Məhkəmə qərarları › İş №2(009)-321/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-321/2025

12.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-321/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 qanuni təmsilçisi (qəyyumu) X5 iştirakı ilə, İddiaçı (X27 müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Səbail Rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Səbail Rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən 147 saylı akt qeydi ilə 10 may 1991-ci il tarixdə qeydə alınmış onunla mərhum X16 arasında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, X16 ilə xx.xx.1991-ci il tarixdə Səbail Rayon Qeydiyyat şöbəsində 147 saylı akt qeydi tərtib olunmaqla rəsmi olaraq nikah bağlamışdır. Lakin, onlar nikah bağlasalar da sonradan münasibətlərində problem olduğundan onlar toy etməmiş və onların ailə münasibəti baş tutmamışdır. O, Asan Xidmətə getdikdə isə ona məlum olmuşdur ki, X16 xx.xx.2024-cü il tarixdə rəhmətə getmişdir və ailə üzvü kimi onun üstündə göstərilir. Hətta orda olanda araşdırma zamanı ona məlum oldu ki, X1 Adil İbrahim oğlu ilə xx.xx.1980-ci il tarixdə Zəngilan Rayon Alıbəyli İcra Nümayəndələyində rəsmi olaraq 19 saylı nikah akt qeydi bağlayaraq ailə qurmuş və həmin nikah pozulmadan onunla rəsmi nikaha daxil olmuşdur. Bunu o, Asan Xidmətdə olduqda bilmişdir. Ona görə hesab edir Səbail Rayon Qeydiyyat Şöbəsi burda səhvə yol vermiş və X12 başqa şəxslə nikahı qüvvədə ola-ola onunla də arasında nikahı rəsmiləşdirmişdir. Hesab edir ki, bu nikah saxta nikah hesab olunur və etibarsız olunmalıdır. O, bu barədə cavabdehə müraciət etdikdə ona aşağıdakı məzmunda imtina məktubu verdi. Ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı X25 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhərində dostu X11 və ailəsinin pasport qeydiyyatı yox idi. Onların uşağı xəstə olduğundan onun qeydiyyata alınması üçün, həmçinin valideynlərinin özlərinin əmək fəaliyyəti ilə məşğul ola bilmələri üçün köməklik etmək məqsədilə X16 ilə aralarında nikah rəsmiləşdirilməsinə razılıq vermişdir, lakin nikah münasibəti formal olmuşdur, heç vaxt faktiki ailə, nikah münasibətləri olmamışdır. Dosti ilə X16 arasında xx.xx.1980-ci il tarixdə Zəngilan rayon Alıbəyli kənd icra nümayəndəliyində nikah bağlanmışdır. O özü də daha sonra ailə qurmuşdur və hazırda ailəlidir. Nikahın etibarsız sayılması üçün qeydiyyat şöbəsinə müraciət etsə də, sistemdə nikahın qüvvədə olduğu və yalnız məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 qanuni təmsilçisi (qəyyumu) X13 izahat verərək bildirmişdir ki, onlar 1984-cü ildən dostdurlar, ailəvi yaxındırlar. X16 onun qardaşı X6 arvadı olmuşdur, hazırda ikisi də vəfat ediblər, o isə qardaşı oğlunun qəyyumudur. X16 ilə iddiaçının nikahı hər zaman formal olub. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Səbail Rayon Qeydiyyat Şöbəsininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan arayışdan görünür ki, X11 ilə X16 arasında xx.xx.1980-ci il tarixdə Zəngilan rayon Alıbəyli kənd icra nümayəndəliyində nikahın bağlanmasına dair 19 sayı ilə qeyd aparılmış və arvada “Ağayeva” soyadı verilmişdir. Nikaha A.İ.Mehralıyevin xx.xx.2023-cü ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2023-cü ildə 387 №li akt qeydi ilə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində, Z.S.Ağayeva isə xx.xx.2024-cü ildə ölmüş, ölüm xx.xx.2024-cü ildə 225 №li akt qeydi ilə Cavabdehndə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan arayışdan görünür ki, X25 ilə X16 arasında xx.xx.1991-ci il tarixdə Səbail rayon Qeydiyyat şöbəsində nikahın bağlanmasına dair 147 sayı ilə qeyd aparılmış və arvada “Ağayeva” soyadı verilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X20 arasında xx.xx.1995-ci il tarixdə Nəsimi rayon VVADQ şöbəsində nikahın bağlanmasına dair 315 sayı ilə qeyd aparılmış və arvada “Tapdıqlı” soyadı verilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 387 nömrəli aktla qeydə alınmış AZ-İİ seriyalı, 344028 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Cavabdeh tərəfindən 225 nömrəli aktla qeydə alınmış AZ-İİ seriyalı, 425368 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş 1 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı 30 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, onun nikahın pozulması barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, o, xx.xx.1991-ci il tarixdə X16 ilə nikaha daxil olmuşdur. lakin, həmin nikah pozulmadan xx.xx.1995-ci il tarixdə X20 ilə nikaha daxil olmuşdur. Qeyd edilən X16 ilə olan nikahın pozulması barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sistemində yoxlama aparılmış lakin heç bir məlumat aşkar edilməmişdir. X3 xx.xx.2024-cü ildə vəfat etmişdir. Göstərilənlərə əsasən nikahın pozulması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh 27 noyabr 2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, nikahın etibarsız sayılması ilə bağlı məhkəməyə müraciət etməsi xahiş edilmişdir. Bakı şəhəri Səbail rayon İcra hakimiyyətinin başçısının 11 oktyabr 2024-cü il tarixli, 115 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1271/2024 saylı qətnaməsi ilə xx.xx.1984-cü il təvəllüdlü X17 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. X4 üzərində əmisi X13 qəyum təyin edilmişdir. X30 tərəfindən verilmiş İX-ЖГ seriyalı, 419851 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X2 rayonunda anadan olmuş, ata qrafasında X11, ana qrafasında X16 qeyd edilmişdir. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, X11 ilə X16 arasında xx.xx.1980-ci il tarixdə Zəngilan rayon Alıbəyli kənd icra nümayəndəliyində nikahın bağlanmasına dair 19 sayı ilə qeyd aparılmış və arvada “Ağayeva” soyadı verilmişdir. Birgə nikahdan X18 adlı uşaqları doğulmuşdur. X14 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində, X16 isə xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Həmçinin müəyyən edilmişdir ki, X25 ilə X16 arasında xx.xx.1991-ci il tarixdə Səbail rayon Qeydiyyat şöbəsində nikahın bağlanmasına dair 147 sayı ilə qeyd aparılmış və arvada “Ağayeva” soyadı verilmişdir. İddiaçı ilə X20 arasında xx.xx.1995-ci il tarixdə Nəsimi rayon VVADQ şöbəsində nikahın bağlanmasına dair 315 sayı ilə qeyd aparılmış və arvada “Tapdıqlı” soyadı verilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra hakimiyyətinin başçısının 11 oktyabr 2024-cü il tarixli, 115 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1271/2024 saylı qətnaməsi ilə xx.xx.1984-cü il təvəllüdlü X17 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. X4 üzərində əmisi X13 qəyum təyin edilmişdir. Məhkəmə iddiaya münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə əsasən, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. -25. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. -25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. -25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. -26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı;[21] 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). Qanunvericiliyə görə, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda, həmçinin tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlandıqda isə nikahın etibarsız sayılması bu institutun mahiyyətindən irəli gəlir, çünki həm Azərbaycan Respublikası Konstitusiyasının 34.2-ci maddəsinə, həm İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin 16.2-ci maddəsinə, həm də Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə, nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə qeydiyyata alınan könüllü ittifaqıdır və heç kəs zorla evləndirilə bilməz. Bundan başqa, qanunvericilikdə həmçinin imperativ olaraq göstərilmişdir ki, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Bu şərt pozulduqda isə nikah (saxta nikah) etibarsız sayılır. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi X11 ilə xx.xx.1980-ci il tarixdə Zəngilan rayon Alıbəyli kənd icra nümayəndəliyində nikah bağlayan X12 xx.xx.1991-ci il tarixdə Səbail rayon Qeydiyyat şöbəsində X25 ilə də nikahı rəsmiləşdirilmişdirdir. Həmçinin görünür ki, X11 ilə nikaha sonuncunun xx.xx.2023-cü ildə ölməsi ilə bağlı xitam verilmişdir. Başqa sözlə, X12 X11 ilə arasında xx.xx.1980-ci il tarixində bağlanmış nikah pozulmadan onunla xx.xx.1991-ci il tarixdə X25 arasında nikah rəsmiləşdirilmişdir ki, bu hal ailə qanunvericiliyinin tələbi baxımından yolverilməz olmaqla nikah etibarsız hesab edilir. Bundan başqa, iddiaçı ailə dostu X8 və onun ailəsinə yaşayış yeri üzrə qeydiyyata alınması üçün kömək məqsədilə X16 ilə aralarında nikah bağlanmasına razılıq verməsini və nikahın formal xarakter daşımasını bildirmiş, X12 əri X7 qardaşı, həm də 3-cü şəxsin- onların oğlu X10 qəyyumuqanuni təmsilçisi X13 da iddiaçının mövqeyi ilə razılaşmış və qeyd edilənləri təsdiq etmişdir. Qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir ki, X15 X16 ilə real olaraq ailə qurmaq niyyəti olmamış, məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olmuşdur ki, bu halda da onlar arasında bağlanan nikah etibarlı sayıla bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə iddianı əsaslı hesab edir və belə nəticəyə gəlir ki, iddiaçı X25 ilə X16 arasında xx.xx.1991-ci il tarixində, 147 reyestr nömrəsi ilə Səbail rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X25 ilə X16 arasında xx.xx.1991-ci il tarixində, 147 reyestr nömrəsi ilə Səbail rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar