Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-361/2025 29.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əmək kitabçasında qeyd olunan AR ƏM-nin 70-ci maddəsinin “ç”-si ləğv olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, xx.xx.2016-cı il tarixindən Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əmək müqaviləsi bağlayaraq işə qəbul olmuşdur. xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad olunmuşdur. İşdə rəhbər şəxs olan guya onun yol verilmiş qanun pozuntularına görə müvafiq dövlət orqanlarında şikayət vermişdir. Lakin qurumlar işə ədalətli yanaşaraq onun barəsində göndərilmiş şikayətə əsassız olduğundan təsdiqini tapmamış və cinayət işinin başlanmasına rədd cavabı verilmişdir. Əlavə olaraq, 2016-2022-ci il tarixlərində mütamadi olaraq növbətçi olaraq məcburi fəaliyyət göstərmişdir. Buna görə də, 2016- 2022-ci il tarixlərdə növbətçilik saatlarının ödənişi ona ödənilməmişdir. Göründüyü kimi işəgötürən tərəfindən onun barədə aparılan araşdırmanın nəticəsini nəzərə almayaraq əmək müqaviləsinə xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq hesab edir ki, işəgötürənin qanuna uyğun olmayan əmri ləğv edilərək, işə bərpa olunmalı, həmçinin iddia tələbi tam həcmdə təmin edilməlidir. Etirazın dəlilləri: Xidmətin Bakı şəhər Nəsimi rayon idarəsinin sabiq rəis müavini - Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin rəisi polkovnik-leytenant Hikmət Əliyev və həmin şöbənin müfəttişi İddiaçı xidməti vəzifələrinin icrasına səhlənkar yanaşmaları səbəbindən yoxlama zamanı 5 hərbi vəzifəlinin şəxsi işlərinin, 181 hərbi vəzifəlinin qeydiyyat kartalarının mövcudluğu, eləcə də hərbi vəzifəlilərin ümumi adlı siyahısı aşkar edilməmişdir. Bundan başqa həmin əməkdaşlar tərəfindən təkrar tibbi şəhadətləndirilmədən yayınan 2404 hərbi vəzifəlinin tibbi müayinələrdən keçirilməsi təmin edilməmiş, özlərinə məlum olan səbəbdən həmin şəxslərdən yalnız 124 nəfəri barədə rayon Polis idarəsinə məktublar ünvanlamaqla kifayətlənilmiş, cəmi 397 nəfərinə göndəriş verilməsi təmin edilsə də onların tibbi müayinədən keçmələri nəzarətdə saxlanılmamışdır. Şəxsi işlər və qeydiyyat kartalan mövcud təlimatın tələblərinə uyğun şəkildə düzülməmiş, ötən illər ərzində əlifba qeydiyyat kitablarında müvafiq qeydlər tam aparılmamış, 2022 və 2023-cü illərdə 1008 hərbi vəzifəlinin şəxsi işlərinin məhv olunması barədə müvafiq akt tərtib edilsə də həmin şəxsi işlər yoxlama gününədək məhv edilməmişdir. Bundan əlavə İddiaçı növbəti tibbi müayinəsi xx.xx.2019-cu il tarixdə nəzərdə tutulmuş hərbi vəzifəli Tural Məmmədzadənin 2024-cü ilin may ayında təkrar tibbi müayinədən keçirilərkən “hərbi xidmətə yararsız” hesab edilməsinə köməklik göstərməsi müqabilində ona qarşı qanunsuz tələblər irəli sürmüş, sonuncu xəstə olduğunu əsas gətirərək qanunsuz tələblərini icra etməkdən imtina etdiyindən İddiaçı onun tibbi şəhadətləndirilməsini təmin etməkdən imtina etmişdir. İddiaçı qanunsuz hərəkətlərini davam etdirərək hərbi vəzifəli Süleyman Rəhimova təkrar tibbi müayinə olunması üçün xx.xx.2024-cü il tarixdə X6 göndəriş vermiş, 35 yaşının tamam olacağını və bundan sonra çağırışdan azad olunacağını bildirərək onu tibb müəssisəsinə getməkdən yayındırmış və bunun müqabilində qanunsuz tələblər irəli sürmüşdür. 2024-cü ilin fevral ayında hərbi vəzifəli Şahin Nəcəfli təkrar tibbi müayinəyə cəlb edilməsi məqsədilə İddiaçı tərəfindən Xidmətin Nəsimi rayon idarəsinə dəvət edilmiş, xx.xx.2024-cü il tarixdə ona həkim müayinəsindən keçməsi üçün X5 göndəriş verilmişdir. xx.xx.2024-cü il tarixdə daxil olmuş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda “Dolixosiqma” diaqnozu qeyd edildiyindən Ş.Nəcəfli “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 59-cu maddəsinin “c” bəndinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Müffətiş İddiaçı hərbi vəzifəli Ş.Nəcəfliyə bu barədə hər hansı məlumat verməmiş və cari ilin avqust ayında yenidən onu heç bir əsas olmadan Nəsimi rayon idarəsinə dəvət edərək barəsində Tibb Mərkəzindən aktın daxil olmadığını bildirmiş, onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərməmək üçün qanunsuz tələblər irəli sürmüşdür. İddiaçı cari ilin aprel-oktyabr ayları ərzində Nəsimi rayon idarəsində qeydiyyatda olan hərbi vəzifəlilər İlknur Abdullayev, Ağa Orucov, Kənan İsmayılzadə, Murad Bəylərov və Rəşad Əliyevə təkrar tibbi müayinələrdən keçmək üçün göndərişlər vermiş, ilkin tibbi müayinələrin cavablarını əldə etsə də həmin şəxslərin tibbi şəhadətləndirilməsinin başa çatdırılması üçün heç bir tədbir görməmiş, bundan əlavə hərbi vəzifəli Azər İsmayılovun və Nəbi Əkbərin adına göndərişlər tərtib edərək “Ehtiyatda olan hərbi vəzifəlilərin tibbi müayinədən keçməsi üçün verilmiş göndəriş vərəqələrinin qeydiyyatı kitabı”nda onların yerinə imza etmiş və göndərişləri həmin şəxslərə təqdim etməmişdir. İddiaçı qanunsuz hərəkətləri nəticəsində yuxarıda adları qeyd edilən hərbi vəzifəlilərin adı təkrar tibbi müayinədən yayınanların siyahısına daxil edilməmiş və onlar təkrar tibbi müayinələrdən kənarda qalmışlar. İddiaçı 2024-cü ilin oktyabr çağırışına cəlb olunan, “Dəqiqləşdirilməmiş bradikardiya” diaqnozu təyin olunmuş çağırışçı Ümid Mahmudovu hərbi xidmətdən yayındırmaq üçün ona Hərbi Həkim komissiyasında tibbi müayinədən keçən zaman ürək ritmini azaldacaq dərman vasitəsini qəbul etməyi təklif etməklə həyatına təhlükə yaratması faktı ilə bağlı hazırda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır. Mövcud qanunvericiliyin tələblərinə uyğun müfəttiş İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi ilə bağlı Xidmətin Həmkarlar İttifaqı Komitəsinə 4 noyabr 2024-cü il tarixdə təqdimat göndərilmiş və 6 noyabr 2024-cü il tarixdə təqdimata İddiaçı iştirakı ilə baxılaraq yuxarıda qeyd olunan əsaslarla onun işdən xaric edilməsinə razılıq verilmişdir. Xidmət rəisinin 14 noyabr 2024-cü il tarixli Ə-651 ş/h nömrəli əmri ilə İddiaçı ilə Xidmət arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş (Xidmətin Təşkilat nəzarət baş idarəsinin rəyi əsasında) və toplanmış material həmin fakt üzrə prosessual qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Yuxarıda sadalananlardan görünür ki, İddiaçı öz əməlləri ilə Xidmətin işgüzar nüfuzuna ciddi xələl gətirmiş və cavabdeh haqlı olaraq onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bu səbəbdən hesab edirlər ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. İddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat vermiş, həmçinin hazırki iş üzrə barəsində verilən rəydə göstərilənlərə hüquqi qiymət verilməsi üçün cavabdeh tərəfindən hərbi prokurorluğa müraciət edilməsini və hərbi prokurorluq tərəfindən cinayət işinin icraatına xitam verilməsini, həmin icraat çərçivəsində rəydə adı çəkilən şəxslərin şahid qismində dindirilməsini və onu ümumiyyətlə tanımadıqlarını bildirmələrini göstərərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 etiraza uyğun məzmunda izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 28 saylı əmrindən çıxarışdan görünür ki, funksional vəzifələrinin icrasına laqeyd yanaşdığına və verilən göstərişi vaxtında icra etmədiyinə görə səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin müfəttişi İddiaçı töhmət intizam tənbehi verilmişdir. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Xidmətin Təşkilati nəzarət baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı polkovnik Əziz Hidayevin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli təqdimatlarına əsasən Xidmətin Goranboy rayon şöbəsinin müfəttişi X4 və Nəsimi rayon idarəsinin müfəttişi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 254 saylı əmrindən görünür ki, hərbi vəzifəlilərə qarşı qanunsuz tələb irəli sürdüyünə görə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməyə təqdim olunması kadr və kadr hazırlığı baş idarəsinə tapşırılmışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli Ə-651 ş/h saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72 (e) bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) müvafiq olaraq İddiaçı 14 noyabr 2024-cü il tarixdən Nəsimi rayon İdarəsi səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin müfəttişi vəzifəsindən azad edilməklə əmək müqaviləsi ləğv edilmişdir. -Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2025-ci il tarixli 3-3-020/2-1062/25 saylı məktubundan görünür ki, hərbi vəzifəlilərin təkrar tibbi müayinədən keçirilməsi zamanı hərbi xidmətə yararsız hesab edilmələri üçün onlardan pul tələb edilməsi faktları ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həmin xidmətin Bakı şəhəri Nəsimi rayon idarəsinin Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin sabiq müfəttişi İddiaçı barəsində toplanmış material Azərbaycan Respublikası Hərbi Prokurorluğuna göndərilmiş, sözügedən material İstintaq idarəsində istintaq olunan ********* №li cinayət işinə əlavə olunmaqla, hazırda İddiaçı barəsində cinayət təqibi davam etdirilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuya qanunvericiliklə verilən hüquqdur. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etiansızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddənin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında 03 fevral 2016-cı il tarixində əmək müqaviləsi bağlanmış və iddiaçı Bakı şəhəri Nəsimi rayon idarəsinin səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinə müfəttiş peşəsinə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 14 noyabr 2024-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Mübahisələndirilən əmrdə istinad edilən Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, qeyd edilən normada əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilə bilməsi üçün 3 əsas nəzərdə tutulmuşdur ki, onlardan biri də bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulmasıdır. İddiaçı onun barəsində aparılan xidməti araşdırmanın əsassız olmasını və onun barəsində aparılan cinayət təqibinə xitam verilməsini bildirsə də, iş materiallarında məhkəmənin sorğusuna Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2025-ci il tarixli 3-3-020/2-1062/25 saylı cavab məktubundan görünür ki, hərbi vəzifəlilərin təkrar tibbi müayinədən keçirilməsi zamanı hərbi xidmətə yararsız hesab edilmələri üçün onlardan pul tələb edilməsi faktları ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həmin xidmətin Bakı şəhəri Nəsimi rayon idarəsinin Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin sabiq müfəttişi İddiaçı barəsində toplanmış material Azərbaycan Respublikası Hərbi Prokurorluğuna göndərilmiş, sözügedən material İstintaq idarəsində istintaq olunan ********* №li cinayət işinə əlavə olunmaqla, hazırda İddiaçı barəsində cinayət təqibi davam etdirilir. Başqa sözlə, iddiaçının barəsində aparılan cinayət təqibinə xitam verilməsi halı öz təsdiqini tapmamaqla material üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət təqibi davam etdirilir. Belə olan halda isə məhkəmə iddianın təmin edilməsini mümkün hesab etmir. Məhkəmə qeyd edir ki, iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-361/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-361/2025
29.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver