Məhkəmə qərarları › İş №2(009)-2882/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2882/2021

24.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2882/2021 24.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı hüquqi faktın müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 27.01.1962-ci ildə Ermənistan SSR, Amasya rayonunun Əzizbəyov kəndində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydiyyat kitabında 1962-ci ilin yanvar ayının 28-ci günündə 9 nömrəli qeyd aparılmışdır. 1982-ci ildə X8 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Bu ailə münasibətindən onların iki övladları doğulmuşdur. Ailə münasibətində olduğu əri X8 04.06.1958-ci ildə Gürcüstan Respublikası Rüstavi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır. Böyük oğlu X3 08.10.1982-ci ildə Gürcüstan Respublikası Rüstavi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, Bakı şəhərində yaşayır. Kiçik oğlu X7 01.03.1987-ci ildə Gürcüstan Respublikası Rüstavi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, Bakı şəhərində yaşayır. O, 1990-cı ildən ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. 1990-cı ildən davamlı olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır və Azərbaycan Respublikasının ərazisini heç vaxt tərk etməmişdir. 1990-cı ildən Azərbaycan Respublikasının ərazisində yaşamasına baxmayaraq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir. Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinə yardım edilməsini xahiş etmişdir. DMX onun müraciətinə 08.10.2021-ci il tarixli, K/R-1481 saylı məktubla aşağıdakı məzmunda cavab vermişdir:”...1990-cı il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul etmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz”. Göstərilənləri nəzərə alaraq 27.01.1962-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuş Ərizəçi 1990-cı il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Cahangir Rəhimov tərəfindən məhkəməyə ünvanlandığı ərizədən görünür ki, Ərizəçi Azərbaycan Respublikası vətəndaşı olub-olmaması ilə bağlı (2018-ci ildə) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən araşdırma aparılmış və onun 30.09.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşı olmadığı barədə müvafiq inzibati akt qəbul edilmişdir. Yuxarıda adıçəkilən Qanunun 14cü maddəsinin tələblərini rəhbər tutaraq bildirirlər ki, məhkəməyə verilmiş hüquqi faktın müəyyən edilməsi ilə bağlı ərizənin təmin edilməsinə DMX tərəfindən etiraz edilmir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin oğludur, 1987-ci ildə Gürcüstan SSR Rustavi şəhərində anadan olmuşdur. 1990-cı ildə ailəsi ilə birlikdə Bakı şəhərinə gəlmiş, hazırki vaxtadək Bakı şəhərində yaşayırlar. Atası ilə anası bir müddət ayrılıblar, uzun müddət buna görə anasının vətəndaşlığı ilə bağlı məsələni həll edə bilməmişlər. Anası Ermənistan SSR-də anadan olub 1990-cı ildən Bakıda yaşasa da, heç bir ölkənin vətəndaşı deyil. İş üzrə doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Ərizəçi 27.01.1962-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Əzizbəyov kəndində anadan olmuş və bu barədə doğum haqqında aktların qeydiyyat kitabında 28.01.1962-ci tarixdə 9 No ilə qeyd edilmişdir, atası X4, anası X2r. İş üzrə Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının Vİİ-SL seriyalı, 631289 nömrəli pasportun notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Ərizəçi 27.01.1962-ci ildə Ermənistan SSR, Amasiya rayonu, Əzizbəyov kəndində anadan olmuş, milliyyəti azərbaycanlı, pasport Ermənistan SSR, Amasiya İcra Komitəsinin X14 tərəfindən 01.12.1980-cı ildə verilmişdir. İş üzrə nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, X8 ilə Ərizəçi arasında 03.08.1982-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydiyyatı kitabında 03.08.1982-ci ildə 612 No qeyd aparılmışdır. Nikahdan sonra ərə Rəcəbov, arvada Rəcəbova soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X3 08.10.1982-ci ildə Gürcüstan Respublikası Rustavi şəhərində anadan olmuş, atası X8, anası X1r. İş üzrə doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X7 01.03.1987-ci ildə Gürcüstan Respublikası Rustavi şəhərində anadan olmuş, atası X8, anası X1r. İş üzrə Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 15496218 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X8 04.06.1958-ci ildə Gürcüstan Respublikası, Rustavi şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş üzrə ünvan 38.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi qonşuların aktına əsasən Bakı şəhəri, Oktay Daşdəmirov küçəsi, ö/t 55 saylı evdə oğlunun yanında qeydiyyatsız yaşayır (SSSR pasportu). İş üzrə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 13.09.2018-ci il tarixdə verilmiş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair ******* saylı arayışından görünür ki, 27 yanvar 1962-ci il təvəllüdlü Ərizəçi 19887/m nömrəli, 28.08.2018-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətandaşlıq Məsələləri Baş İdarəsi tərəfindən X5 ünvanlanmış 08.10.2021-ci il tarixli, K/R-1481 saylı məktubdan görünür ki, 28.08.2018-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında anası Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı nəticəsinə gəlinmişdir. Bu barədə şəxsə 13.09.2018-ci il tarixli ******* saylı arayış təqdim olunmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təsdiq edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşamıs faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Odur ki, anası Ərizəçi 1990-cı il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra o, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki,Ərizəçi 27.01.1962-ci ildə Ermənistan SSR, Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuşdur. 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına daimi yaşamaq üçün köçmüş və hal-hazıradək ünvan 1 ünvanında yaşayır. Məhkəmə iclasında həmçinin təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçi Ermənistan Respublikasında anadan olsa da və 1990-cı ildən Azərbaycana köçüb yaşamağa başlasa da, onun nə Ermənistan Respublikasının, nə də ki, Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Ərizəçi tərəfindən verilmiş ərizədən görünür ki, o, 1990-cı ildən hazıra kimi Azərbaycanda yaşayır, Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olmuş və birgə nikahdan övladları olmuşdur. Övladları Azərbaycan Respublikasının vətəndaşı hesab olunurlar və Bakı şəhərində daimi qeydiyyatları var. Lakin o, 1990-cı ildən Azərbaycanda yaşasa da, onun hər hansı ölkənin vətəndaşlığına mənsubiyyəti yoxdur. Bu səbəbdən ərizəçi 1990-cı ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmamasının müəyyən edilməsini xahiş etmişdir. AR MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilən Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 4 saylı Protokolun 2-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Azərbaycan Respublikasının 31 may 1996-cı ildə ratifikasiya etdiyi “Vətəşdaşsızlıq hallarının azaldılması haqqında” Birləşmiş Millətlər Təşkilatının 30 avqust 1961-ci il tarixli konvensiyasına əsasən razılığa gələn dövlətlər öz ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilmiş şəxslərə öz vətəndaşlıqlarını verməlidirlər. Məhkəmə qeyd edir ki, hazırki hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ərizəçiyə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün lazım olduğundan, eyni zamanda ərizəçinin hər hansı ölkənin vətəndaşlığına mənsub olmaması faktı öz təsdiqini tapdığından, ərizə əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. 27.01.1962-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuş Ərizəçi 1990-cı il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə hüquqi əhəmiyyətli faktlar müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar