Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-292/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, 3-cü şəxs Səbail rayonu Badamdar Bələdiyyəsinin nümayəndəsi V.Ə.Əliyevin iştirakları ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və onun üzərində olan tikilinin cavabdehin qeyri-qanuni sahibliyindən geri qaytarılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və onun üzərində olan tikilinin cavabdehin qeyri-qanuni sahibliyindən geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Səbail rayon Badamdar Bələdiyyəsinin 04.08.2006-cı il tarixli, 134 saylı qərarına əsasən “Köhnə Bağlar” küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m. torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin tarixdən 2020-ci ilin ortalarınadək bu torpaq sahəsi onun qanuni sahibliyində və istifadəsində olmuş, bu torpaq sahəsində ümumi sahəsi 72 kv.m. ibarət birinci mərtəbəsi qaraj, ikinci mərtəbəsi isə yaşayış sahəsi kimi nəzərdə tutulan tikili inşa edilmişdir. Qeyd olunan tikilidən yaşayış sahəsi kimi istifadə edilməsi üçün qızı Rahilə Məmmədovanın adına 23.06.2021-ci il tarixli ******* saylı aktla qaz sayğacı quraşdırılmışdır. Təxminən 2020-ci ilin ortalarında sözügedən tikilinin müvəqqəti istifadə edilməsi üçün onunla birlikdə işləmiş tanışı Cavabdeh özünə yaşayış sahəsi tapana qədər ona vermiş, eləcə də həmin şəxsə işıq və su quraşdırılmasına etiraz etməmişdir. Yuxarıda göstərilənləri Səbail rayon Badamdar Bələdiyyəsinin 22.11.2021-ci il tarixli, eləcə də ona məxsus torpaq sahəsi ilə qonşuluqda yaşayan X7, X11 və X5 adlı şəxslər tərəfindən imzalanmış 20.10.2021-ci il tarixli aktlar da təsdiq edir. Aralarında olan razılığa əsasən cavabdeh bir müddət orada yaşadıqdan sonra köçməli və torpaq sahəsi və orada yerləşən tikili ona təhvil verərək başqa yaşayış sahəsinə getməli idi. Lakin cavabdeh razılaşmaya əməl etməyərək dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, ona məxsus torpaq sahəsi və tikilini boşaltmaqdan imtina etmişdir. Bundan sonra o, onun qanunsuz hərəkətləri ilə bağlı Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinə müraciət etmiş, 41-ci polis bölməsində araşdırılma aparılmışdır. 41-ci polis bölməsinin 30.09.2021-ci il tarixli, 299-25591M saylı məktubu ilə ona tövsiyə edilmişdir ki, ərizənin məzmununda cinayət və inzibati xəta tərkibi müəyyən edilmədiyindən, eləcə də mülki xarakterli iş olduğundan mülki qaydada şəhər (rayon) məhkəməsinə müraciət olunsun. Göstərilənləri nəzərə alaraq iddiaçı Səbail rayon Badamdar Bələdiyyəsinin 04.08.2006-cı il tarixli, 134 saylı Qərarı əsasında ona məxsus 300 kv.m. torpaq sahəsi və onun üzərində yerləşən tikilinin boşaldılması və onun cavabdehin qeyri-qanuni sahibliyindən geri götürülərək iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, prorabdır, Rəşadı 3-4 ildir ki, tanıyır. Onun qrupunda rəngsaz kimi işləmişdir. Münasibətləri həmişə yaxşı olmuşdur. 2018-ci ildə Badamdartda sürüşmə baş verərkən Rəşad gilin evi qəzalı vəziyyətə düşmüş, evin əşyalarını qoymağa yer olmadığı üçün həmin əşyaları onun qarajına qoymasına razılıq vermişdir. O, sonra Rəşadın ailəsi üçün öz evinin yaxınlığında münasib qiymətə ev almasına köməklik etmişdir. Bir gün Rəşad gələrək bildirmişdr ki, atası ilə münasibətləri korlanmış, onu evdən çıxarmışlar, həyat yoldaşı əmisigildə, özü isə dostugildə qalır, onun Rəşada ürəyi yandı, mübahisəli yeri göstərib demişdir ki, üstünün damını örtüb orada müvəqqəti yaşaya bilər. Rəşad həmin ərazidə olan taxtadan da istifadə etməklə sürüşmə zonasında olan şiferləri gətirərək həmin tikilinin dam örtüyünü bağlayıb ailəsi ilə yaşamağa başlamışdır. Rəşada demişdir ki, kommunal xidmətləri yaşadığı üçün özü ödəsin. İddiaçı eyni zamanda göstərmişdir ki, həmin evi Rəşada satmamış, onu müvəqqəti istifadəyə vermişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının məhkəmə iclasında dediklərinin bir hissəsi doğrudur. İddiaçı münasibətləri yaxşı olub, 2014-cü ildə həmin briqadaya rəngsaz kimi işləməyə gəlmiş, İsgəndər prorab idi. Yaşadıqları ev sürüşmədən yarasız vəziyyətə düşdüyü üçün İddiaçı hazırda mübahisələndirilən tikilini ona göstərərək satılmasını təklif etmiş, o, 9500 manat pulu İddiaçı vermiş, tikilini bir hissəsini sökərək yenidən bərpa edib pəncərə, qapı, damını bağlayıb yaşamağa başlamışdır. Təmir xərclərini özü çəkmişdir. 108 metr məsafədən su xətti çəkmiş, 78 metr kabeldən işıq çəkmiş, qaz xətti çəkilmiş, ondan 4.000 manat istənildiyi üçün müqavilə İddiaçı qızının adına bağlanmışdır. İddiaçı ilə kartof biznesini Cəlilabadda qurmaq istəmiş, lakin ziyana düşmüşlər. 9.500 manat pulu sökülən evə görə atasına verilən və ona düşən puldan vermişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı torpağın onun adına olmasını əsas götürərək tələb irəli sürüb. Tikinti özbaşına tikilidir, daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyatdan keçməmişdir, bu səbəbdən iddiaçının belə tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs qismində işə cəlb edilmiş Səbail rayonu Badamdar Bələdiyyəsinin nümayəndəsi X24 öz izahatında göstərmişdir ki, torpaq Bələdiyyə torpağıdır. Araşdırma zamanı İddiaçı 300 kv.m. torpaq sahəsinin ayrılması, həmin torpaq sahəsində 1-ci mərtəbə qaraj, 2-ci mərtəbə yaşayış sahəsi kimi nəzərdə tutulan tikilinin inşa edilməsi, İddiaçı tərəfindən həmin tikilini müvəqqəti olaraq Cavabdeh yaşamaq üçün verilməsi, Cavabdeh tərəfindən isə dam örtüyünü inşa edərək ailəsi ilə birlikdə orada yaşaması müəyyən edilmişdir. Kommunal xidmətlərlə bağlı müqavilə onlara təqdim etdiyi arayış əsasında Cavabdehla bağlanmışdır. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, İsgəndəri 2005-2006-cı ildən, Rəşadı isə 2-3 ildir ki, tanıyır. 2005-ci ildə iddiaçı torpaq axtarırdı, o, polisdə işləyirdi, mübahisəli torpaq boş olduğunu İsgəndərə demiş, Bələdiyyəyə gedərək həmin torpağı İddiaçı üçün almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, o, iddiaçı və cavabdehi tanıyır, qonşuluqda yaşayır. 2014-cü ildə hərbidən tərxis olunduqdan sonra daimi olaraq orada yaşayır. İddiaçı qonşuluqda ev tikmiş, onun yanında qaraj tipli tikili inşa etmiş, həmin tikili tikildikdən 4-5 il sonra Rəşadın yaşadığı ev uçduğu üçün onun əmlakını qaraja İsgəndər yığmış, sonra demişdir ki, Rəşadın imkanı olmadığı üçün həmin yarımçıq tikilinin üstünü Rəşad bağlayıb müvəqqəti orada yaşasın. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 öz ifadəsində göstərmişdir ki, İsgəndəri 2012-ci ildən, Rəşadı 2019-cu ildən tanıyır, o, prorabdır, İsgəndərlə birolikdə işləmişdir, Rəşad rəngsaz olmuşdur. İddiaçı məxsus torpaq sahəsində qarajı və onun üstünün tikintisini şəxsən onun iştirakı ilə tikilmişdir. 2014-2015-ci ildə tikili yarımçıq inşa olunmuşdur, sürüşmə zamanı çat yaranmış, sonra o, həmin nasazlığı da aradan qaldırmışdır. Tikilinin yalnız qapı-pəncərəsi, dam örtüyü olmamışdır. İddiaçı Rəşada dam örtüyünü inşa edib orada yaşamağa icazə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 öz ifadəsində göstərmişdir ki, İsgəndəri 30 ildir, Rəşadı 10 ildən artaqdır ki, tanıyır. Hər ikisi dostudur. İsgəndərin evinin fundamentini o, tikib, həmin evin yanında qaraj inşa etmiş, 5 plitəni qarajın ustünə qoyub 2-ci mərtəbənin yaramçıq tikilisi inşa edilmişdir, Rəşadın yaşadığı ev sürüşmə zonasında yerləşdiyi üçün sökülmüş, atası ilə münasibəti pis olduğundan İsgəndərin ona yazığı gəlmiş, kirayə pulu çatmadığı üçün həmin tikilini tamamlayıb Rəşadın yaşamasına təmənnasız icazə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. O, Rəşadın hazırda yaşadığı evin içərisi və çöl hissəsini suvamışdır, suvağ işləri görmüşdür, evi yararlı vəziyyətə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 öz ifadəsində göstərmişdir ki, iddiaçı və cavbadehi tanıyır, briqadada Rəşadla birlikdə rəngsaz işləmişdir. İddiaçı ona bildirmişdir ki, yarımçıq tikili üçün 6500 manat xərc çəkib, ona görə də onu Rəşada həmin qiymətə satacaq. Sonra isə həmin qiymətin 9500 manata qalxmasını bilməmişdir. Rəşad həmin evi pul verərək almışdır. Bir dəfə İddiaçı zəhmət haqqı verərkən, Rəşada 200 manat az pul vermiş, Rəşad bildirmişdr ki, evin pulundan çıxıb. Birgə kartof biznesi barədə məlumatı olmuşdur, 17.000 manat ziyana düşmüşlər. Rəşada düşən 12.000 manat puldan 9000 manatı İsgəndərə vermişdir. İş üzrə Səbail rayonu Badamdar Bələdiyyəsinin 134 saylı, 04.08.2006-cı il tarixli qərarın notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Badamdar qəsəbəsi, Köhnə bağlar küçəsində olan 300,0 kv.m. torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı satılmışdır. Torpağın satış dəyəri 04.08.2006-cı il tarixdə X12 rayon filialına ödənilmişdir (Qəbz No02). İş üzrə "xxxx" ASC-nin 04.08.2006-cı il tarixli 02 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Səbail filialına 1248 manat məbləğində torpağın satış dəyəri ödənilmişdir. İş üzrə Badamdar Bələdiyyəsi tərəfindən verilmiş 03.05.2011-ci il tarixli, 18/03-8/1377 saylı cizgisindən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi 300 kv.m. təşkil etmişdir. İş üzrə Binəqədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 09.11.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası X1r. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 23.06.2021-ci il tarixli ******* nömrəli aktından görünür ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar,73 saylı evində qaz sayğacına baxış keçirilən zaman köhnə sayğacının yeni sayğacla əvəzlənmişdir və abonent X2 təhvil verilmişdir. İş üzrə Səbail Bələdiyyəsi tərəfindən verilmiş 03.10.2019-cu il tarixli arayışından görünür ki, Muradov X9 şossesi, Bağlar küçəsi ünvanında qeydiyyatsız yaşayır. İş üzrə Cavabdeh ilə "xxxx" ASC arasında 10.08.2020-ci il tarixdə bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, bu müqavilə "xxxx" ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2974-82 Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması,tullantı sularının kanalizasiya sisteminə qəbulu, tənzimlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. İş üzrə Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 30.09.2021-ci il tarixli məktubundan görünür ki, müraciətin araşdırılmasında ərizənin məzmununda cinayət və ya inzibati xəta tərkibi müəyyən edilməmiş. Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məhkəmənin səlahiyyətində olduğunu nəzərə alaraq mülki qaydada şəhər (rayon) məhkəməsinə müraciət etməsini tövsiyə edilmişdir. İş üzrə X7, X11, X5 tərəfindən tərtib edilmiş 20.10.2021-ci il tarixli aktından görünür ki,onlar bələdiyyə qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsi ilə qonşuluqla yaşayırlar. Həmin torpaq sahəsində İddiaçı tərəfindən qaraj tipli iki mərtəbəli tikilinin 2015-2016-cı il tarixlərində onun tərəfindən inşa edildiyini görmüşlər. Onların eşitdiklərinə görə həmin tikili müvəqqəti istifadə üçün Rəşad adlı şəxsə verilmiş, o, da həmin tikilinin dam hissəsini inşa edərək yüngül tamamlama işləri aparıb ailəsi ilə yaşayır. İş üzrə Səbail rayon Badamdar Bələdiyyəsinin sədr müavini X18, aparıcı mütəxəssis X8 və vətəndaş İddiaçı Hacağa oğlunun şifahi müraciəti əsasında tərtib edilmiş 22.11.2021-ci il tarixli aktından görünür ki, onun tərəfindən təqdim olunmuş 04.08.2006-cı il tarixli bələdiyyə qərarına əsasən Köhnə bağlar küçəsində ona ayrılmış torpaq sahəsində inşa etdiyi qaraj tipli iki mərtəbəli tikilini müvəqqəti istifadə üçün Cavabdeh vermiş və həmin tikiliyə onun adına elektrik, su sayğaclarının quraşdırılmasına İddiaçı razılıq vermişdir. İş üzrə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili F.X3 sədri T.Q.Məmmədov tərəfindən ünvanlanan sorğuya cavab məktubundan belə məlum olur ki, Badamdar Bələdiyyəsi 04.08.2006-cı il tarixli 134 saylı qərarı ilə vətəndaş İddiaçı alqı-satqı qaydasında satılmış 300 kv.m. torpaq sahəsi Bələdiyyənin inzibati ərazisinə aiddir. Bələdiyyə tərəfindən qeyd edilən torpaq sahəsinə yerində baxış keçirilən zaman bu sahənin “Köhnə Bağlar döngəsi” ünvanında onun təsdiq olunmuş yerləşmə cizgisində göstərilən yerdə mövcud olduğu müəyyən edilmişdir, eləcə də bu sahə üzərində İddiaçı tərəfindən 1-ci mərtəbəsi qaraj olan, 2-ci mərtəbəsi isə yaşayış sahəsi kimi nəzərdə tutulan tikili inşa edilmişdir. Sonradan həmin tikili İddiaçı razılığı ilə müvəqqəti istifadə üçün Cavabdeh verilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə bağlar küçəsində yerləşən 300 kv.m. torpaq sahəsi Səbail rayonu Badamdar Bələdiyyəsinin 04.08.2006-cı il tarixli qərarına əsasən iddiaçıya məxsusdur. Həmin torpaq sahəsində iddiaçı tərəfindən qaraj tipli iki mərtəbəli tikili inşa edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 2020-ci ildə iddiaçı cavabdehə özünə yaşayış sahəsi tapana qədər həmin tikilini müvəqqəti olaraq onun istifadəsinə vermiş və həmin tikiliyə cavabdehin adına işıq və su sayğaclarının quraşdırılmasına etiraz etməmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh mübahisəli tikiliyə iddiaçının razılığı ilə köçüb yaşasa da, hazırda iddiaçı cavabdehin həmin tikilidə yaşamasına razı deyil. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikilinin boşaldılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh iddiaçıya məxsus torpaq sahəsini və onun üzərində inşa edilmiş tikilini boşaltmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı cavabdehin ona məxsus torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılması və həmin torpaq sahəsinin və tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. AR Mülki Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd edilən Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Göstərilən Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 300 kv.m. torpaq sahəsini alqı-satqı yolu ilə dəyəri ödənilməklə Səbail rayonu Badamdar Bələdiyyəsindən alsa da, daşınmaz əmlakın dövlət reyestrindən həmin torpaq sahəsini qeydiyyata aldırmamışdır. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Məcəllənin 59-cu maddəsinə görə yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr digər məqsədlərlə yanaşı, həmçinin fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə verilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir (Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndi). Məcəllənin 67-ci maddəsinin tələblərinə əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 2-ci maddəsinin İİİ hissəsinə görə ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqəli hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məcəllənin 14.2.2-ci maddəsində yerli özünüidarə orqanlarının aktları qanunvericilikdə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi göstərilmişdir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, hazırki münasibətdə bələdiyyə tərəfindən alındığı andan, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında formalaşan hüquqi mövqeyə görə daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ mövcuddur. Sahiblik səlahiyyəti əmlaka faktiki sahibliyi həyata keçirməyi hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu qanunla müəyyən edilən və qorunan elə bir imkanıdır ki, bununla əşyaya faktiki cəhətdən yiyələnmək təmin edilir, əmlakın müəyyən şəxsə məxsus olması imkanı hüquqi cəhətdən ifadə olunur. Mülki qanunvericilikdə əmlakın mülkiyyətçisinin mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədən hərəkətlərdən müdafiə üsulu nəzərdə tutulmuşdur. Mülkiyyətçi belə hərəkətlərə son qoyulmasını məhkəmə qaydasında da tələb edə bilər. Belə iddialar neqator iddialar adlandırır. Neqator iddia mülkiyyət hüququnu həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması haqqında tələbdir. Mülkiyyətçinin qeyd edilən hüquqları mülkiyyətçi olmasa da, qanunvericiliyə əsasən əmlaka sahiblik edən şəxsə də aiddir. Yəni həmin hüquqlardan istifadə edən şəxs sahiblik hüququnu müdafiə edə bilər (Mülki Məcəllənin 157.8-ci maddə) Sahiblikdən məhrum olan şəxs qanunsuz sahibdən sahibliyin qaytarılması tələb edə bilər (maddə 164). Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı torpaq sahəsi üzərində mövcud olan qanuni sahibliyinin müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməli və onun belə tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının sahibliyində olan torpaq sahəsində və onun üzərində inşa edilən tikilidə yaşamasının hər hansı bir hüquqi əsası məhkəmə tərəfindən müəyyən edilmədiyindən, kommunal xidmətlərlə əlaqədar müvafiq təşkilatlarla cavabdeh tərəfindən bağlanılmış müqavilələr, Bələdiyyəyə ödənilən vergilər həmin daşınmaz əmlaka sahiblik hüququnun mövcudluğunu və yaranmasını təsdiq edən hal kimi qəbul edilmədiyindən, bununla da cavabdehin mübahisəli torpaq sahəsində inşa edilən tikilidə qanuni əsaslar olmadan yaşaması müəyyən edildiyindən və onun bu hərəkətləri iddiaçının daşınmaz əmlak üzərində istifadə və sahiblik hüquqlarını pozduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinin 04.08.2006-cı il tarixli, 134 saylı qərarına əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsində yerləşən 300 kv.m. torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılsın və həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş tikili boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-292/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-292/2022
10.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver