Məhkəmə qərarları › İş №2(009)-340/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-340/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-340/2021 16.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçıın Cavabdeh firmasına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh firmasına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh firması 25-xx xxxx 2020-ci il tarixləri arasında iddiaçının toy mərasiminin keçirilməsi üçün zəruri dekorasiya və hazırlıq işlərinin görülməsi və bunun müqabilində xidmət haqqı ödəniləcəyi barədə razılığa gəlmişdir. Tərəflər arasında aparılmış bütün danışıqlar, razılaşdırılmış şərtlər elektron poçt yazışmaları əsasında müəyyənləşdirilmişdir. Tərəflər bütün işlərin görülməsi müqabilində 62.000 ABŞ dolları məbləğinin ödənilməsi barədə razılığa gəlmişdir. xx.xx.2020-ci il tarixdə onun tərəfindən Cavabdeh firmasının bank hesabına 30.000 ABŞ dolları məbləğində vəsait köçürülmüş və hazırlıqlara başlanılması barədə razılıq əldə olunmuşdur. Lakin, xx.xx.2020-ci il tarixli məktubla cavabdeh ona bildirmişdir ki, toy təxirə salınır və bütün işlər dayandırılır. Bundan sonra o, toy mərasiminin baş tutmayacağı səbəbindən artıq ödənilmiş 30.000 ABŞ dolları məbləğinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək bu vəsaiti geri qaytarmaqdan imtina etmişdir. Yazışmalardan aydın olur ki, Cavabdeh firmasının nümayəndəsi ilk olaraq bildirmişdir ki, şirkət ilə bağlanan müqavilələrə əsasən ilkin olaraq ödənilmiş 50% miqdarında məbləğ geri ödənilmir. Baxmayaraq ki, tərəflər arasında hər hansı rəsmi yazılı müqavilə bağlanılmamışdır və bu səbəbdən də mövcud olmayan müqaviləyə istinad olunmasını əsassız hesab edir. Daha cavabdeh “SS Proluction” nümayəndəsi başqa bir bəhanə gətirərək ona bildirmişdir ki, hələ 2019-cu ilin dekabr ayında Covid-19 virusunun pandemiyaya çevriləcəyini təxmin edərək aya ayında keçirilməsi planlaşdırılan toy mərasimi üçün istifadə olunacaq dekorasiya vasitələrinin sifarişi əvvəlcədən həyata keçirilmişdir. Baxmayaraq ki, dekabr ayında toy mərasiminin keçirilməsi barədə hər hansı razılaşma mövcud deyildi. Bu səbəbdən də hər hansı digər toy mərasimi üçün sifariş olunan malların ona aid edilməsi əsassızdır. Cavabdeh əvvəlcə hər hansı ödənişin qaytara bilməyəcəyini bildirmişdir. Bir müddət sonra cavabdeh 5000 ABŞ dolları və 10.000 ABŞ dolları məbləğində vəsaitin geri ödəyəcəyini bildirmişdir. Lakin, bu günə kimi hər hansı pul məbləği iddiaçıya ödənilməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə ödənilmiş pulun geri qaytarılması, əks halda məhkəməyə müraciət olunacağına dair bildiriş təqdim olunmuşdur. Lakin, cavabdeh bu günə kimi öhdəliyini icra etməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh firmasının bank hesabına köçürülmüş 30.000 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, iddiaçı məşhur yazıçıdır, evliliyini Bakı şəhərində yerləşən “Faiqmont Baku” otelində keçirmək istəmişlər. Bununla bağlı cavabdeh şirkət arasında yazışmalar olmuş, keçiririləcək toy günlərinin təsvirinə dair cavabdeh tərəfindən rəngli fotoşəkillər təqdim olunmuş, onları məhkəməyə təqdim etmişdir. xərclə bağlı məsələlər telefon vasitəsi ilə aparılmış, cavabdehin xahişi ilə ilkin keçirilən pul məbləği Dubay şəhərində “xxxx” Şirkətinin hesabına köçürülmüşdür. Həmin pulu iddiaçının müvəkkil etdiyi və onun köməkçisi olan X6 vasitəsi ilə 30.000 ABŞ dolları ekvivalentində olan 110.000 Dilhəm kimi köçürülmüşdür. Ehtimal edir ki, cavabdeh pulu bir başa öz hesabına keçirməsini istəməmişdir ona görə ki, vergidən yayınsın. Eyni zamanda yazışmalar məhkəmə tərəfindən sübut kimi qəbul edilməlidir. Həmin yazışmalar cavabdeh şirkətin rəsmi internet saytı vasitəsi ilə həyata keçirilmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, Cavabdeh MMC iddiaçıya hər hansı toy mərasiminin təşkil edilməsi ilə bağlı danışıqlar aparmayıb, hər hansı razılıq olmayıb və iddiaçıdan heç bir pul vəsaiti qəbul etməyib. Cavabdehin xx.xx.2002-xx.xx.2020-ci il dövrü əhatə edən çıxarışdan görünür ki, 30.000 ABŞ dolları və ona yaxın məbləğ hesaba köçürülməyib, ümumiyyətlə iddiaçıdan hər hansı vəsait daxil olmayıb. Halbuki iddiaçı öz iddia ərizəsində pulun cavabdehin hesabına köçürülməsini göstərir. İddiaçının nümayəndəsi qəbz təqdim edərək pulun keçirilməsinin sübutu kimi vurğulayır. Həmin qəbzin kim tərəfindən verilməsi məlum deyil, qəbzi ciddi hesabat blankı kimi qəbul etmək düzgün deyil. Həmin qəbzdə iddiaçının adı deyil, X4 adı qeyd olunub. İddiaçının şirkət əməkdaşı kimi danışıq apardığı şəxs - Könül Kərimova məhkəməyə notariat qaydada ərizə təqdim etmişdir. Həmin ərizədə K.Kərimova göstərmişdir ki, o nə X5 nə da İddiaçıan heç bir pul almamışdır. xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixədək o Bakıda olmamışdır, Türkiyə respublikasında səfərdə olmuşdur. Məhkəmə araşdırması zamanı da təqdim olunan sənədlərlə pulun cavabdehə verilməsi təsdiq olunmadığına görə, eyni zamanda təqdim olunan yazışmalar, yəni email yazışmalar sübut növü kimi qəbul edilməsi yolverilməz olduğundan hesab edir ki, iddia əsassızdır və təmn edilməməlidir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə iddiaçı ilə cavabdeh təşkilatı arasında olan elektron poçt yazışmalardan görünür ki, iddiaçı toy mərasiminin keçirilməsi üçün razılaşdırılmış 62.000 ABŞ dollarından 30.000 ABŞ dolları ödəniş etmiş, toy baş tutmadığından iddiaçı həmin pul məbləğinin geri qaytarılmasını istəmiş, cavabdeh isə 10.000 ABŞ dolları 1 il ərzində hissə-hissə geri qaytara biləcəyini göstərilmişdir. İş üzrə iddiaçının nümayəndəsi “X3” MMC tərəfindən “Cavabdeh" firmasına ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun kserosurətindən (həmin məktub üzərində aparılmış qeyddən görünür ki, məktub Könül Kərimova (müdir müavini) tərəfindən imza edilməklə qəbul edilmişdir) görünür ki, xanım İddiaçı ilə 2020-ci ilin 25-27 iyun tarixləri arasında keçirilməsi planlaşdırılan toy mərasiminin dekorasiya və hazırlıq işlərinin “Cavabdeh" firması tərəfindən görülməsi üçün danışıqlar aparılmışdır. Göstərdikləri xidmətlər haqqında tərəflər arasında heç bir müqavilə bağlanmamış və işlərin görülməsi elektron poçt yazışmaları əsasında müəyyənləşdirilmişdir. Son nəticə olaraq göstərdikləri xidmətlər üçün “Cavabdeh" firmasına 62.000 ABŞ dolları məbləğin ödənilməsi barədə razılığa gəlinmişdir. xx.xx.2020-ci il tarixdə “Cavabdeh" firmasına 30.000 ABŞ dolları məbləğ ödənilmiş və hazırlıqlara başlanılması barədə razılıq əldə olunmuşdur. Lakin, xx.xx.2020-ci il tarixli məktubla toyun təxirə salındığı barədə “Cavabdeh" firmasına məlumat verilmişdir və bütün işlərin dayandırılması xahiş olunmuşdur. Xanım İddiaçı artıq toy mərasiminin baş tutmayacağını və ödənilmiş 30.000 ABŞ dolları məbləğin geri ödənilməsini tələb etmişdir. Həmin məbləğin 15 təqvim günü ərzində ödənilməsi xahiş olunur, əks təqdirdə məsələnin məhkəmə qaydasında mübahisələndiriləcəyini bildirməsi göstərilmişdir. İş üzrə təhvil alınma haqqında xx.xx.2020-ci il tarixli 15179 Salı qəbzdən belə məlum olur ki, X6 tərəfindən “AZBN –Kounal-A, SS Design Co” adlı hesaba 110.205 dilhəm pul köçürülmüşdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanılmış şifahi müqavilə sifariş əsasında məmulatın hazırlanması və sifarişçiyə təqdim edilməsi ilə bağlı olduğu üçün, həmin müqavilə növünə görə podrat müqaviləsi hesab edilir. Bu səbəbdən məhkəmə hazırki mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəalarını tətbiq etməyi zəruri hesab edir. AR Mülki Məcəllənin 752.1-ci madəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir(752.2). Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllədə podrat müqaviləsinin yazılı şəkildə bağlanmalı olması ilə bağlı hər hansı imperativ göstəriş yoxdur. Yəni mülki qanunvericilik podrat müqaviləsinin şifahi qaydada bağlanmasını qadağan etmədiyindən, tərəflər podrat müqaviləsini şifahi qaydada bağlamaqla qanunun tələblərini pozmamışlar və bu səbəbdən həmin müqavilə etibarlı əqd hesab edilməlidir. Məhkəmə tərəflər arasında yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçının toy mərasiminin keçirilməsi üçün zəruri dekorasiya və toyun təşkil edilməsi üçün işlərin görülməsi ilə bağlı şifahi müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən göstəriləcək xidmətin və görülməli olan işin təfərrüatları elektron poçt yazışmaları əsasında müəyyənləşdirilmiş və həmin yazışmalar cavabdeh şirkətin səlahiyyətli nümayəndəsi olan Könül Kərimova vasitəsi ilə aparılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh şirkət arasında toy mərasimi üçün müxtəlif növ dekorasiyaların və digər məmulatların hazırlanması ilə bağlı razılaşma əldə edildikdən sonra iddiaçı cavabdehin tələbi ilə müqavilənin ümumi qiymətindən (62000 ABŞ dolları) 30.000 ABŞ dolları məbləğində pulu ona ödəmişdir. Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehin hesabına 30000 ABŞ dolları ödəməsi tərəflər arasında olan yazışmaya əsasən müəyyən edilsə də, cavabdehin nümayəndəsi iddiaçı tərəfindən şirkətə pulun ödənilməsini təsdiq edən hər hansı rəsmi sənədin olmadığını göstərmişdir. Cavabdehin nümayəndəsinin bu arqementinə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə bank köçürməsini təsdiq edən sənəd təqdim edilmiş və həmin sənəddə iddiaçının müvəkkil etdiyi şəxs tərəfindən cavabdehin verdiyi bank hesabına 110.205 dilhəm (30.000 ABŞ dolları) pulun köçürülməsi təsdiq olunur. İddiaçı pulu keçirtdiyi hesabın cavabdeh şirkətə məxsus olması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməsə də, məhkəmə bu halı iddiaçı tərəfindən müqavilə üzrə 30.000 ABŞ dolları pulun cavabdehə ödənilməsini təsdiq edən fakt kimi qəbul edir. AR Mülki Məcəllənin 405.1-ci madəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır(madəd 405.2). Tərəflər arasında bağlanmış müqavilənin mühüm şərtlərindən biri müqavilə qiymətinin 50 faizədək hissəsinin qabaqcadan ödənilməsi olmuşdur. Məhkəmə iclasında mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh şirkət iddiaçı tərəfindən verilmiş sifarişi qəbul etmiş və iddiaçı tərəfindən pul ödənildikdən sonra hazırlıq işlərinə başlamışdır. Belə olan halda cavabdehin pulun onların şirkətinə məxsus hesaba ödənilməsini təsdiq edən sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsini tələb etməsi əsaslı hesab edilə bilməz. İddiaçı cavabdeh tərəfindən pulun ödənilməsi üçün təqdim olunan bank hesabının cavabdehə məxsusluğunu əvvəlcədən öyrənə bilməzdir. Digər tərəfdən bunun öyrənilməsi üçün də hər hansı zərurət olmamışdır. Çünki cavabdeh şirkət pulun ödənişini tələb etdikdən və iddiaçı tərəfindən pul ödənilidkdən sonra tərəflər qarşılıqlı şəkildə əməkdaşlıq etməyə başalmışlar. Bütün bunlar onu göstərir ki, iddiaçı tərəfindən cavabdehin xeyrinə şifahi podrat müqaviləsi üzrə pul ödənilmişdir. AR MPM-nin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Məhkəmə qeyd edir ki, prosessual qanunvericiliyin tələbinə əsasən hər bir tərəf irəli sürdüyü tələblərin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki mübahisənin mahiyyətindən də göründüyü kimi tərəflər arasında münasibətlər yalnız elektron poçt yazışmaları üzərindən qurulmuş və bütün danışıqlar eletkron qaydada aparılmışdır. Tərəflər müqavilənin mühüm şərtlərini eletkron məktub göndərilməsi yolu ilə müəyyən etmişlər və bu barədə razılaşmışlar. Bu səbəbdən hazırki mübahisə üzrə tərəflər arasında öhdəlik xarakterli münasibətlərin yaranması açıq aşkar olduğu üçün, eyni zamanda bu münasibətlərin olmasını şübhə altına salan hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmadığı üçün, cavabdehin nümayəndəsinin 30.000 ABŞ dolları məbləğində pulun cavabdehin rəsmi bank hesabına ödənilməsini təsdiq edən sübutun təqdim edilməsini tələb etməsi vicdanlıq prinsipinə ziddir. AR Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci madəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddiaçının 30.000 ABŞ dolları məbləğində pulun bank hesabına köçürməsi sübut olunur. Lakin iddiaçı həmin bank hesabının cavabdehə aid olmasını təsdiq edən sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi şirkətin hesabına rəsmi qaydada iddiaçı tərəifndən hər hansı pulun köçürülməsini təsdiq edən sübutların olmadığını iddia edir. Lakin tərəflər arasında olan yazışmalarla cavabdehin nümayəndəsinin bu dəlilləri tamamilə təkzib olunur. Belə olan iddiaçı tərəfindən pulun ödənilməsi ilə bağlı məhkəməyə təqdim olunmuş sübut növü mümkün hesab edilməli və qəbul edilməlidir. AR MPM-nin 80-cı maddəsiən əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə hesab edir ki, iddiaçının pulun ödənilməsi ilə bağlı təqdim etdiyi sübut işin faktiki halları ilə əlaqədar olduğu üçün, lakin cavabdehin belə sübutun olmaması ilə bağlı dəlilləri əksinə işin faktiki halları ilə tamamilə təkzib olunduğu üçün, iddiaçının pulun ödənilməsi ilə bağlı təqdim etdiyi sənəd mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə həmin sübutu kifayət qədər güclü hesab edir və həmin sübut işin faktiki halları ilə tam əlaqədar olduğu üçün onun şübhəliyinə hər hansı əsas yoxdur. Beləliklə məhkəmə iclasında iddiaçı ilə cavabdeh arasında şifahi podrat müqaviləsinin bağlanması və həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 30.000 ABŞ dolları məbləğində pulun ödənilməsi təsdiq olunduğundan, iddiaçının tələbinin əsaslı olub-olmaması məhz həmin bu faktalar əsas tutulmaqla qiymətləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə iddiaçı cavabdehin müqavilə üzrə tələbi ilə toy mərasiminin keçirilməsi üçün ödənilməli olan pulun 50% hissəsini, yəni 30000 ABŞ dolları cavabdehə göndərildikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə cavabdehə məktubla müraciət edərək pandemiya ilə əlaqədar toyun ləğv edilməsini bildirmiş və ödənilmiş pulun geri qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh ödənilmiş pulun artıq sifarişin yerinə yetirilməsi üçün xərcləndiyini və həmin pulun qaytarılmasının qeyri-mümkün olmasını bildirmişdir. İddiaçının ödənilmiş pulun qaytarılması ilə bağlı təkidlərindən sonra cavabdeh ödənilmiş pulun 50% hissəsini geri ödəyəcəyini bildirsə də, bunu etməmişdir. AR Mülki Məcəllənin 759.1-ci madəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcələlnin 385-ci madəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydınlır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə toy mərasiminin keçirilməsi üçün sifariş verilsə də, iddiaçı həmin sifarişdən bir aydan sonra imtina etmişdir. Cavabdeh sifariş əsasında ödənilmiş pulun toy mərasimi üçün nəzərdə tutulmuş məmulatların hazırlanması üçün müxtəlif növ əşyaların alınmasına sərf edilməsini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi podrat müqaviləsinin şərtlərindən biri podratçı müqavilənin predmetini yaradıb sifarişçiyə təhvil verilməlisidir. Lakin nə müqavilə predmeti olan məmulatların bir hissəsinin hazırlanması, nə həmin məmulatların hazırlanması üçün cavabdeh tərəfindən pul xərclənməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Yəni podrat müqaviləsinin əsas şərti hesab edilən məmulatın podratçı tərəfindən hazırlanıb sifarişçiyə verilməsi, həmçinin həmin məmulatın hazırlanması üçün geri qaytarılması mümkün olmayan xərclərin həyata keçirilməsi halı məhkəmə iclasında təsdiq olunmadığından, cavabdehin belə xərclərin çəkilməsinə istinad edərək pulun qaytarılmasından imtinası əsaslı deyil. Digər tərəfdən AR Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Qanunun bu tələbini əsas tutaraq məhkəmə qeyd edir ki, iddiaçının müqavilədən imtinası cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə bağlı olmasa da, cavabdehin yerinə yetirilmiş işlərə görə haqqını tələb etməsi yalnız o halda əsaslı hesab oluna bilər ki, bu işlərin görülməsi təsdiq olunsun, eyni zamanda iddiaçının bu işlərə marağı olsun. Lakin məhkəmə iclasında bu hallar da öz təsdiqini tapmadığından, cavabdehin yerinə yetirilməsi sübut olunmamış və iddiaçının marağı olmayan işlərə görə iddiaçı tərəfindən ona ödənilmiş pulun qaytarılmasından imtinası qanunsuzdur. Bundan başqa tərəflər arasında olan yazışmalardan görünür ki, cavabdeh ödənilmiş pulun bir hissəsini, yəni 10000 ABŞ dolları hissəsinin qaytarılmasına razılığını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən pulun bir hissəsinin qaytarılması, yerdə qalan hissəsinin özündə saxlaması üçün də hər hansı qanuni əsası yoxdur. Məhkəmə cavabdehin pandemiya ilə əlaqədar fors major halın baş verməsini və həmin əsasa görə pulun qaytarılmasının mümkün olmaması ilə bağlı yazişmalarda gətirdiyi dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər də əsassızdır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında fors-major (qarşısıalınmaz qüvvə) halın baş verdiyi halda müqavilə üzrə alınmışların geri qaytarılmaması ilə bağlı hər hansı razılaşma olmamışdır. AR Mülki Məcəllənin 419.1-ci maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir(maddə 419.2). Məhkəmə qeyd edir ki, fors major hal müqavilədə nəzərdə tutulduğu halda onun iştirakçısı ona istinad edə bilər. Bu şərt müqavilənin standart şərti hesab edilir və mütləq qaydada müqavilədə nəzərdə tutulmalıdır. Məhkmə iclasında müəyyən edilmişdir ki, tərəflər podrat müqaviləsini bağlayarkən onun müəyyən şərtlərini müəyyənləşdirmişlər. Lakin onlar arasında olan eletkron qaydada yazışmalarda fors-major (qarşısıalınmaz qüvvə) halın baş verməsi ilə bağlı hallar müəyyənləşdirilməmişdir. Eyni zamanda tərəflər müqavilə münasibətlərinə daxil olarkən artıq həmin vaxt Çin Respublikasında pandemiya elan olunmuşdur və bu hamıya bəlli idi. Yəni fors-major hal tərəflər arasında bağlanmış şifahi müqavilədə müəyyən olunmadığı üçün, müqavilə tərəflərinin həmin hala istinad etməsi əsassızdır. Bu səbəbdən cavabdehin həmin hala istinad edib pulun qaytarılmaması ilə bağlı dəlilləri də əsassız hesab edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, AR Mülki Məcəllənin 424.4cü madddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Tərəflər arasında bağlanmış müqavilə podrat müqaviləsi olduğu üçün və həmin münasibətləri tənzimləyən Mülki Məcəllənin müddəaları (maddə 759.2) sifarişçi tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi halda onun hüquqi nəticələrini müəyyənləşdirdiyi üçün, qanunun bu tələbi də cavabdehin hərəkətlərini qanuni hesab etməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh iddiaçı tərəfindən ona ödənilmiş pulun qaytarılmasından imtinası mülki qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən iddiaçının irəli sürdüyü iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə habelə qeyd edir ki, Cavabdeh firmasından tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, pulun tutulması hissəsində tələb təmin olunduğu üçün, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh firmasından İddiaçıın xeyrinə 30.000 (otuz min) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar