Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-392/2022 04.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, tərcüməçi X4, iddiaçı X12, cavabdehin vəkili və nümayəndələri Vəkil və Nümayəndə iştirakı ilə, İddiaçı X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X7 işə cəlb olunmaqla Cavabdeh qarşı bağışlanmış əmlaklara məcburi pay hüququnun tanınması tələbinə dair iddiası, Cavabdeh X9rşı cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X23 Cavabdeh qarşı birinci növbəli vərəsə kimi bağışlanmış əmlaklara məcburi pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X21 tərəfindən Cavabdeh 01.08.2019-cu ildə Bakı şəhər 54 saylı notariat ofisində 4Ə-283, 4Ə-284 və 4Ə-285 saylı reyestr üzrə təsdiq edilmiş bağışlama müqavilələrinə əsasən bağışlanmış: 1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində; 2. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasında; 3. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 15a saylı evin 55 saylı mənzilində onun 1/2 hissədə (hər əmlak üzrə) məcburi pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, X23 xx.xx.1970-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. X6, anası X17r. X6 17.12.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Atası vəfat etdikdən sonra ondan miras qalmış əmlakları adına rəsmiləşdirmək üçün notariat orqanına müraciət etmişdir. Eyni zamanda əmlak xidmətinə göndərilmiş vəkil sorğusu əsasında müəyyən edilmişdir ki, atasının adına olan 3 daşınmaz əmlak 2019-cu ilin avqust ayında bağışlama müqaviləsinə əsasən cavabdehin adına özgəninkiləşdirilmişdir. Belə ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ünvan 3 nömrəli reyestr üzrə qeydiyyata alınmış 01.08.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən; ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binası Bakı şəhər 54 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-283 nömrəli reyestr üzrə qeydiyyata alınmış 01.08.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 15 A saylı evin 55 saylı mənzil Bakı şəhər 54 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-285 nömrəli reyestr üzrə qeydiyyata alınmış 01.08.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən X21 tərəfindən Cavabdeh bağışlanmışdır. Qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, cavabdehə miras qoyan atası Fərid Əliyev tərəfindən əmlaklar ölümündən 1 il 5 ay qabaq bağışlandığı üçün və iddiaçı mərhum X11 yeganə birinci növbəli vərəsəsi olduğu üşün onun bağışlanmış əmlaklarda məcburi pay hüququ vardır. Odur ki, bağışlanmış daşınmaz əmlaklara 1/2 hissədə məcburi pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 04 fevral 2022-ci il tarixdə Cavabdeh X9rşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X12 ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, miras qoyan X21 17.12.2020-ci ildə vəfat etmişdir. O, miras qoyan şəxs X11 qardaşı oğludur. Qarşılıqlı iddia üzrə cavabdeh Leyla Əliyeva miras qoyan şəxsin övladıdır. Miras qoyan F.Əliyev sağlığında vəsiyyətnamə qoyaraq bütün miras əmlakı ona, yəni Cavabdeh vəsiyyət etmişdir. Miras qoyan şəxsin qızı Leyla Əliyeva ilə münasibətləri qaydasında olmamış, valideyn-övlad münasibətləri korlanmışdır. Belə ki, Leyla Əliyeva atası Fərid Əliyevin son iradəsini, sonuncuya məxsus olan əmlakın başqa şəxslərə vəsiyyət etməsinin qarşısını almağa cəhd etmişdir. Leyla Əliyeva Bakı şəhər Nərimanov rayon məhkəməsinə xüsusi icraat qaydasında ərizə verərək Fərid Əliyevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Bu ərizənin verilməsinə səbəb kimi o göstərilmişdir ki, Fərid Əliyev tanımadığı qadını övladlığa götürmək istəyib, eyni zamanda L.Əliyevaya qarşı onun ləyaqətsiz vərəsə hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nərimanov rayon məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Məhkəmə F.Əliyevin barəsində keçirilən ekspertizanın nəticələrinə istinad edərək qeyd etmişdir ki, F.Əliyevdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, o öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malikdir. Bundan əlavə, Fərid Əliyev sağlığında 11 iyun 2016-cı ildə notariat ofisində vəsiyyətnamə yazaraq qızı Leyla Əliyevanı mirasdan məhrum etmişdir. Bundan xəbər tutan L.Əliyeva atasını notariusa apararaq həmin vəsiyyətnaməni ləğv etdirmişdir. Bundan əlavə, L.Əliyevanın əri Anar Qaziyev "xxxx" ASC ilə kredit müqaviləsi bağlayıb və həmin müqavilənin təminatı kimi X26ə məxsus olan əmlaklar ipotekaya qoyulub. X29 müqavilə öhdəliklərini icra etmədiyindən "xxxx" ASC A.Qaziyevə və Fərid Əliyevə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldıraraq kreditlərin ödənilməsi və həmin tutmanın F.Əliyevə məxsus olan əmlaklara yönəlməsini tələb edib. Hazırda həmin iş üzrə icraat cavabdehin hüquqi varisinin müəyyən edilməsi məqsədi ilə dayandırılıb. Bundan əlavə, Fərid Əliyev sağlığında Bakı şəhər Nərimanov rayon Məhkəməsində qızı Leyla Əliyevaya qarşı iddia qaldıraraq onun ləyaqətsiz vərəsə elan edilməsinə dair qətnamə çxıarılmasını xahiş etmişdir. Həmin iddia sonradan baxılmamış saxlanılsa da, bu Fərid Əliyevin qızını miras əmlakdan məhrum etmək niyyətində olduğunu təsdiq edir. Göründüyü kimi, Leyla Əliyeva atasının əmlakını başqa şəxslərə vəsiyyət etməsinin, onun son iradəsinin həyata keçirilməsinin qarşısını almağa cəhd edib. Əvvəlcə o, atasının fəaliyyət qabiliyyəti olmayan hesab etdirməyə çalışıb. Eyni zamanda ona məxsus əmlakların əldən çıxması üçün əri Anar Qaziyev tərəfindən bankdan kredit götürülməsinə və həmin kreditlər üzrə Fərid Əliyevə məxsus olan əmlakların ipotekaya qoyulmasına çalışıb və kreditləri ödəməkdən imtina edirlər ki, F.Əliyevə məxsus olan əmlaklar əldən çıxsın. X26 sağlığında qızı Leyla Əliyevanı miras əmlakdan məhrum etməyə çalışıb, lakin Leyla Əliyeva buna mane olaraq Fərid Əliyevin son iradəsinin həyata keçirilməsinin qarşısını alıb. Bununla da, yuxarıda qeyd edilən hallara görə Leyla Əliyeva ləyaqətsiz vərəsə hesab edilməlidir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.02.2022-ci il tarixli cavab məktubundan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 1-ci yaşayış massivi 15 saylı evin 04.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə X2 mülkiyyətinə verildiyi müəyyən olunduğu üçün məhkəmə, X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməsi barədə qərar qəbul etmişdir. 29.03.2022-ci il tarixdə iddiaçı X23 məhkəməyə iddia tələbinin həcminin azaldılması haqqında ərizə ünvanlayaraq, ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən miras qoyan X21 tərəfindən Cavabdeh 01.08.2019-cu ildə Bakı şəhər 54 saylı notariat ofisində 4Ə-283, 4Ə-284 və 4Ə- 285 saylı reyestr üzrə təsdiq edilmiş bağışlama müqavilələrinə əsasən bağışlanmış: 1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində; 2. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasında; 3. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 15a saylı evin 55 saylı mənzilində onun 1/2 hissədə (hər əmlak üzrə) məcburi pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini və çıxarılacaq qətnamənin göstərilən əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrində onun adına müvafiq qeydiyyatın aparılması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilmasi üçün əsas olmasının göstərilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı atasıns məxsus əmlakların hüquqi vəziyyətini öyrənmək üçün məhkəmə qarşısında vəsatət qaldıraraq iddia tələbində adları göstərilmiş əmlaklar barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə sorğu göndərilməsini xahiş etmişdir. Məhkəmənin sorğusuna verilmiş cavabdan məlum olmuşdur ki, mübahisəsi əmlaklardan biri olan ünvan 5 ünvanda yerləşən əmlak Cavabdeh tərəfindən X5 14.01.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satılmışdır və hazırda C.Əsgərovun mülkiyyətindədir. Göründüyü kimi onun məcburi pay hüququ olan əmlak cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir və bu səbəbdən həmin əmlak üzərində hazırda onun məcburi pay hüququnun tanınması mümkün deyil. Belə olan halda əgər əmlak cavabdeh tərəfindən özgəninkiləşdirilmişdirsə, bu halda həmin əmlakın alğı-satqısından əldə edilmiş pul vəsaitinə onun məcburi pay hüququ tanınmalıdır. Belə ki, Cavabdeh ilə X7 arasında bağlanmış 14.01.2021-ci il tarixli alğı-satqı müqaviləsindən göründüyü kimi, ünvan 6 ünvanda yerləşən əmlak 100.000 manata satılmışdır. Qeyd olunmalıdır ki, alqı-satqı müqaviləsində əmlakın alış qiyməti 100.000 manat kimi göstərilsə də, əmlakın real bazar dəyəri 300.000 manatdır. Nəzərə alınsa ki,onun satılmış daşınmaz əmlakda məcburi pay hüququ 50% təşkil edir, bu halda həmin əmlakın alğı-satqısından əldə edilmiş vəsaitin 50% hissəsinə onun hüququ var. Həmin vəsaiti isə cavabdeh əldə etdiyi üçün cavabdehdən onun xeyrinə əmlakın real bazar dəyərinin - 300.000 manatın 50% hissəsi, yəni 150.000 manat məbləğində pul tutulmalıdır. Məhkəmənin Daşınmaz Əmlakın Dövlət Reyestrinə göndərdiyi sorğusuna cavab məhkəməyə 07.02.2022-ci il tarixdə daxil olsa da, həmin məktubun surətini yalnız mart ayının 7-də keçirilən iclasdan sonra xəbər tutub əldə etmişdir. Həmin məktubla tanış olduqdan sonra iddia tələbinin dəyişdirilməsinə əsas yaranmışdır. Göstərilənlərə əsasən miras qoyan X21 tərəfindən Cavabdeh 01.08.2019-cu ildə Bakı şəhər 54 saylı notariat ofisində 4Ə-283 və 4Ə-285 saylı reyestr üzrə təsdiq edilmiş bağışlama müqavilələrinə əsasən bağışlanmış: 1. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasında; 2. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 15a saylı evin 55 saylı mənzilində onun 1/2 hissədə (hər əmlak üzrə) məcburi pay hüququnun tanınması; ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin alğı-satqısından əldə edilmiş 300.000 manat məbləğində pulun 50% hissəsinin, yəni 150.000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, çıxarılacaq qətnamənin 1 və 2-ci bəndlərdə göstərilən əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrində onun adına müvafiq qeydiyyatın aparılması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmasının göstərilməsini xahiş etmişdir. 04 aprel 2022-ci il tarixdə iddiaçı X23 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək, ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsində və iddia ərizəsinə əlavədə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən evin nömrəsi 151 a əvəzinə 15 a kimi qeyd olunmuşdur. Bu səbəbdən iddia ərizəsinə dəqiqləşmə verir və qətnamə qəbul edilərkən həmin evin nömrəsinin 151 a kimi qəbul edilməsini xahişç etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin həcminin azaldılması haqqında və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələrini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı X13rşılıqlı iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat verərək eləcə də, bildirmişdir ki, onun atası ilə münasibətləri çox yaxşı olmuş, bir həkim kimi atasına qulluq etmiş və onun sayəsində atası 81 yaşınadək sağlam yaşamışdır. O heç vaxt atası ilə küsülü olmamışdır, onun qızı isə atasının ən istəkli nəvəsi olmuşdur. Sonra cavabdeh tərəfin göstərişi ilə onun atası ilə görüşməsinə qadağa qoyulmuş, onu, onun qızını və atasının bacılarını, bacısı uşalarını atasından təcrid etmişlər. Belə ki, atasının əvvəllər sürücüsü olan Rafiq adlı şəxs, onun oğlu və Rafiqin həyat yoldaşının yaxın qohumu olan insanlar onları atasının yanına buraxmamışlar. Onun qızı Amerikaya oxumağa gedəndə babası ilə görüşüb sağollaşmaq istədikdə, həmin şəxslər ona qapını açmamışlar. Halbuki onun qızı atasının ən sevimli nəvəsi idi və atası evinin divarlarına onun şəkillərini vurmuşdu. Həmin şəxslər atasının yanında yaşayırdılar. Buna görə də, o, sonradan atasının səhhətindən xəbərsiz olmuşdur. 2016-cı ilin dekabrında hazırki iş üzrə 3-cü şəxs olan X8 ona zəng vuraraq atasının ayağının sındığını və onun vəziyyətinin həddindən artıq ağır olduğunu bildirmişdir. Belə ki, X2 onun atası və onunla münasibətləri çox yaxşı olmuş, o özü də 5 il Əsgərov Cəmaləddinin yanında işləmişdir. O Cəmaləddinin zəngindən sonra çox çətinliklə də olsa atasının yanına getmiş və onun çox ağır vəziyyətdə olduğunu, ağrıdan zarıdığını görmüşdür. Həmin vaxt atası öz evində deyil, ofisində balaca bir otaqda yaşayırdı, çünki cavabdeh onu ora aparmışdır. Onu atasının yanına çətinliklə, oraya atasının yaşlı bacısı ilə birlikdə getdiyi üçün buraxmışlar və o dərhal təcili yardım çağırmış və atasını xəstəxanaya aparmışdır. Ertəsi günü atası əməliyyat olunmuşdur və həkim ona bildirmişdir ki, əgər bir gün də atası xəstəxanaya gec aparılsa idi, o ölə bilərdi. Atası çox yaşlı olduğu, yad adamlarla birlikdə yaşadığı, həmin şəxslər tərəfindən öz doğmalarından, bacılarından, bacısı uşaqlarından tamamilə təcrid olunmaqla hərəkətlərində dəyişikliklər olduğunu bir həkim kimi gördüyü üçün bütün ailə üzvləri, yaxın qohumları ilə birlikdə belə qərara gəldilər ki, atasının notariat hərəkətlərinə qadağa qoyulsun və ona görə də, o, atasının fəaliyyət qabiliyyəti olmaması barədə iddia irəli sürmüşdür. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə ilkin iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini, qarşılıqlı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək eləcə də bildirmişdir ki, X26 öz valideynlərinin evində yaşayırdı. Onun qeyri-rəsmi nikahından 2-ci bir qız övladı var. Həmin qızı atalığın müəyyən edilməsi haqqında iddia qaldırmayıb, bu onun haqqıdır və nə vaxtsa bu iddianı qaldıra bilər. F.Əliyevin yas yerində həmin qızı iştirak etmişdi. F.Əliyev sağlığında qızı Leyla Əliyevanın ləyaqətsiz vərəsə hesab edilməsi haqqında iddia qaldırmışdı, lakin iddianı yanlış verdiyi üçün təmin olunmamışdır. Leyla atasının sağlığında onun yanına gedib gəlirdi, həmin evin açarı Leylada da var idi. F.Əliyevdə qusmalar, baş gicəllənmələr olurdu və o şübhələnirdi ki, Leyla onun yeməyinə nəsə qatır. Buna görə də, F.Əliyev gedib ofisdə yaşayırdı. F.Əliyevin qızı L.Əliyeva ilə hansı səbəbdən barışmamalarını o bilmir. F.Əliyev köməkçisi Rafiqi özü tapmışdı və Rafiqə demişdi ki, onun bütün işlərini həll etsin. Cavabdeh gedib F.Əliyevi ofisdə gördükdən sonra əsəbləşmişdi ki, o niyə ofisdə yaşayır. F.Əliyevin gözəl evi var idi. Anar F.Əliyevin evində təmir işlərini görüb, F.Əliyevi öz evinə köçürtmüşdü. F.Əliyev çox aktiv həyat sürürdü. O hər gün işə gedib gəlirdi. 5 nömrəli xəstəxananın yanında F.Əlyevin klubu var idi və ora gedib gəlirdi. Lakin F.Əliyev qızı Leylanı hansı səbəbə görə isə görmək istəmirdi, bunu bilmir, bu ata-qız arasında olan məsələdir. L.Əliyeva atası haqqında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə iddia qaldırandan sonra, F.Əliyev də Leylanın barəsində ləyaqətsiz vərəsə hesab olması barədə iddia qaldırmışdı. F.Əliyevin sağlığında Leylanın həyat yoldaşı tərəfindən F.Əliyevin əmlakı girov qoyularaq böyük məbləğdə kredit götürülmüşdü və kredit ödənilməmişdi. Həmin şəxs “Azəriqazbank”dan da kredit götürmüşdü və həmin kreditin 25.000 dollarını F.Əliyev şəxsən ödəmişdi. F.Əliyev “AltesPlaza”da təsisçilərdən biri idi və orada onun da payı var idi. Lakin vəkil sorğusuna həmin təsis payı ilə bağlı digər təsisçi cavab verməmişdir. F.Əliyevin çoxlu evləri var idi. Onun bir çox əmlakları əldən çıxarılmışdı. Əldə qalan əmlaklar F klub, F Senterdə mənzil, yaşadığı mənzil, “AltesPlaza”dakı 3 otaqlı mənzildir. F.Əliyev qeyri-rəsmi nikahdan olan qızına vəsiyyətnamə qoymuş və həmin vəsiyyətnamədə Leylanı mirasdan məhrum etmişdi. Sonra F.Əliyev həmin vəsiyyətnaməni ləğv etmişdi. Sonra Anara demişdi ki, ona yeni vəsiyyətnamə verəcək, bütün əmlakını ona vermək istəyir. Qızı Leylanın atasının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə iddiası və bununla bağlı məhkəmə-psixiatriya ekspertizalarının keçirilmə proseduru F.Əliyevə çox pis təsir etmişdi. F.Cavabdeh demişdi ki, Leyla barəsində ləyaqətsiz vərəsə hesab olunması haqqında iddianı o davam etdirməlidir, belə ki, Leylaya heç nə vermək istəmir. F.Cavabdehı oğlu kimi qəbul edirdi, qeyri-rəsmi nikahdan olan qızını da ona tapşırmış və bildirmişdi ki, Anara bütün əmlakını ona görə vermişdir ki, gələcəkdə həmin qızına da versin. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil ilkin iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini, qarşılıqlı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və eləcə də bildirmişdir ki, F.Əliyev əvvəlcə bütün əmlakını qeyri-rəsmi nikahdan olan qızına vəsiyyət etmişdi. Sonra həmin vəsiyyətnaməni ləğv etmişdi. Leyla Əliyeva F.Əliyevin fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə tələbi irəli sürmüş və həmin tələb rədd edildikdən sonra apellyasiya və kassasiya şikayətləri də vermişdir. Yəni bu işi axıradək davam etdirmişdir. Bütün bunlar F.Əliyevin başqa şəxsə vəsiyyətnamə qoymasından sonra baş vermişdir. F.Əliyevin Leyla barədə qaldırdığı ləyaqətsiz vərəsə hesab olunması barədə iddiası subyektiv hüququnun olmaması səbəbindən rədd olunmuşdur. Belə ki, ləyaqətsiz vərəsə məsələsini ancaq vərəsələr qaldıra bilər. F.Əliyev yalnız şəxsin vərəsəlik hüququndan məhrum edilməsi barədə iddia qaldıra bilərdi. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 bildirdi ki, o, X26i, onun bütün ailə üzvlərini, bacısı Firəngizi, qızı Leyla Əliyevanı, Cavabdeh və onun atası Nazimi çox yaxşı tanıyır, F.Əliyevlə bir ailə kimi çox yaxın olmuşlar. Vaxtilə mərhun Fərid Əliyev onun işlədiyi İvraltar, yəni Cəbəllütariq dövlətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində prezident olub. Həmin dövrdə onun işlədiyi idarə xarici neft konsorsumuna xidmət edirdi, ancaq xaricilərə köməklik göstərirdilər. O dövrdə onlara Primorskda baza lazım idi və o həmin yeri tapdı, orada öz adına, oğlunun adına və Fərid Əliyevin adına 3 ədəd 0,6 sot yer aldı. Həmin yerin pulunu onun işlədiyi idarə verirdi. Həmin torpağı konsorsumun razılığı ilə Qaradağ rayon İcra Hakimiyyəti onlara vermişdir. Ondan sonra onun işlədiyi idarə həmin yeri düzəldib, orada 2 boks tikib, üstündə də, yataqxana kimi 4-5 fəhlənin yaşaması üçün yer tikmişdir. Orada heç bir mənzil yoxdur. Həmin yerin heç 50 min də qiyməti yoxdur. O dövrdə onun işlədiyi idarənin işi dayananda, 2019-cu ilə qədər icarə müqaviləsi ilə pulu Fərid əliyevə ödəyirdilər. 2019-cu ildə icarə müqaviləsi bitəndən sonra o pis vəziyyətdə qalmışdı, belə ki, onlara dedilər ki, həmin yerdən çıxsınlar. O, idarədə əməliyyatlar üzrə direktor işləyir. Həmin torpaqda Fərid Əliyevin yeri ortada idi. Çıxış sağ tərəf isə onun idi. O öz yerində əvvəl ev tikdirmək istəmişdi, sonra tikdirmədi. Onun yerində avadanlıqlar yerləşirdi. Sol tərəfdə oğlunun yeri idi, həmin yerdə naves düzəltmişdilər və maşınları orada yerləşdirmişdilər. O, F.Əliyevə zəng edib bildirmişdi ki, işi dayanıb, nə etsin. F.Əliyev isə ona bildirmişdi ki, həmin yeri Anarın adına keçirdib, o, Anara deyib, yeri onun adına keçirdəcək. O sonra dəfələrlə F.Əliyevin vəkili İradə xanıma zəng edərək bildirmişdir ki, F.Əliyevin yerinin çıxışı yoxdur, onun idarəsi isə işləməlidir, bu məsələni həll etsinlər. İradə xanım onlardan çox pul istədi. Lakin o razılaşmadı və bildirdi ki, buradakı tikintinin pulunu idarə verib. Sonra Cavabdeh gəlib dedi ki, “100 min ver, notariusda həll edək, yer sənindir, get işlə”. Həmin yerin çıxarışlarından da görünür ki, həmin sahənin qiymətləri necə dəyişib, yəni onların qoyduğu vəsait hesabına dəyişib. Notariusda həmin əmlakın alqı-satqısı zamanı sadələşdirilmiş verdi məbləğini, yəni 4804.20 manatı o yox, Cavabdeh ödəmişdir. O Cavabdeh alqı-satqı müqaviləsi üzrə 95195 manat ödəmişdir. O eləcə də, bildirmək istəyir ki, onun qardaşı Semaşko adına xəstəxanada cərrah işləyir və Fərid Əliyevi o da tanıyır, belə ki, onun oğlunun toyunda onlar tanış olmuşdular. Bir gün qardaşı ona zəng vurub bildirdi ki, xəstəxanaya daxil olan məlumatlarda görüb ki, Fərid Əliyev iş vaxtı yıxılıb və omba sümüyü sınıb. O da, Leyla əvvəllər onunla birlikdə işlədiyi üçün Leylaya zəng vurub atasının ayağının sınması barədə ona bildirmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, 3-cü şəxsi dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan AZ-İİ № 122381 nömrəli, 15 yanvar 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 17 dekabr 2020-ci il tarixdə beyin damarının digər dəqiq zədələnmələrindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 18.12.2020-ci il tarixdə 1439 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan V-МЮ № 601750 nömrəli, 15 fevral 2011-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1970-ci il tarixdə Moskva şəhərində anadan olmuşdur. X6, anası X17r. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********61 saylı, 23.02.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 16.08.2008-ci il tarixdə X11 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 54 saylı notariat ofisininin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-284 reyestr nömrəli 01.08.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. ünvan 7 ünvanda yerləşən qeyriyaşayış binası 20.02.2013-cü il tarixdə X11 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhər 54 saylı DNK-nın 4Ə-283 reyestr nömrəli, 01.08.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 A saylı evin 55 saylı mənzili 07.02.2018-ci il tarixdə X11 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhər 54 saylı notariat ofisininin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-285 reyestr nömrəli 01.08.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna 02.02.2022-ci il tarixli, **********75 saylı cavab məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ilkin olaraq 16.08.2008-ci il tarixdə X11 adına qeydiyyatdan keçmişdir, 4Ə-284 reyestr nömrəli 01.08.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən 05.08.2019-cu il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 14.01.2021-ci il tarixli, 4Ə-44 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 04.02.2021 tarixində X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, 6 D saylı qeyri-yaşayış binası ilkin olaraq 20.02.2013-cü il tarixdə X11 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 54 saylı notariat ofisininin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, 01.08.2019-cu il tarixli 4Ə-283 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 06.08.2019-cu il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 A saylı evin 55 saylı mənzil 17.12.1991-ci il tarixdə X11 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhər 54 saylı notariat ofisininin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-285 reyestr nömrəli 01.08.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 05.08.2019-cu il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh və X7 arasında 14.01.2021-ci il tarixində Bakı şəhəri 6 saylı Notariat ofisində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini və 0,06 ha torpaq sahəsini 100.000 (yüz min) manat müqabilində alıcı X3 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 220.8-ci maddəsinə əsasən təqdim edilmiş mülkiyyətində olan daşınmaz əmlaklara görə satıcıdan ümumilikdə 4804,20 AZN miqdarda sadələşdirilmiş vergi tutulmuşdur. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, 04.02.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 356,90 kv.m. olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Konsitusiya Məhkəməsinin Plenumu həmin qərarında daha sonra izah etmişdir ki, Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Konsitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etmişdir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, 17 dekabr 2020-ci il tarixdə vəfat etmiş X11 yeganə vərəsəsi qızı X14muşdur. Miras qoyan X1 mülkiyyətində olan: ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini, ünvan 7 ünvanda yerləşən qeyriyaşayış binasını və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 a saylı evin 55 saylı mənzilini 01.08.2019-cu il tarixli bağışlama müqaviləsi ilə Cavabdeh bağışlamışdır. Sonradan ünvan 5 ünvanda yerləşən əmlak Cavabdeh tərəfindən X5 14.01.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satılmışdır və hazırda C.Əsgərovun mülkiyyətindədir. Məhkəmə tərəfindən eləcə də müəyyən olundu ki, həmin daşınmaz əmlak Cavabdeh tərəfindən C.Əsgərova 100000 manata satılmış və notariusda həmin əmlakın alqı-satqısı zamanı sadələşdirilmiş vergi məbləğini, yəni 4804.20 manatı Cavabdeh ödəmiş, C.Əsgərov tərəfindən Cavabdeh alqı-satqı müqaviləsi üzrə 95195 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, miras qoyan Fərid Əliyevin birinci növbədə vərəsəsi olan L.F.Əliyeva mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçmədiyindən, həmin əmlaklarda olan məcburi pay hüququnun müəyyən edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh adına qeydiyyata alınmış ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasında və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 A saylı evin 55 saylı mənzilində iddiaçı X12 1/2 hissədə məcburi pay hüququ tanınmalıdır. ünvan 9 ünvanda yerləşən daşınmaz əmlakın alqı-satqısından əldə edilmiş pulun 50% hissəsi, yəni 47597,90 (qırx yeddi min beş yüz doxsan yeddi manat doxsan qəpik) manat Cavabdeh iddiaçı X12 xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsinin həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Qanunvericiliyin bu tələbinə əsasən ləyaqətsiz vərəsə dedikdə, müəyyən hallara görə, vərəsəlikdən kənarlaşdırılan və buna görə də vərəsəlik hüququndan məhrum edilən şəxslər başa düşülür. Ləyaqətsiz vərəsə mirası əldə etmək və almaq hüququna malik olmayan şəxsdir. Ləyaqətsiz vərəsə cəmiyyətdəki birgə yaşayış qaydaları baxımından özünün nalayiq davranışına görə vərəsəlikdən kənarlaşdırılır. O, özünün etdiyi hüquqa və ya əxlaqa zidd hərəkətlərin nəticəsində vərəsə olmaq imkanından məhrum olur. Azərbaycan Respublikasının vərəsəlik hüququna görə, ləyaqətsiz vərəsə kateqoriyasına aiddir: 1. müəyyən hallara görə vərəsə olmayan şəxslər (MM-nin 1137-ci maddəsi), 2. valideynlik hüququndan məhrum edilmiş şəxslər (MM-nin 1138-ciddəsi), 3. miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər. Fiziki şəxsin 1-ci qrup ləyaqətsiz vərəsə kimi tanınması üçün həmin şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: - birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması. Söhbət fiziki şəxsin hüquqazidd hərəkətlər etməsindən gedir. Həmin hərəkətlər isə ifadə oluna bilər: saxta vəsiyyətnamə tərtib etməkdə; əsl və həqiqi vəsiyyətnamənin gizlədilməsində, şəxsin konkret vətəndaşın xeyrinə vəsiyyətnamə yazmağa məcbur etmədə; vəsiyyət üzrə vərəsələrdən kimsəni mirasdan imtina olunmasına vadar etmədə və s. - ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi. Lakin göstərilən hərəkətlərdən birinin edilməsi şəxsin ləyaqətsiz vərəsə hesab olunması üçün yetərli deyildir və kifayət etmir. Bunun üçün həm də iki əlavə şərtin olması lazımdır. Birinci şərt ondan ibarətdir ki, şəxsin vərəsəlik hüququndan məhrum edilməsinə səbəb olan hallar (hərəkətlər) məhkəmə tərəfindən təsdiq olunmalıdır. Həmin halın müəyyənləşdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mübahisəsiz olaraq şəxsi vərəsəlikdən kənarlaşdırmaq üçün əsas rolunu oynayır. Vərəsənin miras qoyanın ölümünə səbəb olan cinayət törətməkdə təqsirli bilinməsi barədə də məhkəmə hökmünün olması vərəsəlikdən kənarlaşdırmaq üçün əsas rol oynayır. İkinci şərt isə ondan ibarətdir ki, şəxsin vərəsəlikdən kənarlaşdırılmasına səbəb olan hərəkətlər qəsdən edilməlidir və xüsusi olaraq ya miras qoyanın əleyhinə (məsələn miras qoyanı öldürmək), ya vərəsələrdən hər hansı birinin əleyhinə (məsələn, vərəsəni hədələməklə mirasdan əl çəkməyə məcbur etmək; bu isə mirasın hədələyən, yəni hədə təsiri göstərən şəxsə keçməsini təmin edir), ya da vəsiyyət edənin vəsiyyətnmədə ifadə edilmiş axırıncı iradəsinin həyata keçirilməsi əleyhinə yönəlməlidir. Beləliklə şəxsin miras qoyana qarşı hər hansı bir cinayət hərəkətinə (öldürmə, xuliqanlıq, zorlama, bədən xəsarəti yetirmə, oğurluq və s.) yol verməsi həmin şəxsin vərəsəlikdən kənarlaşdırılması üçün əsas ola bilər. Bu cinayət hərəkətlərinin hansı motivlə edilməsinin də hüquqi əhəmiyyəti yoxdur. Yalnız vacibdir ki, həmin cinayət hərəkətləri qəsdən edilsin. Şəxs vərəsə barəsində də qəsdən cinayət hərəkətinə yol verdiyi halda da ləyaqətsiz vərəsə kimi tanına bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, təkcə hüquqazidd hərəkətlər və ya cinayət sayılan hərəkətlər yox, həm də əxlaqsız hərəkətlər şəxsin ləyaqətsiz vərəsə kimi tanınmasına səbəb ola bilər. Məhkəmə yuxarıda göstərilənlərdən başqa Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair» 13.12.2011-ci il tarixli qərarında göstərilən xüsusatları qeyd etməyi vacib və zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair» AR Konsitusiya Məhkəməsi Plenumunun 13.12.2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Konsitusiya Məhkəməsinin Plenumu həmin qərarında izah etmişdir ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 97/2019 saylı 08.11.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X11 cavabdeh X10rşı “şəxsin ləyaqətsiz vərəsə elan edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh X24 ləyaqətsiz vərəsə hesab edilməsi üçün hər hansı bir hərəkətə yol verməmişdir. Yəni cavabdeh L.F.Əliyeva mərhum atasına qarşı hər hansı bir cinayət törətməmiş və ona qarşı əxlaqsız hərəkətə yol verməmişdir. Məhkəmə qeyd edir ki, L.F.Əliyevanın vərəsəlik hüququndan məhrum edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan hallar hazırkı işə baxılarkən müəyyən edilməmiş, həmçinin iddiaçı tərəfindən cavabdehin vərəsəlik hüququndan məhrum edilməsinə səbəb ola biləcək mötəbər sübutlar da təqdim edilməmişdir. Digər tərəfdən, cavabdeh iddiaçının son iradəsinin həyata keçirilməsinə maneə törədəcək hərəkətlər etməmiş, özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çatırılmasına və ya miras payların artırılmasına kömək göstərməmiş, həmçinin iddiaçının son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməmişdir Beləliklə məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas ola biləcək hallar müəyyən edilmədiyindən, həmçinin qarşılıqlı iddia üzrə iddiaçının gətirdiyi dəlillər iddianın təmin edilməsi üçün əsas olmadığından, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh adına qeydiyyata alınmış ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasında və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 A saylı evin 55 saylı mənzilində iddiaçı X12 1/2 hissədə məcburi pay hüququ tanınsın. ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin alqı-satqısından əldə edilmiş pulun 50% hissəsi, yəni 47597,90 (qırx yeddi min beş yüz doxsan yeddi manat doxsan qəpik) manat Cavabdeh iddiaçı X12 xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Həmin qətnamə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-392/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-392/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver