Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2803/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh MMC-yə qarşı “icarə haqqının və faizlərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-yə qarşı “icarə haqqının və faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 17500 (on yeddi min beş yüz) manat əsas borc və 26500 (iyirmi altı min beş yüz) manat gecikdirməyə görə razılaşdırılmış faiz borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilini (evini) ofis kimi istifadə etmək məqsədilə cavabdehin ofertası və onun onu aksept etməsi vasitəsi ilə 01 aprel 2019-cu il tarixdə bağladıqları icarə müqaviləsi əsasında Cavabdehnə müddətli icarəyə vermişdir. Müqavilənin 2.1-ci bəndində göstərildiyi kimi, aylıq icarə haqqı hər faktiki kvadratmetr üçün 15 manat olmaqla kommunal, istismar və vergi xərcləri xaric 3500 (üç min beş yüz) manat müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndində göstərildiyi kimi, “vergilərin ödənilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən tənzimlənir, vergilər icarə haqqına daxil deyil, bu müqavilə üzrə "icarəyəverən"ə aid vergilərin dövlət büdcəsinə ödənilməsi "icarəçi"nin öhdəsində qalır”. Sənəddə həmçinin razılığa gəlmişlər ki, müqavilənin qüvvədə olduğu birinci ay, aprel üçün haqq ödənilməyəcək, may ayından başlayaraq icarə haqqı nəğd qaydada əvvəlki ayın sonuna qədər aybaay, yaxud istənilən müddət üçün öncədən ödənilməlidir. Beləliklə, 2019-cu il aprelin 1-də obyekti tam təmirli vəziyyətdə açarları ilə birlikdə cavabdeh MMC-nin sədri X7 təhvil vermişdir. Bir neçə günə cavabdeh özünə məxsus avadanlığı obyektdə yerləşdirməklə oradan istifadəyə başlamışdır. Aprelin sonunda N.F.Mehdiyev nağd olaraq may, iyun və iyul aylarına dair icarə haqqını ona öncədən ödəmişdir. İyulun və avqustun sonunda da müvafiq olaraq aylıq haqqı ödəmişdir. Növbəti oktyabr ayına dair haqq sentyabrın sonunda ödənilməli idi. Lakin, Cavabdeh MMC-nin təsisçisi və direktoru N.F.Mehdiyev həmin ay pulu bir qədər ləngidəcəyini, sonra üç aylıq haqqı öncədən ödəyəcəyini bildirmiş, o, da bunu nəzərə almışdır. Lakin oktyabrın sonunda da Mehdiyev pulu hələ verə bilməyəcəyini, tezliklə tam ödəyəcəyini dedikdə, çoxdan tanıdığı, dostluq etdiyi və xətrini çox istədiyinə görə ona bildirmişdir ki, əgər bu hal davam edəcəksə, obyekti təhvil verməsini xahiş etmiş, borclu olduğu son ayın haqqını da bağışlamağını söyləmişdir. N.F.Mehdiyev inandırıcı tərzdə müqavilənin illik bağlandığını və borcu tezliklə tam ödəyəcəyini bildirmişdir. Beləliklə, N.Mehdiyev onu əmin edə-edə borcunu ödəməmişdir. O, obyekti təhvil verməsini cavabdehə təkid etmiş və cavabdeh 2020-ci il martın 15-də bahalı əşyalarını obyektdən çıxararaq açarın yalnız birini ona vermiş, digər nüsxələri isə hələ də onda qalmışdır. 02 mart 2020-ci il tarixdə rəsmi pretenziya yazaraq sifarişli poçt vasitəsilə cavabdehin yaşadığı ünvan 2 ünvanına göndərmiş, həmçinin, dərhal 050 *** ** ** mobil nömrəsindəki “WhatsApp” əlavəsinə göndərmiş və N.Mehdiyevə zəng vurub soruşmuş, o, da pretenziyanı aldığını, tez bir zamanda borcunu tam ödəyəcəyini vəd etmişdir. Pretenziyada - “Nəzərinizə çatdırıram ki, Sizinlə bağladığım 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürdüyünüz ünvan 3 ünvandakı daşınmaz əmlakıma görə 5 aylıq icarə haqqını özünüz bildiyiniz səbəbdən bu günə kimi ödəməmisiniz. Borcun bu qədər artmasının səbəbi Sizin dəfələrlə verib əməl etmədiyiniz vədlərdir. Borcunuz bugünkü 02 mart 2020-ci ilə, gecikdirmə faizi nəzərə alınmamaqla aya 3500 manat hesabı ilə 17500 (on yeddi min beş yüz) manat edir. Borcunuzu tam şəkildə ödəmək üçün Sizə 07 mart 2020-ci il tarixə kimi möhlət verilir. Borcun ödənilməsi barədə tələbin göstərilən tarixədək yerinə yetirilmədiyi təqdirdə məbləğin Sizdən müqavilənin 2.4-cü bəndində razılaşdırdığımız gecikmə faizi (bu günə -15285 manat) ilə birlikdə xeyrimə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağam” bildirilmişdir. Lakin cavabdeh yenə də boş vədlər verməkdə davam etməkdədir. "İcarə haqqında” qanunun 7-ci maddəsinin 1-ci hissəsində göstərilir ki: “İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir”. Lakin icarəçi bu borcunu ödəməkdən yayınır, beləliklə, müqavilə öhdəliklərini və Mülki Məcəllənin 389.1, 390.1, 405.1 və digər maddələrini pozaraq mülki hüquq pozuntusuna deliktə yol vermiş və ona kifayət qədər borcundan yayınmaq və onu ləngitməklə ona maddi ziyan vurmaqda davam edir. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdehin oktyabr 2019 - fevral 2020-ci il dövrünə “7500 (3500 x 5 ay) manat borcu yaranmışdır (sonrakı ayların haqqını tələb etmir). Cavabdeh müqavilənin 2.4-cü bəndində belə bir öhdəlik də götürmüşdür: “İcarə haqqı gecikdirildikdə “icarəçi” hər gecikdirilən gün üçün “icarəyəverənə” ödəniləcək məbləğin 1 faizi miqdarında məbləğ əlavə edir və ödəyir”. Bu öhdəliyinə görə onun, indiyədək ona 26500 manat keçikdirmə borcu da yaranmışdır. Beləliklə, cavabdehin bu günədək ona olan borcu (17500+26500) 44000 manatdır. Cavabdeh öz üzərinə razılaşdığı xüsusatlarla yanaşı müqavilənin 4.8-ci bəndində Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək” öhdəliyi də götürmüşdür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(009)- 1140/2020 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh MMC-dən İddiaçı xeyrinə 01 aprel 2019-cu il tarixli icarə müqaviləsi üzrə 17500 (on yeddi min beş yüz) manat əsas, 26500 (iyirmi altı min beş yüz) manat gecikdirməyə görə razılaşdırılmış faiz borcu olmaqla, cəmi 44000 (qırx dörd min) manat məbləğində borcun tutulması və Cavabdeh MMC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Mülki iş üzrə Cavabdeh MMC-nin direktoru X8 apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(009)-1140/2020 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(009)- 2803/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(009)-1140/2020 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçı Cavabdeh MMC-nin direktoru X3 şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 250-ci maddəsinin tələbinə görə, əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Ancaq o, N.F.Mehdiyevin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını, ümumiyyətlə bu işlə bağlı bütün çağırışlardan yayınmasını üzürlü səbəbdən baş vermədiyinə 100 faiz əmindir və bunu məhkəməyə təqdim etdiyim əsalarla sübut edir. Faktiki olaraq Cavabdeh MMC-nin direktoru X8 onun məhkəməyə müraciət etməyi haqqında qiyabi qətnamə çıxarılmağı, icraata yönəldildiyi, icradan bilərəkdən yayındığı üçün axtarışa verilməsi və s. haqqında müfəssəl məlumata malik idi. O, bu barədə onun daim aktiv olan 050 *** ** ** mobil nömrəsinə və özünü Cavabdeh MMC-nin baş mühasibi kimi təqdim edən Vüsal adlı şəxsin 050 *** ** ** mobil nömrəsinə zəng vuraraq bildirmişdir. Bütün məhkəmə bildirişlərini cavabdeh MMC-nin təsisçisi, sahibi və direktoru X4 həm 050 *** ** ** mobil nömrəsinin Whatsapp əlavəsinə, həm də Elektron ünvan elektron poçtuna göndərmişdir. Bundan əlavə, mübahisə predmeti barədə cavabdehlə danışıqları canlı, telefon və Whatsapp vasitəsi ilə aparılmışdır. Qeyd edir ki, müasir elektron mobil rabitə platforması Whatsapp ilə yazışmalar, səsli danışıqlar, göndərilən sənədlər, fotolar, videolar hər iki tərəfin smartfonunda avtomatik qeydə alınır və hər bir tərəf bunu bilir, yalnız öz cihazından silə bilər, lakin qarşı tərəfin cihazından (smartfonundan, kompüterindən) silməsi mümkün deyildir. Yəni, bu yazılar barədə hər iki tərəf əvvəlcədən məlumatlı olurlar, odur ki, bu yazışma və söhbətlər məhkəmə işi üçün mühüm əhəmiyyəti olan qanuni sübutlardır. Bundan əlavə, apellyasiya şikayətində göstərilir ki, guya “Cavabdeh MMC İddiaçı ilə 01.04.2019-cu il tarixdə icarə müqaviləsi bağlamışlar. Lakin icarə obyektinə İddiaçı vergi kodu alınmadığından Cavabdeh MMC həmin obyekti icarəyə götürməmiş və istifadə etməmişdir. Ona görə də Cavabdeh MMC-nin İddiaçı 01.04.2019-cu il tarixdə icarə müqaviləsinə görə borcu yoxdur və olmamalıdır. Əsas borc olmadığından və həmin icara obyektindən istifadə olunmadığından faiz borcu da yoxdur və olmamalıdır”. Mülki qanunvericiliyə görə müqavilə tərəflər arasında hüquqi münasibətləri tənzimləyən mühüm hüquqi sənəddir və imzalanıb təsdiq edildikdən sonra orada qeyd edilən öhdəliklərin yerinə yetirilməsi hər iki tərəf üçün məcburi olur. Müqavilənin aşağıdakı bəndlərində tərəflər razılığa gəlmişlər: 3.1. Müqavilənin müddəti 01 aprel 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək müəyyən edilir. 3.2. Bu Müqaviləyə tərəflərdən birinin digərinə bir ay əvvəl təqdim edilmiş yazılı xəbərdarlığı ilə xitam verilə bilər. Bu halda obyekt dərhal boşaldılmalı və “icarəyəverən”ə normal vəziyyətdə təhvil verilməlidir. 3.3. Müqavilə müddəti başa çatmazdan bir ay əvvəl tərəflərdən birinin yazılı təşəbbüsü olmazsa, müddət növbəti il üçün uzadılmış hesab edilir. Növbəti ildə də bunun kimi. 7.1. Bu müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir. 7.2. İcarə obyektinə - əmlaka nəzərəçarpacaq həcmdə maddi ziyan vurulduqda, “icarəçi” “icarəyəverənə” həmin ziyanı tam ödəməlidir. 7.3. Tərəflərdən biri bu müqavilə üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirmək iqtidarında olmadıqda, qarşı tərəfə bir ay əvvəl yazılı müraciət etməklə müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Obyektin vergi kodu Cavabdeh MMC-dən əvvəl Xarici İşlər Nazirliyinin bir diplomatik qurumunun icarəsində idi, ora da kodu icarə müqaviləsini təqdim etməklə özləri almışdılar. Cavabdeh icarə müqaviləsində saxta düzəliş etməklə icarə haqqını 3 dəfədən az qeyd edərək Vergilər Xidmətinə təqdim etdiyi məlum olmuşdur. Cavabdeh MMC-nin onun adına ödəyəcəyi ödəmə mənbəyindən 14 faiz vergi barədə sorğusuna xidməti elektron kabinetinə aşağıdakı məzmunda cavab göndərmişdir: “AZ 1001, Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli, ev 3/5, mənzil 13A İddiaçı FİN: 1BKW3Q Sizin ödəmə mənbəyində tutulan vergilər barədə müraciətinizə (AVİS qeydiyyatı: 15.07.2021-ci il tarixli, **********741100 nömrəliyə) Bakı şəhəri X15 üzrə Baş İdarədə baxılmışdır. Bildiririk ki, uçot-baza məlumatlarına əsasən Cavabdeh (VÖEN: **********) ilə bağlanmış 01.04.2019cu il tarixli icarə müqaviləsinə əsasən icarəçi hüquqi şəxs tərəfindən 01.04.2019-cu il tarixdən 30.06.2021-ci il tarixədək olan dövrlər üzrə ödəmə mənbəyində verginin hesablanmadığı müəyyən edilmiş və qanunamüvafiq tədbirlərin görülməsi tərəfimizdən təmin ediləcəkdir... Bakı şəhəri X15 üzrə Baş İdarənin rəis müavini, baş vergi xidməti müşaviri: Vüsal Qarayev”. Obyektə vergi kodu ilə bağlı məsələləri indiyədək icarədə olanlar özləri həll etmişlər. Əgər cavabdeh bu barədə ona müraciət etsəydi, özüm də xidmətə onlayn məktub yazmaqla bu işi təcili həll edərdi. Belə bir müraciət nə yazılı, nə də şifahi qaydada ona edilməmişdir. Əksinə, N.Mehdiyev ardıcıl olaraq işinin yaxşı getdiyini, hansısa dövlət sifarişi aldığını həm ordan, həm də Almaniyadakı müştərisindən tez bir zamanda hesablarına iri məbləğdə pul daxil olacağını deyərək onu arxayın salmağa cəhd göstərmişdir. Bütün bunlar 29 sentyabr 2020-ci il tarixli ərizəsilə məhkəməyə təqdim etdiyi videodiskdə vardır. Göndərdiyi komputer monitor videosunda onların mübahisə predmeti olan icarə haqqı borcu barədə 28 oktyabr 2019-cu ildən 18 mart 2020-ci ilədək olan müddətdə Whatsapp vasitəsilə səsli və yazılı dialoqları vardır. Bu videomaterial iddia ərizəsində göstərdiyi bütün faktiki halları sübut edir. Bundan əlavə, Cavabdeh MMC-nin təsisçisi, sahibi və direktoru əvvəllər rəhbərlik etdiyi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) icraiyyə komitəsinin üzvü olmuşdur. Təşkilata icarə haqqından əlavə güclü sponsor köməyi də edəcəyini vəd etdiyi üçün 30.12.2019-cu ildə keçirilən ümumi yığıncağı onu bu təşkilata vitse prezident seçmiş, əvəzinə 100 avro üzvlük haqqı ödəyərək X12 Assosiasiyası (AİPS) üzvlüyünü bərpa etmişdir. O vaxt artıq 3 ay idi ki, obyektinə icarə haqqı yox, boş-boş söz verirdi. Əslində, qanunvericiliyin tələbinə görə cavabdehin 2020-ci il martın sonuna kimi icarə obyektində işləməsini o, sübut etməməlidir, şikayətində göstərdiyi guya kod alınmadığı üçün orada işləmədiyini cavabdeh təsdiq etməlidir. 31 avqust 2019-cu ildə aylıq icarə haqqını almaq üçün icarə obyektinə getmişdir. Cavabdeh MMC-nin direktoru onu söhbətə tutmuş, iş komputerində Lüksemburqun Dubelanj və Ermənistanın Ararat futbol millilərinin matçını seyr edirdi. Əhvalı da çox yaxşı idi. Cavabdehin onunla söhbətini smartfonu ilə videosunu çəkmiş, həmin gün də Youtube internet platformasına yükləmişdir. Sonra N.Mehdiyev ona 2019-cu ildə son dəfə (sentyabr ayı üçün) icarə haqqını vermişdir. Oktyabr-dekabr 2019, yanvar-fevral 2020-ci illərin icarə haqlarını isə ödəməmişdir. Əslində müqavilənin müddəti 31 dekabr 2020-ci ildə başa çatırdı. Cavabdeh onun sərt təpkisi ilə martın axırında əşyalarını obyektdən çıxarmış, bir qismini isə yeni icarədara satmışdır. Lakin o, cavabdehin borcu haqda 2020-ci il fevralın sonuna kimi olan 5 aylıq dövr üçün iddia qaldırmışdır. Yuxarıda qeyd edilənləri, təqdim etdiyim təkzibolunmaz sübutları və qüvvədə olan qanunların müvafiq müddəalarını nəzərə alaraq Cavabdeh MMC-nin direktoru X3 şikayətinin rədd edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC məhkəməyə şikayətlə müraciət edərək göstərmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 01.04.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Lakin icarə obyektinə İddiaçı vergi kodu alınmadığından Cavabdeh MMC həmin obyekti icarəyə götürməmiş və istifadə etməmişdir. Ona görə də, Cavabdeh MMC-nin İddiaçı 01.04.2019cu il tarixdə icarə müqaviləsinə görə borcu yoxdur və olmamalıdır. Əsas borc olmadığından və həmin icarə obyektindən istifadə olunmadığından faiz borcu da yoxdur və olmamalıdır. Cavabdeh MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “icarəçi” - Cavabdeh MMC-nin təsisçisi və direktoru X8 ilə “icarəyəverən” - İddiaçı arasında bağlanmış 01 aprel 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, "icarəyəverən" xüsusi mülkiyyət hüququ ilə ona məxsus, sənədlər üzrə rəsmi ünvanı ünvan 4izami küçəsi, 16 (30D) olan, sənədlər üzrə ümumi sahəsi 223,36 (faktiki sahəsi 235 kv.m.) kvadrat metr olan mənzilini ofis kimi istifadə olunması məqsədilə “İcarəçi"nin müddətli istifadəsinə vemişdir. Bu müqavilə üzrə aylıq icarə haqqı hər faktiki kvadratmetr üçün 15 manat olmaqla kommunal, istismar və vergi xərcləri xaric 3500 (üç min beş yüz) manat müəyyən edilmişdir. İcarə haqqı nəğd qaydada əvvəlki ayın sonuna qədər aybaay, yaxud istənilən müddət üçün öncədən ödənilməlidir. Müqavilənin qüvvədə olduğu ilk ay - aprel 2019-cu il üçün icarə haqqı ödənilməyəcəkdir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən iddiaçı tələbində cavabdehlə aralarında bağlanmış 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinin 2.4-cü bəndinə əsasən icarə haqqı gecikdirildikdə “icarəçi” hər gecikdirilən gün üçün “icarəverən”ə ödəniləcək məbləğin 1 faizi miqdarında məbləğ əlavə edilir və ödəyir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin müddəti 01 aprel 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək müəyyən edilir. Bu Müqaviləyə tərəflərdən birinin digərinə bir ay əvvəl təqdim edilmiş yazılı xəbərdarlığı ilə xitam verilə bilər. Bu halda obyekt dərhal boşaldılmalı və “icarəyəverən”ə normal vəziyyətdə təhvil verilməlidir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi sistemindən çıxarışdan görünür ki, Cavabdeh MMC vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır (VÖEN **********) İş materiallarında olan "Sabatini” MMC ilə fiziki şəxs İddiaçı arasında bağlanmış 01 aprel 2019-cu il tarixli icarə müqaviləsi üzrə oktyabr 2019 - fevral 2020 dövrü 5 aylıq icarə haqqının gecikdirilməsi ilə əlaqədar müqavilənin 2.1-cü bəndi ilə nəzərdə tutulmuş gecikdirmə faizinin hesablanması barədə cədvəldən görünür ki, 2019-cu ilin oktyabr ayının 31-dən 2020-ci ilin aprel ayının 30-na kimi 17500 manat əsas icarə haqqı borcu və 26500 manat gecikdirməyə görə razılaşdırılmış əlavə borc hesablanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin təsisçisi və direktoru X7 ünvanlanmış 02.03.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, onunla bağladığı 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürdüyü ünvan 3 ünvandakı daşınmaz əmlakına görə 5 aylıq icarə haqqı bu günə kimi ödəməmişdir. Borcun 02 mart 2020-ci ilə, gecikdirmə faizi nəzərə alınmamaqla aya 3500 manat hesabı ilə 17500 (on yeddi min beş yüz) manat edir. Borcu tam şəkildə ödəmək üçün ona 07 mart 2020-ci il tarixə kimi möhlət verilir. Borcun ödənilməsi barədə tələbin göstərilən tarixədək yerinə yetirilmədiyi təqdirdə məbləğin ondan müqavilənin 2.4-cü bəndində razılaşdırdıqları gecikmə faizi (bu günə +16285 manat) ilə birlikdə onun xeyrinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. İş materiallarında olan Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 9 saylı MKİS tərəfindən X5 ünvanlanmış 06.12.2021-ci il tarixli 151 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu 9 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühasibi X2 və mühəndisi X9 2019-cu ilin iyun ayında bir neçə dəfə MKİS-in xidməti ərazisində yerləşən, onun xüsusi mülkiyyətində olan Nigar Rəfibəyli küçəsi 3/5 mənzil 13a ünvanında müvafiq icarə müqaviləsi əsasında yerləşən Cavabdeh ofisində olmuş, MMCnin direktoru X6 görüşmüş, obyektin 2019-cu il üçün xidmət haqqının ödənilməsini xahiş etmişlər. Daha sonra mühasib X2 və mühəndis X9 onlarla telefon əlaqəsi saxlamış, məsələ barədə məlumat vermişdir. Bundan sonra əmkdaşları 30 iyun 2019-cu il tarixdə yenidən həmin ofisə getmiş, Cavabdeh MMC-nin direktoru Nəriman Mehdiyev qeyri yaşayış məqsədi ilə istismar edilən yaşayış mənzilləri üzrə nəzərdə tutulan tarif üzrə 223 kvadrat metr sahə üçün 133 manat 92 qəpik məbləği nəğd olaraq mühasib X1 ödəmiş mühasib isə ona məbləğin alınmasına dair əmlakın sahibi İddiaçı adına ƏİZ seriyalı, 260207 N-li kassa mədaxil qəbzi təqdim etmiş, həmin gün də ƏİZ serialı 260207 N-li kassa mədaxil orderi əsasında 9 saylı Mənzil Kommunal İstismar Sahəsinin kassasına mədaxil etmişdir. Adları qeyd olunan əməkdaşlarının bildirdiyinə görə orada olarkən obyektin girişində və resepşndə üzərində “SBTN Sabatini” yazılmış lövhələr, ofisdə çalışan bir neçə işçinin olduğunu, eyni zamanda gördükləri holl və otaqların müasir stildə dizayn olunduğunu müşahidə etmişlər. İş materiallarında olan 035197 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, iddiaçı ilə uzun müddətdir ki, dostluq edir. Belə ki, o, iddiaçı ilə şəhərdə gəzəndə Respublika Prokurorluğunun yanında yerləşən əmlakının icarə haqqını almaq üçün ora getməyi təklif emiş o, da getmişdir. İki il olar ki, həmin ünvanda icarədar var idi. Onlar həmin ünvana gedəndə içəridə 2-3 nəfər olmuş, iddiaçının nə qədər icarə haqqı götürdüyünü dəqiq bilməsə də, 3000 manatdan artıq olduğunu bilirdi. Onlar iki dəfə ora birlikdə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayon 9 saylı MKİS-də mühəndis işləyir. 2019-cu ilin iyun ayında bir neçə dəfə MKİS-in xidməti ərazisində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan Nigar Rəfibəyli küçəsi 3/5 mənzil 13a ünvanında müvafiq icarə müqaviləsi əsasında yerləşən Cavabdeh ofisində olmuş, MMC-nin direktoru X6 görüşmüş, obyektin 2019-cu il üçün xidmət haqqının ödənilməsini xahiş etmişlər. Daha sonra İddiaçı özü ilə də telefon əlaqəsi saxlamış, məsələ barədə məlumat vermişdir. Bundan sonra əmkdaşlar 30 iyun 2019-cu il tarixdə yenidən həmin ofisə getmiş və direktor Nəriman müəllim ödənişi etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “icarəçi” - Cavabdeh MMC-nin təsisçisi və direktoru X8 ilə “icarəyəverən” - İddiaçı arasında bağlanmış 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinə əsasən, "icarəyəverən" xüsusi mülkiyyət hüququ ilə ona məxsus, sənədlər üzrə rəsmi ünvanı ünvan 4izami küçəsi, 16 (30D) olan, sənədlər üzrə ümumi sahəsi 223,36 (faktiki sahəsi 235 kv.m.) kvadrat metr olan mənzilini ofis kimi istifadə olunması məqsədilə “İcarəçi"nin müddətli istifadəsinə vemişdir. Bu müqavilə üzrə aylıq icarə haqqı hər faktiki kvadratmetr üçün 15 manat olmaqla kommunal, istismar və vergi xərcləri xaric 3500 (üç min beş yüz) manat müəyyən edilmişdir. Müqaviləyə əsasən icarə haqqı gecikdirildikdə “icarəçi” hər gecikdirilən gün üçün “icarəyəverənə” ödəniləcək məbləğin 1 faizi miqdarında məbləğ əlavə edilir və ödənilməlidir. Müqavilənin müddəti 01 aprel 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək müəyyən edilmişdir. Lakin cavabdeh icarə haqqını gecikdirmiş və bugünə qədər ödəməmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-nin təsisçisi və direktoru X7 02.03.2020ci il tarixli pretenziya məktubu ünvanlansa da, yaranmış icrarə haqqı borcu ödənilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehin oktyabr 2019 - fevral 2020-ci il aylar üzrə icarə haqqını ödəməmiş və nəticədə bu dövr üçün 17500 (3500 x 5 ay) manat borcu yaranmışdır. Qeyd edilən xüsusatlar məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla (sənədlər, şahid ifadələri və s.) da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə tərəflərin dəlillərini iş materialları, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarəyə verən öz öhdəliklərini yerinə yetirərək icarə obyektini icarəçiyə təhvil vermiş, icarəçi isə müqavilə ilə müəyyənləşdirilmiş icarə haqqını icarəyə verənə ödəməli olduğu halda bir müddətdən sonra öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan əmlakı icarəyə götürmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında icarə məbləğini, eləcə də icarə məbləğini gecikdirdiyi halda həmin müqavilə ilə müəyyən edilmiş əlavələrin iddiaçıya ödənilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan obyekti icarəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, icarə haqqını və həmin icarə haqqının ödənilməsini gecikdirdiyi vaxt üçün yaranan borcları ödəməməklə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri icta etməmişdir. Odur ki, iddiaçı ödənilməmiş aylar üçün icarə haqqını və icarə haqqının ödənilməsinin gecikdirildiyi vaxt üçün yaranan əlavə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehlə aralarında bağlanmış 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinin 2.4-cü bəndinə əsasən icarə haqqı gecikdirildikdə “icarəçi” hər gecikdirilən gün üçün “icarəverən”ə ödəniləcək məbləğin 1 faizi miqdarında əlavənin ödənilməsinin nəzərdə tutulmasına istinad edərək 26500 (iyirmi altı min beş yüz) manat məbləğində faiz borcunun tutulmasını iddia etsə də, müqavilə şərtlərindən görünür ki, tərəflər arasında bağlanmış 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinin 2.4-cü bəndinə əsasən, icarə haqqı gecikdirildikdə “icarəçi” tərəfindən hər gecikdirilən gün üçün “icarəverən”ə ödəniləcək məbləğin 1 faizi miqdarında məbləğ əlavə edilməsi və ödənilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. (MM 462.3) Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. (MM 465) Qanunvericiliyin mənasına görə dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müqavilə ilə müəyyən edilə bilən pul məbləğidir. Belə olan halda, məhkəmə tərəflər arasında bağlanmış müqavilənin - icarə haqqı gecikdirildikdə “icarəçi” hər gecikdirilən gün üçün “icarəverən”ə ödəniləcək məbləğin 1 faizi miqdarında məbləğ əlavə edilir və ödəyir- şərtində nəzərdə tutulmuş əlavəni dəbbə pulu (cərimə) kimi qiymətləndirilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərinborcun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Məhkəmə iddia ərizəsinin “26500 (iyirmi altı min beş yüz) manat məbləğində faiz (cərimə) borcunun tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, icarə müqaviləsindən irəli gələn 17500 (on yeddi min beş yüz) manat əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 26500 (iyirmi altı min beş yüz) manat cərimə (dəbbə) məbləğini tənasübsüzsüz hesab edir və həmin dəbbə pulunun azaldılaraq 1000 (min) manat məbləğində müəyyən edilməsinin daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.20-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu və iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, 15 (on beş) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 01 aprel 2019-cu il tarixli icarə müqaviləsi üzrə 17500 (on yeddi min beş yüz) manat əsas, 1000 (bir min) manat cərimə borcu olmaqla, cəmi 18500 (on səkkiz min beş yüz) manat məbləğində borc tutulmalı, həmçinin 15 (on beş) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sabatini” MMC-dən İddiaçı xeyrinə 01 aprel 2019-cu il tarixli icarə müqaviləsi üzrə 17500 (on yeddi min beş yüz) manat əsas, 1000 (bir min) manat cərimə borcu olmaqla, cəmi 18500 (on səkkiz min beş yüz) manat məbləğində borc tutulsun. Cavabdeh MMC-dən 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2803/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2803/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver