Məhkəmə qərarları › İş №2(009)-272/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-272/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-272/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Beynəlxalq Bankı 3-cü şəxs qismində) qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Beynəlxalq Bankı 3-cü şəxs qismində) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 156,000 manat pulun və 446 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının keçmiş həyat yoldaşı X1 xx.xx.2022-ci il tarixdə onun mülkiyyətində olan və iddiaçının onunla birgə nikah dövründə öz vəsaiti hesabına əldə etdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sataraq Cavabdeh MMC-nin "xxxx" ASC ilə həmin MMC arasında rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli kredit və ipoteka müqaviləsi əsasında borclu olduğu 300.000 manat pulun 156,000 manat hissəsini tam şəkildə ödəmişdir. İddiaçı tərəfindən cavabdeh ilə bank arasında rəsmiləşdirilmiş kredit və ipoteka müqaviləsi əsasında borclu olduğu 300,000 manat pulun ödənilmiş 156,000 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması mütləq və zəruridir.Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları tədqiq edib, onları məcmusu üzrə qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Xətai rayon Məhkəməsinin 2(011)-7991/2023 saylı, 01 dekabr 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə X1 ilə İddiaçı arasında bağlanmış 06 iyun 2009-cu il tarixli nikahın pozulması qət edilmişdir. X1, "xxxx" ASC və Cavabdeh MMC arasında bağlanmış 06 mart 2021-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən ABB qarşısında mövcud olan öhdəliklərin təminatı qismində ABB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. X1 ilə X2 arasında bağlanmış 05 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, G.Rzayeva ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini R.Həsənova 375,000 manat qiymətə satmışdır. İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına razılıq verir. "xxxx" ASC-nin 46 saylı Notariat ofisinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 15 % dərəcəsi ilə 300,000 manat məbləğində kredit verilmişdir. Təminat olaraq X1, borc alan və ABB arasında xx.xx.2021-ci il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ABB qarşısında mövcud olan öhdəliklərin təminatı qismində ABB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borc alanın ABB-yə olan borcu 242,661.60 manat təşkil edir. İpoteka qoyan ipoteka predmetinin alqısatqı yolu ilə özgəninkiləşdirilməsi ilə əlaqədar ABB-yə müraciət etmişdir. İpoteka qoyanın müraciəti nəzərə alınaraq bildirilir ki, alıq-satqıdan əldə edilən vəsaitin 156,000 manat hissəsinin Borc alanın ABB-də olan AZ431BAZ******************** №-li hesabına köçürülməsi şərtilə ipoteka predmetinin özgəninkiləşdirilməsinə etiraz edilmir. X1 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satış dəyərindən 156,000 manat məbləğində vəsaitin kreditin ödənilməsi üçün ABB-də olan AZ431BAZ******************** saylı hesaba köçürülməsinə razılıq verilir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 156.000 manat pul vəsaiti Cavabdeh MMC-nin xx.xx.2021-ci il atrixli 0139 saylı kredit borcunun X1 tərəfindən ödənilməsi üçün köçürülmüşdür. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında 05 mart 2021-ci il tarixli kredit müqaviləsi bağlanmış və Cavabdeh MMC-yə 36 ay müddətinə illik 15 % dərəcəsi ilə 300,000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda X1 "xxxx" MMC və Cavabdeh MMC ilə ipoteka müqaviləsi bağlayaraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən ABB qarşısında mövcud olan öhdəliklərin təminatı qismində ABB-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Daha sonra borc alan borcunu ödəyə bilmədiyindən ipoteka qoyan G.Rzayeva ipoteka saxlayanın razılığı ilə ipoteka predmetini özgəninkiləşdirmiş və əldə olunan vəsaitdən 156,000 manat ödəyərək kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin banka olan borcunu bağlamışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, keçmiş həyat yoldaşı tərəfindən banka ödənilmiş 156,000 manat pulun əvəzinin Cavabdeh MMCdən tutulmasını xahiş edir. AR Mülki-Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. AR Mülki Məcəlləsinin 311.1 və 311.2-ci maddələrinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Hazırki iddia tələbinin məzmunundan və işdə olan sübutlardan görünür ki, ipoteka predmeti iddiaçının deyil, onun keçmiş həyat yoldaşının xüsusi mülkiyyətində olmuşdur. Sözügedən ipoteka müqaviləsi də onun keçmiş həyat yoldaşı G.Rzayeva ilə hazırki cavabdeh və "xxxx" MMC arasında bağlanmışdır. Odur ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi müqabilində həmin vəsaitin hazırki cavabdehdən tutulmasını ipoteka qoyan kimi əşyanın mülkiyyətçisi eyni zamanda ipoteka müqaviləsinin tərəfi kimi X1 tələb etmək hüququna malikdir. Hazırki iddiaçı isə ipoteka predmetinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edildiyini iddia edirsə, o zaman əmlakın satışından ona düşən payı keçmiş həyat yoldaşından tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı onun tələbinə cavab vermək öhdəliyi daşımayan hüquqi şəxsə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin düzgün olmayan cavabdehə qarşı qaldırılması və hazırki cavabdehin sözügedən iddiaya cavabdehlik daşımadığı səbəbindən iddia tələbi əsassız sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Beynəlxalq Bankı 3-cü şəxs qismində) qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamə tərəfə təqdim olunduqdan 1(bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar