Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2736/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı xidməti vəzifəsinə bərpa olunması və məcburi proqula görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 01091 nömrəli 09.08.2021-ci il tarixli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, əvvəl tutuduğu vəzifəyə bərpa olunması və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı keçmiş hərbi qulluqçudur (leytenant) və o, Cavabdeh 09.08.2021-ci il tarixli 01091 nömrəli əmrinə əsasən “Hərbi xidməd keçmə haqqında” Əsasnaməyə müvafiq olaraq xidmətdən xaric edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, işdən azad edilməsi ilə bağlı qəbul edilmiş əmrin ləğv edilməsi və onun xidmətə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hakim qeyd edir ki, iddiaçı keçmiş hərbi qulluqçu olduğu üçün, o, cavabdeh orqanda əmək müqaviləsi əsasında işləməmişdir. İddiaçı "Hərbi xidmət keçmə haqqında" Əsasnaməyə əsasən hərbi qulluq keçmişdir. Yəni iddiaçının hərbi xidmət orqanlarına xidmətə qəbul edilməsi və xaric edilməsi inzibati orqanın müvafiq əmri ilə həyata keçirilir və həmin əmr inzibati akt hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Azərbaycan Respublikası MÜdafiə Nazirliyi inzibati orqandır. Hakim hesab edir ki, hazırki mübahisə inzibati orqanın qəbul etdiyi inzibati aktın mübahisələndirilməsi ilə bağlı, yəni iddiaçının daxili işlər orqanlarından bərpa edilməsi ilə bağlı olduğundan(faktiki olaraq inzibati orqanın qəbul etdiyi inzibati aktın qanunsuz hesab edilməsi), həmin iddia tələbinə aidiyyəti üzrə ixtisaslaşdırılmış məhkəmədə - inzibati məhkəmədə baxılmalıdır. AR İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4№-li qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hakim izah edir ki, iddiaçı göstərilən tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Hakim həmçinin izah edir ki, iddiaçı müvafiq inzibati məhkəməyə ərizə verərkən AR İPM-nin 8.1.3-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə aidiyyətini müəyyənləşdirməlidir. Belə ki, AR İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü madədsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı xidməti vəzifəsinə bərpa olunması və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o hazırki tələblə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2736/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2736/2021
13.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver