Məhkəmə qərarları › İş №2(009)-42/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-42/2024

07.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-42/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" LTD-nin nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “BP Azərbaycan” şirkətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı (“BP Azərbaycan” şirkəti və Azərbaycan Respublikasının ƏƏSMN yanında X7 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" LTD-yə qarşı “əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçı (“BP Azərbaycan” şirkəti və Azərbaycan Respublikasının ƏƏSMN yanında X7 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" LTD-yə qarşı “əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ayrı-ayrılıqda gecə saatları, iş normasından artıq cəlb edilən işlərə, habelə karantin tədbirləri çərçivəsində cəmiyyətdən təcrid olunma günlərinə görə 20 (iyirmi min) manat məbləğində əmək haqqına əlavə, habelə əmək fəaliyyəti ilə bağlı vurulmuş mənəvi ziyana görə 5.000 manat pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin edildikdən sonra ertəsi gün hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1% məbləğində kompensasiya cavabdehdən tutularaq onun xeyrinə tutulması və 12 saylı Vəkil bürosuna və Mediatora ödənilən xidmət haqqları (iddiaçı üçün 150 manat) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: yuxarıda adı çəkilən iddiaçı əmək müqaviləsi əsasında "xxxx" LTD Şirkətində (bundan sonra- Şirkət) çalışırdı. Əmək müqavilələrinə əsasən iddiaçı iş rejimləri növbəlik ilə müəyyən olunub. Şirkətin fəaliyyətinin xüsusiyyəti nəzərə alınaraq, iddiaçı bayram günlərində, istirahət günlərində və AR Əmək Məcəlləsinə əsasən digər qeyri-iş günlərində və gecə saatlarında da işə cəlb olunmuşdur. Həmçinin Covid-19 xəstəliyi ilə əlaqədar olaraq, iş sahəsinə cəlb edilməmiş əvvəl adı yuxarıda qeyd edilmiş iddiaçı Şirkətin göstərişi ilə Bakı şəhərində yerləşən Hotel "X10 Baku", "Park İnn» «Hilton» və "Royal qavden" otellərində karantin tədbirləri çərçivəsində təcrid olunmuşdur. İşçilər ilə işəgötürənin əmək münasibətlərini tənzimləyən əmək məcəlləsində yuxarıda qeyd olunan hallar imperativ normalar ilə təsbit olunmuşdur. İşçi ilə bağlanılan müqavilədə əmək haqqı bölməsində əmək haqqı göstərilən hissəsində işəgötürən mötərəzədə "bu əmək haqqıya işçiyə gecə saatları üçün əlavə haqq da daxil edilmişi" qeydi yazılıb. Halbuki, Məcəllənin 43-cü maddəsinin ə) bəndinə əsasən əmək haqqı və ona edilən əlavələr aydın şəkildə göstərilməlidir. Həmçinin, Şirkət AR Nazirlər Kabinetinin də qaydasına zidd olaraq, iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilməsi yerinə 20% əlavə tətbiq etmişdir. Qeyd etmək istərdi ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Baş idarəsinə müraciət olunmuşdur. Müraciətə əsasən yuxanda adı çəkilən qurum tərəfindən «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında «Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2023-cü il tarixədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır» (iddia ərizəsinə əlavə edilir). Lakin, bütün bunlara baxmayaraq Şirkət bu günə qədər iddiaçıya ödənişlərini icra etməməkdədir. Tələblə bağlı sübutların toplanması məqsədi ilə Şirkətə və BP Azərbaycan Şirkətinə sorğu göndərilmişdir. Sorğuya əsasən aşağıdakı sənədlər tələb edilmişdir: Şirkətin işçilərinin iş sahəsinə elektron cihazların oxunması vasitəsilə girişini və çıxışını özündə əks etdirən məlumatlar; Şirkətin işçilərinə 2018, 2019, 2020, 2021, 2022-ci illərdə ödənilən əmək haqqları barədə məlumatlar və müvafiq bank çıxarışları; Şirkətin əmək qanunvericiliyinə əsasən tərtib edilmiş əmrlərin reyestri; Şirkətin işçilərinin iş sahəsində daxil olmasını tənzimləyən qaydalar; Şirkətin işçilərinin iş tabelləri; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 95-ci maddəsinin 1-ci bəndinə əsasən Şirkətin iş vaxtının rejimi qaydaları (gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları); Şirkətin işçilərinin 2018-2022-ci illər üzrə haqq-hesab sənədləri. Lakin, sorğu hər iki Şirkət tərəfindən cavablandırılmamışdır. Halbuki, Məcəllənin 102-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Məlumat üçün qeyd edir ki, 2018-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 7-i bayramqabağı, 1-i səsvermə qabağı iş günü, 1 ümumxalq hüzn günü), iş günü hesab edilməyən 108 istirahət günü (onlardan 3-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 17 bayram (2-i istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və istirahət günü ilə üst-üstə düşən 1 Ümumxalq hüzn günü vardır. 2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü (onlardan, 9-u bayramqabağı, 1-i səsvermə qabağı iş günü), iş günü hesab edilməyən 103 istirahət günü (onlardan, 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 18 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və istirahət günü ilə üst-üstə düşən 1 Ümumxalq hüzn günü vardır. 2020-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 6-sı bayramqabağı iş günüdür), iş günü hesab edilməyən 112 istirahət günü (onlardan, 6-sı iş günü hesab edilməyən bayram günləri, 1-i səsvermə günü ilə üstüstə düşən və 2 günü ötən ilin istirahət günü ilə yeri dəyişdirilən), iş günü hesab edilməyən 18 bayram (6-sı istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və 1 Ümumxalq hüzn günü vardır. 2021-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 8-i bayramqabağı və Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 5-i iş günü, 2022-ci ildə hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 19 bayram (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır, ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 8-i bayramqabağı və Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 5-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 19 bayram (5-i istirahət günləri ilə üstüstə düşən) və 1 Ümumxalq hüzn günü vardır. Etirazın dəlilləri: Cavabdeh MMC məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, iddiaçı məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür, buna görə də müddətin tətbiqinə dair ərizə təqdim etməklə, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı ilə cavabdeh arasında yaranmış münasibət faktiki olaraq əmək münasibətidir. Bu səbəblə də onlar arasında yaranmış mübahisəyə əmək qanunvericiliyi tətbiq edilməlidir. Belə olan halda Əmək Məcəlləsinin 296.4-ci maddəsinə əsasən iddiaçı tələbetmə müddətini ötürmüşdür. ƏMnin 296.4-cü maddəsinin mənasına görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Şəxsin öz hüququnun pozulduğunu bildiyi hal isə elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Göründüyü kimi, hazırkı mübahisə üzrə şəxsin öz hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni 01 aprel 2020-ci ildən 01 noyabr 2021-ci ilə qədər olan dövr üçün tələbi üzrə bir illik müddət ötürülmüşdür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya keçmiş, xx.xx.2023cü il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda iddiaçı xx.xx.2021ci ildən normal qaydada normal cədvəl üzrə çalışmağa başlamış və heç bir şikayəti olmamışdır. Beləliklə, qeyd olunanlar ilə müəyyən edilir ki, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür, bu müddətini bərpasının üzrlü hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72- ci maddəsinin 3-cü hissəsinə görə qanunu bilməmək məsuliyyətdən azad etmir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli rəyinə əsasən, İddiaçı 2020-ci ilin aprel ayının 1-dən noyabr ayının 1-dək "xxxx" MMC-də mühafizəçi vəzifəsində növbəli iş rejiminə uyğun olaraq, işlədiyi müddətdə Azərbaycan Respublikasının qanun və qaydalarına əsasən, ümumi 21.811,38 manat hesablanmış məbləğ olmaqla, o cümlədən 18.827,00 manat əmək haqqı 874,66 manat gecə saatlarına görə, 393,59 manat bayram günlərinə görə, 1.716,13 manat məzuniyyət pulu düzgün hesablanmış və ümumilikdə 21.811,38 manat məbləğində olan ödənilməli pul vəsaitinin İddiaçı məxsus əmək haqqı kartına köçürüldüyü müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəydən əlavə, iş materiallarından da göründüyü kimi, İddiaçı tələbi tamamilə əsassızdır, onun tələbini təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bununla yanaşı, yuxarıda qeyd edildiyi kimi sözügedən iddia tələbi üzrə qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Yuxarıda qeyd olunanlara əsasən, iddia ərizəsinin əsassız hesab edilməsi, eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizənin təmin edilməsi və iddia müddəti tətbiq edilməklə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəmə hazırlıq iclaslarında 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin noyabr ayının 1-dək ona ödənilməli məbləğlərin tam ödənilmədiyini bildirsə də, məhkəmə baxış iclasında iddia tələbini müdaiə etmədiyini və məhkəmə tərəfindən qərar qəbul edilməsinə ehtiyac olmadığını, əlavə olaraq hazırda təkrarən həmin şirkətdə işləməyə başladığını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" LTD-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək iddiaçının iddia ərizəsini ərizənin geri götürülməsi ilə bağlı şifahi vəsatətinə etiraz etmiş və işə mahiyyəti üzrə baxılıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" LTD-nin nümayəndəsi X5 işə mahiyyəti üzrə baxılıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs “BP Azərbaycan” şirkətinin nümayəndəsi X6 qərarı məhkəmənin mülahizəsinə buraxdığını, həmçinin iddiaçı ilə “BP şirkəti” arasında hər hansı bir əmək münasibəti olmadığını, ümumiyyətlə şirkətin digər şirkətlərlə öz işçiləri arasında olan münasibətlərə müdaxilə etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikasının ƏƏSMN yanında X4 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -İddiaçı ilə "xxxx" LTD arasında bağlanmış 01 sentyabr 2018-ci il tarixli 18/09/29 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" MMC-də mühafizəçi vəzifəsinə iş qəbul edilmiş, müqavilə 01 sentyabr 2018-ci il tarixdən "xxxx" MMC və “BP Exploration (Caspian Sea) Limited” şirkəti arasında bağlanmış müqavilə başa çatanadək müddətinə bağlanmışdır. -0476503 saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən işçilərin sayı və ştatı ixtisar edildiyindən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. -"xxxx" MMC-nin 01 dekabr 2022-ci il tarixli 204 saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cü maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatı ixtisar edildiyindən İddiaçı və qeyrilərinin əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli bildirişlə İddiaçı xx.xx.2022-ci il tarixdə tanış olmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2024-cü il tarixli 9/7931 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan məlumatları nəzərə alaraq, İddiaçı 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin noyabr ayının 1-dək Cavabdeh MMC-də mühafizəçi vəzifəsində növbəli iş rejiminə uyğun olaraq işlədiyi müddətdə Azərbaycan Respublikasının qanun və qaydalarına əsasən, ümumi 21.811,38 manat hesablanmış məbləğ olmaqla, o cümlədən 18.827,00 manat əmək haqqı, 874,66 manat gecə saatlarına görə, 393,59 manat bayram günlərinə görə, 1.716,13 manat məzuniyyət pulu düzgün hesablanmış və ümumilikdə 21.811,38 manat məbləğində olan ödənilməli pul vəsaitinin İddiaçı məxsus əmək haqqı kartına köçürüldüyü müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 01 sentyabr 2018-ci il tarixdə "xxxx" MMC-də mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cü maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatı ixtisar edildiyindən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı yenidən cavabdeh şirkətdə işləməyə başlamışdır. İddiaçı cavabdeh "xxxx" LTD tərəfindən əmək haqqına əlavələrin düzgün ödənilməməsi məsələsini mübahisələndirmiş və əmək haqqına əlavələrin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı hazırda iddianı müdafiə etməsə də, mövqeyini yazılı şəkildə məhkəməyə bildirməmişdir. Cavabdehin nümayəndəsi də öz növbəsində işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə baxılmalı və iddiaya hüquqi qiymət verilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 155.5-ci maddəsinə əsasən, əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. - Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, qanunvericiliyə görə hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2024-cü il tarixli 9/7931 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan məlumatları nəzərə alaraq, İddiaçı 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin noyabr ayının 1-dək Cavabdeh MMC-də mühafizəçi vəzifəsində növbəli iş rejiminə uyğun olaraq işlədiyi müddətdə Azərbaycan Respublikasının qanun və qaydalarına əsasən, ümumi 21.811,38 manat hesablanmış məbləğ olmaqla, o cümlədən 18.827,00 manat əmək haqqı, 874,66 manat gecə saatlarına görə, 393,59 manat bayram günlərinə görə, 1.716,13 manat məzuniyyət pulu düzgün hesablanmış və ümumilikdə 21.811,38 manat məbləğində olan ödənilməli pul vəsaitinin İddiaçı məxsus əmək haqqı kartına köçürüldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ekspert rəyinə əsasən isə, İddiaçı 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin noyabr ayının 1dək Cavabdeh MMC-də mühafizəçi vəzifəsində növbəli iş rejiminə uyğun olaraq işlədiyi müddətdə Azərbaycan Respublikasının qanun və qaydalarına əsasən, ümumi 21.811,38 manat hesablanmış məbləğ olmaqla, o cümlədən 18.827,00 manat əmək haqqı, 874,66 manat gecə saatlarına görə, 393,59 manat bayram günlərinə görə, 1.716,13 manat məzuniyyət pulu düzgün hesablanmış və ümumilikdə 21.811,38 manat məbləğində olan ödənilməli pul vəsaitinin İddiaçı məxsus əmək haqqı kartına köçürüldüyü müəyyən edilmişdir. Belə olan halda, məhkəmə iddianın əsassız olması nəticəsinə gəlir. Bundan əlavə məhkəmə, cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı (Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, qanunverici pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün məhkəməyə müraciət müddətini konkret müəyyən etmişdir ki, bu da qanunvericiliyin mühüm əhəmiyyət kəsb edən institutlarından biridir. Belə ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İş materialları ilə və iddiaçının izahatı ilə təsdiq olunur ki, iddiaçı 2020-ci ilin aprel ayının 1dən 2021-ci ilin noyabr ayının 1-dək müddət ərzində əmək münasibətlərində olduğu cavabdeh "xxxx" MMC tərəfindən öna edilməli olan ödənişlərin düzgün hesablanmadığını iddia edir. Bu iddia ilə iddiaçı məhkəməyə 29 mart 2023-cü il tarixində müraciət etmişdir. İlkin mediasiya sessiyası barədə bildiriş isə 25 yanvar 2023-cü il tarixində cavabdehə göndərilmişdir. Bununla da iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) illik iddia müddətini ötürmüşdür. Belə ki, o hüququnun pozulduğunu iddia etdiyi (01 aprel 2020-ci il - 01 noyabr 2021-ci il) müddətdən bir ildən çox vaxt keçdikdən sonra mediasiya təşkilatına və məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə, iddianın “ayrı-ayrılıqda gecə saatları, iş normasından artıq cəlb edilən işlərə, habelə karantin tədbirləri çərçivəsində cəmiyyətdən təcrid olunma günlərinə görə 20 (iyirmi min) manat məbləğində əmək haqqına əlavələrin tutulması” hissəsində əsassız olması nəticəsinə gədiyindən, iddianın “mənəvi ziyanın tutulması və cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin edildikdən sonra ertəsi gün hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1% məbləğində kompensasiya cavabdehdən tutularaq onun xeyrinə tutulması” hissələrinin də təmin edilməsini mümkün hesab etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı vəkilə ödənilmiş vəsaiti də tələb etsə də, bununla bağlı sübut əlavə edilməmişdir (vəkillə təmsil edilməmişdir). Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək haqqına əlavələrin ödənilməsi və s.” tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Digər məhkəmə xərcləri (mediasiya və s.) iddiaçıya aid edilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar