Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2966/2025 10.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı (eyni zamanda digər İddiaçı2 nümayəndəsi) İddiaçı1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı evdən çıxarılma, mənzilin boşaldılıb onlara təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı evdən çıxarılma, mənzilin boşaldılıb onlara təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı1 Cavabdeh1 ilə 2016-cı ildə müəyyən qazanc əldə etmək məqsədi ilə kiçik biznes qurmuşlar. Belə ki, avtomobil alqısatqısı ilə məşğul olmağı planlamışlar. Bu məqsədlə də İddiaçı1 Cavabdeh1 47000 manat pul verilmişdir. Aralarında olan razılaşmaya görə avtomobil alqı-satqısından əldə ediləcək pulun (gəlirin) yarısı iddiaçıya, yarısı isə cavabdehə çatmalı idi. Lakin Cavabdeh1 İddiaçı1 aldığı pulu aralarındakı razılaşmaya uyğun xərcləməmiş və bildirmişdir ki, həmin pula alınmış avtomobilləri nisyə satmış və pulunu aldıqdan sonra bu vəsaiti qaytaracaqdır. 2018-ci ilin yanvar ayınadək cavabdeh müxtəlif bəhanələr gətirərək pulu iddiaçıya qaytarmamışdır. Lakin ötən müddət ərzində ayrı-ayrı vaxtlarda həmin pul vəsaitindən sonuncu 400 manatı xx.xx.2025-ci il tarixdə kart köçürməsi vasitəsi ilə ona ödəmiş və bu günə kimi ona ödəməli olduğu məbləğdən 12000 manatını qaytarmışdır. Bundan sonra cavabdeh həmin pulun 35000 manatını qaytara bilmədiyindən tərəflər belə bir razılığa gəlmişlər ki, Cavabdeh1 anasının istifadə və sahibliyində olan, həmin vaxt qiyməti 35000- 37000 manat olan, iki otaqlı fərdi yaşayış evini pulun əvəzində iddiaçıya təhvil verir və bu evə dair bütün sahiblik və istifadə hüquqlarını iddiaçıya verir. Yəni qaz, su, işıq, eləcə də binaya xidmət göstərən Mənzil Kommunal İstismarı Sahəsində kommunal xidmət öhdəliyini iddiaçının adına keçirməklə, evi də özlərinə yaşayış yeri tapdıqdan sonra iddiaçılara təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdehlə qohumluq münasibətləri olduğundan onlara özlərinə ev tapana kimi həmin evdə qalmağa iddiaçılar razılıq vermişlər. Razılaşmaya uyğun olaraq evin su, təbii qaz və elektrik enerjisindən istifadəyə dair sayğaclar iddiaçının həyat yoldaşı İddiaçı2 adına keçmiş, eləcə də evə Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən göstərilən kommunal xidmət öhdəliyi Mənzil Kommunal İstismarı Sahəsi ilə bağlanmış müqavilə əsasında iddiaçıya keçmiş və ona dair xərclər də onun tərəfindən ödənilir. Ötən müddət ərzində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, nə ona verilən pul vəsaiti geri qaytarılmamış, nə də evi iddiaçıya təhvil verməmişdir. Cavabdehin iddiaçıya 35000 manat pul vəsaitinin verməməsini aralarında olan danışıqda etiraf etmiş və bununla bağlı audio səs yazması mövcuddur. Həmin audio səs yazısında cavabdeh iddiaçıya 35000 manat pul verməli olduğuna hər hansı etiraz etməyərək veriləcək 35000 manatı qaytaracağını bildirmişdir. Lakin indi övladı Bakı şəhərində təhsil aldığından evə özünün də ehdiyacı olduğu üçün cavabdehlərin evdən çıxmasını tələb etmiş, lakin çıxmaqdan imtina edirlər. Belə olan halda da, onlar - iddiaçılar cavabdehlərin (cavabdehlər iki qardaş və ailələridir) evdən çıxmasını və evin onlara təhvil verilməsini tələb edirlər. Beləliklə sözügedən yaşayış evi cavabdeh tərəfindən qaytarılmamış, 37000 manat pul vəsaiti əvəzində yuxarıda qeyd edilən fərdi yaşayış evi dəyişdirilmiş və hesab edir ki, bu əsasla faktiki olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq iddiaçılar faktiki əmlak və sahiblik hüququ əldə etdikləri fərdi yaşayış evindən cavabdehlərin hüquqa zidd hərəkətləri nəticəsində məhrum olmuşlar. Hesab edirlər ki, hazırki vəziyyətdə iddiaçılara təhvil verilməsi nəzərdə tutulan fərdi ev özbaşına tikili olsa belə, əmlak olaraq yuxarıda qeyd olunan tərəflər arasında olan razılaşma əsasında iddiaçılara satıldığından həmin ev onların əmlakı hesab olunur və bu əsasla da cavabdehlər evdən çıxarılmalı, fərdi yaşayış evi iddiaçılara təhvil verilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçılar cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlara məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, evin boşaldılaraq onlara təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı (eyni zamanda digər İddiaçı2 nümayəndəsi) İddiaçı1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, Cavabdeh1 onun bibisi oğludur. 2016-cı ildə avtomaşın alqı-satqısı ilə bağlı qazanc əldə etmək məqsədi ilə Rəşadla razılığa gəlmiş və 47.000 manat məbləğində ona pul verilmişdir. Rəşad hissə-hissə 12.000 manatı qaytarmış, 2018-ci ildə qaytarılmayan borcu 35.000 manat təşkil etmişdir. Həmin il o, Rəşadgilin evində bibisi Aida xanımın iştirakı ilə borcun qaytarılmasına görə söhbət aparmış, orada ona bildirmişlər ki, 35.000 manat borc qaytarılacaq, bibisi Rəşad tərəfindən borcun qaytarılması üçün il yarım vaxt istəmiş, demişlər ki, evi satıb borcu qaytaracaqlar. Bibisi tərəfindən ona etibarnamə verilmiş, o, da evi yoldaşının adına keçirmişdir. Bir neçə müştəri evi almaq üçün mübahisəli evdə olsa da, Rəşagil evin satış qiyməti ilə razı olmamışdır. Uzun müddət keçməsinə baxmayaraq Rəşad nə borcu qaytarıb, nə də evi onlara verir. Rəşadın izahatında adını çəkdiyi Seymur adlı şəxsə pul verməmişdir, onu tanımır, Rəşad Seymura avtomaşın satmışdır, onun pulunu vermədiyi üçün 10200 manata borc müqaviləsi bağlanılmışdır. Pulu yalnız Rəşada vermişdir. Eyni zamanda Rəşadın qardaşı ilə birlikdə yaşadığı evdə onlar heç vaxt yaşamamışlar. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı onun dayısı oğludur. Həqiqətən 2016-cı ildən iddiaçı ilə avtomobil alqı-satqısı ilə əlaqədar razılığa gəlmiş və Cabir ona 20.000 manat pul vermişdir. Həmin pulun 15.000 manatı qaytarmış, 5000 manat borcu ödəməmişdir. Cabir Seymurla arasında olan borcu da onun ayağına yazır. 10.000 manat Cabirin borcu Seymura aiddir. Ev anasına məxsusdur. Evi Cabirə satmamışlar. Cabir borcu hissə-hissə qəbul etməkdən imtina etdiyi üçün rahat olması məqsədi ilə anası tərəfindən etibarnamə verilmişdir. Həqiqətən evi satıb Cabirə olan borcu qaytarmaq istəmişdir, lakin müştərilər real qiymət təklif etməmişlər. Borcu vermədiyi təqdirdə evi Cabirə verəcəyi barədə söz verilməmişdir. Həmin evdə özü və qardaşı ailələri ilə birlikdə yaşayır. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı nümayəndəsi olduğu şəxsə 20.000 manat iş görməklə bağlı pul vermiş, Rəşad o, pulun 15.000 manatını qaytarmışdır. Borcun 15.000 manatı ödənildiyi üçün etibarnamə də ləğv edilmişdir. Ev Rəşadın anasına məxsusdur. Borc isə Rəşada aiddir, Rəşad anasına məxsus evə dair heç bir sərəncam verə bilməzdir. Evin borca görə girov olmasına dair heç bir sübut yoxdur, iddiaçılar o evdə yaşamayıblar. Evin kommunal xidmətlərlə bağlı müqavilələr pulun qaytarılmasına etimadın yaranması üçün müvəqqəti İddiaçı2 adına keçirilmişdir. Tərəflər arasında yaranan münasibət borc münasibətidir, bu işin mübahisəsiz halıdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Ağdam rayonu dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin surətinə əsasən X3 tərəfindən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərindən sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, əmlakı girova (ipotekaya) qoymaq və ipotekanı (girovu) qəbul etmək barədə əqdləri bağlamağı, bu əqdlər üzrə haqqhesab aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, Asan xidmət mərkəzlərində, notariat kontorlarında, ƏMDK yanında DƏDRX-də onun əvəzindən iştirak etmək, o cümlədən bank orqanlarındanvə poçtdan, teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etməklə, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək səlahiyyəti 2 il müddətinə - xx.xx.2020-ci il tarixədək İddiaçı1 etibarnamə verilmişdir. İş üzrə 149 saylı MKİS tərəfindən verilmiş məlumat vərəqəsinin surətindən görünür ki, A.İsmayılov küçəsi, ö/t ev 23E ünvan üzrə məişət tullantıların daşınma haqqını ödəmək üçün məlumat vərəqi xx.xx.2018-ci ildən İddiaçı2 adına dəyişdirilmişdir. İş üzrə 149 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2025-ci il tarixli arayışlara əsasən İddiaçı2 ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. İş üzrə 149 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən MİKS-də olan məlumata görə Səbail rayonu, A.İsmayılov küçəsi, 23E özütikmə yaşayış evində qeydiyyatda heç kim yoxdur. Göstərilən evdə Cavabdeh1, Cavabdeh3 Əhliyyət qızı, X8, X4, Cavabdeh2, Cavabdeh4, Cavanşir Həmidə xanım Rəfail qızı, X9 hal hazırda qeydiyyatsız yaşayırlar. İş üzrə 149 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən MİKS-də olan məlumata görə X3 tərəfindən İddiaçı1 25.901.2018-ci il tarixli etibarnamə verilmiş, həmin etibarnamə əsasında İddiaçı1 görə ünvan 3 ünvanda X2 adına 17628 saylı məişət tullantılarının daşınma ödəmək üçün olan məlumat vərəqinin İddiaçı2 adına keçməsi üçün ərizə ilə müraciət etmişdir. İş üzrə K.S.Süleymanov, T.Ə.Bədirxanov və A.İ.Əsgərov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən həmin şəxslər aktı tərtib etməklə təsdiq edirlər ki, X5 və Cavabdeh2 2012-ci ildən etibarən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayırlar, İddiaçı2 həmin ünvanda ümumiyyətlə yaşamamışdır. İş üzrə “Elektron Notariat” X1 çıxarışa əsasən xx.xx.2018-ci il tarixdə X3 (etibar edən) tərəfindən İddiaçı1 (etibar edilən) verilmiş etibarnaməyə xx.xx.2018-ci ildə xitam verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən , ö/t 23E saylı ev öz hüquqi statusuna görə özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X3 tərəfindən verilmiş və Ağdam rayonu dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən iddiaçı ona məxsus bütün əmlakın idarə etməsi və üzərində sərəncam verməsi və s. kimi səlahiyyətlər İddiaçı1 verilmiş, X3 tərəfindən verilmiş həmin etibarnaməyə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, Cavabdeh1 ilə 2016-cı ildə iş qurmuşdur. Belə ki, avtomobil alqı-satqısı ilə məşğul olmuşlar. Tərəfindən Cavabdeh1 47.000 manat pul verilmişdir. Lakin Cavabdeh1 onun pulunu mənimsəmiş və ona qaytarmamışdır. Cavabdeh1 pulunu qaytara bilmədiyindən hazırda mübahisə edilən və Cavabdeh1 anasının adına olan həmin vaxt təxmini qiyməti 35.000-37.000 manat dəyərində olan evi borc müqabilində ona etibarnamə ilə vermişdir. Həmin etibarnamə əsasında o, həmin evi həyat yoldaşı olan digər İddiaçı2 adına sənədləşdirmişdir. Hazırda evin su, təbii qaz və elektrik enerjisinin verilməsi barədə sayğaclar İddiaçı2 adınadır. İddiaçılar övladldarının Bakı şəhərində təhsil aldığından evə özlərinin də ehdiyacı olduğu üçün cavabdehlərin evdən çıxmasını və evin boşaldılaraq onlara təhvil verilməsini tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Yuxarıda qeyd edildiyi kimi, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən ö/t 23E saylı fərdi yaşayış evi öz hüquqi statusuna görə özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. AR Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti daşınmaz əmlak olduğu üçün, qanunvericiliyin tələbinə əsasən həmin əmlak üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olması tələb olunur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumun Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin: - 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. - 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. - 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. İddiaçılar özbaşına tikili olan mübahisəli evin borc əvəzinə onlara verilməsini 149 No-li MKİS tərəfindən məişət tullantılarının daşınması ilə əlaqədar tərtib etdiyi sənəddə, kommunal xidmətlərin ödənilməsi barədə abunəçinin saldosunda İddiaçı2 adının qeyd edilməsi ilə əsaslandırmışlar. Məhkəmə iclasında isə Cavabdeh1 həqiqətən İddiaçı1 borcun olmasını və həmin borcun hazırda 5000 manat təşkil etməsini, həmin borca görə evin ona satılmamasını, yalnız həmin evin satışından əldə olunan pul vəsaitinin borca silinməsi barədə razılığa gəlinməsini, pulun qaytarılmasına inam olması üçün müvəqqəti olaraq kommunal xidmətlərə dair müqavilələrin İddiaçı2 adına keçməsinə razılıq verilməsini bildirmişdir. Məhkəmə tərəflər arasında borc münasibətlərinin işin mübahisəsiz halı olmasını, bu münasibətlərin 2016-cı ildən mövcudluğunu, həmin vaxtdan yalnız 9 ildən sonra məhkəməyə müraciət olunmasını, hazırkı vaxtadək cavabdehlərin mübahisəli evdə yaşamalarını, iddiaçıların ərizəyə əlavə etdikləri sənədlərin evin borc əvəzinə onlara verilməsini təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməməsini, bununla da iddiaçılarının istinad etdikləri halları təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş tələbin əsaslı olması müəyyən olunmadığından, həmin tələb əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Bu səbəbdən dövlət rüsumunun əvəzi kimi cavabdehlərdən tutulması barədə tələb də təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlara məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, evin boşaldılaraq onlara təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq onlara qaytarılması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2966/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2966/2025
10.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver