işçinin ərizəsi göstərilmişdir. İş üzrə ödəniş kartı üzrə çıxarışından görünür ki, iddiaçıya xx.xx.2025-ci il tarixdə 5000 manat, xx.xx.2025-ci il tarixdə 1033,50 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat, cəmi 7033,50 manat məbləğində son haqq-hesab ödənilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciətin məzuniyyət hüququ və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hissəsinə Nazirlik yanında X8 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Bildirirlər ki, müraciətə baxılması ilə əlaqədar İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə Cavabdeh MMC-yə 3-17- 5/2-13542/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Lakin tələb olunan sənədlərinin təqdim olunması işəgötürən tərəfindən təmin edilmədiyindən müraciətin məzuniyyət hüququ və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hissəsinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Həmçinin bildirirlər ki, araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Cavabdeh MMC tərəfindən İddiaçı aid əmək müqaviləsinin xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) qeyd edilərək qüvvədən düşdüyü müəyyən edilmişdir. Nəzərinə çatdırırlar ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahəsində aparılan yoxlamalar xx.xx.2026-cı il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Həmçinin nəzərinə çatdırırlar ki, iş yerində səhhətinin pozulması ilə bağlı məsələ hazırda X8 Xidmətinin Bakı şəhər İdarəsində araşdırılır. Araşdırmanın nəticəsi barədə İddiaçı əlavə məlumat veriləcəkdir. Eyni zamanda məlumat üçün bildirirlər ki, Cavabdeh MMC tərəfindən müvafiq sənədlər X8 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətin məzuniyyət hüququ və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hissəsinə yenidən baxılacaq və nətiixəsi barədə məlumat veriləcəkdir. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/10/2025-00598 saylı arayışından görünür ki, İddiaçı əmək haqqının gecikdirilməsi ilə bağlı peniya (cərimənin) ödənilməsi tələbi barədə mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 12.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2008-ci il tarixdən Cavabdeh MMC-nin Layihələşdirmə departamentinin layihə rəhbəri vəzifəsində işləmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 08-A saylı əmrinə əsasən Cavabdeh MMC-nin struktur dəyişdirilməsi və işçi sayının ixtisarı ilə əlaqədar xx.xx.2025-ci il tarixdən iddiaçı tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. İddiaçı ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək xx.xx.2025-ci il tarixədək xəbərdarlıq müddətini gözləməkdən imtina etmiş və xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmri ilə Cavabdeh MMC-nin Layihə rəhbəri İddiaçı xx.xx.2025-cü il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisar olunması) tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2025-cü il tarixdən işdən azad olunsa da, xx.xx.2025-ci il tarixdə 5000 manat, xx.xx.2025-ci il tarixdə 1033,50 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat, cəmi 7033,50 manat məbləğində son haqq-hesab ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, ilk dəfə Cavabdeh MMC-də xx.xx.1998-ci ildən test və təlim qrupunun rəhbəri vəzifəsində müqaviləsiz işləmişdir. 2002-ci ildə şirkətdəki maliyyə krizis səbəbindən ayrılmışdır. BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası (Azərbaycan tərəfini Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təmsil edirdi) arasında olan “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər) layihəsində İKT üzrə milli ekspert və layihə uğurla başa çatdıqdan sonra TQDK-da “İmtahanın təşkili” sektorunun müdiri vəzifəsində çalışmışdır. 2008-ci ildə şirkətin prezidenti cənab X3 dəfələrlə zəng edib ona çox ehtiyacı olduğunu bildirmiş və ona şirin vədlər edərək işə dəvət etmişdir. 2008-ci ilin iyun ayından 2025-ci ilin fevral ayının 4-nə kimi şirkətdə müxtəlif vəzifələrdə çalışmışdır. 2022-ci ilin ortalarından şirkətdə maliyyə krizisinin əlamətləri başlamışdır. Tələbə yoldaşı, qeyri-rəsmi onun müavini X9 vasitəsi ilə ona işdən çıxmaq üçün xəbərdarlıqlar gəlməyə başlamışdır. Dəfələrlə adını ixtisara düşənlər siyahısına salmışlar. Ona qarşı mənəvi təzyiqlər edilməyə başlanmışdır. Bu stresslər nəticəsində xx.xx.2023-cü il tarixdə iş yerində insult keçirmiş və 22 sentyabr tarixində Əfəndiyev adına xəstəxananın reanimasiya şöbəsinə aparılmışdır. İnsultun fəsadları əziyyətini hələ də çəkir. 2022-2024-cü illərdə maaşlar aylarla gecikdirilmişdir. Eyni zamanda qeyri-ayrı seçkilik edilirdi. Belə ki, İAMAS layihəsi ilə bağlı şöbələrin əməkdaşlarına maaşlar zamanında verilirdi. 2024-cü ilin noyabr ayında onu məcbur edilmişdir ki, öz xahişi ilə iki aylıq məzuniyyətə çıxmışdır. 2025-ci il yanvar ayının sonunda məzuniyyətdən qayıtmış və ona işdən çıxmaq barədə təzyiqlər artmışdır. 2025-ci ilin fevral ayının 4-də vəzifəsinin ixtisara salındığını bildirmişlər və o tarixdə ixtisara salınmaqla işdən çıxarılmışdır. Onun diabet xəstəsi olmasını diqqətə almamışlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq hesablanmış 7033,50 manat ödənilmədi. Bu məbləğ üç dəfəyə aşağıdakı tarixlərdə ödəndi: xx.xx.2025 – 5000 manat, xx.xx.2025 – 1033,50 manat, xx.xx.2025 – 1000 manat. Aparılmış şəxsi hesablamalarına görə xx.xx.2025-ci il tarixinə olan cərimə borcu 10925,43 manat təşkil edir. Ayrıca 2023-2024-cü illərdə dəfələrlə baş vermiş maaş gecikmələrinə görə təqribi cərimə məbləği 12.000 manat təşkil edir. Bu gecikmələr müntəzəm olaraq bir neçə dəfə olmuşdur. Bəzən 5 aya qədər çəkmişdir. Bu səbəbdən iddiaçı ona ödənilmiş əmək haqqlarının və hesablaşma məbləğinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1% olmaqla faizlərin qətnamənin qüvvəyə mindiyi tarixədək hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə cavabdehin hazırkı tələb üzrə iddiaçının məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsinə dair vəsatətinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın bu əsasla rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilən maddənin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xx.xx.2025-ci il tarixdə xitam verilmiş, iddiaçı əmək müqaviləsinə xitam verilərkən ona hesablanmış son haqqıhesabın qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec verilməsini əsas gətirərək gecikdirilmiş gün üçün 1% olmaqla ödəncin verilməsini tələb edir. Həmin tələblə bağlı isə iddiaçı məhkəməyə 1 il müddət ötürülmədən xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən, məhkəmə hesab edir ki, iddiaçı son haqq-hesabına gecikdirilməsi ilə bağlı vaxtında müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə cavabdehin həmin tələbə dair iddia müddətin ötürülməsi ilə bağlı dəlillərini əsaslı hesab etmir. Məhkəmə iddia tələbinin iddiaçının işlədiyi müddətdə əmək haqqının ödənilməsinin gecikdirilməsi ilə bağlı 1% ödəncin tutulması hissəsi üzrə isə hesab edir ki, iddiaçı həmin tələblə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Bu səbəbdən məhkəmə həmin hissədə tələbin təmin edilməsini əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalı, işçinin iradə ifadəsi bildirildiyi halda isə xitam verilməlidir. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X5 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Qeyd edilən Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı ilə əmək münasibətlərinə xitam verildikdən sonra son haqqhesab kimi ödəniləcək məbləğ 7033,50 manat müəyyən edilmiş, lakin həmin məbləğ iddiaçıya qanunvericiliyin qeyd edilən normasında göstərilən tarixdə, yəni sonuncu iş günün deyil, gecikmə ilə ödənilmişdir. Belə ki, son haqq-hesabın 5000 manatı 128 gün gecikmə ilə, 1033,50 manatı 155 gün gecikmə ilə, 1000 manatı isə 189 gün gecikmə ilə iddiaçıya ödənimlişdir. Cavadehin nümayəndəsi gecikmənin obyektiv səbəblərdən baş verdiyini, yəni təşkilata pul vəsaitinin daxil olmasında gecikmələr olduğu üçün iddiaçıya son haqq-hesabın verilməsi də gecikmə ilə həyata keçirilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin bu dəlillərini əsaslı hesab etmir. Cavabdeh tərəfindən ödənişin həyata keçirilməsinin obyektiv səbəbdən və işəgötürənin təqsiri nəticəsində baş verməməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Yuxarıda qeyd edildiyi kimi, iddiaçıya ödənilməli olan son haqq-hesab vaxtında verilməmişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və gecikmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan son haqq-hesab gecikdirilməklə bağlı verildiyindən, cavabdehin nümayəndəsinin gecikmələrin dövlət təşkilatlarından göstərilən xidmətlərlə bağlı şirkətə edilən ödənişlərin vaxtında verilməməsi ilə əlaqələndirməsini isə məhkəmə məntiqli hesab etmədiyindən (son haqq-hesabın 6 ay müddətində gecikmə ilə bağlı verilməsi müəyyən edildiyindən və bu müddət ərzində hər hansı bir ödənişin edilməməsi ağlabatan olmadığından, pul köçürmələri ilə bağlı gecikmənin 6 ay müddətinə olmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən), bununla da gecikdirilmənin işəgötürənin təqsiri üzündən baş verməsi qənaətinə gəlindiyindən, məhkəmə hesab edir ki, son haqq-hesabın ödənilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün işçiyə bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə son haqq-hesabın 5000 manatının 128 gün gecikdirilməklə, 1033,50 manatının 155 gün gecikdirilməklə, 1000 manatının 189 gün gecikdirilməklə verilməsini nəzərə alaraq gecikdirilmiş hər gün üçün 1% məbləğdə ödəncin aşağıdakı kimi olmasını nəzərə alır: 5000 manat x 1% x 128 gün = 6400 manat, 1033,50 manat x 1% x 155 gün = 1601,15 manat, 1000 manat x 1% x 189 gün = 1890 manat. Beləliklə məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan son haqq-hesabın gecikdirilməklə verilməsi müəyyən edildiyindən, gecikdirilmiş günlər üzrə ödənilməli olan ödənc məbləğinin 9891,15 manat (6400+1601,15+1890=9891,15) həddində olması nəzərə alınmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün, cavabdehdən dövlət nəfinə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi kimi 118,91 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı ilə əmək münasibətlərinə xitam verildiyi xx.xx.2025-ci il tarixdən sonra işdən çıxması ilə əlaqədar son haqq-hesabının hər gecikdirilmiş gün üçün 1% olmaqla cəmi 9891,15 manat təşkil etməsi nəzərə alınaraq Cavabdeh MMC-dən İddiaçı xeyrinə 9891,15 (doqquz min səkkiz yüz doxsan bir manat, on beş qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə əsassız olduğu üçün təmin edilməsin. Cavabdeh MMC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 118,91 (bir yüz on səkkiz manat, doxsan bir qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2556/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2556/2025
27.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver