Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-338/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə və 3-cü şəxs X3 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş məzuniyyət haqqının və s. ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 31 yanvar 2024cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş məzuniyyət haqqının və s. ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş məzuniyyət, son haqq-hesab pulu, ezamiyyə haqqı kimi 3,000 manat pulun və 50 manat mediasiya xərci qismində ödənilmiş rüsumun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2001-ci ildən cavabdeh MMC-nin 933 nömrəli əmri ilə mühafizəçi vəzifəsinə təyin edilmiş və xx.xx.2004-cü il tarixli əmr ilə isə öz ərizəsi əsasında işdən azad edilmişdir. İşlədiyi müddət ərzində məzuniyyətdən istifadə etməmiş, ezamiyyə haqları və digər ödəmələr ödənilməmişdir. İşdən azad olunarkən son haqq-hesab, məzuniyyət və iş vaxtından artıq işlədiyi işlərə görə əlavə saatlar hesablanıb ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, 2004-cü ildə işdən azad olunduqdan sonra cavabdeh təşkilatda başqa vəzifəyə işə götürülmüş və 2005-ci ilin avqust ayında işdən azad edilmişdir. Əmək kitabçasını ona 2005-ci ildə işdən azad olunarkən təqdim etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün mühasibat sənədləri AR Vergilər Nazirliyinin xx.xx.2006-cı il tarixli, 05 nömrəli “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarına əsasən, xx.xx.2006-cı il tarixli“sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol əsasında Azpetrol şirkətindən götürülmüşdür. İddiaçı işdən azad olunarkən ona əmək kitabçası və əmrin surəti təqdim edilmişdir. Lakin iddiaçı təxminən 19 il sonra əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi bildirmişdir ki, onlarda iddiaçının müraciəti əsasında cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məlumat yoxdur. Xidmətdə son 4-5 ilin arxivi saxlanıldığından və hazırki mübahisə 2005-ci ildə yarandığından Xidmət tərəfindən həmin dövrə aid sənədləri təqdim etmək mümkün deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2001-ci il tarixdə "xxxx" MMC-də mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. Eyni tarixdə növbə rəisi vəzifəsinə təyin edilmiş və xx.xx.2005-ci il tarixdə isə öz xahişi ilə işdən azad olunmuşdur. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2006-cı il tarixli protokolun surətindən görünür ki, "xxxx" LTD MMC-də keçirilən yoxlamada təqdiim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları aşkar edildiyinə görə yoxlama materiallarının aidiyyatı üzrə qanunamüvafiq rəsmiləşdirilməsi üçün götürülməsi və sonradan məsul saxlamaya verilməsi həyata keçirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2001-ci il tarixdə "xxxx" MMCdə mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, sonuncu dəfə isə xx.xx.2005-ci il tarixdə isə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı 2005-ci il tarixdə əmək kitabçasını götürmüşdür. Bu o deməkdir ki, iddiaçının hazırki tələblə məhkəmədə iddia qaldırmaq hüququ üzrə 1 illik iddia müddətinin axımı ən geci 2005-ci il tarixdən başlamışdır. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsindən göründüyü kimi, iddia ərizəsi Səbail rayon məhkəməsinə 2023-ci il tarixdə iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi vaxtdan 18 il müddət keçdikdən sonra təqdim edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia müddətinin ötürülməsinin üzürlü sayılması barədə hər hansı xahiş olmamaqla yanaşı, iddia müddətinin hər-hansı üzrlü səbəbdən baş verməsini təsdiq edən sənədə də istinad edilməmiş, belə bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin “a” bəndinin tələbinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 4-cü bəndinə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş məzuniyyət haqqının və s. ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-338/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-338/2024
31.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver