Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2567/2021 26.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladları 04.02.2014-cü il təvəllüdlü X11 və 16.07.2016-cı il təvəllüdlü X6 Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqları müəyyən edilərək həmin mənzilə köçürülmələri və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X8 ilə 13.05.2013-cü il tarixində ailə həyatı quraraq rəsmi nikaha girmişdir. Cavabdehlə rəsmi nikahdan 2 (iki) övladları 04.02.2014-cü il təvəllüdlü X11 və 16.07.2016-cı il təvəllüdlü X13 dünyaya gəlmişlər. Bildirmək istəyir ki, hal-hazırda cavabdehlə aralarında olan xasiyyət uyğunsuzluğu səbəbindən faktiki olaraq ayrı yaşayırlar. Belə ki, hazırda o, Bakı şəhəri, Xanlar küçəsi, ev 28, mənzil 22 yerləşən mənzildə faktiki olaraq övladları ilə birlikdə kirayədə yaşayır. Mənzilin sahəsinin olduqca kiçik olması və ailə tərkibinə uyğun olmadığına görə bir sıra çətinliklərlə üzləşir. Buna görə də, hesab edir ki, məhkəmə onu və övladları 04.02.2014-cü il təvəllüdlü X12 və 16.07.2016-cı il təvəllüdlü X9 Cavabdeh yaşadığı və ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqları müəyyən edərək, həmin mənzilə köçürülməyi bardə qətnamə qəbul edilməlidir. Məlumat üçün onu da bildirir ki, ünvan 1 ünvanında yerləşən mənzil ümumilikdə 3 (üç) otaqdan ibarət olmaqla, kifayət qədər geniş sahəsi olan mənzildir. Bundan əlavə bir sıra yardımçı sahələri də mövcuddur. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun və övladları 04.02.2014-cü il təvəllüdlü X11 və 16.07.2016-cı il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən mənzilinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat vermiş, 1 ildir ki, uşaqları ilə birlikdə kirayə mənzildə yaşadığını, kirayə pulu ilə bağlı valideynlərinin ona köməklik göstərdiyini, lakin hazırda onların da maddi imkanının əvvəlki kimi olmadığından ona kömək edə bilmədiklərini, buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında İddiaçı onun oğlu Samir Həsənli ilə 2013-cü ildə ailə həyatı qurduğunu, ailə həyatı qurduqdan sonra oğlu ilə keçmiş gəlinin ona məxsus olan mənzilə köçdüyünü, daha sonra iddiaçı ilə oğlu arasında ailə münasibətlərinin pozulduğunu və bu səbəbdən iddiaçının təxminən 1 ildir ki, evi tərk etdiyini, onu məcburi qaydada heç kimin çıxarmadığını bildirmişdir. Həmçinin iddiaçıya alimenti ödəyə bilmək üçün mülkiyyətində olan mənzili kirayə verdiyini və mənzilin yanında düzətdiyi bir otaqlı köməkçi sahədə yaşadığını bildirərək hazırki iddia tələbini qəbul etmədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 may 2013-cü il tarixli, AZ-İ seriyalı, 851765 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X4 arasında 17.03.2013-cü il tarixdə nikah bağlanmış və həmin nikah 205 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Həsənli” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 fevral 2014-cü il tarixli AZ-İİİ seriyalı, 193137 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 04.02.2014cü il tarixdə X11 Bakı şəhərində anadan olmuş, ata qrafasında X8, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 iyul 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 806347 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 16.07.2016-cı il tarixdə X13 Bakı şəhərində anadan olmuş, ata qrafasında X8, ana qrafasında İddiaçı qeyd edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(009)-1635/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək X2 25.05.2021-ci il tarixdən başlayaraq, 04.02.2014-cü il təvəllüdlü X5 və 16.07.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 29 saylı evin, 87 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 19.12.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdehin oğlu X8 ilə 17 may 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından 04.02.2014-cü il tarixdə X11 və 16.07.2016-cı il tarixdə X13 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqları vaxtdan İddiaçı cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 29 saylı evin, 87 saylı mənzilinə köçmüş və ailəsi ilə birlikdə həmin mənzildə yaşamışlar. Uşaqları da həmin ünvanda yerləşən evdə doğulub yaşamışlar. Həmçinin müəyyən edilmişdir ki, tərəflərin ailə münasibətləri münasibətləri pozulduğuna görə İddiaçı 1 ildir ki, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 29 saylı evin, 87 saylı mənzili tərk edərək uşaqları ilə birlikdə kirayə mənzildə yaşayır və alimet tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(009)-1635/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək X2 25.05.2021-ci il tarixdən başlayaraq, 04.02.2014-cü il təvəllüdlü X5 və 16.07.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı mövcud mübahisəli vəziyyəti və daimi yaşamağa başqa yeri olmadığını əsas gətirərək azyaşlı övladları 04.02.2014-cü il təvəllüdlü X11 və 16.07.2016cı il təvəllüdlü X13 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 29 saylı evin, 87 saylı mənzilinə yaşayış hüququnun tanınmasını və həmin mənzilə köçürülmələrini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehin oğlu X8 ilə 17 may 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurması, həmin vaxtdan Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 29 saylı evin, 87 saylı mənzilinə köçməsi və ailəsi ilə birlikdə orada yaşaması, tərəflərin birgə nikahından 04.02.2014-cü il tarixdə X11 və 16.07.2016-cı il tarixdə X13 adlı uşaqlarının həmin ünvanda yerləşən evdə doğulub yaşamaları, 29 iyun 2021-ci il tarixli qətnamə ilə X2 25.05.2021-ci il tarixdən başlayaraq, 04.02.2014-cü il təvəllüdlü X5 və 16.07.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulmasının müəyyən olunması, eləcə də Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 29 saylı evin, 87 saylı mənzilinin Cavabdeh mülkiyyətində olması işin mübahisəsiz halıdır. Belə ki, qeyd edilən xüsusatlar məhkəmə araşdırması zamanı digər sübutlarla yanaşı məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları ilə yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin də müddəalarına istinad edərək uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cümaddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, “yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.” Məhkəmə, İddiaçı ilə cavabdehin oğlu X3 17 may 2013-cü il tarixdə rəsmi nikaha daxil olmalarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərə 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: «Ü.Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 dekabr 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddədə həmin şəxslərin dairəsi konkret müəyyənləşdirilmişdir - mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları. Bu maddədə həmçinin nəzərdə tutulmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək hüququna malikdir. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. MM-in 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəasına gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, bu müddəa MM-in 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin məzmununa görə, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.” Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarı ilə belə nəticəyə gəlmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” Məhkəmə qeyd edir ki, 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (30.2) Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. (30.5) Məhkəmə qeyd edir ki, hazırkı işdə iddiaçı mənzilin mülkiyyətçisi olan cavabdehin (2013-cü ildən oğlunun arvadıdır) ailə üzvü olmamaqla, yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına daxil deyildir. İddiaçı cavabdehin gəlini olmaqla, oğlu ilə 2013-cü ildə nikaha daxil olmuş və bir ildir ki, ailə münasibətləri pozulduğundan mənzili tərk edərək faktiki olaraq ayrı yaşayırlar. Tərəflər arasında hüquq münasibətləri iddiaçının cavabdehin oğlu ilə nikaha daxil olduqdan sonra yaranmasına baxmayaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə (iddia ərizəsində istinad etdiyi) nə Mülki Məcəllənin müddəaları, nə də ki, 01.10.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından hər hansı bir hüququ yaranmamışdır. Belə olan halda isə iddiaçının həmin mənzilə cavabdehin iradəsinə zidd köçürülməsi mülkiyyətçi kimi cavabdehin hüquqlarını pozmuş olar. Belə ki, hazırda cavabdeh iddia tələbini qəbul etmir və təmin edilməsinə etiraz edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır və “mənzilə köçürülmə” tələbinə dair iddiasının əsassız olması nəticəsinə gəlir. Məhkəmə iddiaçının “iddiaçının azyaşlı uşaqları 04.02.2014-cü il təvəllüdlü X11 və 16.07.2016-cı il təvəllüdlü X1 dair” dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçının azyaşlı uşaqları faktiki olaraq onun himayəsində olmaqla onunla birlikdə yaşayırlar və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(009)-1635/2021 nömrəli qətnaməsi ilə X2 25.05.2021-ci il tarixdən başlayaraq, 04.02.2014-cü il təvəllüdlü X5 və 16.07.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. (27.2) Məhkəmə, qanunvericiliyin tələbini və 04.02.2014-cü il təvəllüdlü X11 və 16.07.2016cı il təvəllüdlü X6 faktiki olaraq anaları İddiaçı himayəsində olmalarını, hazırki qətnamə ilə İddiaçı mübahisəli mənzilə köçürülməsi tələbinə dair iddiasının əsassız olması nəticəsinə gəlindiyini nəzərə alaraq, iddiaçının bununla bağlı dəlillərini də əsassız hesab edir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının özünün mülahizəsinə əsasən irəli sürdüyü, təsdiqini tapmayan hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı onun və övladları 04.02.2014-cü il təvəllüdlü X11 və 16.07.2016-cı il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən mənzilinə köçürülmələri tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı onun və uşaqları 04.02.2014-cü il təvəllüdlü X5 və 16.07.2016-cı il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən mənzilinə köçürülmələri tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova İş № 2(009)-2203/2021 Azərbaycan Respublikası adından QƏTNAMƏ (çıxarış) Bakı şəhəri Səbail Rayon Məhkəməsi 07 sentyabr 2021-ci il Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və onun nümayəndəsi X7, Cavabdehnun iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “yaşayış hüququnun tanınması və yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı İddiaçı azyaşlı qızı X10 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar küçəsi, ev 24C saylı fərdi yaşayış evinə yaşayış hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülmələri tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2567/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2567/2021
26.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver