Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-285/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə1, 3-cü şəxsin nümayəndəsi Nümayəndə2 iştiraklarıı ilə, İddiaçı (3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işə cəlb olunmaqla) cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı “işdənçıxma müavinətindən tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işə cəlb olunmaqla) cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, verilmiş işdənçıxma müavinətindən əsassız olaraq tutulmuş 4718,37 manat gəlir vergisi və 132,69 manat işsizlik ödənişinin “Azneft” İstehsalat Birliyindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, “Azneft” İstehsalat Birliyinin idarəetmə aparatında işləmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə pensiyaya çıxmağı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad olunarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ANQSİHİRK arasında bağlanmış 2020- 2023-cü illər üçün sahə (tarif) Kollektiv sazişin 5.16-cı bəndində əsasən (“qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə”) orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik işdənçıxma müavinəti verilmişdir. Verilən işdənçıxma müavinətdən qanunsuz və əsassız olaraq 4818,37 manat gəlir vergisi və 132,69 manat işsizlik ödənişi tutulmuşdur. Əmək Məcəlləsinin 175-ci maddəsinə maddəsində deyilir: Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz. Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Buradan da aydın şəkildə görünür ki, işdənçıxma müavinətindən 175.4-cü maddəsinə əsasən həmin maddənin 2-ci bəndində göstərilən məbləğlərin heç biri tutulmamalıdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehin və 3-cü şəxsin nümayəndəsi mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddianı qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və izah etmişdir ki, İddiaçı ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad olunmuşdur. “Azneft” İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-1/3- 1K-151/2023 saylı əmri ilə İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən ona ARDNŞ- nin və ANQSİHİRİK arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən, pensiya yaşına çatdıqda işçilərə orta aylıq əmək haqqının 5 misli həcmində birdəfəlik müavinət verilmişdir. Həmin Sazişin 5.17-ci bəndinə əsasən, saziş üzrə sərbəstləşən şəxslərə verilən müavinətin ödənişini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq bəndinə uyqun həyata keçirilir. İddiaçı ilə “Azneft” İB arasında 01 noyabr 2023-cü il tarixdə razılaşma bağlanmışdır. Həmin Razılaşmanın 1.3-cü bəndinə əsasən, işçi (İddiaçı) “Əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən, ona ödənilən işdənşçıxarma müavinətindən (vergi çıxıldıqdan sonra) və son haq-hesabdan başqa İşəgötürənə qarşı hər hansı iddia və tələbinin olmadığını və ona ödəniləcək işdənçıxarma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini” bəyan etmiş və təsdiqləmişdir. Tərəflər arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinətindən vergi qanunvericiliyinə uyğun gəlir vergisi tutulacağından xəbəri olmuşdur. Hətta iddiaçı tərəflər arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli razılaşmanın 1.4 bəndinə əsasən, SOCARı, o cümlədən işəgötürəni əmək müqaviləsi ilə bağlı hər hansı iddia və tələblərdən azad etməsinə, bununla əlaqədar baş verə biləcək hadisələr, məhkəmə çəkişmələri və hər hansı digər hərəkətlərə görə onlara dəymiş ziyanı ödəyəcəyinə dair öhdəlik götürmüşdür ki, bu öhdəliyə əsasən cavabdeh hazırki məhkəmə işi ilə bağlı itirdiyi vaxta, çəkdiyi xərclərə, vurulan zərərə görə iddiaçıya qarşı qarşılıqlı iddia qaldıra bilər. Lakin yenə də cavabdeh humanistlik göstərərək, “hüquqdan istifadə etməmək” hüququndan istifadə edərək bunu etmir. Tərəflər arasında bağlanmış yuxarıda adı çəkilən Razılaşmanın 2.1-ci bəndinə əsasən, İşəgötürən ....işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 21373,50 manat müavinət hesablamağı və həmin müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. Yuxanda qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında bağlanmış razılaşmaya əsasən, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ləğv edilməsi üçün müraciət etmiş, ona ödəniləcək müavinətdən qanunvericiliyə uyğun olaraq vergi tutulmasına razılıq vermiş, cavabdeh tərəfindən razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində əmək müqaviləsinə xitam verildiyi halda orta aylıq əmək haqqının beş mislindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ödənilmişdir. Cavabdehin vəsaitin ödənilməsində məqsədi işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsaslanaraq, hesab edir ki, iddiaçıya ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olması üçün heç bır qanuni əsası yoxdur. İddiaçı ərizədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinə əsaslanaraq ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətdən vergi tutulmalı olmadığını qeyd etmişdir. Bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Əmək müqavilələrinə xitam verərkən işçilərin təminatı” başlıqlı 77-ci maddəsinin təhlilindən aydın olur ki, qanunverici, ƏM-nin 68-ci maddəsinin “c” və “ç”, 70-ci maddəsinin “a” və “b”, 74-cü maddəsinin “a”, “c" və “e” bəndlərində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatı kimi müvafiq məbləğdə işdənçıxarma müavinətinin verilməsini nəzərdə tutmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti ilə eyniləşdirilə bilməz. ƏM-nin 77-ci maddəsinğə verilməsi zəruri olan müavinətlərdən yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətin gəlir vergisindən azad edilməsi nəzərdə tutmuşdur. Həmçinin iddiaçıya verilmiş müavinətdən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinə uyğun olaraq 1000 manat olan hissəsindən vergi tutulmamışdır. Həmçinin Azərbaycan Respublikasının VM-nin 102.1.4-cü maddəsində (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.) hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1 4-cü maddəsində göstərilənlərdən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir və qanunsuzdur. Bundan əlavə, işçinin ərizəsi əsasında əmək müqaviləsi ləğv olunduqda; əmək müqaviləsinin müddəti başa çatdığı üçün ləğv olunduqda; iişçi attestasiyadan keçə bilmədiyi üçün əmək müqaviləsi ləğv olunduqda; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yeninə yetirmədiyinə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad olunduqda (məsələn, üzürsüz səbəbdən və xəbərdarlıq etmədən bir iş günü ərzində işə gəlmədiyinə görə və s.); sınaq müddəti ərzində (mak. 3 ay) özünü doğrultmadığına görə əmək müqaviləsi ləğv olunduqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə (65 yaş) çatdığına görə işdən azad edildikdə; tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verildikdə; əmək müqaviləsində tərəflərin müəyyən etdiyi hər hansı digər bir səbəbə görə əmək müqaviləsi xitam olunduqda işçiyə işdənçıxarma (işdən çıxma) müavinəti ödənilmir. Bundan əlavə, bildirir ki, Əmək Məcəlləsinin 175.4-cü maddəsi öz-özlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Əmək Məcəlləsinin 175.4-cü maddəsi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Əmək Məcəlləsinin 175.4-cü maddəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ huquqı aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Bundan əlavə, iddiaçı iddia ərizəsində ona ödənilməli olan puldan (iddianın təsviri-əsaslandırışı hissəsində 4818,37) 4718,37 (Xahiş hissəsində) manat gəlir vergisinin və 132,69 manat işsizlik ödənişi tutulmasını qeyd etməsi əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixli, 14-2-1/2M-xx-xx/2023-630 saylı Arayışdan görünür ki, iddiaçıya orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinəti olaraq 21.373,50 manat məbləğində işdənçıxma müavinəti ödənilmişdir. Həmin məbləğdən tutulan gəlir vergisi 4818,37 manat təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ və İİ hissələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun 09 sebtyabr 2013-cü il tarixli qərarına əsasən, Azərbayçan Respublikasının Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergı ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yälnız vergi ödəyicilərinin deyil, həmçınin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Vergilər, hər bir dövlətin yarandığı andan cəmiyyətdə iqtisadı münasibətlərin ayrılmaz tərkib hissəsi olmaqla, müasir dövrdə dövlətin gəlirlərinin əsas formalarından biridir. Bununla əlaqədar olaraq, vergilərin yə digər məcburi ödəmələrin ödənilməməsi dövlətin maliyyə maraqlarına ziyan vuran kifayət qədər təhlükəli əməl hesab olunur və müvafiq məsuliyyət növünə cəlb edilmə üçün əsas ola bilər. Odur ki, bu vəzifənin icrası konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən sözügedən məcburi ödənişdən azad edilmə yalnız qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda mümkündür. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verildiyini bildirmişdir. Müqaviləyə xitam verilərkən iddiaçı ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənildiyini və həmin müavinətdən 4.718,37 manat gəlir vergisinin, 132,69 manat işsizlikdən sığorta haqqı tutulduğunu bildirmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, ARDNŞ ilə onun arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmiş, ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmiş, lakin həmin məbləğdən qanunsuz olaraq gəlir vərgisi tutulmuşdur. İddiaçı ARDNŞ-nin və ANQSİHİRİKnin 22 aprel 2009-cu il tarixli, 57/06-19ə nömrəli əmr-qərarına istinad edərək bildirmişdir ki, həmin əmr-qərar verildiyi tarixdən, habelə xx.xx.2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də həmin əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işə götürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilir. İddiaçı yuxarıda qeyd olunan dəlillərini Əmək Məcəlləsinin 77-ci və 175ci maddələri ilə əsaslandırmağa çalışmışdır. İddiaçının gətirdiyi bu dəlilinə münasibətdə bildirir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinətinin hansı məbləğlərdə ödənildiyi göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “a” bəndinə görə müəssisənin ləğv edilməsi, “b” bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həmin əsaslara aid edilmişdir. Lakin iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, onunla bağianmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Həmin maddənin dispozisiyasına görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. Həmçinin iddiaçı iddia tələbini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə istinad edərək əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir və ona müəssisə tərəfindən ödənilən birdəfəlik maliyyə vəsaitinin işdənçıxma müavinətidir. Bununla bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Qeyd olunan ödəmələrə yalnız aşağıdakılar daxildir: əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar. Beləliklə, qanunvericilikdə konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Başqa sözlə, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da, həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsasları göstərilmişdir ki, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud olmamışdır. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsinə əsasən xilam verildiyini və eyni zamanda ona verilən müavinətin işdənçıxma müavinəti olduğunu bildirir. Halbuki Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası barədə normaları nəzərdə tutur, bu isə öz növbəsində işdənçıxarılma və bununla bağlı hər hansı müavinətin ödənilmə halını istisna edir. İddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsinə əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, yəni tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Bir sözlə, yuxanda qeyd olunanlardan aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsin b bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndi əsasında xitam verilmişdir. Bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. İddia ərizəsində istinad olunan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq bildirir ki, həmin maddə öz-özlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur, öz növbəsində həmin maddənin 4-cü hissəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azad olma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Xüsusilə qeyd edir ki, analoji məhkəmə mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(102)-4005/2023 nömrəli qərarında analoji işlər üzrə gətirilən əsaslandırmaya əks mövqe nümayiş olunmuş və iddiaçı X1 iddiasının təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin və həmin qətnamənin qüvvədə saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldikləri nəticənin yalnış olduğu müəyyən edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Belə ki, həmin Qərarın 48-ci və 49-cu hissələrində müvafiq olaraq qeyd olunmuşdur ki, Əmək Məcəliəsinin 77-ci maddəsinə gorə işdənçıxma müavinəti əmək müqaviləsinə müəssisə ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, eləcə də həmin Məcəllədə nəzərdə tutulan konkret əsaslar üzrə (ƏM 68-ci maddənin ikinci hissəsinin “ç" və 74-cü maddəsinin birinci hissəsinin “a“, "c" və “e" bəndləri) xitam verildiyi halda ödənilən pul əvəzidir. Hazırkı işin müəyyən edilən hallarına görə isə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" və "b“ bəndləri ilə, eləcə də müavinət ödənilməli olan başqa əsaslarla deyil, həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsi ilə “iddiaçının özünün təşəbbüsü ilə xitam verilmişdir". Bu fikrin davamı kimi 52-ci hissədə məhkəmə bildirmişdir ki, “Göründüyü kimi, Əmək Məcəlləsinin 77-ci maddəsinin 6-cı hissəsi kollektiv müqavilələrdə işdənçıxma müavinətinin daha yüksək məbləğdə verilməsi imkanının yalnız həmin maddənin üçüncü, dördüncü və yeddinci hissələri ilə bağlı olmasım müəyyən edir ki, iddiaçının da əmək müqaviləsinə həmin hissələrdə göstərilən əsasların hər hansı biri ilə xitam verilməyib". Qərarın 54-cü hissəsinə əsasən isə "İddianı təmin edən birinci instansiya məhkəməsi isə iddiaçıya ödənilən müavinətin Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan kontekstə işdənçıxma müavinəti olub-olmamasına aydınlıq gətirməmiş, bu da nəticədə Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin səhv tətbiqinə də yol açmışdır. Belə ki, həmin maddəyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Reşpublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlirləri gəlir vergisindən azaddır". Göründüyü kimi, İddiaçı ödənilmiş orta aylıq əmək haqqının beş misli məbləğində müavinətdən gəlir vergisinin tutulması tamamilə qanunamüvafiq olmuş, iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi isə əsaslandırılmamışdır. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia təmin olunmamalıdır. İş materiallarında olan “Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli, 14-2-1/2-Mxx-xx/2023-630 nrömrəli arayışından görünür ki, İddiaçı ilə bağlanmış 10 oktyabr 2013-cü il tarixində 355 nömrəli Əmək müqaviləsinə 01 noyabr 2023-cü il tarixdə işçinin öz ərizəsinə (AR Əmək Məcəlləsinin 69.3-cü maddəsilə yaşa görə təqaüdə çıxması ilə əlaqədar) əsasən xitam verilmişdir və ona ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19a nömrəli Əmr-qərarın 4-cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22ə nömrəli dəyişikliyə əsasən, orta aylıq əmək haqqının beş misli məbləğində 21.373,50 manat işdənçıxma müavinəti ödənilmişdir. İş materiallarında olan “Azneft” İstehsalat Birliyinin 27 oktyabr 2023-cü il tarixli, 14-2- 1/3-1K-151/2023 nömrəli əmrdən görünür ki, "Azneft" İstehsalat Birliyinin idarəetmə aparatının Hüquq departamenti, departament rəisinin müavini vəzifəsində işləyən İddiaçıla bağlanmış 355 nömrəli, xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə 01 noyabr 2023-cü il tarixdə işçinin öz ərizəsinə əsasən xitam verilməsi və ona SOCAR və ANQŞİHİRK arasında 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik müavinəti ödənilməsi əmr edilmişdir. İş materiallarında olan “Azneft” İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli, 355 nömrəli xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin işçi arasında Razılaşmadan görünür ki, bu Razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cvəmi 21373,50 manat işdənçıxarma müavinət hesablamağı və həmin işdənçıxarma müavinətdən Azərbaycan Respublikası vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh təşkilatda işləmiş İddiaçı 01 noyabr 2023-cü il tarixdə təqaüd yaşına çatması ilə əlaqədar işdən azad olunmuş və həmin vaxt İddiaçı ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına əsasən orta əmək haqqının 5 misli məbləğində 21.373,50 manat müavinət hesablanmışdır. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə vergi tutulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 15 aprel 2024-cü il tarixli Qərarında izah etmişdir ki, Əmək Məcəlləsinin 77-ci maddəsi ilə işçiyə verilən təminatlar sırasında işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildiyi halda işəgötürən tərəfindən ona işdənçıxarma və ya hər hansı digər müavinətin ödənilməsi ilə bağlı işəgötürənin öhdəliyi nəzərdə tutulmamışdır. Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işçinin təşəbbüsü ilə (razılığı əsasında) əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə verilən hər hansı ödəniş qanunvericiliyin imperativ göstərişlərindən irəli gəlmədiyindən və könüllü xarakter daşıdığından, belə ödənişlər (kompensasiyalar) həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti kimi qiymətləndirilə bilməz. O da qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. İşçinin əmək haqqından, ona ödənilən müavinətlərdən və digər vəsaitdən aparılan tutulmalardan biri də qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələrdir. Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (Vergi Məcəlləsinin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azad edilir. Göründüyü kimi, vergidən azad olunan gəlirlər sırasında əmək müqaviləsi işçi tərəfindən ləğv edilərkən işəgötürənin öz təşəbbüsü ilə işçiyə ödədiyi müavinət nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən qərarında izah etmişdir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işəgötürənin ödədiyi və gəlir vergisindən azad edilən müavinətlərə, məhz Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş işdənçıxarma müavinətinin, həmçinin həmin maddənin 7-ci hissəsi ilə müəyyən edilən işçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətin aid edilməsi onların xarakterindən və təyinatından irəli gəlir. Belə ki, əvvəldə də göstərildiyi kimi, bu ödəmə işçinin iradəsi və təqsiri olmadan, habelə onun şəxsiyyəti ilə bağlı olmayan hallardan irəli gələrək işdən çıxarılması, eləcə də ölümü səbəbindən ailəsinin üzləşə biləcəyi maddi və mənəvi zərəri kompensasiya etmək məqsədi ilə qanunvericinin imperativ tələbi üzrə işəgötürən tərəfindən ödənilir. Bu ödəmələrin gəlir vergisindən azad edilən ödənişlər kateqoriyasına aid edilməsi dövlətin vətəndaşların layiqli həyat səviyyəsinin qayğısına qalması və sosial müdafiəsinin təmin edilməsi ilə bağlı vəzifəsinin icrasına yönəlmişdir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürənin könüllü olaraq ödədiyi kompensasiya isə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müqavilə şərti kimi çıxış edir. Beləliklə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə fiziki şəxslərin gəlir vergisindən azad edilmiş gəlirlərinə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə), “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və 74-cü maddəsinin birinci hissəsinin “e” (işçi vəfat etdikdə) bəndləri ilə xitam verilən hallarda işəgötürən tərəfindən işçiyə ödənilən müavinətlər aid edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı sayıla bilməz və ona görə də, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı (3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işə cəlb olunmaqla) cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı “işdənçıxma müavinətindən tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-285/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-285/2024
20.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver