Məhkəmə qərarları › İş №2(009)-2599/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2599/2022

30.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2599/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi Maraqlı şəxs qismində göstərilməklə şəxsin əsl adının və soyadının, ata adının, təvəllüdünün, qeydiyyat və yaşayış yerinin müəyyən edilməsi faktına dair xüsusi icraat qaydasında ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində göstərilməklə şəxsin əsl adının və soyadının, ata adının, təvəllüdünün, qeydiyyat və yaşayış yerinin müəyyən edilməsi faktına dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hakim qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli 03 saylı qərarının: 1.1-ci bəndinə əsasən Xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPMnin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. 1.2-ci bəndinə əsasən Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.7-ci bəndinə əsasən Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalıdır. Ərizəçi Ş.Ərizəçi adlı müğənninin qeydiyyatda olduğu və yaşadığı ünvan barədə məlumatın, o cümlədən həmin şəxsin ad, soyad, ata adının və təvəllüdü barədə məlumatın hüquqi fakt kimi müəyyən edilməsini xahiş edir. Hakim qeyd edir ki, ərizəçinin müəyyən edilməsi xahiş etdiyi faktların məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmayıb və bu səbəbdən həmin ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Ərizədə müəyyən edilməsi xahiş olunan məsələnin həlli müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Əgər icra hakimiyyəti orqanının vəzifəli şəxsi həmin məlumatların əldə edilməsi ilə bağlı müraciətə müsbət cavab verməzsə, bu hal müvafiq inzibati məhkəmənin araşdırma predmeti ola bilər. Hakim izah edir ki, ərizəçi ərizədə fakt kimi müəyyən edilməsini xahiş etdiyi məlumatların əldə edilməsi ilə bağlı müvafiq inzibati orqanlara - X1 Reyestr Xidmətinə və DİN–nin Baş Pasport və Qeydiyyat İdarəsinə müraciət etməli, sonuncular tərəfindən bu məlumatın verilməsindən imtina olunduğu halda həmin inzibati orqanların hərəkətlərindən şikayətlə müvafiq inzibati məhkəməsinə müraciət etməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə hakim hesab edir ki, ərizəçi tərəfindən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı verilmiş ərizənin məhkəmə qaydasında baxılmasına yol verilmədiyindən ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qismində göstərilməklə şəxsin əsl adının və soyadının, ata adının, təvəllüdünün, qeydiyyat və yaşayış yerinin müəyyən edilməsi faktına dair xüsusi icraat qaydasında ərizənin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə fakt kimi müəyyən edilməsi xahiş etdiyi məlumatlarla bağlı müvafiq inzibati orqanlara (X1 Reyestr Xidmətinə və DİN–nin Baş Pasport və Qeydiyyat İdarəsinə) müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar