Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-350/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh SOCAR-ın Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh SOCAR-ın Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Cavabdeh N.Nərimanov adına NQÇİ ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, xx.xx.2021-ci il tarixli 339 saylı əmrlə “Azneft” İB N.Nərimanov adma NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddət ərzində daima işini vicdanla və qüsursuz yerinə yetirmişdir. Ona qarşı qərəzli mövqe tutulmuş, heç bir nöqsanı olmadığı halda qanunsuz işdən azad edilmişdir. Heç bir təqsiri olmadığı halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi tamamilə əsassızdır. O, əmək funksiyasını pozmamışdır. Belə ki, o, sahədə olduğu vaxtı rəhbərlik sahəyə daxil olmuş və o, tanımadığı üçün buna icazə verməmiş və sahədən çıxmasını tələb etmişdir. Həmin vaxt onun sahə rəisi olmasını bilməmişdir. Lakin, ona qarşı heç bir kobudluq etməmiş, öz vəzifə borcunu yerinə yetirmişdir. İşdən çıxarılmağı üçün Həmkarlar ittifaqı komitəsi ilə iclas keçirilmiş və onun işdən çıxmağına razılıq alınmamışdır. Yalnız rəhbərlik təkidlə onun işdən çıxmağını bildirmişdir. Cavabdeh təşkilatla onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuş, habelə onunla əmək müqaviləsinə həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilsə də bu barədə əmrin surəti ona gec təqdim edilmiş, əmək kitabçasını da dəfələrlə tələb etsə də verilməmişdir. Etirazın dəlilləri: iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. İddiaçı iddia ərizəsində qeyd edir ki, “... mənə qarşı qərəzli mövqe tutulmuş, heç bir nöqsanım olmadığı halda qanunsuz işdən azad edilmişəm”. Halbuki, göstərilənlər həqiqəti əks etdirmir. Bildirirlər ki, İddiaçı ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 339 nömrəli əmrlə iddiaçı Cavabdeh N.Nərimanov adına NQÇİnin 1 saylı Neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator vəzifəsinə təyin edilmişdir. AR Əmək Məcəlləsinin 3.4-1-ci maddəsinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Məcəllənin 3.5-ci maddəsinə görə, Əmək müqaviləsi – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. İddiaçı əmək vəzifələrini kobud şəkildə pozmuş, əmək müqaviləsi üzrə əsas vəzifələrinin icrasına, vəzifə təlimatının tələblərinə məsuliyyətsiz yanaşmış, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələbini pozmaqla əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini vicdanla yerinə yetirmək, eləcə də əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin əsas vəzifəsidir. Belə ki, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, QKS-nin Qaz xidməti sahəsinin 4-cü dərəcəli q/y operatoru İddiaçı sərxoşluğuna dair şübhələr aşkar olunmuş və sərxoşluğun müəyyən edilməsi üçün yoxlanışa göndərilmişdir. Cavabdeh (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi (NQÇİ) Qaz-kompressor sahəsinin (QKS) rəisi Ufaddin Allahverdiyevin NQÇİ-nin rəhbərliyinə ünvanlanmış xidməti məruzəsi ilə bağlı keçirilən xidməti araşdırmalarla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixində QKS-nin Qaz xidməti sahəsinin qazın yığılması üzrə operatoru İddiaçı iş yerinə, növbəyə gələrkən, sərxoş vəziyyətdə olması sahənin rəisində şübhələr doğurmuşdur. Bununla əlaqədar İddiaçı tibbi müayinə üçün NQÇİ-nin işçiləri ilə birgə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X1 göndərilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin xx.xx.2024-cü il tarixli ******* nömrəli protokolunun nəticəsinə əsasən, 1977-ci il təvəllüdlü İddiaçı “orta” dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. QKS-nin qazın yığılması üzrə operatoru İddiaçı işdən kənar edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 14-2-1-4/3-1İ- 306/2024 nömrəli əmrlə N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi Qaz-kompressor sahəsi Qaz xidməti sahəsinin qazın yığılması üzrə operatoru İddiaçı 7 sentyabr 2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən, barəsində aparılan xidməti araşdırma başa çatanadək, işdən kənar olunmuş hesab edilmişdir. İstehsalat sahəsində neftin, qazın hasilatı, yığılması, saxlanılması, nəqli, qaz-kompressor sahəsində baş verə biləcək qəza, yanğın, partlayış və s. halların qarşısının alınması, strateji əhəmiyyətli dövlət obyektinin fəaliyyətinin təmin edilməsi kimi məsuliyyətli məsələləri icra edən qurumda işçinin sərxoş vəziyyətdə işə gəlməsi kobud nöqsandır. Məsələ ilə bağlı İddiaçı İdarəyə dəvət olunmuş, araşdırmanın məzmunu, işdən kənarlaşdırılması haqqında əmrin imzalanmasına dair məlumat onun nəzərinə çatdırılmış və məsələnin mahiyyəti üzrə yazılı formada izahat verməsi təklif edilmişdir. Lakin, İddiaçı müxtəlif bəhanələr gətirməklə, qeyri-səmimilik göstərmiş, yazılı izahat verməkdən yayınmış, sonradan telefon zənglərinə cavab verməmiş və izahat təqdim etməmişdir. Bununla əlaqədar “yazılı izahat verməkdən imtina etmək haqqında” xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, NQÇİ-nin xx.xx.2024-cü il tarixli 14-2-1-4/2-274/2024 nömrəli məktubu ilə, N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinə (HİK) xidməti araşdırma materialları və əsaslandırılmış yazılı təqdimat göndərilmişdir. Materiallara HİK-nin xx.xx.2024-cü il tarixində keçirilmiş iclasında baxılmış və Komitənin 4 nömrəli protokolu ilə həmkarlar ittifaqının üzvü olan İddiaçı əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə dair razılıq qərarı və materialları xx.xx.2024-cu il tarixli 91 nömrəli məktubla NQÇİ-yə təqdim olunmuşdur. Əmək intizamının pozulması haqqında xx.xx.2024-cü il tarixli əmrlə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyinə, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə, sərxoş vəziyyətdə işə gəldiyinə, araşdırma zamanı qeyri-səmimilik göstərərək yazılı izahat verməkdən yayındığına görə, Cavabdeh N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi Qaz-kompressor sahəsinin Qaz xidməti sahəsinin qazın yığılması üzrə operatoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi mümkün hesab edilmişdir. 14-2-1-4/3-1K-107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrlə İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir. Göründüyü kimi, İddiaçı əmək müqaviləsinin ləğv edilməsi tamamilə qanuni və əsaslı olmuş, qanunvericiliyin tələblərinə riayət edilmişdir. Tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, əlavə olaraq iş yerində içki qəbul etmədiyini, həmin günün axşamı toy məclisində olduğunu və orada içki içdiyini, səhər isə işə gəldiyini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraza uyğun məzmunda izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İşəgötürən SOCAR-ın Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı qaz-kompressor sahəsi 4-cü dərəcəli qazın yığılması üzrə operator peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlanılmışdır. xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, İddiaçı orta alkoqol sərxoşluq dərəcəsində olmuşdur. xx.xx.2024-cü il tarixli 14-2-1-4/3-1İ-306/2024 saylı əmrdən görünür ki, N.Nərimanov adına NQÇİ-nin Qaz-kompressor sahəsinin Qaz xidmət sahəsində qazın yığılması üzrə operator vəzifəsində işləyən İddiaçı 07 sentyabr 2024-cü il tarixdən AR ƏM-in 62-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən barəsində aparılan xidməti araşdırma başa çatanadək işdən kənar olunmuş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli yazılı izahat verməkdən imtina etmək haqqında aktdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə idarəyə dəvət olıunmuş, ona araşdırmanın məzmunu, işdən kənarlaşdırılması haqqında əmrin rəsmiləşdirilməsinə dair məlumat verilmiş və yazılı formada izahat verməsi təklif edilmiş, lakin o, müxtəlif bəhanələr gətirərək məsələnin mahiyyəti üzrə yazılı izahat verməkdən yayınmış, telefon (***-***-**-**) zənglərinə cavab verməmiş və izahat təqdim etməmişdir. xx.xx.2024-cü il tarixli N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunmasına razılıq verilməsi xahiş edilmişdir. SOCAR-ın Cavabdeh N.Nərimanov adına NQÇİ-nin xx.xx.2024-cü il tarixli 14-2-1-4/3-1K- 107/2024 saylı əmrindən görünür ki, N.Nərimanov adına NQÇİ-nin Qaz-kompressor sahəsinin Qaz xidmət sahəsində qazın yığılması üzrə operator vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə AR ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən (alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi) xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuya qanunvericiliklə verilən hüquqdur. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etiansızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddənin “b” bəndinə əsasən, alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında 02 aprel 2021-ci il tarixində əmək müqaviləsi bağlanmış və iddiaçı qaz-kompressor sahəsi 4-cü dərəcəli qazın yığılması üzrə operator peşəsinə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 25 sentyabr 2024-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Mübahisələndirilən əmrdə istinad edilən Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, qeyd edilən normada əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilə bilməsi üçün 3 əsas nəzərdə tutulmuşdur ki, onlardan biri də bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulmasıdır. Məhkəmə hesab edir ki, iddiaçı 07 sentyabr 2024-cü il tarixdə sərxoş vəziyyətdə işə gəldiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin «b» bəndinin tələblərinə uyğun olaraq 25 sentyabr 2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qanuni əsaslarla baş vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, İddiaçı orta alkoqol sərxoşluq dərəcəsində olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində əsaslandırdığı halları təsdiq edən hər hansı mötəbər sübut növü məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddanın əmrin ləğv edilməsinə dair faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iddia bu hissədə əsaslı sayıla bilməz və rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın işdən çıxarılma qərarı və ya əmrin ləğv edilməsi hissəsi əsassızdır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-350/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-350/2025
13.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver