Məhkəmə qərarları › İş №2(009)-338/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-338/2021

28.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-338/2021 28.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qanuni nümayəndəsi Nümayəndə qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qanuni nümayəndəsi Nümayəndə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Bakı şəhəri, Nəzərov küçəsi, 7 nömrəli evin, 31 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin qətnamənin onun pasport qeydiyyatının ləğv edilməsi üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-1056/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Nümayəndə istifadə hüququ itirilmiş hesab edilmişdir. Bundan sonra iddiaçı ona məxsus Bakı şəhəri, Əziz Nəzərov küçəsi, 7 nömrəli evin, 31 saylı mənzildə qeydiyyatda olan şəxslər barədə Bakı ASAN Xidmət Mərkəzindən arayış almış və məlum olmuşdur ki, mülkiyyətində olan mənzildə X1 xx.xx.2018-ci il təvəllüdlü övladı Cavabdeh də pasport qeydiyyatında imiş. İddiaçı nəvəsinin onun mülkiyyətində olan mənzilə pasport qeydiyyatına düşməsindən məlumatı olmamışdır. X3 ailə qurandan həyat yoldaşı ilə birgə həyat yoldaşına məxsus mənzildə yaşamışlar. Onun və oğlunun iddiaçının mənzilində pasport qeydiyyatında qalmasına zərurət yoxdur və onların iddiaçının mənzilində pasport qeydiyyatında qalmaları mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan ÖM seriyalı 232034 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Əziz Nəzərov küçəsi, 7 nömrəli evin, 31 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 122 nömrəli xx xxx 2017-ci il tarixli müqavilədən görünür ki, X2 “Turac-A.F.” firması ilə bağlanmış olduğu müqaviləyə əsasən Bakı şəhəri, H.Hüseynov 2A küçəsində ümumi sahəsi 109.1 kv.m olan 112 saylı 2 otaqlı mənzilin dəyərini ödəmək şərti ilə əldə etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Səbail rayon məhkəməsinin 2(009)-1056/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, X1 Bakı şəhəri, Əziz Nəzərov küçəsi, 7 nömrəli evin, 31 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. İş materiallarında olan DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Əziz Nəzərov küçəsi, 7 nömrəli evin, 31 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirilməsinə maneə yaratdığından cavabdehin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Belə olan halda, məhkəmə, cavabdehin adı çəkilən evdə deyil faktiki olaraq başqa ünvanda yaşamasını nəzərə alaraq hesab edir ki, cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdehin mənzilə qeydiyyatı notarial əməliyyatları ilə bağlı formalaşmış mövcud təcrübəyə əsasən iddiaçının öz əmlakı üzərində sərbəst şəkildə sərəncam vermək hüququnu məhdudlaşdırılmasına səbəb ola bilər. Avropa Məhkəməsinin mövqeyini də nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş mülkiyyət hüququnun tərkibinə daxil olan sərəncam hüququnun müəyyən məhdudiyyətlərlə həyata keçirməsi həmin hüququn “nəzəri və xəyali” xarakter daşımasına səbəb olacaqdır. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələri məhz “səmərəli və praktiki” xarakter daşıyan mülkiyyət hüququna təminat verir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh Bakı şəhəri, Nəzərov küçəsi, 7 nömrəli evin, 31 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Nəzərov küçəsi, 7 nömrəli evin, 31 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh Bakı şəhəri, Nəzərov küçəsi, 7 nömrəli evin, 31 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar