Məhkəmə qərarları › İş №2(009)-271/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-271/2021

10.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-271/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh onun ünvan 1 mənzil 63 mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 mənzil 63 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Hal-hazırda sözügedən mənzildə anası xx.xx.1927-ci il təvəllüdlü X2 və uzaq qohumu xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh qeydiyyatdadırlar. Lakin Cavabdeh həmin ünvanda yerləşən mənzildə qeydiyyatda olsa da, təxminən 10 ildir ki, həmin ünvanda yaşamır. Ukrayna Respublikasında ona məlum olmayan ünvanda yaşayır. Bunu hazırki iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi qonşular tərəfindən tərtib edilmiş müvafiq notarial qaydada təsdiq edilmiş ərizələr ilə təsdiq edir. Hazırda Cavabdeh onun ünvan 1 mənzil 63 ünvanında yerləşən mənzilində pasport qeydiyyatında qalması onun üçün bir sıra əlavə problemlər yaradır ki, bu da yol verilməzdir. Ona görə də, hesab edir ki, cavabdeh xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh onun ünvan 1 mənzil 63 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilməlidir. xx xxxxxx 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqqdim edərək bildirmişdir ki, Səbail Rayon Məhkəməsinin 2 (009)-2412/2020 saylı mülki iş üzrə iddia tələbi «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» olaraq dəyişdirilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahat verərək bildirdi ki, Cavabdeh onun uzaq qohumudur. 10 ildən çoxdur ki, Ukrayna Respublikasında ona məlum olmayan ünvanda yaşayır. Ona məxsus mənzildə cavabdehin hər hansı əmlakı yoxdur. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdiyini, iddia tələbinin əsaslı olduğundan təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, işə baxıb, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 45 saylı evin 63 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli tərtib olunmuş aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 45 saylı evin 63 saylı mənzildə Cavabdeh qeydiyyatda olduğu vaxtdan heç vaxt bu ünvanda yaşamayıb. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1952-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarıdan olan X3, X4 və Bədəlova Zöhrə Tumar qızı tərəfindən yazılmış ərizələrdən görünür ki, ünvan 1 mənzil 63 ünvanında Cavabdeh qeydiyaytda olduğu vaxtdan heç bir vaxt bu ünvanda yaşamadığını təsdiq etmişlər. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X2 və Cavabdeh ünvan 1 mənzil 63 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş 4 saylı MKİS-nin 18 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 mənzil 63 ünvanında qeydiyyatda olsa da, 10 ildən artıqdır ki, həmin ünvanda yaşamır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 45 saylı evin 63 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir və o, ailəsi ilə birlikdə göstərdiyi ünvanda yaşayır. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** saylı çıxarışa əsasən onun adına qeydiyyata alınmışdır. İddiaçıya məxsus mənzildə Cavabdeh qeydiyyatdadır, lakin mənzildə yaşamır, uzun müddətdir başqa ünvanda yaşamaqla mənzillə əlaqəsi kəsmiş, həmin mənzildə cavabdehə məxsus əmlak yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığından, cavabdehin mənzilə dair istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlunun Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 45 saylı evin 63 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Həmin qətnamə Cavabdeh oğlunun Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 45 saylı evin 63 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar