Məhkəmə qərarları › İş №2(009)-2598/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2598/2021

19.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2598/2021 19.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Cavabdeh R.Cavabdeh3 nümayəndəsi və vəkili O.Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı mənzilə hüquqların itirilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı mənzilə hüquqların itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi onun mülkiyyətindədir. Adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Uzun illərdir ki, həmin mənzildən istifadə edərək sahiblik hüquqlarını tam şəkildə yerinə yetirir. Cavabdehlər əvvəllər həmin evdə yaşasalar da, sonradan (artıq uzun illərdir ki) evdən çıxıb gedərək özlərinə ev alıb orada yaşamaqdadırlar. Hazırda onlar Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi, ev 15, mənzil 39 ünvanında yerləşən Cavabdeh1 (cavabdehin mülkiyyətində 3 mənzil vardır) mülkiyyətində olan evdə yaşayırlar. Bu barədə məlumatı sorğuya cavab olaraq daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 24.08.2021-ci il tarixli, **********82 nömrəli sorğuda qeyd olunmuşdur. Göründüyü kimi, cavabdehlərin yaşamaları üçün şəraitləri olsa da, bu günə kimi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar. Hal-hazırda mülkiyyətçisi olduğu evdə oğlu Cavabdeh2, onun həyat yoldaşı Cavabdeh1, onların övladları xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 və 05.11.2013-cü il təvəllüdlü X6 formal olaraq qeydiyyatda qalmaqdadırlar. Hazırda cavabdehlərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamaları onun üçün problemlər yaradır. Cavabdehlərin mülkiyyətçisi olduğu mənzildə formal olaraq qeydiyyatda olması ona öz mülkiyyətində bütün imkanlardan istifadə mənzilini satmaq üçün qeydiyyatda olanların razılığı tələb olunduğundan bu ona müəyyən çətinliklər törədir. Məlum olduğu kimi yaşayış binasının alqı-satqısı zamanı həmin əmlak üzərində qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Mənzilində formal qeydiyyatı olan şəxslərin razılığını almaq isə onun üçün çətinlik yaradır. Bu da onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Buna görə də bu hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı X6 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və çıxarılmış qətnamənin cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, cavabdehlər əvvəllər iddiaçının mülkiyyətində olan mənzildə yaşasalar da, artıq uzun illərdir həmin evdən çıxıb getmiş, özlərinə ev alaraq orada yaşamışlar. Hazırda cavabdehlər Cavabdeh1 mülkiyyətində olan X7 küçəsi, ev 15, mənzil 39 ünvanda yaşayırlar. Cavabdehlərdən Cavabdeh1 mübahisəli mənzilə 2002-ci ildə köçmüş, məhkəmə qətnaməsi ilə onun istifadə hüququ tanınmış, 2012-ci ilədək orada yaşamış,sonra isə çıxıb getmişdir. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüquqları olduğundan, bu hüquqların itirilməsi barədə tələb irəli sürülmüşdür. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, cavabdehlərin yazılı surətdə məhkəməyə təqdim etdikləri etirazın 6-cı bəndində Cavabdeh2lə Cavabdeh1 arasında nikahları pozulsa da, münasibətlərin davam etməsi, münasibətləri pozulacağı təqdirdə Rəzzaqın anasının evindən başqa yaşayış yeri olmayacağı qeyd edilmişdir. Məhkəmə iclasında fərqli izahat verilsə də, etiraz cavabdehlər tərəfindən imzalanmışdır. Yəni cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə yaşamağa heç bir ehtiyacları yoxdur. Etirazın 8-ci bəndində də cavabdehlər tərəfindən etiraf olunur ki, oradakı yaşayış sahələrində yaşayan adamlar var və ona görə də onların orada yaşamağa yerləri yoxdur. Bütün bu hallar qaldırılan iddianın əsaslığını təsdiq edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, mübahisəli evə 2001-ci ildən gəlin gəlmiş, lakin onu evə qeydiyyata almadıqları üçün məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə onun istifadə hüququ tanınmışdır. Həmin vaxt evin mülkiyyətçisi hazırki iddiaçının anası Züleyxa olmuşdur. Tamillanın anası 2005-ci ildə rəhmətə getmiş, ev vərəsəlik qaydasında 2008-ci ildə Tamillanın mülkiyyətinə keçmişdir. Mübahisəli mənzildə 2015-ci ilin may ayınadək yaşamışlar. 2009-cu ildə həyat yoldaşı Cavabdeh2 rəsmi qaydada ayrılmış, lakin bir müddət sonra yenidən birgə yaşamış, nikahlarını təkrar rəsmiləşdirməmişlər. Birgə yaşadıqları vaxt ikinci övladı olmuşdur. 2015-ci ildə iddiaçı onların mnəzildən çıxarılmasını tələb etmiş, onlar mənzildən çıxaraq kirayədə yaşamağa başlamışlar. 2015-ci ildən 2019-cu ilədək Rəzzaqla kirayədə birgə yaşasa da, 2019-cu ildən sonra adına aldığı evə köçmüş, Rəzzaq isə kirayədə və tanışların evində qalmağa başlamışdır. Oğlu Fərid də hərdən onunla yaşayır, hərdən atası ilə kirayələrdə qalır, Rəzzaqın və oğlunun mənzilə ehtiyacı var, lakin Tamilla çətin xarakterli adamdır, onların həmin evdə yaşamasına imkan vermir. İkinci uşaq olarkən bir müddət qaynanasına pul vermişdir ki, uşağa baxsın. Həqiqətən də adına üç ev var, onun birini atası alaraq ona bağışlamış, digər ikisini isə öz vəsaiti hesabına almış, Rəzzaqın ümumiyyətlə maddi imkanı olmamışdır. Cavabdeh eyni zamanda göstərmişdir ki, Rəzzaq onun evinə gedibgəlir, uşaqlar görmək üçün. O, bir dəfə ezamiyyətdə olduğu vaxtda Rəzzaq gəlib uşaqların yanında qalmışdır. O, qeydiyyatdan çıxmaq istəmir, bunun üçün müəyyən sənədlərdə dəyişgənlik olmalıdır, lakin onun Tamillanın evinə ehtiyacı yoxdur. Ev Rəzzaqın babasından qalıb. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh3 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, hazırda aansı ilə qalır. Lakin onun 19 yaşı var, atası ilə qalmaq istəyir, atası ilə yaxşı analşılır. Atası pulu olanda kirayədə, olmayanda dostların evində qalır. Onlarla anasının evində qalmır. Atası kirayədə yaşayanda o da onunla gedib qalır. Dostlarının evində qalanda isə anasının evində qalır. Nənəsinin evində 12-13 yaşınadək qalmışdır. Atası nənəsi ilə mübahisə etdiyinə görə o evən çıxmışdır. Atası tikintidə usta işləyir, xəstədir, əsəbləşəndə nəfəs almaqda çətinliyi olur. O, atası ilə birlikdə nənəsinin evində yaşamaq istəyir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi Vəkil iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, Rəzzaq cavabdehin oğludur, anadan olduğu vaxtdan mübahisəli evdə yaşamışdır. Nigara nikaha girdikdən sonra 2002-ci ildə məhkəmə qətnaməsi ilə nikah həmin mənzilə qeydiyyata düşmüş, 2015-ci ilədək həmin evdə yaşamışlar, nikahla nikahları 2009-cu ildən pozulmuş, lakin bir müddət sonra barışaraq birgə yaşamışlar. İkinci dəfə yaşadıqları vaxt ikinci uşaqları olmuşdur. 2015-ci ilin may ayınadək mübahisəli mənzildə yaşamışlar, sonra anasının təkidi ilə məcbur olub həmin evdən çıxıb kirayədə qalmışlar. Bir neçə ildən sonra yenə də Nigarla münasibətləri pozulmuş ,Nigar ev alaraq öz evinə köçmüş, Rəzzaq isə yenə də kirayədə yaşamağa məcbur olmuşdur, onun maddi imkanı yoxdur, mübahisə olmasın və anası ilə üz-üzə gəlməsin deyə mübahisəli evdən çıxmaq məcburiyyətində qalmışdır. Hazırda Rəzzaqın yaşamağa yeri yoxdur və yaşayış yerinə ehtiyacı var. Cavabdehin nümayəndəsi eyni zamanda göstərmişdir ki, iddiaçının nümayəndəsinin yazılı etirazda istinad etdiyi məqamları düzgün qiymətləndirməmişdir. Belə ki, münasibətlər uşaqlara görə davam edir, yəni Nigar xanım uşaqlara görə Rəzzaqa evə gedib-gəlməyə icazə verir, münasibətlərin kəsilməsi dedikdə uşaqlarla ünsiyyətə mane olma kimi qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi qaldırılan iddianı əsassız hesab edir və məhkəmədən onun rədd edilməsini xahiş edir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahid ifadəsinin dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 fadəsində göstərmişdir ki, o, bu ailəni 15-20 ildir tanıyır. Qeyri rəsmi iddiaçı ilə yaşamışdır. Həmin evə gedib-gəlmişdir, gəlin Nigar olduğu vaxt Tamilla ailə ilə normal münasibətdə olmuş, gəlin olmadıqda isə Rəzzaqa gəlinlə bağlı sözlər demiş, münasibəti gərginləşdirmişdir. Rəzzaq ailəsi Tamillanın evində yaşamış, ikinci uşaqları da orda olmuş, Tamilla ikinci uşağa baxmaq üçün pul almış, ümumiyyətlə Tamilla pula çox meyilli olmuş, pulu qurtaran kimi qalmaqal yaratmışdır. Oğlu ailəsi ilə birlikdə məcburiyyət qarşısında evi tərk etmişdir. İş üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06.12.2008-ci il tarixli,MH seriyalı ******* seriyalı çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 2 otaq İddiaçı, 2 otaq X1, 1 otaq (y/s 9,1 kv.m.) X3, 2 otaq X4 adına daşınmaz əmlakın dövlətl reyestrində qeydiyyata alınmışdır. İş üzrə AR DİN tərəfindən yerilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanlanmış 24.08.2021-ci il tarixli məktubuna əsasən Cavabdeh1 adına Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 14, mənzil 11 (1 otaq 9,0 kv.m.); Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi, ev 15, mənzil 39; Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 74, mənzil 59 qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh2 adına isə ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə 2 saylı forma üzrə arayışdan görünür ki, X9, Cavabdeh1, Cavabdeh3 və X6 Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə notariat qaydada tədiq olunmuş Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21.08.2010-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 ilə Cavabdeh1 qəzı arasında olan nikah ləğv edilmiş və bu barədə 25.09.2009-cu ildə 127 syalı akt qeydi icra edilmişdir. İş üzrə qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin 31.07.2002-ci il tarixli 2-1546/2002 saylı qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evinə köçürülməklə evin yaşayış sahəsinə istifadə huququ tanınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evin 2 otağı paylı mülkiyyət hüququ üzrə iddiaçının xüsusi mülkiyyətindədir və iş üzrə cavabdehlər iddiaçının oğlu, gəlini və nəvəsidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında 22.12.2001-ci il tarixdə nikah bağlanılmış və həmin nikah 25.09.2009-cu il tarixdə pozulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin 31.02.2002-ci il tarixli 2-1546/2002 saylı qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Ə.Əzizov küçəsində yerləşən 31 saylı evə istifadə hüququ tanınmış və o, həmin mənzilə köçürülmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehlər artıq uzun müddətdir ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X7 küçəsində yerləşən 15 saylı evin 39 saylı mənzilində yaşayırlar, cavabdehlər forma olaraq iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışlar və cavabdeh N.Əlivediyevanın həmin mənzildən başqa mülkiyyətində daha iki mənzil var. Məhkəmə iddiaçının irəli sürdüyü tələbə hüquqi qiymət verərək qeyd edir ki, hazırki mübahisəyə hüquq münasibətləri yaranan vaxt qüvvədə olan qanunvericilik normaları baxımından qiymət verilməlidir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh2 mübahisəli mənzildə doğulduğu vaxtdan, yəni 1973-cü ildən qeydiyyatda olduğundan və həmin vaxtdan orada yaşadığından, onun həmin mənzilə istifadə hüquqları 1973-cü ildən yaranmışdır. Cavabdeh1 isə mübahisəli mənzilə istifadə hüquqları qanuni qüvvəyə minmiş 31.07.2002-ci il tarixli məhkəmə qətnaməsi əsasında yarandığı üçün, həmin hüquqlar 2002-ci ildən yaranmış hesab edilir. Eyni zamanda iddiaçı mənzilin mülkiyyətçisi kimi qeydiyyata alındıqdan sonra da Cavabdeh2 ailə üzvü kimi mübahisəli mənzildə yaşamağa davam etmişdir. Məhkəmə digər tərəfdən qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzilə istifadə hüquqları yaranan vaxt mənzilin icarədarı(1996-cı ilədək), 1996 sonra isə mülkiyyətçisi (1996-cı ildən sonra) Züleyxa Oktyabrskaya olmuşdur. 2008-ci ildə mübahisəli mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına rəsmiləşdirilmiş və hazırda da onun mülkiyyətindədir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqları 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, cavabdeh Nigar Quliyevanın isə qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinə əsasən yarandığı üçün, iddiaçının irəli sürdüyü tələbə, yəni cavabdehlərin istifadə hüquqlarına xitam verilməsinə həmin hüquqlarının yaranan vaxt qüvvədə olan qanunun normalarının baxımından qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01.10.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd edilən Məcəllənin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olaq evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. AR Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında qeyd edilmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə qanun yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi yalnız onun mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsi təsdiq olunarsa mümkündür. İdidaçı Cavabdeh2 mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsini iddia etsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Cavabdeh2 Cavabdeh1 mülkiyyətindəki mənzildə onunla birlikdə daimi yaşaması ilə bağlı da iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar təqdim olunmamışdır. Digər tərəfdən işin faktiki hallarından göründüyü kimi Cavabdeh2 və Cavabdeh1 arasında olan nikah hələ 2009-cu ildən pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddiası Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə izah edir ki, cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna yalnız müvafiq kompensasiya ödənilməsi yolu, yaxud mübahisəli mənzilə ehtiyacının aradan qalxmasından sonra kompensasiya verilmədən xitam verilə bilər. Məhkəmə iddia tələbinin Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınsa da, mübahisəli hüquq münasibətləri davam edən xarakter daşıdığı üçün, həmin hüquqların xitamı ilə bağlı yeni iddiaya baxılması yol verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində başqa mənzil var və bu hal onu göstərir ki, onun mübahisəli mənzilə olan ehtiyacı aradan qalxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29.03.2016-cı il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə Kontistusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını əsası tutaraq hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə olan ehtiyacı aradan qalxdığı üçün, iddia tələbi onun həmin mənzilə istifadə hüquqlarının itirilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, yetkinlik yaşına çatmayan 05.11.2013-cü il təvəllüdlü Xalidə Quliyevanın anası Cavabdeh1 yanında yaşadığından və bu hal məhkəmə tərəfindən müəyyən edildiyindən, onun da istifadə hüquqlarına xitam verilməsi ilə bağlı tələb əsaslıdır və təmin edilməlidir. AR Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə iddia tələbinin Cavabdeh3 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə nikahdan doğulan uşağıdır və o, da doğulduğu vaxtdan mübahisəli mənzildə yaşamışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh3 yetkinlik yaşına çatmış, atası ilə qalmaq niyyətindədir. Atası anasından ayrı yaşamaqla kirayədə və dostlarının evində qalır, kirayədə qaldığı müddətdə Fərid atasının yanında yaşayır, atası dostlarının yanında qaldığı müddətdə isə anasının yanında yaşayır. AR Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qanunun yuxarıda göstərilən tələbləri baxımından məhkəmə qeyd edir ki, Cavabdeh3 iddiaçının nəvəsi kimi (evin mülkiyyətçsinin ailə üzvünün yetkinilk yaşına çatmayan uşağı) AR Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mübahisəli evə istifadə hüququ əldə etmişlər. Məhkəmə qeyd edir ki, Cavabdeh3 mübahisəli mənzilə istifadə hüququnun olması müəyyən edildiyindən, həmin hüquqa kompensasiya ödənilməsi yolu ilə, yaxud yuxarıda göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Digər tərəfdən Cavabdeh3 anasının yanında yaşaması daimi xarakter daşımır. İddiaçı tərəfindən Cavabdeh3 mübahisəli mənzilə ehtiyacının aradan qalxması, habelə onun anasının mülkiyyətindəki evdə daimi yaşaması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmadığından, iddia tələbi Cavabdeh3 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsində əsassız heab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüquqları itirildiyi üçün, bu hal onun yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbləri yalnız Cavabdeh1 və yetkinlik yaşına çatmayan Xalidə Quliyevanın mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 və 05.11.2013-cü il təvəllüdlü X2 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh1 və 05.11.2013-cü il təvəllüdlü X2 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan qeydiyyatlarının ləğv edilməsi üçün əsasdır. İddia tələbi cavabdehlər Cavabdeh2 və X5 qarşı hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar