Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2747/2021 23.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X1 qarşı nikahın etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, X3 ilə 16.07.2021-ci il tarixdə 3 saylı ASAN xidmət mərkəzində rəsmi nikah qeydiyyatına daxil olmuşlar və həmin gün də Hacıqabul rayonunda qız toyu olmuşdur. Qız toyunda xırda narahatçılıq olsa da, toy baş tutmuş və onlar, yəni oğlan evi, Bakıya evə qayıtmışlar. Adətə uyğun olaraq Səbinə - gəlin valideynlərinin yanında qalmış, onlar da Bakıya evlərinə qayıtmışlar. 27.07.2021-ci il tarixdə isə oğlan toyu olmalı idi. Toyun səhərisi günü, yəni 17.07.2021-ci il tarixdə səhər tezdən qızın anası onun anasının telefonuna sms göndərmişdir ki, “gətirdiklərinizi gəlin aparın, bizimki tutmaz”. Məsələnin araşdırılması məqsədilə onlar rayona getmişlər və ona məlum olmuşdur ki, Səbinə onu sevməyib. Onlar çox təkid etsələr də, Səbinə onların qarşılarına çıxmamışdır. Soruşanda anası bir dəfə demişdir ki, evdə yoxdur, sonra da demişdir ki, öz otağındadır, qulaqcıq da qulağındadır. Cavabdeh bir dəfə də olsun zəng vurmadı. Harda görünüb ki, qız toyundan sonra sabahı gün alınmadı deyə imtina olunur. 27.07.2021-ci il tarixə təyin olunmuş oğlan toyu da olmadı. Möhkəm ailə əsl sevgi üzərində qurulur. O, sevgini Səbinədən görməmişdir. Nikahları da sevgi üzərində deyil, yalnız kağız üzərində olan saxta nikahdır. Nikahları olsa da, onlar birgə yaşamamışlar. Göstərilənləri nəzərə alaraq iddiaçı nikahların etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, qız toyundan sonra nikahları bağlanılmış, lakin oğlan toyu olmamışdır. Cavabdeh onu sevməmiş və onlara gəlin gəlməmişdir. Onun niyyəti ailə qurmaq olmuş, bu məqsədlə nikah bağlamışdır. Cavabdeh onu sevmədiyi və ailə münasibətləri yaranmadığı üçün nikahı etibarsız hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, İddiaçı ilə X3 nikah münasibətindədirlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh nikah münasibətindədirlər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, nikah rəsmiləşdirildikdən sonra cavabdehin onunla münasibəti pozulmuş, oğlan toyu olmamış, birgə yaşamamışlar və cavabdeh onunla ailə qurmaq istəməmişdir. Onunla cavabdeh arasında rəsmi nikah olsa da, oğlan toy mərasimi baş tutmamış, onların arasında ər-arvad münasibətləri olmamışdır. Bu səbəbdən iddiaçı nikahın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . AR Ailə Məcəlləsinin 9.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən bir ay sonra onların iştirakı ilə bağlanır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Qeyd edilən Məcəllənin 26.1.3-cü maddəsinə əsasən könüllü razılığın olmaması dedikdə, məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanmış nikah etibarsız hesab edilə bilər. Saxta nikaha daxil olan şəxslər (və yaxud) onlardan biri yalnız əmlak və qeyri-əmlak nemətləri əldə etmək məqsədi güdür və ailə qurmaq niyyətində deyildir. Nikah münasibətinə daxil olanlardan yalnız birinin ailə qurmaq niyyəti olmamışdırsa, digər tərəf isə həqiqətən ailə qurmaq məqsədi ilə nikaha daxil olubsa, belə nikah saxta sayıla bilməz. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən nikahın etibarsız hesab edilməsi əsasları qanunla konkret müəyyən edilmişdir. Bu əsaslar nikah bağlanılarkən nikah yaşı ilə bağlı tələblərin pozulması, nikahın Ailə Məcəlləsinin 12-ci maddəsində müəyyən edilmiş şəxslər arasında bağlanılması, tərəflərin nikah bağlayarkən ailə qurmaq niyyətində olmamaları və nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlədilməsidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, nikah bağlandıqdan sonra tərəflər arasında münasibətlər pozulmuş, cavabdeh iddiaçı ilə hazırda ailə qurmaq və birgə yaşamaq istəmir və aralarında bütün münasibətlərə son qoyulmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında nikah bağlanılarkən AR Ailə Məcəlləsinin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlərin pozulması müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanan nikah ailə qurmaq niyyəti ilə bağlandığı üçün, onlar arasında toy mərasiminin olmaması, sonradan münasibətlərinin pozulması və cavabdehin iddiaçı ilə ər-arvad kimi yaşamaq istəməməsi, nikahın etibarsız hesab edilməsi əsası kimi çıxış edə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında nikah ailə qurmaq niyyəti ilə bağlandığı üçün və nikahın etibarsız hesab edilməsi üçün əsaslar müəyyən olunmadığı üçün, irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin izah edir ki, tərəflər arasında nikah tərəflərin razılığı əsasında qeydiyyat şöbəsində pozula bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə. QƏT ETDİ: İddiaçı cavabdeh X2 nikahın etibarsız hesab olunması barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2747/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2747/2021
23.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver