Məhkəmə qərarları › İş №2(009)-391/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-391/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-391/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçının və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “istilik haqqının əhali istehlakçı qrupu üzrə ödənilməsi və kommersiya qrupu kimi ödənilən pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaradıcılıq emalatxanası üçün istilik haqqının əhali istehlakçı qrupu üzrə ödənilməsi və onun tərəfindən 2014-2017-ci il tarixinə qədər kommersiya qrupu kimi ödənilən 303 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci il tarixindən Azərbaycan Respublikası Rəssamlar ittifaqının üzvüdür. Ona məxsus olan emalatxananın içərisinin və çölünün bütün istilik borularını öz hesabına çəkdikdən sonra iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmışdır. Ona bildirmişdirlər ki, onun emalatxanası qeyri-yaşayış sahəsi olduğu üçün istilik haqqının ödənişi əhali istehlakçı qrupu üzrə deyil, komersiya qrupu üzrə ödəniləcəkdir. Sonradan ona məlum oldu ki, qanunvericilikdə yarasıcı şəxslər üçün dövlət tərəfindən müəyyən güzəştlər nəzərdə tutulmuşdur və o, istilik haqqının əhali istehlakçı qrupu ilə hesablanmasını cavabdehdən xahiş etmişdir. Lakin cavabdeh cavabında bundan imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 2014-2019-cu illər tarixində onunla cavabdeh arasında bağlanan müqavilələrin etibarsız hesab edilməsi, onunla cavabdeh arasında əhali istehlakçı qrupu üzrə müqavilə bağlanması haqqında cavabdehin üzərinə öhdəlik qoyulması, onun tərəfindən 2014-2017-ci il tarixinə qədər kommersiya qrupu kimi ödənilən 303 manat pulun ona qaytarılması və 2017-2020-ci illər ərzində qeyri-əhali qrupu üzrə ona borc kimi hesablanmış 542,57 manat məbləğində istilik enerjisi borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Səbail rayonu, Nizami küçəsi 12 ünvanında yerləşən fərdi yaradıcılıq emalatxanasının istilik enerjisindən istifadəyə görə istilik haqlarının əhali qrupu üzrə hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan: xx.xx.2017-ci il tarixli İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış istilik enerjisi və isti suyun verilməsi haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilə ilə tərəflər mərkəzləşdirilmiş isitmə, isti su vəbuxar təchizatı haqqında bu müqaviləni bağlayaraq qüvvədə olan istilik enerjisindən istifadə qaydasına əməl etməyi öz öhdələrinə götürürlər. Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli məktubunda “Mədəniyyət haqqında” Qanunda fərdi yaradıcılıq emalatxanalarının istilik haqlarının əhali istehlakçı qrupu üzrə tariflərlə hesablanmasının nəzərdə tutulmadığı qeyd edilmişdir. “Mədəniyyət haqqında” Qanunun 1.0.25-ci bəndinə əsasən yaradıcı şəxs mədəni sərvətlərin yaradılması, o cümlədən mədəniyyət sahəsində pedaqoji və ya elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Qanunun 47.4.3-cü bəndinə əsasən əhaliyə mədəniyyət məhsullarının və xidmətlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəştlərlə təqdim olunması əsas fəaliyyət kimi müəyyən olunduqda mədəniyyət obyektlərinin özəlləşdirilməsinə icazə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları”nın 5-ci bəndində emalatxana sahələrinin kommunal xərcləri rəssam və heykəltəraşlar tərəfindən əhali istehlakı qrupu üçün müəyyən edilmiş tariflərə uyğun ödənilməli olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, peşəkar yaradıcı işçilərin yaradıcılıq fəaliyyətinin həyata keçirildiyi fərdi emalatxanaların, studiyaların, laboratoriyaların kirayə, kommunal və telefondan istifadə xərclərinin vətəndaşlar üçün nəzərdə tutulmuş tariflərlə ödənilməsi “Mədəniyyət haqqında” Qanunun müddəalarında nəzərdə tutulmasa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları” ilə bu hal tənzimləndiyindən iddia tələbi istilik haqqının əhali istehlakçı qrupu üzrə ödənilməsi hissəsində təmin edilməlidir. İddia tələbinin 2017-2020-ci illər ərzində qeyri-əhali qrupu üzrə ona borc kimi hesablanmış 542,57 manat məbləğində istilik enerjisi borcunun silinməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ASC ilə “İstehlakçı” yaradıcılıq emalatxanası arasında olan Üzləşmə vərəqəsinin surətindən görünür ki, abonentə 542,57 manat borc yazılmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi yaradıcılıq emalatxanası üçün istilik haqqının əhali istehlakçı qrupu üzrə ödənilməsi hissəsində təmin edildiyindən, abonentə qeyri-əhali istehlakçı qrupu üzrə hesablanmış borc məbləği abonentdən tutula bilməz. Belə ki, həmin borcun abonentdən tutulmasına əsas olan hal məhkəmə qətnaməsi ilə aradan qalxdığından hesablanmış borcun cavabdeh tərəfindən iddiaçıdan tələb olunmasına səbəb olan hal da aradan qalxmış olur. İddia tələbinin 2014-2019-cu illər tarixində iddiaçı ilə cavabdeh arasında bağlanan müqavilələrin etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən gətirilən dəlillər müqavilənin etibarsızlığı üçün əsas olduğundan, iddia tələbi əsaslıdır, ona görə də təmin olunmalıdır. İddia tələbinin 2014-2017-ci il tarixinə qədər kommersiya qrupu kimi ödənilən 303 manat pulun iddiaçıya qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2016-cı il və xx xxxxxx 2017-ci il tarixli Cavabdeh ASC ilə İddiaçı şəxsində “İstehlakçı” yaradıcılıq emalatxanası arasında bağlanmış istilik enerjisi və isti suyun verilməsi haqqında müqavilələrin surətindən görünür ki, müqavilənin bir illik məbləği 153,90 manat təşkil edir. Məhkəmə bununla bağlı qeyd edir ki, sözügedən məbləğin iddiaçı tərəfindən ödənilməsinə səbəb olan müqavilələr etibarsız sayıldığından həmin müqavilələr əsasında iddiaçı tərəfindən ödənilmiş pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “istilik haqqının əhali istehlakçı qrupu üzrə ödənilməsi və kommersiya qrupu kimi ödənilən pulun qaytarılması” tələbinə dair iddiası təmin edilsin. 2014-2019-cu illər tarixində İddiaçı şəxsində “İstehlakçı” yaradıcılıq emalatxanası ilə Cavabdeh ASC arasında bağlanmış müqavilələr etibarsız hesab edilsin. İddiaçı ilə istilik enerjisi və isti suyun verilməsi haqqında əhali istehlakçı qrupu üzrə müqavilə bağlanması öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulsun. 2014-2017-ci il tarixinə qədər qeyri-əhali istehlakçı qrupu kimi ödənilən 303 manat pul vəsaiti İddiaçı geri qaytarılsın. 2017-2020-ci illər ərzində İddiaçı qeyri-əhali qrupu üzrə borc kimi hesablanmış 542,57 manat məbləğində istilik enerjisi borcu silinsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar