Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2722/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Məhəmməd Ələkbər oğlu Mərdanovun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı - cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinə qarşı «əmrin ləğv ediməsi, işə bərpa, məcburi işburaxmaya görə ödənişinin həyata keçirilməsi» tələblərinə dair iddiası üzrə mülki işə 20 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinə qarşı «əmrin ləğv ediməsi, işə bərpa, məcburi işburaxmaya görə ödənişinin həyata keçirilməsi» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.05.2021-ci il tarixli əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 31.10.1999-cu il tarixli Əmək müqaviləsinə əsasən iddiaçı 4-cü dərəcəli neft və qaz hasilatı üzrə operator vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh idarə 31.05.2021-ci il tarixli əmri ilə iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad etmişdir. Cavabdeh iddiaçının ixtisara salarkən bununla bağlı iddiaçıya nə qabaqcadan, nə də ki əmri qəbul etdiyi zaman heç bir məlumat verməmişdir. Yalnız əmr qəbul edildikdən 15 gün sonra iddiaçının İdarəyə dəvət etməklə əmək kitabçasını ona təhvil vermişdirlər. Cavabdeh iddiaçının ixtisara salarkən iddiaçının idarədə uzun müddət işlədiyini, habelə tutduğu vəzifə üzrə peşəkarlıq səviyyəsini nəzərə almamış və bununla da əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, 21.01.2021-ci il tarixdə iddiaçı onunla bağlanmış Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə məlumatlandırılmışdır. Eyni zamanda bununla bağlı Həmakrlar İttifaqı Komissiyasına müraciət edilmiş və Komissiya iddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq vermişdir. İddiaçı Komissiyanın iclaslarında iştirak etmiş və onunla dəfələrlə söhbətlər aparılmışdır. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini qəbul etməkdən imtina etmiş, sonradan 18.06.2021-ci il tarixdə ərizə ilə müraciət etmiş, 23.06.2021-ci il tarixdə isə imza etməklə qəbul etmişdir. H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi müstəqil qurum olmamaqla, “Azneft” İB-nin nəzdindədir. İddiaçı isə cavabdeh qismində “Azneft” İB-ni deyil, H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsini qoymuşdur ki, həmin idarə hazırki iddia üzrə cavabdeh qismində cəlb oluna bilməz. Məhkəmə Az. Resp. MPM-nın 185.4-cü maddəsinə əsaslanaraq mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: 30.10.1999-cu il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 3 saylı Neft Qazçıxarma sexində 4-cü dərəcəli neft və qaz hasilatı üzrə operator vəzifəsinə işə qəbul edilmişdir. 17.05.2012-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı quyuların əsaslı və yeraltı təmiri sexinə 5-ci dərəcəli quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator vəzifəsinə işə qəbul edilmişdir. 21.01.2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubda qeyd edilmişdir ki, onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 29 mart 2021-ci il tarixdə ləğv ediləcəkdir. Həmkarlar İttifaqının 19.05.2021-ci il tarixli iclas protokolundan Çıxarışda qeyd edilmişdir ki, Həmkarlar İttifaqı Komitəsinin üzvləri H.Z.Tağıyev adına NQÇİ-nin rəhbərliyinin məktubuna müsbət rəy verir. “Azneft” İB H.Z.Tağıyev adına NQÇİ-nin rəhbərinin 31.05.2021-ci il tarixli əmrinin surətindən görünür ki, həmin əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Azneft” İB H.Z.Tağıyev adına NQÇİ ilə İddiaçı arasında bağlanmış 1999-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı 3 saylı Neft Qazçıxarma sexində 4-cü dərəcəli neft və qaz hasilatı üzrə operator vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra iddiaçı cavabdeh qurumun müvafiq əmri ilə quyuların əsaslı və yeraltı təmiri sexinə 5-ci dərəcəli quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının vəzifə ştatının ixtisarı ilə bağlı cavabdeh qurumun rəhbərinə təqdimat ünvanlandıqdan sonra baxılması üçün Həmkarlar İttifaqına göndərilmişdir. Həmkarlar İttifaqı Komitəsinin üzvləri keçirdikləri iclasda iddiaçının əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmiş və bu barədə cavabdeh qurumun rəhbərliyi məlumatlandırılmışdır. İddiaçı işdən azad olunacağı ilə bağlı 21.01.2021-ci il tarixdə məlumatlandırılmış və “Azneft” İB H.Z.Tağıyev adına NQÇİ-nin 31.05.2021-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “ə” bəndinə əsasən işəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, o, ştatların ixtisarı həyata keçirilərkən onun əvvəlcədən məlumatlandırılmamasına istinad edərək, onunla əmək müqaviləsinin ləğv edilməsini Əmək Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirmişdir. Məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. İş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı 21.01.2021-ci il tarixdə rəsmi qaydada məlumatlandırılmışdır. Bundan başqa iddiaçı Həmkarlar İttifaqı Komissiyasının iclaslarında iştirak etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı iddiaçı ilə söhbətlər aparılmışdır. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadlarına (ərlərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Qeyd olunan maddənin məzmunundan da görünür ki, qanunvericilik işçilərin sayı və ya ştat vahidləri ixtisar edilərkən, şəxslərin işdə saxlanılma üstünlüyü hüququnu işəgötürənin seçim etmək imkanı və hüququ ilə əlaqələndirmişdir. Bununla yanaşı məhkəmə eyni zamanda qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə aparılmış araşdırma zamanı Əmək Məcəlləsinin 79cu maddəsinin təsiri altına düşən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair 31.05.2021-ci il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən asılıdır. Buna görə də iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə hissəsi də rədd edilməlidir. Hazırkı mübahisə ilə bağlı məhkəmə eyni zamanda qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Yuxarıda göstərilənlənə istinad edərək məhkəmə qeyd edir gəlir ki, iddia tələbi həm də ona cavab verməli olmayan tərəfə qarşı qaldırıldığından əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı - cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinə qarşı «əmrin ləğv ediməsi, işə bərpa, məcburi işburaxmaya görə ödənişinin həyata keçirilməsi» tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2722/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2722/2021
20.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver