Məhkəmə qərarları › İş №2(009)-353/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-353/2024

28.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-353/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (ƏMDK-nin yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi iş üzrə üçüncü şəxs olan) qarşı «əmlakın naturada bölünməsi» tələbinə dair mülki işə 28 avqust 2024-cü il tarixdə Bakı şəhərində, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlakın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi 16 saylı evin 8 saylı mənzilinin iddiaçının və cavabdehin payına uyğun olaraq naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflərin payına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Böyük Qalan küçəsi 16 saylı evin 8 saylı mənzilinə dair DƏDRX tərəfindən iddiaçıya ********** qeydiyyat nömrəli və cavabdehə isə ********** saylı qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı qonşusunun icazəsi olmadan mənzil üzərində sərəncam verə bilmir. Bu səbəbdən alqsatqı edə bilmir. Qonşu isə mənzilin satılmasına icazə vermir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddiasını müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırkı məhkəmə mübahisəsinə aid olunan sübutları araşdırıb, onlara məcmu halında maddi hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi 16 saylı evin 8 saylı mənzili 2 otağı xx.xx.2008-ci il tarixdə Cavabdeh, 1 otağı xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Böyük Qalan küçəsi 16 saylı evin 8 saylı mənzili 2 otağı xx.xx.2008-ci il tarixdə Cavabdeh, 1 otağı xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. İddiaçı iddia tələbinə görə, o paylı mülkiyyətin mülkiyyətçisi olaraq, ona aid edilən payının ayrılması üsulu və şərtləri haqqında digər paylı mülkiyyətçi olan cavabdehlə razılığa gələ bilmədikləri üçün, Bakı şəhəri, Səbail rayonu, Böyük Qalan küçəsi 16 saylı evin 8 saylı mənzilinin ona məxsus payın real olaraq naturada məhkəmə qaydasında ayrılmasını tələb edir. AR Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2) . Həmin Məcəllənin 220.2-ci və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisi əgər payın naturada ayrılmasına yol verilirsə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qeyd olunan maddi normanın mənasına görə, ümumi əşyanın bölünməsində ilk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Mübahisəli Bakı şəhəri, Səbail rayonu, Böyük Qalan küçəsi 16 saylı evin 8 saylı mənzilinin tərəflərə aid hissələrinin real bölünüb naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertizə Mərkəzinin 25 iyul 2024-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi 16 saylı evin 8 saylı mənzilindən İddiaçı payına düşən 1 otağı və Cavabdeh payına düşən 2 otağı naturada ayrılması AzDTN 2.7-2 “Yaşayış Binaları. Layihələndirmə Normaları”-nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Belə bölgü zamanı, İddiaçı və Cavabdeh paylarına düşən otaqları ayrılan zaman mənzilin texniki pasportunda göstərilən 1-ci mərtəbəsində yerləşən otaqlar Cavabdeh, 2-ci mərtəbəsində yerləşən otaq İddiaçı düşə bilər. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyinə dair məhkəmə qeyd edir ki, ekspertiza rəyi mülki prosessual qanunvericiliyinin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış, suallara tam olaraq cavab verilmiş və rəylərin tədqiqat hissələri ilə nəticə hissələri uyğundur. Eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsilli və ekspertiza sahəsində iş təcrübəsi də məhkəmə ekspertizası rəylərinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizası rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi 16 saylı evin 8 saylı mənzilinin naturada bölünməsinin mümkünlüyü barədə ekspertiza rəyini nəzərə alaraq, iddianın qanuni əsaslarının olmasını müəyyən edir. Qeyd olunan maddi hüquq normalarına və istinad olunan ekspert rəyinə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı onunla Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi 16 saylı evin 8 saylı mənzilinin naturada ayrılmasını tələb etməkdə haqlıdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyi ilə müəyyən olundu ki, mübahisəli mənzilin həm texniki cəhətdən və həm də tərəflərin payına uyğun ekspertiza rəyində göstərilən qaydada bölünməsi mümkündür. AR MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə MPM-nin 115-ci və 119-cu maddələrinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi 16 saylı evin 8 saylı mənzili texniki pasportda göstərilən 1-ci mərtəbədə yerləşən otaqların Cavabdeh, 2-ci mərtəbədə yerləşən otağın İddiaçı düşməsi yolu ilə real olaraq naturada ayrılsın və ayrılmış ümumilikdə 1-ci mərtəbədə yerləşən otaqlar Cavabdeh istifadə və sərəncamına verilərək, onun vahid mülkiyyəti kimi tanınsın, digər ayrılmış 2-ci mərtəbədə yerləşən otaq isə İddiaçı istifadə və sərəncamına verilərək, onun vahid mülkiyyəti kimi tanınsın. İddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı ödənilsin. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2024-cü il tarixli ekspert tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (DXA Kod: 210005 VÖEN **********, MÜXBİR Hesab: AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ 22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hazırkı qətnamə mənzilin tərəflərin mülkiyyətinə ayrılmış hissələrinə dair mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınaraq Çıxarışın verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar