Məhkəmə qərarları › İş №2(009)-300/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-300/2021

28.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-300/2021 28.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev ö/t 63 Ş ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı il təvəllüdlüdür, Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən mənzildə pasport qeydiyyatındadır, lakin hal-hazırda atasına məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzildə valideynləri ilə birlikdə yaşayır. Bildirmək istəyir ki, hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh ilə 2006-cı il tarixində ailə həyatı quraraq aralarında olan ailə münasibətlərini xx.xx.2007-ci il tarixli Nikah haqqında akt qeydi əsasında rəsmiləşdirmişlər. Rəsmi nikahdan xx.xx.2008-ci il təvəllüdlü Fatimə və Zeynəb adlı əkiz övladları olmuşdur. Lakin sonralar aralarında olan xasiyyət uyğunsuzluğu nəticəsində yaranan söz-söhbətlərə görə o, məhkəməyə müraciət edərək, məhkəmədən, aralarında olan nikah münasibətlərinin pozulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-436/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında aralarında olan nikah münasibətləri pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü Fatimə və Zeynəb adlı əkiz övladları yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Aralarında olan nikah münasibətləri pozulduqdan sonra hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh ona məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev ö/t 63 Ş ünvanında yerləşən mənzilində yaşamağa davam etmişdir. O, isə, məcburiyyət qarşısında qalaraq atasına məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzildə valideynləri ilə birlikdə yaşayır. Bildirmək istəyir ki, cavabdeh şəxsə dəfələrlə evdən çıxması barədə xəbərdarlıq etsə də, o, onun xəbərdarlıqlarına məhəl qoymaraq əskinə deyirki “mən heç yerə getmirəm hara istəyirsən şikayət elə ev mənimdir, kim gəlirsə gəlsin mən bu evi yandıracam amma bu evdən çıxmayacam”. Həmçinin, bildirmək istəyir ki, cavabdeh şəxsə hətta təklif etmişdir ki, “evdən çıx mən də evi satım, satışdan əldə olunan gəliri də yarı-yarı hissələrlə aramızda bölək”. Həmçinin, təklif etmişdir ki, “əgər evdən çıxmayacaqsansa onda alimentlə əvəzləşdirək”. Ancaq cavabdeh buna da razı olmamışdır. Cavabdeh onun Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev ö/t 63 Ş ünvanında yerləşən mənzilində yaşaması onun üçün bir sıra əlavə problemlər yaradır ki, bu da yol verilməzdir. Cavabdehin onun mənzilində yaşaması onun əmlak üzərindəki mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam vermək) əhəmiyyətli dərəcədə pozur. Bunun nəticəsində, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Nəticədə, bu onun maddi vəziyyətinə mənfi təsir edir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də hesab edir ki, Cavabdeh onun Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev ö/t 63Ş ünvanında yerləşən mənzilindən çıxarılmalıdır. Dəfələrlə tərəfindən cavabdehə evdən çıxmasını bildirməyinə baxmayaraq, o, evdən çıxmamaqda israrlı olmuş və hazıradək həmin mənzildə yaşayır. Hesab edir ki, həmin mənzil onun mülkiyyəti sayılır. Göründüyü kimi mülkiyyətində yaşamaq, istifadə və sərəncam vermək hüquqları cavabdeh tərəfindən məhdudlaşdırılmışdır. Bu səbəbdən də, onun mülkiyyətçi kimi pozulmuş hüquqları bərpa edilməli və Cavabdeh onun Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev ö/t 63 Ş ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlə mübahisəli evə 2014-2015-ci illərdə köçmüş və bugünədək cavabdeh uşaqları ilə birlikdə həmin evdə yaşayır, uşaqları 20-ci sahədə Elçin Əzizov küçəsində yerləşən məktəbə gedirlər. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçı ilə xx xxxxxxxx 2007-ci il tarixdə ailə həyatı qurmuş və həmin nikahdan xx xxxxxxxx 2008-ci il təvəllüdlü Fatimə və Zeynəb adlı ekiz uşaqları olmuşdur. O, iddiaçı ilə ailə həyatı qurduqdan sonra bir müddət başqa evdə yaşamış, lakin 2014-2015-ci illərdə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev ö/t 63 Ş ünvanına köçmüşdür. Bir müddət mehriban yaşasalar da, sonradan iddiaçı nikahın pozulmasını istəmiş və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. İddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra da, o, uşaqları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev ö/t 63 Ş ünvanında yaşamağa davam edir. İddiaçı isə 2020-ci ilin mart ayında mübahisəli evi tərk etmişdir. Hazırda iddiaçının da həmin evə köçməsinə etiraz etmir, istədiyi vaxt o da gəlib həmin evdə yaşaya bilər. Lakin, onun və uşaqlarının həmin evdən çıxarılmasına etiraz edir, onların yaşamaq üçün başqa yeri yoxdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayonu 3 saylı XTMKTB tərəfindən verilmiş 79 saylı “forma 28” arayışının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev ö/t 63 Ş ünvanına dair İddiaçı adına kommunal xərclərin ödənilməsinə dair məlumat vərəqi açılmışdır. İş materiallarında olan 149 saylı MKİS tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli 2232 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev ö/t 63 Ş ünvanına dair məişət tullantılarının daşınma haqqını ödəmək üçün 79 saylı məlumat vərəqi İddiaçı aiddir. İş materiallarında olan Zaqata Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)- 436/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək İddiaçı oğlu ilə Cavabdeh arasında xx xxxxxxxx 2007-ci il tarixli nikah qeydi pozulması, nikahın pozulması Qeydiyyat Şöbəsində rəsmiləşdirilərkən 15 manat dövlət rüsumu İddiaçı tutulması, Cavabdeh dövlət rüsumundan azad edilməsi, tərəflərin birgə nikahından xx xxxxxxxx 2008-ci il tarixdə anadan olmuş X2 və xx xxxxxxxx 2008-ci il tarixdə anadan olmuş X3 anası Cavabdeh himayəsində saxlanılması, tərəflərin birgə nikahından xx xxxxxxxx 2008-ci il tarixdə anadan olmuş X2 və xx xxxxxxxx 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh xeyrinə verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İşə əlavə olunmuş Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən 149 saylı MKİS-in xx.xx.2020-ci il tarixli, 100 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev ö/t 63 Ş ünvanın heç bir hüquqi sənədi yoxdur. Ev özbaşına tikilidir, lakin məişət tullantılarını ödəmə haqqında məlumat vərəqi İddiaçı adınadır. İşə əlavə olunmuş Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev ö/t 63 Ş ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh xx xxxxxxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, tərəflər arasında nikah bağlandıqdan sonra onlar bir müddət başqa ünvanda yaşamış, lakin 2014-2015-ci illərdə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev ö/t 63 Ş ünvanına (özbaşına tikiliyə) köçmüş və iddiaçı ilə birlikdə həmin ünvanda yaşamışlar. Tərəflərin birgə nikahından xx xxxxxxxx 2008-ci il tarixdə X2 və X3 anadan olmuşlar. Sonradan tərəflər arasında münasibətlər pisləşmiş və Zaqatala Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pouzlmuş və tərəflərin birgə nikahından anadan olmuş xx xxxxxxxx 2008-ci il təvəllüdlü X2 və X3 cavabdehin himayəsində saxlanılmışlar. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh nikah pozulduqdan sonra da, azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev ö/t 63 Ş ünvanında (özbaşına tikilidə) yaşayır. Bundan başqa Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev ö/t 63 Ş ünvanında yerləşən evin özütikili ev olduğu da müəyyən edilmişdir. İddiaçı hazırda Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev ö/t 63 Ş ünvanında olan fərdi yaşayış evinin (özbaşına tikili) onun mülkiyyətində olmaqla ona məxsus olmasına və cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının pozulmasına istinad edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev ö/t 63 Ş ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılmasını xahiş edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyətində olduğunu iddia etdiyi evə dair hər hansı bir hüquqmüəyyənedici sənəd əldə etməmiş, həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Belə olan halda isə həmin ev özbaşına tikili hesab edilir. Məhkəmə qeyd edir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğundan və həmin evə dair hər hansı bir hüquq daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmadığından, həmin evin iddiaçının mülkiyyətində olması ilə bağlı dəlillər əsassızdır. Belə ki, əmlaka dair mülkiyyət hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evi üzərində tanına bilər. Bununla bağlı məhkəmə aşagıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. (178.2) Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. (MM 180.2) Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, şəxs hesab edirsə ki, ev onun vəsaiti hesabına inşa olunub və ona məxsusdur, belə halda həmin şəxs müvafiq sənədləri təqdim etməklə ev üzərində hüququnun qeydə alınması üçün qeydiyyat orqanına müraciət etməli, hüququ qeydə alındıqdan sonra həmin hüququn müdafəsi üçün məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı işdə evin “iddiaçıya məxsus olan ev” kimi qiymətləndirilməsi üçün hüquqi əsas yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, işin araşdırılmış halları ilə də müəyyən edildiyi kimi, cavabdeh 2014-2015-ci illərdən mübahisəli evə köçmüş və hazıradək orada yaşayır. İddiaçı isə həmin ev üzərində mülkiyyət hüququnun və ya digər hüququnun olduğunu təsdiq edən hər hansı bir sübut növü məhkəməyə təqdim edə bilməmişdir. Mövcud olmayan hüququn pozulması mümkün deyildir. Ona görə də cavabdehin mübahisəli evdə (yaşaması) qalması iddiaçının hüququnun pozulmasına səbəb ola bilməz. Məhkəmə qeyd edir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğundan, iddiaçı özbaşına tikili statusuna malik olan həmin fərdi yaşayış evi üzərində hər hansı hüquq əldə etmədiyindən, onun cavabdehin həmin evdən çıxarılması ilə bağlı tələb irəli sürmək üçün hazırda subyektiv hüququ da yoxdur. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı - Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar