Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-404/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3, Müstəqil tələb irəli süməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı (X10 müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14330 manat və 134 manat pul tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: 11 sentyabr 2023-cü il tarixdə saat 16:15 radələrində Abşeron rayonu, Binəqədi-Novxanı yolu ilə mülkiyyətində olan “Chevrolet-Aveo” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobiliylə X10 etibarnamə ilə idarə edib hərəkətdə olarkən X5 idarə etdiyi “Hyundai HD65” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə mülkiyyətində olan avtomobillə toqquşmuşdur. Hadisə zamanı mülkiyyətində olan “Chevrolet-Aveo” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 14330 manat maddi ziyan dəymişdir. Lakin, hadisədən uzun müddət keçməsinə baxmayaraq, bugünədək avtomobilinə dəymiş maddi ziyanla bağlı cavabdeh ‘‘Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən heç bir ödəmə aparılmamışdır. ‘‘Atəşgah” Sığorta Şirkəti ASC kasko sığorta müqaviləsinin şərtlərini tələblərini pozmuşdur. 2012-ci il buraxılışlı, “Chevrolet-Aveo” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməyə X6 etibarnamə əsasında icazə vermişdir. Hadisə nəticəsində “Chevrolet-Aveo” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs X1 rayon X15 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə olunmuşdur. Tərəfindən cavabdehə baş vermiş hadisə ilə bağlı bütün sənədlər təqdim edilmişdir. Avtomobilinə dəymiş ziyanla əlaqədar mütəxəssisləri tərəfindən baxış keçirilmiş və dəymiş ziyanın məbləği 14330 manat təşkil etmişdir. Etirazın dəlilləri: iddia əsassız olduğu üçün təmin edilə bilməz. İş materiallarına əsasən, “fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan iddiaçıya məxsus “Chevrolet Aveo” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobilə 11 sentyabr 2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymişdir. Sığortalanmış avtomobilə baxış keçirildikdən sonra vurulmuş zərərin məbləği 14330 manat müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh Sığorta Şirkəti arasında bağlanmış müqavilə üzrə avtonəqliyyat vasitəsinin sığorta dəyəri və sığorta məbləği 10000 manat, şərtsiz azadolma məbləği 100 manat müəyyən edilmişdir. Həmin şəhadətnamənin “əlavə şərtlər və təminatlar” bölməsində avtonəqliyyat vasitəsini taksi kimi istifadə edilən və ya icarəyə verilən NV-si üzrə azadolma məbləği +10000 manat əlavə şərtsiz azadolma məbləğinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Sığorta hadisəsi baş verən vaxt nəqliyyat vasitəsi sürücüyə icarəyə verildiyi üçün sığorta şəhadətnaməsinin şərtlərinə uyğun olaraq şərtsiz azadolma məbləği ümumilikdə 10100 azn təşkil etmişdir. Beləliklə, baxılan halda baş vermiş sığorta hadisəsi nəticəsində azadolma məbləği sığorta məbləğindən artıq olduğundan, sığortaçının sığortalıya sığorta ödənişi etmək öhdəliyi yaranmamışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbini əsassız hesab edirlər. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraza əlavənin dəlilləri: hadisə tarixindən 2 gün sonra yəni 13 sentyabr tarixində hadisə zamanı sürücü olmuş X10 əməkdaşlarına verdiyi video izahatda avtomobili icarəyə götürdüyünü bildirmişdir. Həmin video izahatın əks olunduğu CD disk (informasiya daşıyıcısı) sübut kimi məhkəməyə təqdim edilir. Video izahatda sürücü iddiaçıdan avtomobili müəyyən haqq qarşılığında icarəyə götürdüyünü təsdiq edir. O, həmçinin izahatda avtomobili icarəyə verən şirkətlərin (rent a car) şərtlərindənsə iddiaçı ilə aralarında olan razılaşmanın daha sərfəli olmasını bildirir (daha çox icarə haqqı, vergilər və s.). İzahatdan məlum olur ki, ümumiyyətlə, sürücü iddiaçını yaxından tanımır, vasitəçinin köməyi ilə avtomobili icarəyə götürmüşdür. Sürücü iş üzrə hazırlıq iclasında ifadə verərkən də həmin nəqliyyat vasitəsi ilə ictimai iaşə obyektinə (restoran, şadlıq sarayı) ərzaq və ya içki məhsulları daşıdığını qeyd etmişdir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən onun mülkiyyətində olan avtomobil xx.xx.2023-cü il tarixli etibarnamə ilə X6 uzunmüddətli istifadəyə verilmiş, elə həmin gün **********795 nömrəli sığorta müqaviləsi ilə sığortalanmışdır. Sığorta şəhadətnaməsində “əlavə premium” paketdə tətbiq olunan avtomobilin taksi fəaliyyəti və icarəyə verilən zaman NV üzrə azadolma məbləği 10000 manat olacağı qeyd olunmuşdur. Mülki Məcəllədə və digər qanunvericilik aktlarında daşınar əşyaların icarə müqaviləsinin forması (şifahi və ya yazılı) ilə bağlı hər hansı tələb mövcud deyil. Sığorta müqaviləsinin özündə icarəyə verilmənin müqavilə əsasında rəsmiləşdirilməsi nəzərdə tutulur. Bu isə əşyanın verilməsi yolu ilə faktik icarə münasibətlərinin, sahibliyin yaranmasını ehtiva edir. İşin faktiki hallarından da aydın olur ki, tərəflər arasında icarə münasibəti mövcud olmuş, nəqliyyat vasitəsi V.Həsənovun istifadəsinə verilmiş və o, həmin nəqliyyat vasitəsini gəlir götürmək üçün istifadə etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə avtonəqliyyat vasitəsinin sığorta dəyəri və sığorta məbləği 10000 manat, şərtsiz azadolma məbləği 100 manat müəyyən edilmişdir. Həmin şəhadətnamənin “əlavə şərtlər və təminatlar” bölməsində avtonəqliyyat vasitəsinin taksi kimi istifadə edilən və ya icarəyə verilən NV-si üzrə azadolma məbləği +10000 manat əlavə şərtsiz azadolma məbləğinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, baxılan halda baş vermiş sığorta hadisəsi nəticəsində azadolma məbləği sığorta məbləğindən artıq olduğundan sığortaçının sığortalıya sığorta ödənişi etmək öhdəliyi yaranmamışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbini əsassız hesab edirlər. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, iddia ərizəsi ilə məhkəməyə müraciətdən öncə Abşeron RPİ-də təhqiqat aparılmışdır. Cavabdehin nümayəndəsi iştirak etmiş, lakin izahat almağa hüququ olmamışdır. Çünki üçüncü şəxsin anlaqlı olub-olmaması sübut olunmur. İzahat təhqiqatçının iştirakı ilə alınmalı idi. Həmin izahatın hüquqi qüvvəsi yoxdur, üçüncü şəxs şokda olmuş, anlaqlı olmamışdır. Üçüncü şəxslə icarə müqaviləsi yoxdur, taksi fəaliyyəti ilə məşğul olmamışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək bildirdi ki, hadisə olduqda şirkətin əməkdaşı şəxsin razılığı ilə izahat vermişdir. Video-müsahibədə üçüncü şəxs suallara açıq aydın cavablar vermişdir. Həmin videoda iddiaçını tanımadığını bildirmişdir. Kasko sığorta olduğundan hadisədən iki gün keçsə də şirkətin əməkdaşı (qəza komissarı) hadisə ilə bağlı şəxsdən müsahibə almışdır. İddiaçı ilə üçüncü şəxs arasında faktiki icarə münasibəti olmuşdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli süməyən üçüncü şəxs X10 bildirdi ki, həm özü, həm oğlu üçün avtomobili sürmək məqsədilə etibarnamə almışlar. Daha əvvəl oğlu da qəza törətmiş və şirkət tərəfindən ona sığorta ödənişi ödənilmişdir. İddiaçı ilə aralarında heç bir icarə müqaviləsi bağlanmamışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 30 may 2023-cü il tarixli, **********795 nömrəli avtonəqliyyat vasitəsinin sığortası şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı məxsus sığorta dəyəri 10000 AZN olan Chevrolet Aveo minik markalı **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “nəqliyyat vasitəsinin tam sığortası” ilə sığortalanmış və faydalanan şəxs sığortalı, avtomobili qanuni əsaslarla rəsmi etibarnamə əsasında idarə edən sürücülər müəyyən edilmişlər. - 30 may 2023-cü il tarixli, 11957 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı tərəfindən “Chevrolet Aveo minik” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X8 3 il müddətinə etibarnamə verilmişdir. - 13 iyul 2023-cü il tarixli, 124520 nömrəli sığorta aktından görünür ki, **********795 kasko sığorta müqaviləsi üzrə 1314 manat zərərlə bağlı maddi ziyanın ümumi məbləğindən 600 manat azadolma məbləği çıxılmaqla sığorta ödənişi 714 manatdır. - 14 iyul 2023-cü il tarixli, ********* (7449) nömrəli kredit köçürməsindən görünür ki, Cavabdeh Sığorta Şirkəti tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli, 124520 saylı sığorta aktına əsasən 714 manat sığorta ödənişi ödənilmişdir. - Cavabdeh Sığorta Şirkəti ASC-nin İddiaçı ünvanladığı 17 oktyabr 2023-cü il tarixli, 1408 nömrəli sığorta ödənişinin verilməsindən imtina olunmasına dair bildirişdən görünür ki, "Atəşgah” Sığorta Şirkəti ASC-də **********795 saylı könüllü sığorta müqaviləsi əsasında sığortalanmış “Chevrolet Aveo” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ilə bağlı şirkətə daxil olmuş müraciətinizə baxılmışdır (İş № 190015). Sığortalanmış “Chevrolet Aveo” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildikdən sonra vurulmuş zərərin məbləği 14330 AZN (on dörd min üç yüz otuz manat) müəyyən edilmişdir. Məlumunuz olduğu kimi sığorta şəhadətnaməsində şərtsiz azadolma məbləği 100 AZN (bir yüz manat) müəyyən edilmişdir. Eyni zamanda, həmin şəhadətnamənin "əlavə şərtlər və təminatlar" bölməsində avtonəqliyyat vasitəsini taksi kimi istifadə edilən və ya icarəyə verilən NV-si üzrə azadolma məbləği + 10000 AZN əlavə şərtsiz azadolma məbləğinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Sığorta hadisəsi baş verən zaman nəqliyyat vasitəsi sürücüyə icarəyə verildiyi üçün sığorta şəhadətnaməsinin şərtlərinə uyğun olaraq şərtsiz azadolma məbləği ümumilikdə 10.100 AZN (on min bir yüz manat) təşkil edir. Baş vermiş sığorta hadisəsi nəticəsində azadolma məbləği sığorta məbləğindən artıq olduğundan sığorta ödənişinin edilməsi öhdəliyi yaranmır. Baş vermiş sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərərin məbləği azadolma məbləğindən artıq olmadığından sığorta ödənişinin edilməsi öhdəliyi yaranmır. Baş vermiş sığorta hadisəsi nəticəsində sığortalanmış avtonəqliyyat vasitəsinə dəyən zərərin məbləği sığorta şəhadətnaməsində müəyyən edilmiş şərtsiz azadolma məbləğindən az olduğu üçün könüllü sığorta müqaviləsi üzrə sığortalanmış əmlaka dəyən zərərlə bağlı sığorta ödənişi edilmir. - 07 iyun 2024-cü il tarixli, 9/1794 nömrəli ekspert rəyindən görünür ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 11000 manat olmuş 2012-ci il buraxılışlı “Chevrolet-Aveo” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 7700 (11000-30%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. - 07 iyun 2024-cü il tarixli, 8/763 nömrəli ekspert rəyindən görünür ki, baxışa təqdim olunmuş “Chevrolet-Aveo” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobildə müəyyən olunan zədələnmiş hissələrin siyahısı rəyin tədqiqi hissəsində qeyd edilmişdir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Chevrolet-Aveo” markalı avtomobilin tam şəkildə hansı hissələrinin zədələnməsini, zədələnmiş hissələrin dəyişdirilməli olan və təmir edilməli olan hissələrini avtomobilin ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan iddiaçıya məxsus “Chevrolet Aveo” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobilə 11 sentyabr 2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymişdir. Sığortalanmış avtomobilə baxış keçirildikdən sonra vurulmuş zərərin məbləği 14.330 manat müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh Sığorta Şirkəti arasında bağlanmış müqavilə üzrə avtonəqliyyat vasitəsinin sığorta dəyəri və sığorta məbləği 10.000 manat, şərtsiz azadolma məbləği 100 manat müəyyən edilmişdir. Həmin şəhadətnamənin “əlavə şərtlər və təminatlar” bölməsində avtonəqliyyat vasitəsini taksi kimi istifadə edilən və ya icarəyə verilən NV-si üzrə azadolma məbləği +10000 manat əlavə şərtsiz azadolma məbləğinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, üçüncü şəxsin idarə etdiyi iddiaçıya məxsus cavabdeh təşkilat tərəfindən tam sığorta növü ilə sığortalanmış avtomobillə yol nəqliyyat hadisəsi nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı sığorta ödənişinin ödənilməsini iddia edir, cavabdeh tərəf isə avtomobilin icarə münasibətləri əsasında üçüncü şəxsin istifadəsində olduğuna istinad edərək iddiaya etiraz edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. (922.2) - 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən qanunvericilikdə, sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. Məhkəmə cavabdehin “avtomobilin icarə əsasında üçüncü şəxsin istifadəsində olduğuna” dair dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəf bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi yeganə sübut video yazıdır ki, cavabdehin əməkdaşı hadisədən dərhal sonra xəstəxanada 3-cü şəxsdən müsahibə almış, məhkəmə icraatı dövründə isə Həsənov Vurğun həmin video yazıda bildirdiyi xüsusatları təsdiq etməmişdir. Məhkəmə araşdırması dövründə nə iddiaçı, nə də ki, 3-cü şəxs avtomobilin icarəyə verilməsini təsdiq etməmişlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(009)-404/2024 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 iyun 2024-cü il tarixli, 9/1794 nömrəli rəyindən görünür ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 11000 manat olmuş 2012-ci il buraxılışlı “Chevrolet-Aveo” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 7700 (11000-30%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Məhkəmə, dəymiş zərərin 7700 (yeddi min yeddi yüz) manat həcmində müəyyən olunması barədə ekspert rəyini mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, “Chevrolet Aveo” markalı, ** MT *** dövlət nömrəli nişanlı minik avtomobilin sığorta müqaviləsinə əsasən hər hadisə üzrə 100 manat azadolma məbləğinin çıxılması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, 7700-100=7600 (yeddi min altı yüz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İş materialları ilə müəyyən edilir ki, məhkəmə xərci iş üzrə ödənilmiş 134 (bir yüz otuz dörd) manat dövlət rüsumu və təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, maddi zərərin əvəzi olaraq 7600 (yeddi min altı yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 96 (doxsan altı) manat hissəsi Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi Cavabdeh Sığorta Şirkəti ASC-dən, 40 (qırx) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərin əvəzi olaraq 7600 (yeddi min altı yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 96 (doxsan altı) manat hissəsi Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi Cavabdeh Sığorta Şirkəti ASC-dən, 40 (qırx) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X2 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-404/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-404/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver