Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-312/2021 17.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" BOKT QSC-yə qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" BOKT QSC-yə qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığortalanmış kreditin ödənilməsi məsələsini "xxxx" Sığorta Şirkəti ilə birlikdə həll etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar ərizəsini onunla əsaslandırmışdırlar ki, iddiaçılar 02 iyul 2014-cü il tarixdə mərhumə Ömərova Minəxanım Ömər qızına "xxxx" BOKT-dan götürdüyü kredit üçün zamin olaraq müqavilə bağlamışdırlar. Eyni zamanda Minəxanım Ömərova "xxxx" Sığorta Şirkəti ilə müqavilə bağlayaraq həmin krediti sığortalamışdır. 21 sentyabr 2015-ci il tarixdə Minəxanım Ömərova vəfat etmişdir. Zaqatala rayon İcra və Probasiya şöbəsindən iddiaçılara icra vərəqəsi ilə əlaqədar olaraq "xxxx" BOKT-a 2156,68 manat kreditin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Bununla əlaqədar dəfələrlə "xxxx" BOKT-un Zaqatala filialına dəfələrlə müraciət edilməsinə baxmayaraq, müxtəlif bəhanələrlə onu başdan etmişlər.Göstərilənlərə əsasən məhkəmədən iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı1 07 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə təqdim edərək, növbəti iclasların onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Digər İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçıların iştirakı olmadan keçirilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları tədqiq edib, onları məcmusu üzrə qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Zaqatala rayon Məhkəməsinin 2(033)-461/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı1 və İddiaçı2 986,35 manat əsas borc, 230,11 manat faiz borcu və 90 manat cərimə borcu olmaqla, cəmi 1306,46 manat kredit borcunun və 20 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması qət edilmişdir. "xxxx" Sığorta Şirkətinin "xxxx" QSC-yə ünvanladığı 02.02.2021-ci il tarixli məktubun surətindən görünür ki, sığorta şirkəti məktubun 8-ci bəndində qeyd etmişdir ki, Ömərova Minəxanım Ömər qızı sığorta müqaviləsi bağlamamışdan əvvəl kəskin bronxit xəstəliyindən müalicə olunurmuş, yəni Ömərova Minəxanım Ömər qıznın vəfatı əvvəlcədən mövcud olmuş xəstəliyin inkişafı nəticəsində baş vermişdir. Ləğvetmə komissiyası tərəfindən Ömərova Minəxanım Ömər qızına sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ömərova Minəxanım Ömər qızı ilə "xxxx" BOKT arasında kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda İddiaçı1 və İddiaçı2 "xxxx" BOKT ilə zaminlik müqaviləsi bağlayaraq, BOKT qarşısında Ömərova Minəxanım Ömər qızı ilə birgə məsuliyyət daşımışdır. Daha sonra Ömərova Minəxanımın sözügedən kredit borcu “Kredit sığortası şəhadətnaməsi” ilə "xxxx" Sığorta Şirkətində sığortalanmışdır. Ömərova Minəxanım vəfat etdikdən sonra BOKT borcun zaminlərdən tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və Zaqatala rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 986,35 manat əsas borc, 230,11 manat faiz borcu və 90 manat cərimə borcu olmaqla, cəmi 1306,46 manat kredit borcunun və 20 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması qət edilmişdir. “Başak İnam Sığorta Şirkəti” ləğv prosesində olduğu zaman "xxxx" BOKT qarşısında öz üzərinə götürmüş olduğu öhdəlikləri icra etmiş, lakin Ömərova Minəxanıma sığorta ödənişi etməmiş və bunun səbəbi kimi Ömərova Minəxanım Ömər qızının vəfatının sığorta hadisəsi olmadığını göstərmişdir. Mülki-Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Hazırki iddia tələbinin məzmunundan görünür ki, iddiaçılar sığortalanmış borcun ödənilməsinin həll edilməsi vəzifəsinin "xxxx" QSC-nin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçılar "xxxx" Sığorta Şirkətinin sığorta ödənişi etməkdən imtinasını mübahisələndirmədən sığortalanmış borcun ödənilməsinin həllini "xxxx" BOKT-dan tələb edir. İş materiallarından da görünür ki, Zaqatala rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. "xxxx" Sığorta Şirkəti ləğv prosesində olarkən "xxxx" QSC qarşısında Ömərova Minəxanım Ömər qızının kredit borcu üzrə öz üzərinə götürmüş olduğu sığorta öhdəliyini şəxsin vəfatının sığorta hadisəsi olmaması səbəbindən icra etməmişdir. İddiaçılar sığorta şirkətinin bu hərəkətindən narazı olmasına baxmayaraq, hazırki iddia tələbini sığorta şirkətinə qarşı deyil, BOKT-a qarşı qaldırmışdır. Halbuki iddiaçıların sığorta şirkətinin sığorta ödənişi etməsindən imtinasını məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır. Belə ki, bağlanmış kredit müqaviləsinin sığortaçısı kimi "xxxx" Sığorta Şirkəti sığortalı qarşısında öz üzərinə öhdəliklər götürmüş, lakin baş vermiş hadisənin sığorta hadisəsi olmaması səbəbindən sığorta ödənişi etməkdən imtina etmişdir. İddiaçılar sığorta şirkətinin imtinasını mübahisələndirmək hüququna malik olmasına baxmayaraq, bu hüquqdan istifadə etmədən onun tələbinə cavab vermək öhdəliyi daşımayan hüquqi şəxsə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin düzgün olmayan cavabdehə qarşı qaldırılması və sığorta ödənişi etməkdən imtinanın hazırki vaxtda mübahisələndirilmədiyi səbəbindən iddia tələbi əsassız sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" BOKT QSC-yə qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamə tərəfə təqdim olunduqdan 1(bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-312/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-312/2021
17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver