Məhkəmə qərarları › İş №2(009)-2818/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2818/2025

03.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2818/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdehnə (hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) qarşı “41.0.6-xidməti uyğunsuzluq” qeydinin silinməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) qarşı “41.0.6-xidməti uyğunsuzluq” qeydinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Təqdim olunan sənədlərdən məlum olur ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisinin xx.xx.2024-cü il tarixli 36 ş/h saylı əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 41.0.6-cı maddəsinə müvafiq olaraq “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı “41.0.6-xidməti uyğunsuzluq” qeydinin silinməsi barədə tələb irəli sürməklə faktiki olaraq Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisinin onun hərbi xidmətdən ehtiyata buraxılmasına səbəb olan əmrinin ləğv edilməsini xahiş edir. Hakim hesab edir ki, iddiaçının qaldırdığı tələbə ümumi məhkəmələrdə deyil, cavabdeh inzibati orqan olduğu üçün (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Cavabdeh (hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) inzibati orqandır) inzibati Məhkəmədə baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh təşkilatda hərbi qulluqçu kimi işə qəbul olunduğundan onun işə qəbul edilməsi və işdən azad edilməsi barədə qəbul edilmiş qərar inzibati akt hesab edildiyindən, həmin aktların qəbulu ilə bağlı cavabdeh təşkilatla aralarında yaranan mübahisəyə inzibati icraat qaydasında baxılmalıdır. Hakim qeyd edir ki, İnzibati mübahisənin aşağıdakı əsas əlamətləri vardır: - ictimai-hüquqi mübahisədə xüsusi subyektin mövcudluğu; - ictimai-hüquqi mübahisənin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi funksiyasının həyata keçirilməsi ilə əlaqədar olması. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4№-li qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. X2 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. AR İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Hakim izah edir ki, iddiaçı hazırki tələblə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hakim yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil, bu səbəbdən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 151.1, və 153.2.1, 153.3-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdehnə (hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) qarşı “41.0.6-xidməti uyğunsuzluq” qeydinin silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya həmin tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar