Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-416/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxxxx 1977-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonu, Cıvıxlı kəndində anadan olması və doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilərək doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında - “X2” milliyəti – “azərbaycanlı”, ana qrafasında X3, milliyəti – “rus” göstərilməsi barədə qətnamə qəbul edilməsini və çıxarılacaq qətnamənin Bakı şəhər Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən ona yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasın olmasının göstərilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1977-ci ildə Ermənistan Respublikası Krasnoselo rayonunun Cıvıxlı kəndində anadan olmuşdur. Valideynləri onun doğumu təsdiq edən şəhadətnaməni Ermənistan Respublikasında almışlar. O, 1999-cu ildə Bakı Dövlət Universitetini bitirmişdir. 16.09.2006-cı ildə X8 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin vaxt nikahları rəsmiləşdirilərkən nikah bağlandıqdan sonra yoldaşına Cahandarova soyadı verilmişdir. Birgə nikahlarından 1 övladları - 23 sentyabr 2007-ci il təvəllüdlü X4 anadan olmuşdur. Atası 15.09.1949-cu il təvəllüdlü X2 2021-ci ildə vəfat etmişdir. Atasından qalan evi öz adına rəsmiləşdirmək məqsədi ilə “ASAN” xidmətlə əlaqə saxlamış oradan tələb olunan sənədlərin siyahısında onun doğum haqqında şəhadətnaməsinin də lazım olduğunu bildirmişlər. Onun doğum haqqında şəhadətnaməsi korlanmış və üzəri qaralanmışdır. Hazırda əmlakın bağışlanması ilə bağlı tələb olunan sənədləri toplamaq üçün doğum haqqında şəhadətnamənin əsli də tələb olunur. Lakin onun bu sənədi korlanmış, doğum akt qeydinin isə bərpası mümkün deyildir. Buna görə də hesab edir ki, onun xx xxxxxxxx 1977-ci ildə Ermənistan Respublikası Krasnoselo rayonu Cıvıxlı kəndində doğulması və bu doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Doğum haqqında akt qeydinin bərpa edilməsi ilə əlaqədar o, müvafiq qeydiyyatda olduğu yerin, yəni Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin orada ona bu barədə imtina edərək bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Göstərilənlərdən aydın olduğu kimi onun korlanmış doğum haqqında şəhadətnaməsini başqa qaydada almağı mümkün deyildir və ona görə də, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq onun doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasında doğulmuşdur. İş materiallarında olan Bakı Dövlət Universiteti tərəfindən verilmiş 20 iyul 1999-cu il tarixli, A № 038427 nömrəli Diplomun surətindən görünür ki, Ərizəçi Bakı Dövlət Universitetinin coğrafiya fakultəsini bitirmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2006-cı il tarixli, AZ-İ seriyalı, 270167 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X8 arasında 16.09.2006-cı il tarixdə nikah bağlanmış və həmin nikah 1218 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Cahandarova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 08.05.2002-ci il tarixli, ZE ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonunda anadan olmuş Ərizəçi 18.11.1999-cu il tarixdən 09.10.2001-ci il tarixədək Azərbaycan Respublikası silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 06111782 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 15.09.1949-cu il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonunda anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 39 mənzil 15 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Bryansk vilayəti Kletnyansk rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-MP 544705 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (ərizəçinin anası) 16.05.1956-cı ildə anadan olmuşdur, milliyyəti rusdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 06111803 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 16.05.1956-cı il tarixdə Rusiya Federasiyası Bryansk vilayətində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 39 mənzil 15 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş Ərizəçi müraciətinə Bakı şəhər Səbail Rayon Qeydiyyat Şöbəsindən verilmiş 28.12.2021-cu il tarixli, 05/Q-1695/15 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Bu qərarın 14-cü bəndinə əsasən isə itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəsi Ərizəçi onun oğludur. Oğlu xx xxxxxxxx 1977-ci ildə Ermənistan Respublikası Krasnoselo rayonunun Cıvıxlı kəndində anadan olmuş və onun doğum haqqında şəhadətnaməsini Ermənistan Respublikasından almışlar. Onun həyat yoldaşı (ərizəçinin atası) 15.09.1949cu il təvəllüdlü X2 2021-ci ildə vəfat etmişdir. Oğlu atasından qalan evi öz adına rəsmiləşdirmək məqsədi ilə “ASAN” xidmətə müraciət etmiş, oradan tələb olunan sənədlərin siyahısında oğlunun doğum haqqında şəhadətnaməsinin də lazım olduğunu bildirmişlər. Lakin doğum haqqında şəhadətnamə korlandığından həmin şəhadətnaməni qəbul etməmişlər. Bu səbəbdən oğlu məhkəməyə müraciət etmişdir. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsini doğum haqqında şəhadətnaməsinin korlanması və həmin sənədi başqa qaydada ala bilməməsi və bərpasının da mümkün olmaması, həmçinin atasından qalan evi öz adına rəsmiləşdirmək məqsədi ilə doğum haqqında şəhadətnaməsinin lazım olması ilə əsaslandırmışdır. Məhkəmə ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: Həm məhkəmə araşdırması zamanı, həm də iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçi xx xxxxxxxx 1977-ci ildə Ermənistan Respublikası Krasnoselo rayonunun Cıvıxlı kəndində doğulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, ərizəçinin atası X2, atasının milliyyəti azərbaycanlı, anası X3, anasının milliyəti rus olmuşdur. Qeyd edilən xüsusatlar iş üzrə dindirilmiş şahid ifadəsi, ərizəçiyə qanunla nəzərdə tutulmuş qaydada səlahiyyətli orqanlar tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi və hərbi biletdə əks olunmuş müvafiq məlumatlarla öz təsdiqini tapır. Məhkəmə şahid ifadəsinə qiymət verərək, onun ərizəçinin anası olduğunu, eləcə də həmin şahid ifadəsində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X1 ifadəsini də mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə, ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsinin və hərbi biletin səlahiyyətli dövlət orqanları tərəfindən verilməsini və verilmiş sənədlərdə ərizəçiyə məxsus məlumatların həqiqiliyinə şübhə yaradan halların müəyyən olunmadığını, habelə iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunmuş məlumatlarla ərizəçinin tələbində qeyd edilən müvafiq məlumatların uyğunluq təşkil etdiyini nəzərə alaraq bu qənaətə gəlir ki, ərizəçiyə doğulan zaman müvafiq məlumatlar qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmiş və ərizəçi həmin doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi almışdır. Sonradan doğum haqqında şəhadətnamə korlanmış, başqa qaydada ala bilməmiş və həmin sənədin başqa qaydada bərpası mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonu, Cıvıxlı kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Məhkəmə xüsusi ilə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, korlanmış sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonu, Cıvıxlı kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, Ərizəçi doğumu haqqında akt qeydi bərpa edilərək, akt qeydində doğum tarixi qrafasında – xx.xx.1977-ci il, doğum yeri qrafasında – Krasnoselo rayonu, Cıvıxlı kəndi, ölkə qrafasında – Ermənistan Respublikası, atası qrafasında – X2, atanın milliyyəti qrafasında – azərbaycanlı, anası qrafasında – X3, ananın milliyəti qrafasında – rus məlumatları qeyd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonu, Cıvıxlı kəndində doğumunun qeydə alınması faktı müəyyən edilsin. Ərizəçi doğumu haqqında akt qeydi bərpa edilərək, akt qeydində doğum tarixi qrafasında – xx.xx.1977-ci il, doğum yeri qrafasında – Krasnoselo rayonu, Cıvıxlı kəndi, ölkə qrafasında – Ermənistan Respublikası, atası qrafasında – X2, atanın milliyyəti qrafasında – azərbaycanlı, anası qrafasında – X3, ananın milliyəti qrafasında – rus məlumatları qeyd edilsin. Hazırki qətnamə Ərizəçi doğumu haqqında bərpa edilən akt qeydində göstərilən məlumatlar əsasında müvafiq sənədin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-416/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-416/2022
30.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver