Məhkəmə qərarları › İş №2(009)-2768/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2768/2025

15.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2768/2025 15.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Abasian Vahidə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə yerləşdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Abasian Vahidə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə yerləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında pasport qeydiyyatındadır. Hal-hazırda faktiki olaraq həmin ünvanda yaşayır. Bu yaxınlarda işə düzəltmək üçün şirkətlərin birinə müraciət etmişdir. Həmin şirkət tərəfindən ona başqa bir yerdə əmək müqaviləsinin olması bildirilmişdir. Onunla işəgötürən fiziki şəxs Abasian Vahid (VÖEN: 6**********) arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Onunla olan əmək müqaviləsi isə nədənsə bu günki, günə qədər qüvvədə qalmışdır. Yuxarıda qeyd etdiyi kimi bu yaxınlarda başqa şirkətlə əmək müqaviləsi bağlamaq istədikdə, əmək müqaviləsinin qüvvədə qalmasından xəbəri olmuşdur. O, bu məsələ ilə bağlı aidiyyatı quruma müraciət etmişdir. Onun müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsində baxılmış və ona cavab məktubu göndərilərək məhkəməyə müraciət edə biləcəyini izah olunmuşdur. O, bir neçə dəfə cavabdeh işəgötürən Abasian Vahid (VÖEN: 6**********) hüquqi ünvanına gedərək bu işə aydınlıq gətirməsini və əmək müqaviləsinə xitam verilməsini istəsə də, cavabdehin həmin ünvanda fəaliyyət göstərmədiyi məlum olmuşdur. Məcbur qalıb mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla işəgötürən fiziki şəxs Abasian Vahid (VÖEN: 6**********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququnun X1 Xidməti Bakı şəhər İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh ünvanı məlum olmadığından onun nümayəndəsi məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı ünvandan məhkəmə bildirişi müvafiq qeydlə (“köçüb”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə xxxxxxx000100 saylı, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı fiziki şəxs Abasian Vahidin yanında satıcı vəzifəsinə işə qəbul olunmuş, onunla müddətli növü əmək müqaviləsi bağlanılmış, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2021-ci il tarixidir, aylıq əmək haqqı 250 manat təşkil etmişdir. İş üzrə İddiaçı tərəfindən Abasian Vahidə ünvanlanmış ərizənin surətindən görünür ki, onunla işəgötürən Abasian Vahid (VÖEN: 6**********) arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Hal-hazırda onunla işəgötürən Abasian Vahid (VÖEN: 6**********) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zərurəti yaranmışdır. Odur ki, yuxarıda qeyd etdiklərini nəzərə almasını və onunla işəgötürənin Abasian Vahid (VÖEN: 6**********) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, onun fiziki şəxs Abasian Vahid tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlandığı müraciətə Nazirlik yanında X1 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Bildirirlər ki, müraciəti ilə əlaqədar İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə fiziki şəxs Abasian Vahidin (ünvan 4 ünvanına 3-17-5/2-A-87791/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilmiş, lakin tələb olunan sənədlərin təqdim olunması fiziki şəxs Abasian Vahid tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Nəzərinə çatdırırlar ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2026-cı il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün deyildir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən fiziki şəxs Abasian Vahid tərəfindən İddiaçı aid əmək müqaviləsinin xx.xx.2021-ci il tarixində qeydiyyata alındığı və həmin əmək müqaviləsinin hazırda qüvvədə olduğu müəyyən edilmişdir. Fiziki şəxs Abasian Vahid tərəfindən müvafiq sənədlər X1 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılaraq nəticəsi barədə İddiaçı məlumat veriləcəkdir. Məlumat üçün bildirirlər ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı işəgötürənə müraciət etməlidir. Əgər işəgötürən tərəfindən icra edilməsi mümkün deyilsə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmalı və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməlidir. İş üzrə Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/6-02228 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı “əmək müqaviləsinə xitam verilməsi” tələbi üzrə xx.xx.2025-ci il tarixdə 11.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Abasian Vahid iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh fiziki şəxs Abasian Vahid (VÖEN: 6**********) arasında xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi (1 ay müddətinə) bağlanılmışdır və iddiaçı həmin satıcı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsində nəzərdə tutulmuş müddət bitsə də, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməmiş və iddiaçı başqa şirkətlə əmək müqaviləsi bağlamaq istədikdə fiziki şəxs Abasian Vahid (VÖEN: 6**********) arasında bağlanılmış əmək müqaviləsinin qüvvədə qalmasından xəbəri olmuşdur. İddiaçı əmək müqaviləsnə xitam verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. Hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququnun X1 Xidməti Bakı şəhər İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Əmək hüququnu təsbit edən Konstitusiyanın 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin maddənin Vİİİ hissəsinə uyğun olaraq, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən edir, əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnun olması, həmçinin Əmək Məcəlləsinin preambulasında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilmişdir. Əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin tələblərinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, bu öhdəliklərin icrasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə verilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 2-ci hissəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyəti orqanı olan X1 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X1 Xidmətinin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə fiziki şəxs Abasian Vahid (VÖEN: 6**********) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. Fiziki şəxs Abasian Vahid (VÖEN: 6**********) ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar