Məhkəmə qərarları › İş №2(009)-333/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-333/2023

07.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-333/2023 07.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 avqust 2023cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işlədiyi dövrdə gecə vaxtı, istirahət, qeyri iş günləri və iş saatından əlavə vaxtda işə cəlb edildiyinə görə əmək haqqına əlavələrin edilməsinin cavabdehə həvalə edilməsi, 51 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 3 saylı uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində müddətsiz əmək müqaviləsi əsasında işləyir. İşi gecə növbəsidir və iş günləri hesab edilməyən günlər də işə çağırılıb əmək fəaliyyətinə cəlb edilir. Bu təxirəsalınmaz hər hansı fövqəl vəziyyətlə əlaqədar olmayıb, artıq günlük rutin iş halını almışdır. Bundan əlavə o, ağır iş şəraitində çalışdığı üçün vəzifə maaşına 20% məbləğində əlavə alır. Lakin gecə vaxtı işlədiyinə görə və iş günləri hesab edilməyən günlər, iş saatı olmayan saatlar da əmək fəaliyyətinə cəlb edildiyinə görə əlavə məvacib ala bilmir. O, axşam saat 20:00-dan səhər saat 08:00-a qədər əmək fəaliyyəti ilə məşqul olur. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə də müraciət etmişdir. X4 Xidmətinin Bakı şəhər İdarəsinin ona cavab olaraq göndərdiyi 23 sentyabr 2022-ci il tarixli, №**********0 saylı məktubundan da aydın olduğu kimi, istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu, həmçinin qarşı tərəfdən təqdim olunmuş cavab məktubuna əsasən 20:00-dan 08:00-a qədər çalışdığı gecə vaxtı ilə əlaqədar əmək haqqına əlavələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq hesablanıb ödənilmir. Bu səbəbdən Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisəsləri və Uşaq Evləri İdarəsinin vəzifəli şəxsi barəsində Azrbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbinə uyğun olaraq xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, tərbiyəçi köməkçisi vəzifəsinə əlavə olaraq 2022-ci ilin yanvar ayından 0.5 ştat süpürgəçi vəzifəsində də çalışmış. Lakin X4 Xidməti Bakı şəhər İdarəsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirən zaman onunla sözügedən müəssisə arasında əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinin mövcud olmadığını müəyyən etmişdir. Əmək müqaviləsinin bildirişinin sistemdə olmaması da AR İnzibati Xətalar Məcəllərinin 192.1-ci maddəsinə uyğun olaraq inzibati xəta halı yaratmışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisəsləri və Uşaq Evləri İdarəsinin vəzifəli şəxsinə müvafiq məktub göndərməsinə baxmayaraq, ona yalnız bayram günləri işlədiyinə görə pul ödənilmiş, gecə vaxtı, istirahət, digər qeyri iş günləri və iş saatından əlavə vaxtda iş fəaliyyətinə cəlb edildiyinə görə isə onun vəzifə maaşına əlavə edilməli olan məvacib təmin edilməmişdir. X4 Xidmətinə etdiyi müraciətdən sonra, mediasiya mərhələsi üçün Bakı 18 saylı Mediasiya təşkilatına müraciət etdi. Mediasiyanın tətbiqi məqsədilə müəyyən olunan xx.xx.2022-ci il tarixində qarşı tərəf mediasiya prosesinə gəlmədi. Bundan ötrü “X2 Edilməməsi” barədə MŞB/18-00205 nömrəli, xx.xx.2022-ci il tarixli Arayış mediator X3 tərəfindən ona təqdim edildi. Qeyd etdiyi bütün halları nəzərə alaraq, hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisəsləri və Uşaq Evləri İdarəsi tərəfindən gecə vaxtı, istirahət və qeyri iş günləri iş fəaliyyətinə cəlb edildiyinə görə həmin vaxtların və günlərin əmək haqqı əlavələri maaşına əlavə edilməlidir. İddiaçı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı tərbiyəçi köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin Bakı şəhər İH-nə ünvanladığı məlumatda qeyd edilir ki, İddiaçı himayəsində 3 azyaşlı övladı olduğu üçün əlavə, kömək məqsədi ilə 0.5 vahid süpürgəçi vəzifəsi yüklənib. 01 iyul 2022-ci il tarixli 104 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən tərbiyəçi köməkçisi vəzifəsinə işə bərpa edilmişdir. 3 nömrəli uşaq evinin 14 fevral 2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı istirahət və iş günü hesab edilməyən bayram günləri üçün 1276,30 manat hesablanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə istirahət və iş günü hesab edilməyən bayram günləri üçün 1018,09 manat əmək haqqı ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 3 nömrəli uşaq evində tərbiyəçi köməkçisi vəzifəsinə işə qəbul edilmiş, eyni zamanda ona kömək məqsədi ilə 0.5 vahid süpürgəçi vəzifəsi yüklənmişdir. İddiaçı əlavə işlədiyi saatların əvəzinin ödənilmədiyini əsas gətirərək, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 54.1-ci maddəsinə əsasən işəgötürən əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini təmin etməlidir. 89.2-ci maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 165.1-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı 2018-2022-ci illər üzrə Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin nəzdində ilan 3 saylı uşaq evində tərbiyəçi köməkçisi kimi növbəli iş rejiminə uyğun olaraq işlədiyi müddətdə Azərbaycan Respublikasının qanun və qaydalarına əsasən, ümumi 23164,54 manat hesablanmış məbləğ olmaqla 13540,65 manat əmək haqqı, 4695,47 manat əmək haqqına əlavələr, 2885,70 manat mükafat şəklində digər ödənclər, 1678,84 manat məzuniyyət haqqı və 363,88 manat son haqq-hesab olaraq və iş saatlarından artıq işlədiyinə görə əlavə ödənclərin düzgün hesablandığı müəyyən edilmişdir. Məhkəmə ekspert rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq, cavabdehin iddiaçıya ödənilməli olan pul vəsaitinin qalmadığını əks etdirən rəyinin əsas götürülməsini daha məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi onun əsasları iddiaçı tərəfindən sübut edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat pul vəsaiti iddiaçıdan tutulub dövlət büdcəsinə (hesab: VÖEN ********** X1, Kod:210005, VÖEN: ********** müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar