Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-3053/2021 27.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinini nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı üçüncü şəxs qismində İsmayılov Rasim Bəhram oğlu cəlb olunmaqla Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «zaminliyə xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı üçüncü şəxs qismində İsmayılov Rasim Bəhram oğlu cəlb olunmaqla Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Xaçmaz filialı ilə üçüncü şəxs İsmayılov Rasim Bəhram oğlu arasında 12.06.2014-cü il tarixli 013CASA141630009 №-li kredit müqaviləsi ilə əlaqədar Cavabdeh ASC-nin Xaçmaz filialı ilə onun arasında bağnlanmış 12 iyun 2014-cü il tarixli zaminliyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ASC-nin Xaçmaz filialı ilə üçüncü şəxs İsmayılov RAsim Bəhram oğlu arasında 12.06.2014-cü il tarixli 013CASA141630009 №-li kredit müqaviləsinə əsasən İsmayılov Rasim Bəhram oğluna illik 24 faiz ödəməklə 36 ay müddətinə 19120 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin vaxt onunla 12 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Başqa sözlə o, 12.06.2014-cü il tarixli 013CASA141630009 №-li kredit müqaviləsinə görə üçüncü şəxsə verilmiş kreditə görə zamin olmuşdur. Xaçmaz rayon İcra və probosiya şöbəsindən ünvanınav daxil olmuş 27 may 2021-ci il tarixli məktubla tanış olanda bilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli 2(067)-2380/2017 saylı məhkəmə qətnaməsinə əsasən üçüncü şəxs İsmayılov Rasim Bəhram oğlu və qeyrisi ilə bərabər ondan da müştərək qaydada 12395,24 ABŞ dolları sas, 298,57 ABŞ dolları faiz və 17,15 ABŞ dolları məbləğində cərimə borcu tutulmalıdır. Məhkəmə qətnaməsinin surətini əldə etdikdə müəyyən olunmuşdur ki, qətnamənin qət etdi hissəsində üçüncü şəxs-qətnamə üzrə cavabdeh olan borclu İsmayılov Rasim Bəhram oğlu ilə 13 dekabr 2016-cı il tarixli 16013-1467/456259 saylı kredit müqaviləsi ləğv olunmuş və həmin müqaviləyə görə o cümlədən ondan da pul tutulması qət edilmişdir. Halbuki o, qeyd olunan kredit müqaviləsi üzrə zamin deyil. Qətnamədən də görünür ki, məhkəmə iclasında iştirak etməmişdir. Hesab edir ki, onunla bank arasında bağlanmış zaminliyə xitam verilməlidir. Göstərilən məhkəmə qətnaməsində 14 iyun 2014-cü il tarixli Cavabdeh ASC ilə onun arasında bağlanmış zaminlik müqaviləsinə istinad olunur. Qətnamədə onunla bank arasında 13 dekabr 2016-cı il tarixdə yeni zaminlik müqaviləsi bağlanması barədə heç bir qeyd yoxdur, belə ki, o, həmin tarixdə zaminlik müqaviləsi bağlamamışdır. İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə müraciət edərək, mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini və iddianın əsassız olduğunu qeyd edərək onun rədd olunmasını xahiş etdi. Üçüncü şəxs İsmayılov Rasim Bəhram oğluna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2380/2016 saylı, 02 iyun 2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İsmayılov Rasim Bəhram oğlu arasında bağlanmış 13 dekabr 2016-cı il tarixli 16013-1467/456259 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər İsmayılov Rasim Bəhram oğlundan, İddiaçı və X1 müştərək qaydada 12395.24 ABŞ dolları məbləğində əsas, 298,57 ABŞ dolları məbləğində faiz, 17,15 ABŞ dolları məbləğində cərimə borcunun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Təqdim olunmuş Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2034/2016 saylı, 10 iyun 2016-cı il tarixli qətnaməsindən görünür ki, cavabdeh İsmayılov Rasim Bəhram oğlu arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 013CASA141630009 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmanın ləğv edilməsi, cavabdehlər İsmayılov Rasim Bəhram oğlundan, İddiaçı və X2 müştərək qaydada 14403.18 ABŞ dolları məbləğində əsas, 1363.47 ABŞ dolları məbləğində faiz, 100 ABŞ dolları məbləğində penyanın tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Təqdim olunmuş İsmayılov Rasim Bəhram oğlu ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Filialı arasında bağlanmış 12 iyun 2014-cü il tarixli, 013CASA141630009 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə illik 24 faizlə 19120 ABŞ dolları məbləğində kredit verilmişdir. Təqdim olunmuş İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Filialı arasında bağlanmış 12 iyun 2014-cü il tarixli, 013FİZAM11523102 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı borcalan İsmayılov Rasim Bəhram oğlunun 12.06.2014cü il tarixli, 013CASA141630009 nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin tam icrası üçün borcalanla birgə məsuliyyət daşıyır. Təqdim olunmuş İddiaçı Cavabdeh ASC-nin Xaçmaz filialına ünvanlanmış 24 aprel 2015-ci il tarixli ərizəsindən görünür ki, icrasının təmin olunması məqsədi ilə 013FİZAM11523102 saylı 12 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi imzalamışdır. X7 Bəhram oğlu arasında imzalanmış 013CASA141630009 saylı «12» iyun 2014-cü il tarixli kredit müqaviləsinə, dəyişiklik edilməsinə dair 24 aprel 2015-ci il tarixli Razılaşmanın (Restrukturizasiyaya dair Razılaşma) imzalanmasına razılığını bildirir, dəyişikliklərlə tanışdır. Dəyişiklər nəzərə alınmaqla, qeyd olunmuş öhdəlik icra olunmadığı yaxud lazımi qaydada icra olunmadığı təqdirdə zaminlik müqaviləsi ilə məsuliyyət daşıdığını qəbul edir. Təqdim olunmuş İsmayılov Rasim Bəhram oğlu ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Filialı arasında bağlanmış 013CASA141630009 saylı «12» iyun 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair 24 aprel 2015-ci il tarixli Razılaşmadan görünür ki, bank borclu ilə bağlanmış kredit müqaviləsinə müvafiq olaraq 15721,76 ABŞ dolları əsas borcun qalığını, 431,76 ABŞ dolları məbləğində hesablanmış faizin restrukturizasiyasını keçirir. Təqdim olunmuş İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Filialı arasında bağlanmış 13 dekabr 2016-cı il tarixli, 16013-1467/115231Z nömrəli zaminlik müqaviləsindən görünür ki, bu nüqavilə borclunun kreditor qarşısında 16013-1467/456259 nömrəli, 13 dekabr 2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün zamin və borclunun kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Məhkəmə sözügedən mübahisə ilə bağlı aşağıdakı bir sıra qanunvericilik normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsplərindən biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddənin məzmunundan göründüyü kimi birgə zamin durmuş şəxslər kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yəni biri digərinə münasibətdə üstünlük hüququna malik deyillər. Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə xitam xerilməsinin əsasları qeyd edilmişdir. Bunlar aşağıdakılardır: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olunmuşdur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İsmayılov Rasim Bəhram oğlu arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 013CASA141630009 saylı kredit müqaviləsinə əsasən İsmayılov Rasim Bəhram oğluna illik 24% ödəməklə 36 ay müddətinə 19120 ABŞ dolları məbləğində kredit verilmiş, kredit-təminatlı borc üzrə öhdəliklərin icrasının ləmini kimi cavabdeh İddiaçı və X5 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən İsmayılov Rasim Bəhram oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün zaminlər məsuliyyəti öz üzərlərinə götürmüş və həmçinin bu barədə öhdəlik imzalamışlar. Cavabdeh İsmayılov Rasim Bəhram oğlunun 24 aprel 2015-ci il tarixli ərizəsinə əsasən bağlanmış 12 iyun 2014-cü il tarixli 013CASA141630009 saylı «kredit müqaviləsinin restrukturizasiyasma dair razılaşma»sına əsasən əsas borcun qalığı, faiz məbləği və penya cəmləşir və restrukturizasiya edilməsindən sonra kreditin məbləği 16153,52 ABŞ dolları 21% kreditdən istifadəyə görə haqq ödəmək şərti müəyyən edilir. Kredit-təminatlı borc üzrə öhdəliklərin icrasının təmini kimi cavabdehlər İddiaçı və X5 öz ərizələrinə əsasən İsmayılov Rasim Bəhram oğlunun kredit müqaviləsi və kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin borclu İsmayılov Rasim Bəhram oğlu 12 iyun 2014-cü il tarixli 013CASA141630009 saylı kredit müqaviləsində və 24.04.2015-ci il tarixli razılaşmada qeyd olunan şərtlərə əməl etmədiyindən və bank qarşısında təkrar borcu yarandığından sənədlər hazırlanaraq məhkəməyə müraciət edilmiş və Xaçmaz rayon Məhkəməsinin 10.06.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Sonradan borclu İsmayılov Rasim Bəhram oğlıı 13.12.2016-cı il tarixdə banka müraciət edərək yenidən maliyyələşdirilməsinin həyata keçirilməsini xahiş etmişdir. Bank borcu İsmayılov Rasim Bəhram oğlunun xahişini nəzərə alaraq 13.12.2016-cı il tarixli kredit müqaviləsi bağlamışdır. 13 dekabr 2016-cı il kredit müqaviləsinə əsasən Xaçmaz rayon Məhkəməsinin qətnaməsinə müvafiq olaraq müəyyən edilmiş 15866,65 ABŞ dolları məbləğində borcun müəyyən hissəsi borcalan tərəfindən ödənildikdən sonra qalan 12424,31 ABŞ dolları məbləğində hissəsinin yenidən maliyyələşdirilməsi keçirilmiş, kredit məbləği 12424,31 ABŞ dolları müəyyən edilmiş, kredit məbləğinin qaytarılması 36 ay müddətinə 8% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə müəyyənləşdirilmişdir. Kredit restrııkturizasiya olunarkən X4 zaminliyi ləğv edilmiş, X3 zamin götürülmüşdür. İddiaçı və X3 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən İsmayılov Rasim Bəhram oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh İsmayılov Rasim Bəhram oğlunun 13 dekabr 2016-cı il tarixli, 16013-1467/456259 saylı kredit müqaviləsi üzrə 12395,24 ABŞ dolları məbləğində əsas, 298,57 ABŞ dolları məbləğində faiz, 17,15 ABŞ dolları məbləğində cərimə borcu yarandığından, bank tərəfindən məhkəməyə müraciət edilmiş və Xaçmaz rayon Məhkəməsinin 2(067)-2380/2016 saylı, 02 iyun 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İsmayılov Rasim Bəhram oğlu arasında bağlanmış 13 dekabr 2016-cı il tarixli 16013-1467/456259 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər İsmayılov Rasim Bəhram oğlundan, İddiaçı və X1 müştərək qaydada 12395.24 ABŞ dolları məbləğində əsas, 298,57 ABŞ dolları məbləğində faiz, 17,15 ABŞ dolları məbləğində cərimə borcunun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunun qeyd olunan normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, yuxarıda göstərilən məhkəmə aktları ilə müəyyən olunan hallar hazırki iş üzrə preyudisial əhəmiyyət daşıdığından həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Ona görə də, zaminliyə xitam verilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı üçüncü şəxs qismində İsmayılov Rasim Bəhram oğlu cəlb olunmaqla Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «zaminliyə xitam verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-3053/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-3053/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver