Məhkəmə qərarları › İş №2(009)-317/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-317/2021

18.01.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-317/2021 18.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı oğlunun, cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşı “əmrin ləğv edilməsi, işə bərpa və qanunsuz işlədiyi günlərin əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Hacıqabul rayon «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və qanunsuz işlədiyi günlərin əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tutduğu vəzifədən azad edilməyi barədə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin 1155 saylı, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunması və qanunsuz işlədiyi 42 günün əmək haqqının ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o, 1976-ci il tarixdə Rabitə Texnikomunun məzunu olmuşdur. 1998-ci ildən Hacıqabul rayon poçt filialının əməliyyatçı vəzifəsində işə başlamışdır. Uzun illər poçt və rabitə sahəsində fəaliyyəti hal-hazıra kimi olmuşdur. Hacıqabul rayon poçt filialının 1 saylı şəhər poçt şöbəsinin rəisi vəzifəsində işləmişdir. Pandemiya dövrü başladığı zaman yaşı ilə əlaqədar olaraq məcburi məzuniyyətə çıxarmışlar. Məzuniyyətə çıxdıqdan sonra daxili akt və əmrlə yaşadığı Qarasu kənd poçt şöbəsində işləməyə məcbur etmişlər. İşlədiyi 42 iş günü məzuniyyət dövründə ona heç bir əmək haqqı ödənilmədi, əksinə ona qarşı bəzi neqativ hüquqa zidd hərəkətlər başlanılmışdı. O, bu hərəkəti rəhbərlik tərəfindən ona qarşı qərəzli hesab edir. Elə bu səbəbdən qeyd etdiyinin bariz nümunəsi olaraq qeyri qanuni və tam əsassız şəkildə «xxxx» MMC-nin Hacıqabul rayon Poçt filialının həmkarlar şöbəsi adından saxta sənədlər hazırlanaraq «xxxx» MMC-yə göndərilmişdir. Belə ki, ona təqdim olunmuş əsassız əmrdən məlum olur ki, xx.xx.2020-ci ilə qədər yerli həmkarlar təşkilatının aktı «xxxx» MMC-yə göndərilmişdir. Əslində isə belə olmuşdur. xx.xx.2020-ci il tarixdə filialın rəisi X3 tərəfindən ona iclasda iştirak etmək təklif olundu. Həmin gün mübadilə günü olduğu üçün o, iş yerini tərk edib ora gedə bilməzdi və ona bildirdi ki, iclasda iştirak edə bilməyəcəkdir. Belə görünür ki, ona iclasda iştirak etməyi təlkif olunsa da, ancaq iclas onun iştirakı olmadan qanunsuz və əsassız keçirilmişdir. O, cavabdehin bu hərəkətini haqsız və hüquqa zidd hesab edir. Ona görə də, hesab edir ki, ona qarşı çıxarılmış qanunsuz əmr ləğv edilməli və o öz işinə bərpa edilməklə işlədiyi 42 gün əmək haqqısı ona ödənilməlidir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnilogiyalar Nazirliyi xx.xx.2020-ci il tarixdə Hacıqabul Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək, iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsi və işin başqa məhkəməyə verilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət təmin olunmuş cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnilogiyalar Nazirliyi əsl cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək eləcə də, bildirdi ki, o, izahatında da göstərmişdir ki, 190 manat birdəfəlik ödənişlər kənar şəxslərə deyil, ödəməni alacaq şəxslərin şəxsiyyət vəsiqələri təqdim olunmaqla onların yaxın qohumlarına, yəni anasına, qardaşına verilmişdir. Həmin ödəmələrlə bağlı sonradan hər hansı şikayət olunmamışdır. Onun işdən çıxarılmasına səbəb filial rəisinin ona qarşı qərəzli mövqe tutması olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izahat verərək göstərdi ki, «xxxx» MMC-nin X6 1 saylı Poçt şöbəsinin müdiri, eyni zamanda Qarasu kənd poçt şöbəsinin müdiri vəzifəsini icra edən İddiaçı özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə «xxxx» MMC-nin 1155 nömrəli, xx xxxx 2020-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi müddətdə işində ciddi nöqsanlara yol verdiyinə, yəni xx.xx.2020-ci il tarixdə davamiyyət yoxlaması zamanı İddiaçı Qarasu kənd poçt şöbəsində iş yerində olmadığına görə rəhbərlik tərəfindən ona xx.xx.2020-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, lakin o bundan nəticə çıxarmamışdır. Belə ki, 190 manat birdəfəlik ödənişlər zamanı iddiaçı tərəfindən 3 halda ödənişlər kənar şəxslərə verilmişdir. Bununla əlaqədar iddiaçı işdən çıxarılmışdır. Göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir və iddianın rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2004cü il tarixdən Hacıqabul rayon poçt filialının 1 saylı şəhər poçt şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin 1089 nömrəli, xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, «xxxx» MMC-nin X6 (PF) 1 saylı Poçt şöbəsinin müdiri (Qarasu PŞ-nin müdiri vəzifəsini müvəqqəti icra edən) Rəsulov İkmət Böyükağa oğluna «sonuncu xəbərdarlıqla şiddətli töhmət» verilmişdir. İş materiallarında olan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin 1155 nömrəli, xx.xx.2020-ci il tarixli «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin əmrindən görünür ki, «xxxx» MMC-nin X6 1 saylı Poçt şöbəsinin müdiri İddiaçı özünün əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrə əsas kimi göstərilən və iş materiallarına əlavə olunmuş X6 rəisi A.Nadirov tərəfindən «xxxx» MMC-nin baş direktoru E.Əfəndiyevə ünvanlanmış HPF 5/74 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ƏƏSMN tərəfindən işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəməni «xxxx» MMC-nin X6 bir neçə poçt şəbəsində ölkədə olmayan şəxslərə ödənilmişdir. Həmin ödəniş baş direktorun köməkliyi ilə xəzinəyə bərpa edilmişdir. Bu qeyri qanuni hərəkətə görə bir neçə PŞ müdirləri, o cümlədən 1 saylı şəhər poçt şöbəsinin müdiri İddiaçı və PŞ əməliyyatçıları haqqında cəza (İddiaçı haqqında üstəlik etik davranışı pozduğu üçün ciddi cəza) tənbehi görülməsi xahiş olunmuşdur. Yuxarıda qeyd olunan əmrə əsas kimi göstərilən və iş materiallarına əlavə olunmuş X6 Həmkarlar İttifaqı Komitəsinin 05 saylı, xx xxxx 2020-ci il tairxli protokolundan görünür ki, Qarasu kənd poçt şöbəsində ƏƏSMN tərəfindən 190 manat birdəfəlik ödənişlər zamanı 3 halda əməliyyatların qeyri-düzgün icra edildiyinə və bunun nəticəsində Poçt Filialı tərəfindən araşdırmalar aparılaraq, ödənişləri almış müştərilərdən bəzi sübutlar tələb edildiyindən əmək intizamını mütəmadi qaydada pozduğunu, etik davranış qaydalarını kobud surətdə pozmaqla müştərilərin haqlı narazılığına səbəb olması, poçt sahəsinin illərlə formalaşan imicinə xələl gətirdiyindən, «xxxx» MMC-nin müvafiq təlimatlarını mütəmadi pozduğundan Qarasu kənd poçt şöbəsinin rəisi vəzifəsi həvalə olunmuş 1 saylı poçt şöbəsinin müdiri İddiaçı işdən azad olunması üçün şərtlərin müəyyən olunmasına razılıq verilmişdir. Yuxarıda qeyd olunan əmrə əsas kimi göstərilən və iş materiallarına əlavə olunmuş X6 QarasuKPŞ-nin müdiri İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə “xxxx» MMC-nin baş direktoru E.Əfəndiyevə ünvanlanmış izahatdan görünür ki, o, ƏƏSMN tərəfindən işsizlərə verilən birdəfəlik ödəmə zamanı xx.xx.2020-ci il tarixdə X1 köçürülmüş vəsaiti yaxın qohumuna, xx.xx.2020-ci il tarixində X2 adına olan vəsaiti şəxsiyyət vəsiqəsi ilə oxşarlıq olduğu üçün qohumuna vermişdir. xx.xx.2020-ci il tarixində X5 adına gələn vəsaiti isə onun anasına vermişdir. Səhv ödənişlərin bərpa olunmasına köməklik edilməsini xahiş etmiş və bir daha belə hallara yol verməyəcəyinə söz verdiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Yuxarıda göstərildiyi kimi, İddiaçıla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Göstərilən əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində müəyyən olunmuşdur ki, həmin maddəyə əsasən işçi ilə əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (AR Əmək Məcəlləsinin 71-cü mad. 3-cü bən.). Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında verilən izahatlardan 190 manat birdəfəlik ödənişlərin verilməsi ilə bağlı vətəndaşlar tərəfindən hər hansı şikayətin olması, cavabdehin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması öz təsdiqini tapmadı. Beləliklə, məhkəmə, yuxarıda qeyd olunan bütün halları nəzərə alaraq bu qənaətə gəlir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin 1155 nömrəli, xx xxxx 2020-ci il tarixli əmri əsassız olduğundan ləğv edilməli, iddiaçı isə, məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə iddia tələbinin qanunsuz işlədiyi günlərin əmək haqqının ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında lazımi sübutlarla təsdiq etmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin 1155 nömrəli, xx xxxx 2020-ci il tarixli əmri ləğv edilsin. İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin X4 1 saylı Poçt şöbəsinin müdiri vəzifəsinə bərpa edilsin və məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədlik edən: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar