Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-258/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdən həmin şirkətin müvafiq layihəsi üzrə SƏTƏM mütəxəssisi vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddət ərzində əmək müqaviləsi üzrə nəzərdə tutulan əmək haqqının ödənilməsi ilə bağlı müxtəlif problemlər olmuşdur. Belə ki, bəzən həmin ay üzrə əmək haqqı ya ödənilmir, ya da az bir miqdarı ödənilirdi. Həmin hüquqi şəxsə bu barədə iradlarını bildirdikdə, ona bunun şirkətin maliyyə problemlərinin olduğu, layihə üzrə podratçıdan layihə ödənişinin şirkətə köçürülməməsi və s.kimi bəhanələr gətirilirdi. Nəticədə aylar üzrə əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqını vaxtında və tam həcmdə almamışdır. İş fəaliyyətinə başladığı andan iş illəri üzrə əsas məzuniyyət hüququndan istifadə etməmiş və həmin məzuniyyət günlərinə pul əvəzi almamışdır. Şirkətlə arasında olan danışıqlara əsasən həmin əmək funksiyasının həyata keçirilməsi ilə bağlı ona 900 manat miqdarında əmək haqqı ödənilməli idi. Lakin şirkət vergi öhdəliklərini azalmaq üçün qeyd olunan əmək müqaviləsi üzrə ona aylıq 350 manat miqdarında əmək haqqının rəsmi, 550 manat miqdarında əmək haqqının isə müqavilədə nəzərdə tutulmayan qeyri-rəsmi şəkildə ödəniləcəyini bildirdi. Şirkət isə nəinki qeyri-rəsmi şəkildə nəzərdə tutulan əmək haqqını heç rəsmi şəkildə əmək müqaviləsi üzrə nəzərdə tutulan əmək haqqını ödəmə qabiliyyətində idi. Başqa iş tapa bilməməsi və şirkət tərəfindən növbəti aylarda ödənişlərin həyata keçirilməsi vədlərinə aldanaraq iş fəaliyyətini davam etdirirdi. 2020-ci ilin iyul ayında koronovirusa yoluxması ilə bağlı əmək fəaliyyəti müvəqqəti itirilmişdir. Xəstəliyi ağır keçirməsi və bununla bağlı müalicə müddətinin çox olması əmək fəaliyyətini bir neçə müddət davam etdirə bilməməsinə səbəb olmuşdur. Həmin hal ilə bağlı da işəgötürən tərəfindən ona müavinət ödənilməmişdir. Nəhayət 2020-ci ilin dekabr ayında ölkədə pandemiya dövrü ərəfəsində maddi vəziyyətinin pisləşdiyi və artıq şirkətin yalan vədlərindən bezərək şirkətin rəhbərliyinə əmək haqqının və istifadə edilməyən əmək məzuniyyətinin pul əvəzinin ödənilməsi ilə bağlı müraciət etmişdir. Yaxın zaman içərisində şirkətin ona olan bütün borclarının ödəniləcəyi və bütün problemlərin aradan qalxacağı ilə bağlı şirkət rəhbərliyi tərəfindən ona söz verilmişdir. O, yenə də əmək fəaliyyətini davam etdirirdi. Bu hadisələrdən təxminən 1 ay sonra şirkətdə gedən söz-söhbətdən və yaranan vəziyyətdən şübhələnərək elektron hökümət sistemində əmək müqavilənin qüvvədə olub-olmamasına baxmaq qərarına gəlmişdir. Həmin an ona məlum olmuşdur ki, ona məlum olmayan səbəbdən xx.xx.2020-ci il tarixdə şirkətlə onun arasında imzalanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Bunu bildiyi andan şirkət rəhbərliyinə baş vermiş vəziyyətin izah olunması ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, şirkətdə müəyyən problemlər səbəbindən belə hal baş vermişdir. Qısa zaman içərisində öz həllini tapacaq. Lakin uzun çəkən danışıqlar bir nəticə vermədiyindən, tərəfindən əmək qanunvericiliyə əməl olunmasına nəzarət edən orqan – X1 Xidmətinin Bakı şəhər İdarəsinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Lakin müraciət üzrə heç bir nəticə olmamışdır. İşəgötürəndən dəfələrlə əmək kitabçanı tələb etsə də, əmək kitabçasının ona verilməsindən imtina edilmişdir. Daha sonra yenə də şirkət rəhbərliyi ilə arasında vaxtaşırı müxtəlif danışıqlar olsa da, nəticə olmamışdır. Hesab edir ki, əmək müqaviləsi üzrə əmək haqqından ödənilməmiş 1317 manat məbləğ (ödənilən 7258 manat), əmək məzuniyyəti üzrə ödənilməmiş 688 manat məbləğ, əmək qabiliyyətinin itirilməsi ilə bağlı işdən azad edildiyi günlər üzrə 64 manat məbləğ və işdən çıxarma barədə xəbərdarlıq edilmədiyi üçün 175 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı əmək müqaviləsi üzrə Cavabdeh1 MMC-də işlədiyi müddət ərzində ödənilməmiş 1317 manat məbləğində əmək haqqının, əmək qabiliyyətinin itirilməsi ilə bağlı işdən azad edildiyi günlər üzrə 64 manat məbləğində müavinətin, istifadə edilməmiş 2 iş ili üçün əmək məzuniyyəti üzrə 688 manat məbləğin, işdən çıxarma barədə xəbərdarlıq edilmədiyi üçün 175 manat məbləğin və əmək müqaviləsindən maaşa əlavə ödənilməli olan 2200 manat məbləğində pulun Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, tələbində qeyd etdiyi 2200 manat qeyri-rəsmi hər ay ona verilməli olan 550 manatın 4 ay müddətində verilməməsidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 MMC-nin və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən Cavabdeh1 MMC-yə Sətəm vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 350 manat təşkil etmişdir. Müqavilənin 6.1-ci bəndinə əsasən işçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay əmək haqqının 3 faizi məbləğində sığorta haqqı ödənilir və işəgötürən tərəfindən o, əmək haqqının 22 faizi məbləğində əlavə sığorta edilir. Eyni zamanda hər ay əmək haqqının 0,5 faizi məbləğində işsizlikdən sığorta haqqı ödənilir və işəgötürən tərəfindən o, əmək haqqının 0,5 faizi məbləğində əlavə sığorta edilir. Müqavilənin 6.2-ci bəndinə əsasən 2019-cu ildən etibarən işçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay əmək haqqının 200 manatından 3 faiz, 6 manat+200 manatdan artıq olan hissəsindən 10 faiz məbləğində sığorta haqqı ödənilir və işəgötürən tərəfindən o, əmək haqqının 200 manatdan faizi, 44 manat+200 manatından artıq olan hissəsindən 15 faizi məbləğdə əlavə sığorta edilir. İş üzrə Cavabdeh1 MMC-nin xx.xx.2018-ci il tarixli 04 nömrəli əmrdən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə xx.xx.2018-ci il tarixdən Sətəm vəzifəsinə təyin edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən hesablanmışdır. Əsas: İddiaçı ərizəsi və əmək müqaviləsi. İş üzrə xxxxxxx000100 saylı, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə Sətəm vəzifəsinə işə qəbul olunmuş, onunla müddətsiz növü əmək müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanılmış, aylıq əmək haqqı 350 manat təşkil etmişdir. İş üzrə “Lor Hospital” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı döş qəfəsinin nativ KT-da müayinə olunmuş, nəticədə hər iki ağciyərdə orta-ağır dərəcəli interstisial pnevmaniya (Virus mənşəli olduğu düşünülür) göstərilmişdir. İş üzrə X2 publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həqiqətən “İki tərəfli bronxopnevmaniya, “Buzlu şüşə” simptomu” diaqnozu ilə işdən azad edilmişdir. İş üzrə "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən verilmiş hesabdan çıxarışından görünür ki, İddiaçı Cavabdeh1 MMC-də işlədiyi müddət ərzində cəmi 7258 manat məbləğində əmək haqqı kartına köçürülmüşdür. İş üzrə Cavabdeh1 MMC-nin xx.xx.2020-ci il tarixli 79 nömrəli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Əsas: İddiaçı ərizəsi və direktorun dərkənarı. İş üzrə xxxxxxx0001X0 saylı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 MMC-nin 79 saylı, xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müraciətin araşdırılması ilə bağlı İddiaçı aid olan sənədlərin təqdim olunması məqsədi ilə Cavabdeh1 MMC-nin ünvan 2 ünvanına xx.xx.2021-ci il tarixli **********5 saylı (SS745002408AZ), Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli, 1001 (Köhnə Passaj 1901) ünvanına, eyni zamanda mailto:azerhumbetli@mail.ruElektron ünvan elektron ünvanına xx.xx.2022-ci il tarixli **********6 saylı (SS767270193AZ) məktublar göndərilmiş, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, tələb olunan sənədlərin təqdim olunmasında kömək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Bildirirlər ki, sənədlər təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılacaqdır. Qeyd olunanlarla razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh1 MMC ilə 8066 manat ödənilməmiş əmək haqqının ödənilməsi (əmək məzuniyyəti zamanı ödəniməli olan əmək haqqı, işdən azad edildiyinə görə kompensasiya və son hesablaşma, rəsmi hesablamadan kənar verilən əlavə məbləğ) tələbi və bunlardan irəli gələn məsələlərlə əmək mübahisəsi üzrə xx.xx.2022ci il tarixdə, saat 13.15-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh1 MMC iştirak etməmişdir. İş üzrə Cavabdeh1 MMC tərəfindən verilmiş əmək haqqı hesablanması barədə cədvəlindən görünür ki, İddiaçı 2019-cu ilin dekabr ayında 322,28 manat, 2020-ci ilin yanvar ayında 361,58 manat, 2020-ci ilin fevral ayında 350 manat, 2020-ci ilin mart ayında 350 manat, 2020-ci ilin aprel ayında 350 manat, 2020-ci ilin may ayında 350 manat, 2020-ci ilin iyun ayında 350 manat, 2020-ci ilin iyul ayında 350 manat, 2020-ci ilin avqust ayında 350 manat, 2020-ci ilin sentyabr ayında 350 manat, 2020-ci ilin oktyabr ayında 350 manat, 2020-ci ilin noyabr ayında 350 manat, cəmi 4183,86 manat əmək haqqı hesablanmış, əmək haqqı (orta aylıq) 348,66 manat, əmək haqqı (orta günlük) 11,47 manat müəyyən edilmiş, 2020-ci ilin dekabr ayında 21 təqvim günü üçün 240,87 manat kompensasiya hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh1 MMC-yə əmək müqaviləsi ilə aylıq 350 manat əmək haqqı ilə Sətəm vəzifəsində işə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçıya işlədiyi müddət ərzində ödənilən ümumi əmək haqqı məbləği 7258 manat təşkil etmiş və həmin pul vəsaiti iddiaçının müvafiq bank hesabı vasitəsi ilə plastik kartına köçürülmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, işlədiyi müddət ərzində aylıq 350 manat olmaqla almalı olduğu əmək haqqının miqdarı 8575 manat təşkil etməli olduğu halda, ona 7258 manat əmək haqqı ödənilmiş, ödənilməyən əmək haqqı məbləği 1317 manat təşkil etmiş, müvəqqəti əmək qabiliyyətini itirsə də 64 manat həddində müavinət,istifadə etmədiyi 2 iş ili üçün əmək məzuniyyətinə görə 688 manat və işdən çıxarılma barədə xəbərdar edilmədiyi üçün 175 manat, əlavə ödənilməli olan 2200 manat məbləği həddində pul vəsaiti cavabdeh tərəfindən ona ödənilməmiş və o, həmin məbləğlər həddində tələb irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı işlədiyi müddət ərzində işəgötürən tərəfindən ona ödənilməli olan əmək haqqı və müavinətlərin ödənilməməsi səbəbi ilə məhkəmədə iddia qaldırması haqlı hesab edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin hüququdur. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Göstərilən Məcəllənin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Qeyd edilən Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək qanunvericiliyinin tələblərinə əsasən əmək haqqı məbləği ödənilərkən işəgötürən tərəfindən müvafiq tutmalar (vergi, sosial və digər) həyata keçirilir. AR Əmək Məcəllənin 175-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən 2500 manatadək 14% vergi tutulur. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9.0.2-ci maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə - işçinin əmək haqqının 0,5 faiz dərəcəsi ilə müəyyən edilmişdir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-10.1.2-ci maddəsinə əsasən, icbari tibbi sığorta üzrə sığorta haqları muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə - sığortalı tərəfindən işçinin əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz sığortaolunan tərəfindən əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz dərəcəsi ilə müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının əmək müqaviləsi üzrə aylıq əmək haqqı miqdarı 350 manat olmaqla, onun işlədiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər müddət ərzində almalı olduğu həmin məbləğə görə əmək haqqı 8575 manat təşkil etsə də, ona 7258 manat məbləğində əmək haqqı ödənilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan aylıq əmək haqqından yuxarıda qeyd edilən müvafiq ödənişlərin çıxılmasını və müvafiq köçürülmələrin aparılmasını təsdiq edən sübutlar təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi əmək haqqından ödənilməmiş 1317 manat məbləğində pulun tutulması hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə eyni zamanda iddiaçının əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar müavinətin və 2 iş ili üçün məzuniyyət pulunun ödənilməməsini də nəzərə alaraq hesab edir ki, iddia tələbi eyni zamanda bu hallara görə ödənilməli olan 64 manat və 688 manat pulun tutulması hissəsində də əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Qeyd edilən Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, iddiaçıya istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablanmış pul məbləği və ödənilməmiş əmək haqqısı onun mülkiyyəti hesab olunur və həmin pul məbləğinin iddiaçının sərəncamına verilməməsi, onun həmin puldan istifadə etməsinə imkan verilməməsi kimi qiymətləndirilməli və həmin pul məbləğinin işçinin sərəncamına verilməsi işəgötürənin üzərinə düşən vəzifə olduğundan, həmin vəzifənin yerinə yetirilməməsi iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının işdən azad olunma barədə xəbərdarlıq edilməməsi səbəbindən işəgötürən tərəfindən ona 175 manat məbləğində pulun ödənilməsi və əmək müqaviləsindən maaşa əlavə ödənilməli olan 2200 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissələrdə tələb təmin edilməməlidir. Belə ki, əmək qanunvericiliyin tələblərinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə işçinin işdən azad edilməsi əmək müqaviləsinə xitam verilmə əsaslarından biri kimi müəyyən edilmişdir (68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi). Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin həmin maddəsi ilə işçinin işdən azad olunması zamanı işçiyə hər hansı müddət ərzində xəbərlarlıq edilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə iddiaçının əmək müqaviləsindən onun əmək haqqına əlavə edilməli olan hər hansı bir məbləğin nəzərdə tutulmamasını nəzərə alaraq həmin hissədə də tələb əsassız hesab edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya işlədiyi müddət ərzində ödənilməmiş 1317 manat məbləğində əmək haqqı, əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar ödənilməmiş 64 manat və 2 il ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənilməli olan 688 manat, cəmi 2069 manat məbləğində pul tutulmalı,iddia tələbi qalan hissədə təmin ediməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün, cavabdehdən dövlət nəfinə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi kimi 40,69 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə işlədiyi müddət üçün ödənilməmiş əmək haqqının əvəzi kimi 1317 manat, əmək qabiliyyətinin itirilməsi ilə bağlı işdən azad edildiyi günlər üzrə müavinətin əvəzi kimi 64 manat, istifadə edilməmiş 2 iş ili üçün əmək məzuniyyətinin əvəzi kimi 688 manat, cəmi 2069 (iki min altmış doqquz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə əsassız olduğu üçün təmin edilməsin. Cavabdeh1 MMC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 40,69 (qırx manat, altmış doqquz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-258/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-258/2023
28.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver