Məhkəmə qərarları › İş №2(009)-347/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-347/2021

28.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-347/2021 28.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı (Mustafayeva) iştirakı ilə İddiaçı Mehdiyeva (Mustafayeva) Arzu Bayram qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mehdiyeva (Mustafayeva) Arzu Bayram qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Mürsəlov küçəsində yerləşən 21 saylı evin 26 saylı mənzilini xx.xx.2004-cü il tarixdə Bakı şəhəri 2 saylı dövlət notariat kontorunun dövlət notariusu E.Ə.Ləmbəranski tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X3 almışdır. Alqı-satqı müqaviləsi əsasında aldığı ev xx.xx.2004-cü il tarixdə mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda o, həmin mənzilin mülkiyyətçisidir. Evi aldıqdan sonra X7 bütün əmlaklarını da götürüb həmin evdən köçüb getmiş və evi ona təhvil vermişdir. Həmin vaxtdan ev onun sahibliyində və istifadəsindədir. X2 mənzili ona təhvil versə də, F.Useynovun qohumu olan Cavabdeh1 hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışdır. Digər Cavabdeh2 onun bacısı qızıdır. O, 2014-cü ildə Cavabdeh2 özünün və valideynlərinin xahişi ilə ona məxsus mənzilə qeydiyyata düşməsi üçün şifahi razılıq vermişdir, həmin vaxt Ləman və valideynləri ona bildirmişlər ki, müvəqqəti qeydiyyata alınıb sonra Ləman özü qeydiyyatdan çıxacaq, lakin sonradan Ləman Türkiyəyə köçdü və bu günə qədər onun mənzilində qeydiyyatdan çıxmamışdır. Cavabdeh2 heç vaxt ona məxsus mənzildə yaşamamışdır. Hal-hazırda cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehlərin mülkiyyətində olan mənzilə olan hüquqları itirilmiş hesab edilməlidir. Cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamırlar, mənzil onun tərəfindən alınarkən onların həmin mənzilə istifadə hüquqlarının saxlanılması nəzərdə tutulmamış və bu barədə heç bir razılaşma olmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Ü.Mürsəlov (2-ci Yubiley) küçəsində yerləşən 21 saylı evin 26 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qəbul edilməsini və həmin qətnamənin onların pasport qeydiyyatının ləğv edilməsi üçün əsas olmasını göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, Cavabdeh1 ümumiyyətlə tanımır, MKİS-dən ona bildirmişlər ki, o əvvəlki mülkiyyətçinin ailə üzvüdür. İkinci cavabdeh isə Ləman onun bacısı qızıdır, 4 ildir Türkiyədə yaşayır, yeni tikilmiş binada əvvəllər yaşayarkən qeydiyyata düşə bilmədikləri üçün bacısı xahiş etmişdir ki, müvəqqəti Ləmanı da qeydiyyata salsın. Ləman heç vaxt onların evində yaşamamışdır. Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri məlum olmadığından onları məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onların axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X9 oğlu ilə İddiaçı arasında xx.xx.2005-cı il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 3553 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. İş üzrə Bakı şəhəri 2 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2004-cü il tarixli alqısatqı müqaviləsinin kserosurətinə əsasən X4 Bakı şəhəri, Səbail rayonu, 2-ci Yubiley küçəsində yerləşən 21 saylı evin 26 saylı mənzilini X3 almışdır. İş üzrə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 208015 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, 2-ci Yubiley küçəsində yerləşən 21 saylı evin 26 saylı mənzili tam mülkiyyət hüququ üzrə xx.xx.2004-cü il tarixdən X1 mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh2 oğlu və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov (keçmiş 2-ci Yubiley) küçəsində yerləşən 21 saylı evin 26 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə 149 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2 saylı forma üzrə arayışa əsasən Cavabdeh2 oğlu və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov (keçmiş 2-ci Yubiley) küçəsində yerləşən 21 saylı evin 26 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iddia tələbinin Cavabdeh1 mübahisəli mənzilinə olan istifadə hüquqlarının itirilməsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləninn 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov (keçmiş 2-ci Yubiley) küçəsində yerləşən 21 saylı evin 26 saylı mənzili alqı-satqı müqaviləsi əsasında X3 almışdır və həmin mənzil hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh1 həmin mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü olub və mübahisəli mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamır, mənzil iddiaçı tərəfindən alınarkən cavabdehin həmin mənzilə istifadə hüququnun saxlanılması nəzərdə tutulmamış və bu barədə heç bir razılaşma olmamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ü.Mürsəlov (keçmiş 2-ci Yubiley) küçəsində yerləşən 21 saylı evin 26 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması onun mülkiyyət hüququnu pozur. Bu səbəbdən məhkəmə iddia tələbi həmin hissədə təmin edilməli və Cavabdeh1 həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 mübahisəli mənzilinə olan istifadə hüquqlarının itirilməsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçının bacısı qızıdır və mübahisəli mənzildə 2014-cü ildən qeydiyyatda olsa da, o, həmin mənzildə heç vaxt yaşamamışdır və halhazırda da yaşamır. AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki: «Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz». Göründüyü kimi Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən etmişdir və ailə qanunvericiliyin tələblərinə əsasən Cavabdeh2 iddiaçının bacısının qızı kimi mülkiyyətçinin digər qohumu sırasına daxil deyildir və qeydiyyata alınsa da, mənzil üzrə istifadə hüququ əldə etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqları yaranmadığından, həmçinin Cavabdeh2 qeydiyyatı mənzilə istifadə hüquqlarının yaranması üçün əsas olmadığından, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Yəni şəxsin o halda istifadə hüquqlarına xitam verilə bilər ki, həmin hüquqlar yaranmış olsun. Lakin məhkəmə iclasında Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyindən, iddia tələbi Cavabdeh2 aid olan hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 mübahisəli mənzilinə olan istifadə hüquqlarının itirilməsi hesab edildiyindən, bu hal onun yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas olmalıdır. İkinci cavabdehə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. AR Konstiutsiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə izah edir ki, məhkəmə tərəfindən Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyindən, iddiaçı onun həmin mənzilə yaşayış yeri üzrə qeydiyyatının ləğvi ilə bağlı müvafiq inzibati orqana müraciət edə bilər. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə…

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov (keçmiş 2-ci Yubiley) küçəsində yerləşən 21 saylı evin 26 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə bu hissədə Cavabdeh1 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. İddiaçı Mehdiyeva (Mustafayeva) Arzu Bayram qızının Cavabdeh2 qarşı Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov (keçmiş 2-ci Yubiley) küçəsində yerləşən 21 saylı evin 26 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə iddia tələbi Cavabdeh2 həmin mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyindən təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar