Məhkəmə qərarları › İş №2(009)-2633/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2633/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2633/2021 17.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X17 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçıların, onların nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1 və cavabdehlər Cavabdeh1 və X5 nümayəndəsi-vəkili, eyni zamanda Cavabdeh3 vəkili X1 iştirakları ilə, iddiaçılar X8 və X2 – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair mülki işə 17 noyabr 2021-ci il tarixdə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar X8 və X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11,400 ABŞ dolları pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, əvvəlki məhkəmə mübahisələri zamanı müəyyən edilmişdir ki, X11 03.09.2020-ci il tarixdə vəfat etmişdir.Həmçinin əvvəlki məhkəmə mübahisələri zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçılar Rahmani ( əvvəlki soyadı Quliyeva ) Vüsalə Cəbrayıl qızı və İddiaçı2 tərəfindən “Zaminbank" ASC-nın "Uğur" filialına X4 banka olan kredit borcu hesabına 8750 ( səkkiz min yeddi yüz əlli ) ABŞ dolları məbləğində ödəniş etmişlər və həmin ödənişlə bağlı qəbzlərə əvvəlki məhkəmə mübahisələri zamanı qəbul edilmiş qətnamələrdə qiymət verilib. Eyni zamanda əvvəlki məhkəmə mübahisələri zamanı qəbul edilmiş qətnamələrdə ( qərardadlarda ) X9 Ali Rəhmanidən 6550 ( altı min beş yüz əlli) manat aldığı adıçəkilən şəxsin yazılı ərizəsi ilə təsdiq edilmişdir. Eyni zamanda Ləğv prosesində olan "xxxx" ASC-ın iddiaçı qismində cavabdehlər Şamil Novruzov və Əli Cəbrayılova qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair Səbail rayon məhkəməsinin icraatında olmuş 2(009)-87/2020 saylı mülki işin materiallarında olan 22282 nömrəli, 05 fevral 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertiza rəyindən də görünür ki, mərhum Şamil Novruzovun "xxxx" ASC ilə bağladığı 112 və 113 saylı kredit müqavilələri üzrə ödənilmiş 11.100.33 ( on bir min yüz dollar 33 sent) ABŞ dollarından 2649.00 ( iki min altı yüz qırx doqquz ) ABŞ dollarının kim tərəfindən ödənilməsi barədə qəbz olmadığından həmin məbləğin kim tərəfindən ödənilməsi müəyyən edilməyib. Halbuki, iddiaçılar əvvəlki məhkəməyə təqdim etdiyi iddia ərizələrində və məhkəmə izahatlarında da göstəriblər ki, mübahisəli avtomobillə bağlı banka birinci dəfə ödəniş edən zaman məlum olmuşdur ki, Şamil Novruzov banka əvvəlki aylarda ödəniş etmədiyindən onun əvvəlki aylara görə faiz borcu və həmin borca görə cəriməsi olmuşdur. İddiaçı, Ali Rahmanı, Əli Cəbrayılovla birlikdə Şamil Novruzovun əvvəlki aylara görə borcunu ödəsələr də, buna görə ona hər hansı ödəniş qəbzi verilməmişdir. Buna görə də ödəniş qəbzi olmayan lakin mərhum Şamil Novruzovun banka olan 112 və 113 saylı kredit borclarına görə "xxxx" ASC-yə ödənilmiş 2649.00 ABŞ dolları da iddiaçılar tərəfindən ödənilmiş məbləğ hesab edilməli və onlara qaytarılmalıdır. Beləliklə, əvvəlki məhkəmə mübahisəsi zamanı müəyyən edilmiş hallardan və hazırkı işdə olan materiallardan da görünür ki, mərhum Şamil Novruzov, daha sonra onun vərəsələri, hazırkı iş üzrə cavabdeh qismində olan hüquqi varisləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıların hesabına əsassız ( qanunsuz ) varlanmışlar. Əvvəlki məhkəmə mübahisələri zamanı əldə edilmiş sübutlardan da görünür ki,( Bax: iş № 2(009)- 224/2021 saylı mülki işin materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********29 nömrəli, 18.02.2021-ci il tarixli məktubu) Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2 a, 42 saylı mənzilin mülkiyyət hüququ X4 adına qeydiyyatdan keçmişdir, mərhum Şamil Novruzovun birinci növbədə qanun üzrə vərəsələri və eyni zamanda mərhum Şamil Novruzovun prosessual hüquqi varisləri qismində hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şamil Novruzova məxsus Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2a, 42 saylı evdə yaşayır və həmin mənzildə qeydiyyatdadırlar. Bundan əlavə məhkəmə qətnamələri zamanı əldə edilmiş sübutlardan da iddiaçıların mərhum Şamil Novruzovun kredit borclarına görə 8750 ABŞ dolları ödəməsi bankın ödəniş qəbzləri ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, 90 MG-323 dövlət qeydiyyat nişanlı BMW 535 markalı avtomobil üçün ödənilmiş 8750 ABŞ dolları ödəniş qəbzləri ilə təsdiqini tapmış məbləğ və X9 yazılı ərizəsi ilə öz təsdiqini tapmış 6550 manatla yanaşı, mərhum Şamil Novruzovun kredit müqaviləsinə görə iddiaçılar tərəfindən banka ödənilmiş, lakin ödəniş qəbzi verilməmiş digər məbləğlərə də məhkəmə tərəfindən qiymət verilərək iddiaçıların hesabına əsassız varlanmış şəxslərdən geri alınaraq onlara qaytarılmalıdır. Bununla da, 90 MG-323 dövlət qeydiyyat nişanlı BMW 535 markalı avtomobil üçün iddiaçılar tərəfindən ümumilikdə ödənilmiş 18550 ABŞ dolları məbləğində vəsaitin Əli Cəbrayılov ödənilmiş hissəsi çıxılmaqla, yerdə qalan 11400 ABŞ dolları cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara verilməlidir. Eyni zamanda iddiaçıların məhkəməyə iddia ərizəsi vermək üçün ödədikləri dövlət rüsumu da cavabdehlərdən tutularaq onlara ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı V.Rəhmani iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini tam müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı A.Rəhmani iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini tam müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi-vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini tam müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçılar 13.10.2017-ci il tarixdə banka ödəniş edərkən, Şamilin digər hesabına ödəniş etdiklərini bildikdən sonra Şamilə müraciət etmişdirlər. Şamil isə iddiaçılara söz vermişdir ki, mübahisəli məsələni özü bankla həll edəcək və avtomobili girovdan çıxaracaqdır. Həmin müddət ərzində isə iddiaçılar Şamilə inanaraq avtomobili idarə etmişdirlər. Yalnız "xxxx" 2020-ci ilin əvvəllərində Novruzov Şamilə qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddiaçılar aldandıqlarını bilmiş və 2020-ci ilin sentyabr ayında Novruzov Şamilə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Bu səbəbdən cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassızdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, əgər məhkəmə iddianı əsaslı hesab edərsə, iddiaçılar iddia tələbi ilə müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdirlər. Belə ki, əsassız varlanma halında iddia müddəti 2 il müddət təyin edilmişdir. İddiaçılar isə sözügedəna avtomobil üçün sonuncu ödənişi 13.10.2017-ci il tarixdə etmişdirlər və həmin vaxtı onlar Şamilin əsassız varlandığını bilmişdirlər. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 23.09.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi ev 2A, 42 saylı mənzil 06.06.2007-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6358/2021 saylı, 11.08.2021-ci il tarixli Qətnaməsinin təsviri hissəsində qeyd edilmişdir ki, X11 04.09.2020-ci il tarixdə vəfat etmişdir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı1 tərəfindən "xxxx" ASC-nin “Uğur” filialına X4 banka olan kredit borcu hesabına 16 iyul 2015-ci il tarixdə 500 dollar, 27 iyul 2015-ci il tarixdə 500 dollar, 31 iyul 2015-ci il tarixdə 200 dollar, 07 sentyabr 2015-ci il tarixdə 650 dollar, 12 oktyabr 2015-ci il tarixdə 650 dollar, 11 dekabr 2015-ci il tarixdə 600 dollar, 01 mart 2016-cı il tarixdə 300 dollar, 11 aprel 2016-cı il tarixdə 300 dollar, 02 iyun 2016-cı il tarixdə 400 dollar, 11 avqust 2016cı il tarixdə 300 dollar, 07 aprel 2017-ci il tarixdə 300 dollar, X13 tərəfindən "xxxx" ASC-nin “Uğur” filialına X4 banka olan kredit borcuna görə 10 noyabr 2015-ci il tarixdə 650 dollar, 18 yanvar 2017-ci il tarixdə 300 dollar, 14 fevral 2017-ci il tarixdə 300 dollar, 15 may 2017-ci il tarixdə 300 dollar, 13 iyun 2017-ci il tarixdə 300 dollar, 14 avqust 2017-ci il tarixdə 300 dollar, 05 sentyabr 2017-ci il tarixdə 300 dollar, 13 oktyabr 2017-ci il tarixdə 300 dollar, 07 iyul 2017-ci il tarixdə 300 dollar, 15 mart 2017-ci il tarixdə 300 dollar, 30 iyun 2016-cı il tarixdə 400 dollarr ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “BMW 535” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil X7 məxsus olmuş və bankda ipotekada olmuşdur. İddiaçılar həmin avtomobili dəyəri ödənilməklə əldə etmək üçün Ş.Novruzovla razılaşmışdırlar. Bundan sonra iddiaçı həmin avtomobilə sərəncam verilməsinə dair Ş.Novruzovdan etibarnamə almışdır. İddiaçılar ilə Ş.Novruzov razılaşmışdırlar ki, Ş.Novruzovun "xxxx" ASC ilə bağladığı 10.02.2015-ci il tarixli 112 nömrəli Kredit müqaviləsi üzrə qalan kredit borcunu ödəməklə avtomobili girovdan azad etsinlər. Bundan sonra ödəniş qrafiki üzrə iddiaçılar tərəfindən banka olan borc ödənilməyə başlanılmışdır. Sonradan iddiaçılara məlum olmuşdur ki, Ş.Novruzovun sözügedən bankda eyni tarixli 112 və 113 saylı Kredit müqavilələri mövcuddur. Sözügedən avtomobil 112 saylı Kredit müqaviləsi üzrə yüklü edilməsinə baxmayaraq, iddiaçılar tərəfindən ödənilmiş pul Ş.Novruzovun 112 və 113 saylı Kredit müqavilələri üzrə olan borcundan silinmişdir. Ş.Novruzov 04.09.2020-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət edərək, cavabdehləri Ş.Novruzovun hüquqi varisləri kimi göstərmiş və pulun onlardan tutulmasını xahiş etmişdir. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə işin hallarını qeyd olunan hüquq normaları ilə yanaşı qiymətləndirərək qeyd edir ki, iddiaçılar tərəfindən bilməyərəkdən Ş.Novruzovun bankda olan 113 saylı Kredit müqaviləsi üzrə ödənişlər edildiyindən Ş.Novruzov iddiaçıların hesabına heç bir qanuni əsas olmadan varlanmışdır. Bu səbəbdən iddia tələbi qismən təmin edilərək, 8,750 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçılara qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçılar Ş.Novruzovun kredit borcu üzrə 11,400 ABŞ dolları ödədiklərini bildirsələr də,məhkəmə iclasında bu məbləğin yalnız 8,750 ABŞ dolları hissəsi öz təsdiqini tapmışdır. Məhkəmə eyni zamanda hazırki iş üzrə cavabdehlərin hazırki iddia tələbinə cavab vermələri, yəni ki Ş.Novruzovun hüquqi varisi olduqlarına münasibətdə qeyd edir ki, Ş. Novruzov vəfat etdikdən sonra cavabdehlər ona məxsus mənzildə hazırki vaxta kimi yaşamaqla Ş.Novruzovdan qalmış mirası faktiki qəbul etmiş sayılırlar. Bu səbəbdən cavabdehlərin hazırki vaxta kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamalarına baxmayaraq, onlar miras əmlakı faktiki qəbul edərək artıq hüquqi varis statusu qazanmışdırlar. Belə ki, 64 №-li MTK-nın 22.10.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yaşayırlar. MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18.07.2014-cü il tarixli Qərarında qeyd edilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16.10.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Məhkəmə eyni zamanda cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçılar Şamil Novruzovun onların hesabına əsassız varlandığını cavabdehin iddia etdiyi kimi 2017-ci il tarixdə deyil, məhz Zaminbank ASC-nin X7 qarşı “kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etdiyi zaman bilmişdir. Belə ki, iş materiallarında olan Səbail rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, hazırki iş üzrə iddiaçı Rəhmani Vüsalə həmin tələb üzrə keçirilmiş məhkəmə iclasında 3-cü şəxs qismində iştirak etmiş və bildirmişdir ki, avtomobili onun əri Şamil Novruzovdan almış, lakin alqı-satqı müqaviləsi bağlamamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar Şamil Novruzovun onların hesabına əsassız varlandığını və onlara vermiş olduğu vədə sadiq qalmayaraq iddiaçıları aldatdığını məhz 2020-ci ilin əvvəllərində öyrənmiş və qanunla müəyyən edilmiş 2 il müddəti ötürməməklə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdirlər. Bu səbəbdən cavabdehin müddətin tətbiqi ilə bağlı ərizəsi əsassız sayılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin hesab edir ki, MPM-nın 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırkı iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 8,750 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulub X8 və X3 ödənilsin. Ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi məbləğində pul Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulub X8 və X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar